Ziyafət Əsgərov: “Onlar üçün namus məsələsi əhəmiyyət kəsb etməyə bilər...”
14 may 2013 14:56 (UTC +04:00)

Ziyafət Əsgərov: “Onlar üçün namus məsələsi əhəmiyyət kəsb etməyə bilər...”

Milli Məclisdə Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirəyə edilir. Lent.az-ın verdiyi məlumata görə, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu dəyişikliklərin Baş Prokurorluq tərəfindən təklif edildiyini söyləyib. Əli Hüseynli deyib ki, mətbuatda təhqir, böhtana görə məsuliyyət nəzərdə tutulsa, internetdə də təhqir və böhtan bu maddənin təsiri altına düşməlidir: “Bizi günahlandırırlar ki, Diffomasiya haqqında qanun layihəsi aktual olduğu halda niyə bu dəyişikliklər müzakirəyə çıxarılır. Hüquq siyasəti və dövlət quruculuğu komitəsi heç vaxt Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin ləğvinin tərəfdarı olmayıb”.

 

Əli Hüseynli qeyd edib ki, hazırda inzibati həbsin müddəti 15 gündür. İndi təklif olunur ki, bu müddət 3 aya qədər uzadılsın: “Bizim İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan məsələlərin bir çoxu Qərb ölkələrində Cinayət Məcəlləsində əksini tapıb. Bu baxımdan inzibati həbsin 3 aya qədər artırılması məntiqlidir. Bu, həm də humanist addımdır, çünki cinayət məsuliyyəti nəzərdə tutulmur. Bu inzibati xətalar sırasında avtoxuliqanlıq, döymə, polis işçisinə tabe olmamaq var”. 

 

 

Qeyd edək ki, dəyişikliyə əsasən, Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) və 148-ci (təhqir) maddələrində "və ya kütləvi informasiya vasitəsində" sözləri ", kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında" sözləri ilə əvəz edilib. Beləliklə, həmin maddələrdə nəzərdə tutulan cəzalar internet informasiya vasitələrində yayılan məlumatlara da tətbiq olunacaq.
Cinayət Məcəlləsinin 147.1 maddəsinə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma 100 manatdan 500 manatadək miqdarda cərimə ilə və ya 240 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 148-ci maddəyə görə isə, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma 300 manatdan 1000 manatadək miqdarda cərimə və ya 240 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

 

İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə görə, ölkədə döyməyə görə inzibati cəza da sərtləşdirilib. İnzibati Xətalar Məcəlləsinin 38.1 maddəsinə edilən dəyişikliyə əsasən, döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə beş yüz manatdan min manatadək miqdarda cərimə və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək (hazırda on beş günədək nəzərdə tutulub) müddətə inzibati həbs tətbiq olunacaq.
 

Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə əlli manatdan səksən manatadək miqdarda cərimə və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə bir ayadək (hazırda on beş günədək) müddətə inzibati həbs tətbiq ediləcək.

 

Dəyişikliyə əsasən, avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə nəqliyyat vasitələrini idarə etmə hüququ bir il müddətinə məhdudlaşdırılmaqla dörd yüz manatdan altı yüz manatadək miqdarda cərimə ediləcək və ya nəqliyyat vasitələrini idarə etmə hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 gündən bir ayadək (hazırda beş gündən on günədək) inzibati həbs tətbiq olunacaq.
 

 

Eyni hərəkətlərin il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla altı yüz manatdan səkkiz yüz manatadək miqdarda cərimə ediləcək və ya nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək (hazırda on gündən on beş günədək) inzibati həbs tətbiq ediləcək.
 

 

İXM-ə edilən digər dəyişikliyə əsasən, Azərbaycanda nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə inzibati cəza sərtləşdirilib. Belə ki, nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat miqdarında cərimə ediləcək və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək (hazırda on beş günədək) inzibati həbs tətbiq olunacaq.
 

Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə il ərzində inzibati həbs almış şəxs tərəfindən təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla dörd yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək (hazırda 10 günədək) inzibati həbs tətbiq olunacaq.
 

Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək (hazırda 15 günədək ) inzibati həbs tətbiq olunacaq.
 

 

Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat miqdarında cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək (hazırda beş günədək) inzibati həbs tətbiq olunacaq. Həmin xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə yeddi yüz manat miqdarında cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək (hazırda beş gündən on günədək) inzibati həbs tətbiq ediləcək. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə səkkiz yüz manat miqdarında cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək (hazırda on beş günədək) inzibati həbs tətbiq olunacaq.
 

 

Müvafiq dəyişiklik layihəsi Milli Məclisə (MM) ölkənin baş prokuroru Zakir Qaralovun imzası ilə daxil olub. MM-ə daxil olan məktubda layihənin Ədliyyə, Daxili İşlər nazirlikləri və Azərbaycan Respublikası Ali Məhkəməsi ilə razılaşdırıldığı bildirilib.

Millət vəkili Qüdrət Həsənquliyev döyməyə görə məsuliyyətin  artırılmasının anlaşılmaz olduğunu söyləyib: “Biz sivil dünyanın bir hissəsinə çevrilirik. Bir neçə il əvvəl fərqli düşünsəm də, hesab edirəm ki, artıq diffomasyia ilə bağlı qanunu qəbul edə, Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) və 148-ci (təhqir) maddələrini ləğv edə bilərik. Bu barədə düşünməyi təklif edirəm”.

 

Qüdrət Həsənquliyev polis işçisinə tabe olmamağa görə inzibati həbsin 15 gündən 1 aya qədər artırılmasının əleyhinə çıxıb. Onun sözlərinə görə, 15 gün də kifayət qədər yetərli müddətdir. O, icazəsiz aksiyalara görə də inzibati həbsin müddətinin artırılmasının düzgün olmadığını vurğulayıb: “Cərimə ödəyə bilməyəndə də 2 aya qədər həbs nəzərdə tutulur. Hanıssa universitetin tələbəsinin icazəsiz aksiyaya qatılıb, cəriməni ödəyə bilmədiyi üçün 2 ay həbs edilməsi düzgün deyil. Avropaya inteqrasiya edən ölkənin qanunvericiliyinə belə dəyişiklik edilməsi düzgün deyil”.

 

 

Vitse-prezident Ziyafət Əsgərov deyib ki, bir çox insanda belə təəssürat var ki, diffomasiyaya görə təhqir və böhtan aradan götürülməlidir: “Bu, yanlışdır. Əks halda gəlin təhqir və böhtana görə maddələri Cinayət Məcəlləsindən götürək, məsələ bitsin. Avropa ölkələrinin yalnız 3-də diffomasyia haqqında qanun qəbul edilib. 27 Avropa ölkəsinin 10-u bunu qəbul etsin, 11-ci biz olaq. Diffomasyia haqqında qanunun qəbulu Avropa Şurası qarşısında bizim öhdəliyimiz deyil. Sadəcə, bunu bizə məsləhət görüblər. Mən şəxsən hesab edirəm ki, Azərbaycan mühiti buna hazır deyil. Şəxsən Qüdrət bəy, sizə və mənə qarşı ağır təhqir olanda, həmin şəxsin cəzalandırılmasını istəyəcəyik. Başqasına gəldikdə, deməliyik ki, diffomasiya qəbul edilsin. Ola bilər ki, ingilis, kanadalı, amerikalı üçün namus məsələsi əhəmiyyət kəsb etmir, bizim üçün əhəmiyyət kəsb edir. Bayaq İqbal Ağazadə kiminsə uşaqların şəkillərinin dərci ilə bağlı çox əsəbi danışdı, haqlı idi. İnsan özü təhqirə, böhtana məruz qalanda diffomasiya yada düşmür. Bu qanunu bizə sırımaq istəyənlər bizə nümunə göstərsinlər”.

 

Müzakirələr davam edir.

# 1671
avatar

Oxşar yazılar