Dövlət və hökumət başçılarının mühafizəsi xüsusi xidmət orqanlarının başlıca vəzifələrindən biridir. Adətən, ölkənin 1 nömrəli şəxsini qorumaq üçün yüksək fiziki və psixoloji hazırlığı olan, təmiz reputasiyaya malik şəxslər seçilir.
Azərbaycanda dövlət başçısının təhlükəsizliyini Azərbaycan Prezidentinin Xüsusi Dövlət Mühafizə Xidməti həyata keçirir.
Lent.az qısa sürən hakimiyyətinə rəğmən müasir Azərbaycan tarixində böyük və ziddiyyətli iz buraxan, martın 27-də dünyasını dəyişən mərhum prezident Ayaz Mütəllibovun mühafizə xidmətinin əməkdaşı, sonradan Rusiya xüsusi xidmət orqanlarının əməkdaşı olan Viktor Lisovskinin həyatına qısa nəzər salır.
Viktor Lisovski 1967-ci il yanvarın 18-də Bakı şəhərində anadan olmuşdu.
Məktəbi bitirdikdən sonra 1984-cü ilin sentyabrından başlayaraq nəşriyyatda çalışır.
Bundan başqa, Ordu, Donanma və Aviasiya ilə Əməkdaşlıq Könüllü Cəmiyyətində tırtıllı maşınların sürücü-mexanik ixtisası üzrə kurslarını bitirir.
Lisovski 1985-ci ildə Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətə başlamış, xidmətini Prikarpat Hərbi Dairəsinin Strıy şəhərində yerləşən məxfiləşdirilmiş rabitə əlaqəsi sistemində baş mexanik çalışıb. 1987-ci ilin noyabrında o, Sovet Ordusu sıralarından çavuş rütbəsində tərxis olunub. Həmin ilin dekabrından 1988-ci ilin martına qədər isə Bakıdakı hərbi zavodlardan birində radiomexanik çalışır. Məhz bu vaxtlardan başlayaraq Lisovski SSRİ Dövlət Təhlükəsizliyi Komitəsində (DTK) çalışmağa başlayır. Həmin ilin dekabrında Azərbaycan SSR DTK-nın Təsərrüfat İdarəsində komendant köməkçisi təyin olunur. O həmçinin, terrorla mübarizə üçün yaradılmış “NABAT” antiterror qrupunun ştatdankənar üzvü çalışır. 1991-ci ilin yanvarında isə Azərbaycan DTK-nın 7-ci idarəsinin nəzdində terrorla mübarizə üçün xüsusi dəstənin yaradılması ilə bu dəstənin kəşfiyyatçısı (sonradan baş kəşfiyyatçısı) təyin olunur. Lisovski SSRİ Müdafiə Nazirliyinin təlim mərkəzlərindən birində “Kəşfiyat-diversiya işi” kursu keçir.
Bundan sonra o, Azərbaycan DTK-nın kəşfiyyat dəstəsində snayper qrupunun rəhbəri kimi Qarabağda qanunsuz erməni hərbi birləşmələrinə qarşı xüsusi əməliyyatlarda iştirak edir.
1991-ci ilin dekabrında DTK-nın nəzdindəki antiterror dəstəsi Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin tərkibinə verilir. Həmin vaxtdan Lisovski Təhlükəsizlik Xidmətinin operativ əməkdaşı, snayper qrupunun komandiri olur.
Lisovski 1992-ci il martın 6-na, Prezident Ayaz Mütəllibovun istefasına qədər onun təhlükəsizliyinin təmin olunmasında iştirak edir.
Amma Mütəllibovun istefası və Azərbaycandakı siyasi böhran fonunda o, may ayında Rusiyanın Krasnodar şəhərinə köçür və 1993-cü ilin yanvarında Rusiya Federal Təhlükəsizlik Xidmətinin həmin şəhərdə yerləşən Təlim-Tədris Mərkəzinin 9-cu idarəsində fəaliyyətə başlayır. Həmin idarənin tərkibində Şimali Qafqazda – Çeçenistan, İnquşetiya və Dağıstanda keçirilən xüsusi əməliyyatlara aktiv qatılır. O 1995-ci ilin iyununda Stavropol diyarının Buddenovsk şəhərində çeçenistanlı səhra komandiri Şamil Basayevin başçılıq etdiyi silahlı qrupun 1200-dən artıq insanı girov götürdüyü terror hadisəsi zamanı da girovların xilas edilməsi əməliyyatına qatılır.
Həmin terror hadisəsi zamanı 129 nəfər həlak olur.
Peşəkar snayper kimi o, xidmət yoldaşları tərəfindən “Lord” ləqəbi ilə çağırılır. Rusiya Federal Təhlükəsizlik Xidmətinin Xüsusi Təyinatlı Mərkəzinin Krasnodar Regional İdarəsinin əməkdaşı olan kapitan Viktor Lisovski 2001-ci il martın 29-u yol qəzasında həlak olub. Xidməti dövründə xüsusi xidmət orqanlarının əməkdaşı kimi o 1994-cü ildə “Hərbi xidmətlərdə fərqlənməyə görə” 1-ci dərəcəli medalla, 1995-ci ildə “Suvorov” medalı ilə, 1996-cı ildə “İgidliyə görə” medalı ilə və 2000-ci ildə “Əks-kəşfiyyatda xidmətlərə görə” medalı ilə təltif olunub. O, Rusiya və beynəlxalq snayper yarışlarının təşkilatçısı kimi tanınırdı. Lisovskinin xatirəsinə “Krasnodar-Alfa Antiterror Bölməsinin Veteranları Assosiasiyası” hər 2 ildən bir öncə Abinsk poliqonunda, sonradan isə Eysk şəhərindəki Vorontsov poliqonunda beynəlxalq snayper yarışları keçirilir.