Prokurorluq orqanlarına qəbul üçün imtahan keçiriləcək
03 sentyabr 2012 18:56 (UTC +04:00)

Prokurorluq orqanlarına qəbul üçün imtahan keçiriləcək

Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarına qəbul olunmaq arzusunda olan şəxslər üçün 100 ştat vahidi üzrə elan edilmiş müsabiqə ilə əlaqədar namizədlərin sənədlərinin qəbulu avqustun 31-də başa çatıb. Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, prokurorluq orqanlarına işə qəbulla bağlı sənədlərini təqdim etmiş 461 namizəd üçün test imtahanı 13 sentyabr 2012-ci il tarixdə saat 10.00-da başlayacaq. İmtahan 3 saat ərzində Azərbaycan Texniki Universitetinin «İdman Sarayı»nda keçiriləcək (ünvan: Bakı şəhəri, Ayna Sultanova küçəsi, 5).

İmtahanın keçirilməsi qaydaları «Yaddaş kitabçası»nda əks etdiriləcək. İmtahana buraxılmış namizədlər 10-11 sentyabr 2012-ci il tarixlərdə saat 09.15-dən 18.00-dək şəxsiyyət vəsiqəsini və sənədlərin qəbulu barədə qəbzi təqdim etməklə, «Yaddaş kitabçası»nı və «Test imtahanına buraxılış vərəqəsi»ni Baş Prokurorluğun əsas inzibati binasının qəbul otağında (Bakı şəhəri N.Rəfibəyli küçəsi,7) ala bilərlər.

Əlavə məlumatları 437-28-56, 492-62-23, 492-74-32 və 492-63-62 nömrəli telefonlarla almaq olar.
# 2012

Oxşar yazılar