Rəsul Quliyev: “ACP-nin fəaliyyətini dayandırıb-dayandırmamasından xəbərim yoxdur” – MÜSAHİBƏ
05 iyun 2009 19:00 (UTC +04:00)

Rəsul Quliyev: “ACP-nin fəaliyyətini dayandırıb-dayandırmamasından xəbərim yoxdur” – MÜSAHİBƏ

Azərbaycanın eks-spikeri, Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevin APA-ya müsahibəsi

- Son vaxtlar Açıq Cəmiyyət Partiyasının fəaliyyətinin dayandırılması ilə bağlı məlumatlar yayılıb. Bu məlumatlardan xəbəriniz varmı? Əgər xəbər doğrudursa, buna səbəb nədir?

- ACP-nin fəaliyyətini dayandırıb-dayandırmamasından xəbərim yoxdur. Ancaq məsələ ondadır ki, hansısa partiyanın fəaliyyət göstərdiyini də deyə bilmərəm. Bu o demək deyil ki, ölkədə gedən prosesləri izləmirəm, əksinə yaxşı bildiyim üçün belə qənaətə gəlirəm. Əgər fəaliyyət sözü əvvəlki mənasını dəyişməyibsə, onun Azərbaycandakı partiyalarla elə bir əlaqəsi yoxdur.

- Partiyanın sədri Akif Şahbazov bir aydan artıqdır ki, Biləsuvar rayonuna gedib, mətbuata son proseslərlə bağlı açıqlama vermir və rəhbərlikdə təmsil olunan digər şəxslər də məsələlərdən xəbərsiz olduqlarını bildirirlər. Partiya sədrinin bu fəaliyyətini necə dəyərləndirirsiniz?

- Bütövlüklə partiyanın fəaliyyətsizliyi barədə yaxın vaxtlarda müzakirələr olacaq.

- Sizin siyasi fəaliyyətinizi dayandırdığınızı demək olarmı?

- Bu mücərrəd suala bir dəfə cavab verməyə cəhd etmişəm, əgər yenidən həmin məsələyə qayıdılırsa, ya mən kifayət qədər aydın cavab verə bilməmişəm, ya da ölkədə siyasi vəziyyət dəyişib. Əgər xalqın gələcəyi ilə əlaqədar müəyyən fikirləri söyləmək və onu əsaslandırmaq siyasətlə məşğul olmaqdırsa, deməli fəaliyyətimi dayandırmamışam və heç vaxt dayandırmayacağam. Əgər söhbət ölkənin siyasi və ictimai həyatına təsir etməkdən gedirsə, belə bir imkandan hələ ki, mərhumam. Bəlkə bir dəfə əziyyət çəkib Azərbaycanda siyasətlə məşğul olanların siyahısını və onların bununla əlaqədar fəaliyyətlərinin nəticələrini dərc edəsiniz ki, mən siyasətlə məşğul olmağın klassik nəzəriyyəsini bir qırağa qoyub siyasətlə məşğul olmağın Azərbaycan variantını əsas götürüb obyektiv cavab verə bilim.

- Mətbuatda belə bir versiya yayılıb: Hakimiyyət Sizin Azərbaycana qayıtmağınıza razılıq verib və bu ilin sonuna kimi ölkəyə gələcəksiniz. Amma əvəzində qarşınıza partiyanın fəaliyyətini dayandırmaq, Bakıya komandasız qayıtmaq şərti qoyulub. Bu nə qədər həqiqətə uyğundur?

- Çox istəyərdim ki, belə bir danışıqları aparan Rəsul Quliyevin məntiqini başa düşüm, görəsən o bunu hansı məqsədinin naminə edir? Müasir zamanda klassik vətən –qürbət problemi aradan götürülüb. Hətta heç vaxt olmadığın bir ölkənin təbiətindən kitab yaza bilərsən. Bu gün Azərbaycanın istənilən sahədə kifayət qədər ciddi problemləri var. Əlbəttə bugünkü problemlər 1991-1997-ci illərin problemlərindən fərqlidir və daha rahat həll oluna bilər. O illərdə ölkədə yaranmış xaosun qarşısını alıb, stabillik yaratmaq ən böyük problem idi. İndi belə fundamental problemin olmadığı vaxtda ölkənin gələcəyini təmin edə biləcək yeganə yol qərb demokratiyasının bərpası və nəticədə korrupsiya, rüşvətin qarşısını almağa nail olmaq, ölkədə rəqabətə söykənən iqtisadiyyatın inkişafını təmin etmək daha asandır. Bu iki faktorun aradan götürülməsi Dağlıq Qarabağ probleminin avtomatik həllinə gətirib çıxarardı. Mən heç vaxt hakimiyyətə gəlməyi özümün məqsədi elan etməmişəm və heç vaxt da buna can atmamışam. Ancaq xalqın problemlərinə də biganə olacağıma da heç vaxt söz vermərəm. Sizin sadaladığınız faktorların bu gün heç biri yoxdur, yəni nə partiya fəaliyyət göstərir ki, onu dayandıraq nə də komanda var, bəlkə o şərtlər başqa kiminsə qarşısında qoyulur.

Bilirsiniz adam yaşa dolduqca, atacağı növbəti addım üçün daha çox məsuliyyət daşıyır. 18 yaşlı gənc 30 yaşlını artıq qoca hesab edir və düşünür ki, o yaşa çatmağa çox var və o vaxta qədər o dağı dağ üstünə qoyacaq. Belə düşüncə, yəni hər şey hələ qabaqdadır, nəticə etibarı ilə vaxtı hədər yerə sərf etməyə gətirib çıxardır. İnsan var ki, onun həyatda atdığı bir yeganə addım, yüzlərin ömrü boyu gördükləri işlərin cəmindən qat-qat dəyərlidir. Həmçinin atılacaq səhv bir addım da sənin yaşadığın illərin üstündən xətt çəkə bilər. 30 yaşlı adam 18 yaşlı ilə müqayisədə etdiyi hərəkətə görə daha məsuliyyət daşıyır, ona görə yox ki o daha yaşlıdır. Ona görə ki onun çiyinlərində keçmiş yaşayışının yükü var ,onu iqnor edə bilməz. 60 yaşlının isə səhv addım atmağa mənəvi haqqı yoxdur. Həyatın paradokslarından biri də yaş artdıqca ölkənin gələcəyi üçün cavabdehliyin azalmasıdır. Yaş artdıqca, keçmişində buraxdığın səhvlərin, xalq üçün görə bilmədiyin işlərin məsuliyyəti daha da qabarıqlaşır. Gənclərin keçmişi olmadığı üçün bütün məsuliyyətləri xalqın gələcəyinin necə olmasındadır. Bu təbiidir, məsələn 60 yaşlı birisi 10- 15 il yaşayacaqsa ,20 yaşlı gənc ölkədə 55 il yaşamalıdır.

- Azərbaycana dönməyiniz üçün hakimiyyətlə ciddi danışıqların aparıldığı bildirilir. Doğrudurmu? Yaxın zamanlarda Azərbaycana gələcəyiniz ehtimal olunurmu?

- Mən hakimiyyətlə heç bir ciddi və ya qeyri-ciddi danışıqlar aparmıram və düşünmürəm ki, belə bir təşəbbüslə çıxış edəcəyəm. Belə bir təşəbbüs ancaq hakimiyyət tərəfindən ola bilər, çünki güc nöqteyi-nəzərindən mən danışıq aparan tərəf imkanına malik deyiləm. Nəzərə alsaq ki, hakimiyyətdə mənim əleyhimə çıxış edən qüvvələr var və onlar buna imkan verməyəcəklər, onda belə addım atılacağına ümid azdır.

- Bir ildən artıqdır ki, ACP təsis olunub. Partiyanın bu müddətdə göstərdiyi fəaliyyət barədə nə deyə bilərsiniz? Rəhbərlikdə dəyişiklik etmək ehtiyacı varmı?

- Partiyanın üzvləri bu məsələni müzakirə edib qərar qəbul etməlidir, düşünürəm ki, belə bir addıma ehtiyac var.

- ACP-nin hazırkı siyasi kursu necədir: iqtidaryönlü, yoxsa müxalifət partiyasıdır? Çünki sonuncu prezident seçkilərindən sonra digər müxalifət partiyaları ACP-ni müxalifət partiyası kimi qəbul etmirlər. Hazırkı kursu davam etdirmək fikriniz varmı?

- Bir qədər tarixə qayıtmağa ehtiyac var. Bilirsiniz, Azərbaycanda heç vaxt müxalifət güclü olmayıb. Ümumiyyətlə, Azərbaycanın yeni tarixini 3 mərhələyə bölmək lazımdır. 1. 1988-1991 2. 1992-1997 3. 1997- bu gün. Ermənilər tərəfindən torpaqlarından çıxarılmış ilk azərbaycanlı qaçqınları Sumqayıt şəhərində yerləşdirməklə, camaatın haqlı narazılığının daha ağır formaya keçməsi ilə başlanan etiraz hərəkətini birinci periodun startı qəbul etmək olar. Həmin dövrdə Baltikyanı ölkələrdə, Ukrayna, Rusiya, Moldova, Belarus, Gürcüstan, Ermənistanda artıq ölkələrinin azadlığı uğrunda intellektual müxalifət formalaşmaqda idi. Xalqın fikirlərini formalaşdıran qüvvələrin olmadığını gözəl başa düşən Moskva, o vaxtkı ölkənin lideri Kamran Bağırovu real həyatdan uzaq, ambissiyalı Əbdürrəhman Vəzirovla əvəz etdi. 1988-ci ilin axırlarında Nemət Pənahovun təşkil etdiyi, əsasən özünün, Sirus Təbrizli və Sabir Rüstəmxanlının idarə etdiyi mitinqlər xalqa iki şeyi verdi: Birincisi, Qarabağ bizimdir, Topxana meşəsində kəsilən iki ağaca görə bütün Ermənistanı cəzalandıracağıq. İkincisi, Azərbaycanın nefti özündə olsa idi, indi bütün torpağı 10 sm qızıl ilə örtülmüşdü. Bundan başqa tribunadan çıxış edən gələcək AXC hakimiyyətinin liderlərindən bir neçəsinin adı da xalqa məlum oldu. Həm 1988, həm də 1989 – cu illərdə tribunadan emosional çıxışlar etməkdən başqa heç bir konkret planı, proqramı olmayan indiki və o vaxtkı müxalifət təbii ki, nə 1989-cu ildə SSSR-i parlamentinə seçilə bildi, nə də Bakıda erməni talanlarının qarşısını ala bilmədiyi üçün Qorboçov rejiminin 1990-cı il Bakı qırğınına qismən haqq qazandırdı. Üstündən 20 il keçməsinə baxmayaraq, 1989-cu il Tiblisi və 1991-ci il Litva qırğınları (baxmayaraq ki, həlak olanların sayı Azərbaycandakından 10 dəfə azdır) hələ də xaricdə azadlıq uğrunda aparılan mübarizənin əsas məqamları kimi qeyd olunur, nəinki Bakı hadisələri. Müxalifət liderlərinin “Azadlıq” meydanında tribunaya qalxması tanınmış artistlərin səhnəyə çıxmasına bənzəyirdi. Köməkçilər “Bəy hələ vaxt yetişməyib, mitinqçilərin sayı azdır, bir qədər gözləmək lazımdır” deyirdilər. Onlar çıxış etməyin vaxtını müəyyənləşdirən əsas faktor idilər. Ona görə də 1989-cu ildə SSRİ parlamentində demokratik blok yarananda bir nəfər azərbaycanlı da orada yox idi. Çünki müxalifət liderləri üçün Azərbaycanın gələcəyinə dair real planlar qurmaq qat-qat çətin idi, nəinki eyni sözləri söylədiyi sabahkı mitinqə hazırlaşmaq. Nəticə etibarı ilə faktiki olaraq Azərbaycan müxalifəti SSRİ dağılıb yeni respublikalar yarananda və keçmiş müxalifətin nümayəndələri, litvalı Lanqsberq, belarus Şuşkeviç, ukraynalı Kravçuk, Rusiyada Yeltsin kimi adamlar heç kimin tanımadığı, real siyasəti olmayan adamlar idi və onların iflasının qarşısını heç nə ala bilməzdi.

Camaata şüardan başqa heç bir şey təklif etməyən indiki və ondakı müxalifət 1990-cı ildə yenə hökumətlə danışığa gedib seçki yolu ilə yox, danışıq yolu ilə parlamentdə 25 yer aldı. Hökumət rəhbərləri isə əsas rəqibini Bakıya qoymamaq üçün gah evini alıb kiməsə verdi, gah da prezident seçilməməsi üçün yaş senzi qanunu qəbul etdirdi.

Hətta 1991-ci il avqust hadisələrindən sonra müxalifət demokratiya üzərində fars olan prezident seçkilərinə mane ola bilmədi. 1992-ci ilin mayında keçmiş prezident Ayaz Mütəllibovun anlaşılmaz yenidən hakimiyyətə gəlmək cəhdi olmasa idi, Yaqub Məmmədovun prezident seçiləcəyinə heç bir şübhə ola bilməzdi. Bir illik hakimiyyət dövründə aparılan siyasət nəticəsində və ya siyasətsizlik mühitində bu müxalifət hökumətinin reytinqi ölkə daxilində 10 faizə düşmüşdü. Xarici ölkələrlə münasibətə gəldikdə tam əminliklə demək olar ki, nə Rusiya, nə İran, nə də ABŞ bu hökumətin uzun müddət qalacağına mütləq mənada inanmırdı. Hətta hökumətin böyük qardaşı Türkiyə Azərbaycanın ağlasığmaz təkliflərinə, bir dövlət yaratmaq ideyalarına skeptik baxıb, başqa variantlar axtarırdı. 1993-cü ilin iyununda 1 illik idarəçilik elə bir xaos yaratmışdı ki, bu vəziyyətdən çıxmaq çox gərgin zəhmət tələb edirdi. Təsəvvür edin, bu məsuliyyətsiz adamların səhv hərəkətlərinə görə minlərlə odlu silahlar, qumbaraatanlar, digər texnika ayrı-ayrı qrup və adamların əlinə keçmişdi. Belə bir ağır xaosdan qurtarmaq , 3 il müddətində yüzlərlə azərbaycanlının həlak olması hesabına başa gəldi. Azərbaycan tarixində ən zəif liderlər sayılan Vəzirov və Mütəllibov vaxtında, güclərinin zenitində, elementar dəyişiklərə nail olmaq əllərindən gəlməyənlərdən, 1998-ci ildən sonra nə isə gözləmək olmazdı. Azərbaycanın müstəqilliyini 15 respublika arasında axırıncı elan etməsi də (hətta Orta Asiya ölkələrindən sonra) müxalifətin “fövqəladə gücünə” dəlalət edir. 20 il müddətində eyni adamların saysız-hesabsız məğlubiyyətlərinin fonunda, özlərini müxalifət, kimlərisə hökumət yönlü hesab etməsi növbəti qeyri-ciddi hərəkətdir və əslində ona münasibət bildirməyə dəyməzdi.

- Müxalifət partiyaları ilə hər hansı əməkdaşlıq etmək niyyətiniz varmı?

- İndiyə qədər buraxdıqları səhvləri analiz edib, səmimi şəkildə etiraf etməyən, bu səhvlərdən nəticə çıxardıb real iş planı və proqramı olmayan heç bir partiya ilə özlərini müxalifət və başqa cür adlandırmasından asılı olmayaraq heç bir əməkdaşlıq etmək niyyətim yoxdur.

- Bu ilin sonunda Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Bu seçkilərdən nə gözləyirsiniz? Partiyanız bu seçkilərə qatılacaqmı?

- Heç bir şey. Partiyanın iştirak edib-etməyəcəyini bilmirəm.

- Altı müxalifət partiyası Qarabağ və Respublika Uğrunda Hərəkat adı altında birləşib. Bu birliyin fəaliyyətindən nə gözləyirsiniz?

- Bu hərəkatla əlaqədar yarım il bundan öncə fikrimi söyləmişdim, cavabında bizim əlimizdən bu gəlir bunu da etmişik, kimsə bacarırsa gəlsin danışmaqdansa daha yaxşısını yaratsın deyə söyləmişdilər. Qızıl kimi düzgün sözlərdir , həqiqətən mən tənqid etsəm də, əvəzində nə isə yarada bilmirəm. Sadəcə olaraq düşünürəm ki, ölü uşaq doğacağını əvvəldən bilərəkdən, yenə belə bir addım atmağın ziyanı daha böyükdür, nəinki bu işi görməməyin. Bu birliyin əhəmiyyəti indiyə qədər nədən ibarət olubsa, o cür də davam edəcək. Yəni hətta onun yaradıcıları belə, çalışsalar bu birliyin fəaliyyətindən danışa bilməzlər, əhəmiyyətsiz söz yığnağından başqa.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1357

Oxşar yazılar