Misir Mərdanov direktorlara tapşırıq verdi
19 noyabr 2012 16:50 (UTC +04:00)

Misir Mərdanov direktorlara tapşırıq verdi

Bu gün Təhsil Nazirliyində kollegiya iclası keçirilib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, kollegiya iclasında “2012-2013-cü tədris ilində respublikanın ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri”, “2012-2013-cü tədris ilində V siniflərdə işləyəcək müəllimlər üçün keçirilmiş təlim kurslarının nəticələri”, «Məktəbdaxili qiymətləndirmə: problemlər və vəzifələr», «Ümumtəhsil məktəblərində İKT-nin tətbiqi vəziyyətinin monitorinqi» mövzuları müzakirə edilib.

Təhsil Nazirliyinin kollegiya üzvləri, ali məktəb rektorları, rayon təhsil şöbələri müdirlərinin və məktəb direktorlarının iştirak etdikləri iclası təhsil naziri Misir Mərdanov açaraq müzakirə olunan məsələlər haqqında məlumat verib. Öncə Misir Mərdanov Təhsil Nazirliyinin dəstəyi ilə çap olunmuş təhsil sahəsinə dair yeni nəşrləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

Təhsil naziri “2012-2013-cü tədris ilində respublikanın ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri” haqqında məlumat verib: “Respublikanın bütün ümumi təhsil məktəblərinin ibtidai sinif müəllimləri xüsusi proqram əsasında fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarına cəlb olunub”.

Kollegiya iclasında daha sonra «Ümumtəhsil məktəblərində İKT-nin tətbiqi vəziyyətinin monitorinqi» mövzusunda məsələ müzakirə olunub. Təhsil naziri Misir Mərdanov bununla bağlı təqdimat-məruzəsində 2012-ci ilin yanvar-aprel ayları ərzində keçirilmiş monitorinq barədə məlumat verib, dövlət başçısı cənab İlham Əliyevin 10 iyun 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş «2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı» çərçivəsində ümumi təhsil məktəblərində görülmüş işlərdən söz açıb.

Ümumi təhsil məktəblərində mövcud avadanlığın, lokal şəbəkənin, eyni zamanda məktəb rəhbərlərinin, müəllimlərin və şagirdlərin İKT-dən gündəlik istifadə vəziyyətini öyrənmək məqsədilə monitorinq aparıldığını bildirən nazir monitorinqin 53 rayon (şəhər) təhsil şöbəsi üzrə 130 təhsil müəssisəsini, 130 məktəb direktorunu və 492 müəllimi əhatə etdiyini vurğulayıb. Çıxışının sonunda Misir Mərdanov nazirliyin müvafiq şöbə və struktur bölmə rəhbərlərinə və məktəb direktorlarına, rayon (şəhər) təhsil şöbələrinin müdirlərinə və məktəb direktorlarına müzakirə olunan məsələlərlə bağlı tövsiyə və tapşırıqlarını verib. Sonra məruzələr ətrafında müzakirələr aparılıb.
# 1824

Oxşar yazılar