İkinci dəfə ABŞ prezidenti olmaq üçün Kamala Harrisi geridə qoyan Donald Tramp maaşı ilə bağlı manşetlərə düşüb. İllik 400 min dollar maaş alacağı bildirilən Trampın hüquq və imtiyazları da diqqət çəkir. ABŞ-da prezident postunu tutan şəxs vəzifədən getdikdən sonra da mühüm imtiyazlardan yararlanmağa davam edir.
Lent.az bildirir ki, Amerika mətbuatının yazdığına görə, ABŞ prezidenti illik 400 min dollar maaş alır. Maaşdan əlavə, prezident rəsmi xərclər üçün hər il əlavə 50 min dollar alır.
Əylənmək üçün də büdcəsi var
Prezidentlərə öz şəxsi üstünlükləri əsasında Ağ evdə dəyişiklik etmək üçün birdəfəlik 100 min dollar da ayrılır. Səyahət xərcləri üçün prezidentə 100 000 dollar, əyləncə üçün əlavə 19 000 dollar ayrılır.
ABŞ-da prezident maaşının tarixi
ABŞ prezidentinin maaşı inflyasiya və ofisin artan tələbləri ilə ayaqlaşmaq üçün illər ərzində artıb.
• 1873 : 50.000 dolar
• 1909 : 75.000 dolar
• 1949 : 100.000 dolar
• 1969 : 200.000 dolar
• 2001 : 400.000 dolar (cari əmək haqqı)
ABŞ prezidentinin imtiyazları
ABŞ prezidenti də çoxsaylı imtiyaz və imkanlardan yararlanır. Prezidentin ən simvolik iqamətgahı Vaşinqtondakı Ağ evdir. Bu rəsmi iqamətgah 18 hektarlıq ərazidə yerləşir və prezidentin bütün ailəsi orada yaşayır. Dünya səviyyəli aşpazlar prezident və onun ailəsi üçün yemək hazırlayır, 100-ə yaxın işçi isə yemək bişirmək, təmizlik və digər işlərdə kömək edir.
Ağ evdən başqa, prezidentin 119 otağı, 20 yataq otağı, 35 vanna otağı, dörd yemək otağı, idman zalı və salonu olan Blair House adlı böyük qonaq evi də var. Dağlardakı Kemp Devid istirahət evi prezidentin tez-tez diplomatik görüşlərə ev sahibliyi etdiyi başqa bir yerdir.
Air Forge One təyyarəsi səyahət üçün istifadə olunur
ABŞ prezidenti səyahət üçün ən etibarlı təyyarə olduğu iddia edilən və lüksü ilə diqqət çəkən “Air Force One”dan istifadə edir. Prezident böyük partlayışlara tab gətirmək üçün nəzərdə tutulmuş Marine One helikopterindən də istifadə edə bilər. Ümumilikdə prezidentin sərəncamında beş helikopter var. Prezident həmçinin beynəlxalq səfərlərdə tez-tez özü ilə apardığı “The Beast” kimi tanınan dünyanın ən təhlükəsiz avtomobilində səyahət edir. Ən yaxşı səhiyyə də prezident və onun ailə üzvləri üçün pulsuzdur.
Vəzifəsini tərk edən ABŞ prezidenti yenə də əhəmiyyətli imtiyazlardan istifadə edir. Keçmiş prezident ildə 230 min dollar pensiya almaq hüququna malikdir. Onların daimi rahatlığını təmin etmək üçün pensiya ilə yanaşı, yol pulu, yaşayış yeri, işçi heyəti və digər imtiyazlar da nəzərdə tutulub.