Siyavuş Novruzov Eldar Həsənovdan danışdı - MÜSAHİBƏ
17 avqust 2013 14:39 (UTC +04:00)

Siyavuş Novruzov Eldar Həsənovdan danışdı - MÜSAHİBƏ

- Seçki kampaniyasının başladığı bu günlərdə Bakı və Qəbələ mühüm tədbirlərə ev sahibliyi edir ki, bu da hakim partiyanın seçkilərdə mövqeyinin gücləndirilməsi kimi dəyərləndirilir. Bu tədbirlər və prezidentlərin səfərləri təsadüfən indiki dövrə düşdü, yoxsa konkret hesablamalar var idi?

 

- Barak Obamadan tutmuş bütün prezidentlərin qrafiki 1 il öncədən müəyyənləşdirilir, o cümlədən də beynəlxalq toplantılar. Rusiya prezidentinin səfəri qabaqcadan planlaşdırılmışdı. Burada da ikitərəfli müqavilələr imzalandı, bir çox məsələlərə münasibət bildirildi. Bu, əvvəlcədən planlaşdırılmış səfəri idi, çünki imzalanan müqavilələr aylarla razılaşdırılır. O cümlədən Qəbələdə keçirilən toplantı da qabaqcadan razılaşdırılaraq planlaşdırılıb. Bu səfərlərin, toplantıların heç birinin Azərbaycanda keçiriləcək prezident seçkilərinə aidiyyəti yoxdur. Birincisi, ona görə ki, Azərbaycanın buna bir ehtiyacı yoxdur. Bu gün Azərbaycan prezidenti, YAP-ın sədri, YAP-ın namizədi İlham Əliyevin nə Azərbaycanın daxilində, nə də xaricində alternativi yoxdur. Bu baxımdan da xalqla hakimiyyətin, xalqla prezidentin birliyinin olduğu bu seçkilərdə İlham Əliyev yenidən Azərbaycan seçicilərinin səsini qazanaraq ölkə prezidenti seçiləcək. Ötən 20 ildə bizim buna heç bir ehtiyacımız olmayıb. İndi də hansısa xarici qüvvələrdən, qurumlardan, təşkilatlardan hər hansı bir dəstək ummağa ehtiyacımız yoxdur. Bizim bazamız Azərbaycan xalqıdır.

 

- Putinin səfərindən sonra əksər ekspertlər Rusiya prezidentinin Azərbaycandan istədiyini ala bilmədiyini deyir. Xüsusilə də Azərbaycanın Avrasiya İttifaqı və Vahid Gömrük İttifaqına qoşulması ilə bağlı Moskvanın təşəbbüslərinə razılıq verilməməsindən sonra münasibətlər hansı məcrada davam edə bilər?

 

- Ümumilikdə Azərbaycan bu məsələlərlə bağlı öz mövqeyini bildirib və bu da təbiidir ki, Azərbaycan ərazisini işğal edən bir dövlətlə müxtəlif sahələrdə bir yerdə ola bilməz. Məsələn, biz MDB-nin üzvüyük, müəyyən məsələlərdə moratorium qoyuruq, ona qoşulmuruq. Ermənistan Azərbaycanın ərazisinin 20 faizini işğal edib, azərbaycanlılara qarşı soyqırım törədib, necə ola bilər ki, onunla bir hərbi təşkilatda təmsil olunaq, yaxud hansısa sənədə imza ataq. Deməli, sabah Ermənistanın ərazisinə hər hansı bir dövlət müdaxilə etsə, Azərbaycan onu müdafiə edəcək, ya da tərsinə. Bu, istər Rusiya, istər ora daxil olan digər dövlətlərə də aiddir ki, bu cür halda belə müqavilə imzalamaq olmaz. O ekspertlər kimdirsə, onlar olduqca naşı ekspertlərdir. Deyək ki, ümumi gömrük ittifaqına daxil olmağımız nəticəsində Azərbaycanın ərazisindən Ermənistana hansısa yüklər keçiriləcək, bura silah, ərzaq, ya tikinti materialları da daxil ola bilər. Bu da mümkün olan bir şey deyil. İstər Rusiya, istərsə, digər ölkələr də başa düşür ki, ən azı Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Azərbaycanın belə bir addım atması beynəlxalq ictimaiyyət, o cümlədən Azərbaycan cəmiyyəti tərəfindən anormal qarşılanar. Burda digər faktorlar da mövcuddur. Qiymətlər, ərazi, təhlükəsizlik məsələləri də var O, yanlış fikirdir ki, Putin deyib siz Avrasiya İttifaqı, yaxud Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulun.

 

- Bakıda imzalanmış müqavilələrdən sonra Rusiyanın Azərbaycana təzyiqləri səngiyəcəkmi? Sizcə, Rüstəm İbrahimbəyovun vətəndaşlığı məsələsi ilə bağlı hansı qərar veriləcək?

 

- Birincisi, Rusiya tərəfindən Azərbaycana heç bir təzyiq olunmayıb. Rusiyanın müəyyən maraqlı dairələr, ermənilərlə əlbir olan, ermənilərin siyasətinə xidmət edən qüvvələr var ki, bunlar Azərbaycan müstəqillik əldə etdiyi dövrdən başlayaraq Azərbaycanla Rusiya arasındakı münasibətləri pozmağa cəhdlər edirlər, addımlar atıblar. Ancaq onlar heç bir şeyə nail ola bilməyib. Çünki bu əlaqələr tarixi köklərə əsaslanır. Bizim dövlətin siyasəti bundan ibarətdir ki, Ermənistanı çıxmaq şərtilə hər bir qonşu ilə normal münasibətlər qurulsun. Bu, bizim xarici siyasətimizin əsası olub, bu cür də davam edir. Digər məsələyə gəldikdə, mən keçən dəfə də qeyd etmişdim ki, Rüstəm İbrahimbəyov və digərləri ilə bağlı məsələlər iki dövlət başçısı səviyyəsində müzakirə olunası məsələ deyil. Tutaq ki, İbrahimbəyov vətəndaşlıqla bağlı müraciət edib, bunun məsələyə nə aidiyyəti var? Bu, dövlətlərarası münasibətlərdə müzakirə olunmur. Bu, hansısa bir miqrasiya idarəsinə bağlı olan məsələdir. Ona görə də hesab etmirəm ki, bu, Rusiya prezidenti səviyyəsinə gəlib çıxacaq ki, gəlin bunu tezləşdirək, ya uzadaq.

 

- Bu günlərdə mətbuatda Azərbaycan prezidentinə sui-qəsd hazırlanması barədə material mətbuatda yayıldı. Orada bir sıra şəxslərin, o cümlədən sabiq baş prokuror, səfir Eldar Həsənovun da adı keçirdi. Eldar Həsənovun da sərt reaksiya verdiyi yazını seçkiqabağı növbəti həbs dalğasının anonsu sayanlar da var. Sizcə, nə baş verəcək?

 

- Sizin qəzetdə də gündə bir şey yazılır. Hər bir jurnalist özünün təfəkkürünün məhsulunu ortaya qoyur. Kimin haqqında səhv yazılıbsa, bununla bağlı məhkəməyə müraciət etmək olar. Aydınlaşar ki, bunlar düzdür, səhvdir, hansısa məsələ jurnalistin təxəyyülünün məhsuludur, hansısa hüquqi faktlara, yaxud təhlükəsizlik orqanlarının faktlarına əsaslanır... Ola bilər adamlar öz fantaziyasına uyğun çox şey yazsın. Hər bir yazının arxasında fakt dayanmalıdır. Əgər kimsə şübhələnirsə ki, burada faktlar yoxdur, məhkəməyə müraciət edə bilər. Kimin adı hallanıbsa, ittihamlarla razılaşmır, məsələnin yolu məhkəmədir.

 

- Siyavuş bəy, siz də Güney Azərbaycan məsələsinə həssas adamsınız. Necə bilirsiniz, güneyli lider Mahmudəli Çöhrəqanlının Bakıdan geri qaytarılması nə dərəcədə doğru addım idi?

 

- Bunu araşdırmaq lazımdır ki, nəyə əsasən ölkəyə buraxmayıblar. Bu məsələ ilə məşğul olan orqanlar var. Mahmudəli Çöhrəqanlı dəfələrlə Azərbaycanda olub, mən özüm dəfələrlə onunla görüşmüşəm. YAP-ın nümayəndələri ilə də onun görüşü olub. Amma Mahmudəli Çöhrəqanlının Bakıya gəlməsinə mən heç bir problem görmürəm. Sadəcə ola bilər ki, hansısa sənədi düzgün olmayıb.

 

- Fəzail Ağamalı ilə Zahid Oruc arasında baş verənlərə həm bir həmkar, həm də hakim partiyanın rəhbərliyində yer alan şəxs kimi münasibətiniz necədir? Zahid Orucun prezidentliyə iddia ortaya qoyması AVP rəhbərliyi tərəfindən sərt qarşılandı, bəs YAP-ın reaksiyası barədə nə deyə bilərsiniz?

 

- Azərbaycan Respublikasının Konstitusiyası var, orda göstərilib ki, yaşı 35-dən yuxarı, ali təhsilli Azərbaycan vətəndaşı, 10 ildən artıq Azərbaycanda daimi yaşayan, ikili vətəndaşlığı, digər ölkələr qarşısında öhdəliyi olmayan, ağır cinayət törətməyən istənilən şəxs prezidentliyə namizədliyini irəli sürə bilər. Bu gün Zahid Oruc hesab edirsə ki, bir vətəndaş kimi prezidentliyə öz namizədliyini irəli sürə bilər, bu, onun hüququdur və buna heç kəs qadağa qoya bilməz. Digər tərəfdən əgər o, partiya görəvlisi, partiyanın sədr müavini kimi təşkilat adından irəli sürülürsə, təbii ki, burada partiyanın qərarı lazımdır. Müsahibəsində oxumuşam ki, Zahid Oruc deyir bir vətəndaş kimi təşəbbüs qrupu yaradıram və namizədliyimi irəli sürürəm.

Baxanda Fəzail Ağamalı öz tərəfindən haqlıdır, AVP qurultay keçirib, Azərbaycan prezidentinin namizədliyini müdafiə edib, Zahid Oruc isə vətəndaş kimi öz namizədliyini irəli sürüb, bu, artıq onun hüququdur. Yəni hər iki tərəf haqlıdır. Birinci Konstitusiya, sonra qanunlar, ardınca partiyaların nizamnamələri gəlir. Tutaq ki, sabah YAP-ın bir üzvü vətəndaş kimi seçkidə namizəd kimi iştirak etmək istədiyini deyərsə, biz onu tənbeh

eləyə, fikrimizi bildirə bilərik. Ancaq biz ona namizədliyini irəli sürməyi qadağan eləyə bilmərik. Çünki bu hüququ ona Azərbaycan Konstitusiyası verir.

 

musavat.com

# 1635
avatar

Oxşar yazılar