Türkiyədən Azərbaycana nota
21 oktyabr 2009 15:45 (UTC +04:00)

Türkiyədən Azərbaycana nota

Elxan Poluxov: “Türkiyədən Azərbaycana nota daxil olub, cavab hazırlayırıq”


“Şəhidlər Xiyabanının yaxınlığında yerləşən Türkiyənin Azərbaycandakı Səfirliyinin Dini işlər müşavirliyinin qarşısındakı Türkiyə və Azərbaycan bayraqlarının endirilməsindən xəbərsizik”.


Bunu APA-ya Bakı Şəhər İcra Hakimiyyətindən bildiriblər.


Ərazinin aid olduğu Səbail rayonunun İcra Hakimiyyətinin şöbə müdiri İsrafil Kərimov da bayraqların endirilməsi barədə qərarın onlar tərəfindən verilmədiyini deyib.


Türkiyənin Azərbaycandakı Səfirliyinin Dini işlər müşaviri Müzəffər Şahin isə APA-ya açıqlamasında bildirib ki, bu gün səhər özlərini fəhlə kimi təqdim edən bir neçə nəfər əraziyə gələrək müşavirliyin qarşısındakı bayraqları endiriblər: “Bunu kimin etdiyini bilmədik. Bu işi görməyə gələn fəhlələr dedilər ki, təlimat belədir” .


M.Şahin bayraqların endirildiyi ərazinin diplomatik missiyanın həyata keçirildiyi binaya aid olduğunu deyib.


M.Şahin deyib ki, məsələ ilə bağlı artıq Türkiyənin Azərbaycandakı səfirliyi Azərbaycana nota verib, nota Xarici İşlər Nazirliyinə təqdim edilib.


Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov APA-ya açıqlamasında XİN-ə belə notanın daxil olduğunu təsdiqləyib. Mətbuat katibi hazırda notaya cavab hazırlandığını da əlavə edib.


Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə görə, xarici dövlətin bayrağı yalnız diplomatik missiyanın özünün yerləşdiyi və səfirin yaşadığı rezidensiya üzərində asıla bilər. Diplomatik missiyaya aid olan, lakin məsələn, mədəniyyət mərkəzi statusu ilə qeydiyyatdan keçmiş qurum artıq diplomatik missiyanın ərazisi hesab edilmir və burada xarici dövlətin bayrağı asıla bilməz. Türkiyənin Dini İşlər üzrə Müşavirliyinin yerləşdiyi ərazinin diplomatik missiya kimi qeydiyyatdan keçib-keçmədiyi hələlik bizə bəlli deyil.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 724

Oxşar yazılar