Od görüb oynayanlar
21 iyul 2012 13:26 (UTC +04:00)

Od görüb oynayanlar

Türkiyədə sonuncu parlament seçkilərinə bir neçə gün qalmışdı. Türk televizyalarından biri ölkənin əsas müxalifət partiyalarından olan Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçalıdan müsahibə alırdı. Bahçalı o zamankı, həm də indiki iqtidar partiyasını, Rəcəb Tayyip Ərdoğanı o ki var tənqid elədi, daxili, xarici siyasətini topa tutdu. Birdən müxbir soruşdu: “Heç bu iqtidarın təqdir etdiyiniz bir addımı yoxmu, əfəndim?” Bahçalı bir az da təəccüb dolu ədayla dərhal cavab verdi: “Olmaz olurmu? Bu iqtidarın çəkdiyi gözəl yollar, tunellər millətimizə böyük xidmətdi. Bəlkə özləri bu yollardan o qədər istifadə etmirlər, o qədər ki, biz yararlanırıq, xalqımız yararlanır. İllər keçəcək, onlar iqtidar olmasalar belə, AKP iqtidarının Türkiyə boyu çəkdiyi yollar, tunellər millətimizin xidmətində olacaq”...

... Və Milliyyətçi Hərəkat Partiyası yenə də parlamenti qazandı, Türkiyə Böyük Millət Məclisinin böyük deputat qrupu olan üç partiyasından biridir.

***
Cəmi bir neçə gün öncə isə yenə Bahçalının məmləkətində 42 mərtəbəli binada yanğın baş verdi. O boyda göydələnin bir üzü çatır-çatır yandı. Fotolarda, video görüntülərdə, sosial şəbəkələrdə bir sahibkara məxsus bu göydələnin yanmasından üzüntü vardı. İstanbulun gözəl görüntülərindən birinin qaralmasının təəssüfü vardı bu hadisəyə münasibət bildirən hər bir türkdə...

***

Dünən isə Bakıda Heydər Əliyev Mərkəzində yanğın oldu. Yanğınsöndürənlərin ciddi səyi nəticəsində binanın digər hissələri zədələnmədən yanğın lokallaşdırıldı və söndürüldü. Ölən, yaralanan, el dilində desək, heç burnu qanayan da olmadı. Hər gün dünyada minlərlə yanğın baş verir, o yanğınlarda evlər, yuvalar yıxılır, bəzən körpələr belə diri-diri yana bilir, canlar acıyır. Şükür, dünən bunlardan heç biri olmadı.

Hər gün dünyada baş verən minlərlə yanğından biri oldu və söndürüldü. Bu, təxribat, terror xəbərdarlığı, səhlənkarlıq, yoxsa adi iş prosesində baş vermiş qəza idimi? Bunu araşdırmaq üçün dövlətin orqanları var, dərhal hadisə yerində idilər və yanğının tüstüsü çəkilməmiş də araşdırma başladığı barədə məlumat verdilər.

Sosial şəbəkələrdə və bəzi “mətbuat orqanlarında” isə “yanğın” davam edir. Bu yanğın alovundan hakimiyyətin böhran yaşaması(?!) qənaətindən tutmuş sevinc çığlıqlarına qədər hər cür səs eşidilir. Bu hakimiyyəti qəbul etməmək olar, problemlərdən danışmaq, “Mərkəz niyə yandı” açıqlamasını tələb etmək də tamamilə normaldı. Amma bir mülkün, həm də Azərbaycan dövlətinə məxsus mülkün yanmasına, dünyanın müasir memarlıq abidələri sırasında olan, modern kompozisiyanın tüstülənməsinə sevinmək olmaz! Bu hadisəylə sevinc, nəşə anlayışını bir yerə qoya bilmək üçün hansı təfəkkürün, hansı zəkanın sahibi olmalısan, heç bunu da bilmirəm. Ümumiyyətlə, bu sevincin adı, səbəbi nədi?

Bir ölkənin müasir, ya qədim memarlıq abidəsinin məhvinə yalnız onun tarixinin, bu gününün, mədəniyyətinin olmadığını sübut eləmək üçün dəridən-qabıqdan çıxanlar, yəni əbədi düşmənləri sevinə bilər. Məgər biz bu gün Bakının simvollarından olan Qız qalasının, Şirvanşahlar Sarayının kimin, hansı hakimiyyətin dövründə tikildiyinimi müzakirə edirik? Hər gələn qonağımıza, Bakını soruşan hər kəsə göstəririk bu abidəni. Bu mərkəz də müasir memarlığın sayılı abidələri sırasındadır və əsrlər sonra belə bu ölkəni, bu paytaxtı təmsil eləyəcək, simvollaşacaq. Deməli, memarlıq abidəsinin tüstüsünə sevinmək normal adam işi deyil...

Xərclənən və xərclənəcək vəsaitəmi sevinirsiniz? O pullar Azərbaycan dövlətinin vəsaiti, Azərbaycan insanının alın təri, bu ölkənin sərvətinin halal haqqıdı. Onun bu cür yanmasına sevinməyin adı düşmənçilik deyilmi?

O tikintidə qışın şaxtasında, yayın istisində əli qabarlı, zəhmətkeş insanlar çalışıb. Onların gözləri qarşısında tüstülənən zəhmətlərinəmi sevinirsiniz? Bunların heç biri deyilsə, onda bəs nə? Nəyə sevinirsiniz? Bir saat içində söndürülən adi bir yanğından hakimiyyətin sarsılacağınımı düşünürsünüz? Bu qədərmi diletantlıq...

Nəzəri olaraq, lap deyək ki, bu bir təxribatdı, terror xəbərdarlığıdı... Bunda sevinməli nə var ki? Bu dövlətin hədələnməsinə, təhlükə yaşamasına boğazının yolu görünənə qədər diş ağartmaq nə qədər normal insan hissi sayıla bilər. Mən qətiyyən vətəndaşlıq, ictimai məsuliyyət kimi yekə anlayışlardan danışmıram. Sadəcə, “yanğına sevinən insan” obrazını canlandırmağa çalışıram, amma alınmır...

***

...Bu yanğından çıxardığım son nəticə isə təəssüfüm oldu. Mən ölkəmdə belə alternativ fikir sahibləri görmək istəməzdim. Hamının eyni cür düşünmək, hamının hakimiyyəti dəstəkləmək kimi bir mükələffiyyəti yoxdu. Heç yəqin hakimiyyətin də hamının onu dəstəkləməsi kimi dərdi yoxdu.

Bir qisim adamın ölkə üçün xoş olmayan hər şeyə sevinib, Azərbaycan adına yaxşı olan hər şeyə qara bağlaması ilə hakimiyyət heç nə itirmir. Sağlığınıza, heç hakimiyyətin vecinə də deyil. Hakimiyyət öz işində, öz fəaliyyətində, hər bir olaya göstərdiyi operativ münasibəti ilə reytinqini artırmaqdadı. Dünən yanğını söndürdü, bu gün də təmirinə başlayır. Bir-iki ay sonra da yenə həmin Mərkəzdə növbəti tədbirini keçirəcək.

Amma sevinən dəstə tərəfdarlarına, həm də sabah səs istəyəcəyi vətəndaşa bir mesaj verdi. Deməli, bu insanlar hakimiyyətə gəlməyi bacarsalar, həmin o Mərkəzi buldozerlə şumlayacaqlar, Alov qüllələrini yerlə bir edəcəklər. Bu, bolşevik şüurudu. Sənin olmayanı yıxıb yaxmaq, qəbul eləmədiyinin hər əməlinə qara don biçmək... Özünə hörmət eləyən, inkişaf və təkamül, mövcud olandan daha müasir və tolerant olduğunu göstərmək istəyən siyasi mərkəz sosial şəbəkələrdə “od şənliyi” düzənləyən tərəfdarlarını birinci özü susdurmalı idi. Mən məhz bir gün bunu gözlədim. Çox təəssüf ki, bu dəfə də yanıltmadılar. Bu dəfə də bəlli oldu ki, bizim olkəmizdə alternativ “düşüncə” guruh tərzindən yuxarı qalxa bilmir və bu, ölkəsində vətəndaş cəmiyyətinin qurulmasını, demokratik dəyərlərin oturuşmasını istəyən bir vətəndaş üçün, şəxsən mənim üçün acınacaqlı mənzərədi.

Adını müxalifətçi qoyub dövlətə nifrətini gizlədə bilməyən, kütlə psixologiyasından siyasi alternativ səviyyəsinə yüksəlməyi bacarmayanların sevinci onlara sayğısı olan 5-3 nəfərdə də ikrah oyadır. İnsanlar bir daha alternativsizlik mühitində yaşadıqlarını anlayır və qəbul edirlər. İnternet əsrinin adamı siyasətini qəbul etmədiyi hakimiyyətin dövründə tikilən bir binanın tüstülənməsinə qol götürüb oynayan zehniyyətə, o rəqqaslara dur deməyən “lider”ə heç vaxt səs verməz, səs verməyəcək! Deməli, siyasi gələcəyini, seçicisinin ona ikrah etdiyini belə düşünəcək potensialı olmayan, emosiyası, nifrət kimi yaramaz anlayışı soyuq düşüncəsinə qalıb gələn insanları ciddiyə almağın özü günahdı. Bu da nəticə!

***
... Yanğından, alovdan nəşələnənləri görəndə yadıma Allahın od görüb oynayan mələyi düşdü. Onun adı nəydi?..
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1099

Oxşar yazılar