Daha bir şadlıq sarayında təhlükəli qida tapıldı
12 noyabr 2012 17:30 (UTC +04:00)

Daha bir şadlıq sarayında təhlükəli qida tapıldı

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Məhsəti küçəsi 26 ünvanında fəaliyyət göstərən “Nemət-Ə” firmasına məxsus “Bahar” şadlıq sarayında dövlət nəzarəti həyata keçirilib. Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə araşdırma zamanı müəyyən olunub ki, müəssisədə müxtəlif kulinariya məmulatları və milli xörəklərin hazırlanması üçün yarımfabrikatlar “QOST 30390-95” (bənd 5.1) və AZS 126-2005 (bənd 4.1) standartlarının tələblərinə riayət edilmədən, müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji təlimat və resepturalar olmadan hazırlanır. Şadlıq sarayının ümumi sanitar vəziyyəti qeyri-qənaətbəxşdir, istifadə olunan və süfrələrə düzülən qablar açıq vəziyyətdə mətbəxin girişində gediş-gəlişin çox olduğu yerdə saxlanılır ki, bu da öz növbəsində həmin qabların çirklənməsinə səbəb olur. Şadlıq sarayının zalına keçirilən baxış zamanı istifadə olunan yemək dəstlərinin (çəngəl, bıçaq, qaşıq, külqabı) stollara tam təmizlənməmiş vəziyyətdə düzüldüyü müəyyən edilib.


Müəssisədə yararlılıq müddəti bitmiş “Oldenburger” nişanlı “Fermerskaya” xaması, mənşəyi məlum olmayan və yararlılıq müddəti bilinməyən 500 qram qara və 300 qram qırmızı kürü, yararlılıq müddəti bitmiş, xarab olmuş “M&T” nişanlı bişmiş hisə verilmiş “Moskovskaya” kolbasaları aşkarlanıb və qanunvericiliyə müvafiq olaraq aktlaşdırılaraq götürülüb. Şadlıq sarayının anbarı olmadığından yeməklərin hazırlanmasında istifadə olunan müxtəlif növ ərzaq məhsulları saxlanma rejiminə riayət edilmədən mətbəxdə saxlanılır. Habelə meyvə nektarları, qazlı su, alkoqollu və alkoqolsuz içkilərin bir qismi bu məhsulların temperatur rejimlərinə riayət olunmadan zalın çıxışında yerdə, bir qismi isə soyuducuda saxlanılır. İstismar olunan ölçmə vasitələri müqayisəli yoxlamadan keçməmiş halda istifadə olunur. Araşdırma zamanı şadlıq sarayında istehlakçılara təqdim olunan “paytaxt” və “mimoza” salatlarından və “lülə kabab” üçün çəkilmiş ətdən nümunələr götürülüb və Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) sınaq laboratoriyasına təqdim edilib. Təqdim edilmiş nümunələr mikrobioloji göstəricilərdən ümumi mikroorqanizmlərin sayına və bağırsaq çöpləri qrupundan olan bakteriyaların aşkar edilməsinə görə normativ sənədin tələblərinə cavab verməyib.

Faktla əlaqədar olaraq “Nemət-Ə” firmasına məxsus “Bahar” şadlıq sarayında “paytaxt” və “mimoza” salatları və “lülə kabab” üçün qiymənin hazırlanması və satışı qadağan olunub. Müəssisə barədə inzibati protokol tərtib edilərək beş min manat məbləğində cərimə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3845

Oxşar yazılar