Cəbhə xəttində xidmət: özəlliyi və gözəlliyi
16 may 2009 10:30 (UTC +04:00)

Cəbhə xəttində xidmət: özəlliyi və gözəlliyi

Ermənistanla 18 ildir davam edən müharibə Azərbaycanda 1000 kilometrlik bir məsafəni əhatə edən “cəbhə xətti” anlayışı yaradıb. Şimal-qərbdə Gürcüstanla sərhəddən, cənubda İranla sərhədədək uzanan bu cəbhə xətti qanlı döyüşlərin, atəşkəs dövründə atəşin kəsilmədiyi bir məkan kimi tanınmaqdadır.

Rəsmi məlumatlara görə, Azərbaycan Silahlı Qüvvələrinin yarıdan çoxu məhz bu cəbhə xəttinə cəmləşdirilib. Bu isə o deməkdir ki, hər il həqiqi hərbi xidmətə çağrılan 18-35 yaşlı Azərbaycan vətəndaşlarının yarıdan çoxu bu ərazidə öz vətəndaşlıq borcunu yerinə yetirməli olur.

Artıq Azərbaycan vətəndaşları cəbhə xəttinin nə demək olduğunu yaxşı bilir. Cəbhə xətti deyəndə ilk növbədə göz önünə infrastrukturu dağılmış yerlər, torpağın altında kazarmalar, yayda günəşin istisindən od tutub yanan, qışda palçığından yerimək olmayan kilometrlərlə uzunluğunda səngərlər, minalı sahələr və ən əsası isə hər an gözlənilən düşmən hücumları gəlir.

Bu çətinliklər səbəbindən bəzi gənclər cəbhə xəttində xidmət edə bilməyəcəklərini də etiraf edirlər. Amma bu çətinliklərə qatlaşıb xidmətini aparanlar, fərqlənənlər, hətta şəhid və əlil olanlar da az deyil.

Çiynində boz çanta, üzü xoşsifət...

Milli mentaliteti əsas götürən ekspertlərin fikrincə, cəbhə xəttində xidmət edən şəxslərin mülki həyatda başı uca gəzmə haqqı var. Hansı ki bu haqq yazılmamış qanunlar çərçivəsində ictimaiyyət tərəfindən müəyyən dərəcədə tanınır. Arxa hərbi hissələrdə xidmət edən əsgərlər özləri belə döyüş bölgəsindən gələn əsgərə istər-istəməz hörmət edirlər. Digər tərəfdən, ailəsindən müvəqqəti ayrılan gənc cəbhə xəttində xidməti müddətində həyatda qalmaq, yaşamaq uğrunda mübarizə aparmaq öyrənir.

Tərtərdəki Torpaqtəpə adlı ərazidə, ermənilərlə ən yaxın mövqedə xidmət etmiş Ramil İsmayılov şəraitsizliyə, ölüm təhlükəsinə baxmayaraq cəbhə xəttində xidmətin şərəfli olduğunu deyir. Onun sözlərinə görə, ön postda xidmət edən əsgərlər öz aralarında hər hansı problemin olduğundan narazılıq etsələr də atəşkəs pozulanda və yaxud belə bir hal olanda birləşir, daha amansız olurlar: “Adi vaxtlarda bizə güllə atmağa icazə verilmirdi. Elə ki qarşı tərəf atəşkəsi pozmağa başlayır, komandirə məruzə edirsən və cavab atəşi açmana icazə verilir. Əsas maraqlı məqam da bundan sonradır. Qarşında sənə açıq-aşkar gözdağı verən düşmən ola, sənə də güllə atmağa icazə verələr... Bəzən elə olub ki, ermənilər atəşi dayandırmaq üçün yalvarmağa başlayıblar”.

Cəbhə xəttinin bir müsbət fərqi də orada “dedovşina”nın olmamasıdır. Döyüş bölgəsində xidmət edən əsgər və çavuşlar deyil, zabitlər də bunu təsdiq edirlər. Əldə silah bilavasitə döyüş tapşırığını yerinə yetirən əsgərə heç kim əl qaldırmağa, onu incitməyə cürət etmir. Allah göstərməsin. Silahın üzü düşmənə deyil, öz yoldaşına tərəf çevrilə bilər.

“Səngər xəstəliyi”, snayper...

Cəbhə xəttinində xidmətə başlayan gənc əsgərin qarşısına bir sıra problemlər çıxır. Burada karantin dövründəki kimi şəraitli kazarmalar, normal yeməkxana və məişət şəraiti yoxdur. Günün böyük hissəsini torpaq səngərdə, bəzi yerlərdə düşmənin 70 metr yaxınlığında keçirən əsgər saatlarla gözünü müşahidə apardığı mövqelərdən çəkməməlidir.

Hərbi ekspert İldırım Məmmədovun sözlərinə görə, cəbhə xəttində rotasiya olunmadan uzun müddət xidmət edən əsgər və zabitlər var. Rotasiya olunmadan eyni ərazidə xidmət edən hərbçilərdə “səngər xəstəliyi” adlı sindrom yaranır: “Yəni şərait əsgərə o qədər adiləşir ki, o, potensial təhlükələri unudur. Bu da sonda arzuolunmaz nəticələrlə yekunlaşır”.

Ekspertini fikrincə, xidmət zamanı sayıqlığı saxlamaq ən vacib məsələlərdəndir. Döyüş növbətçiliyini yerinə yetirdiyi müddətdə postda yatmaq çox hallarda əsgərlərin həyatı bahasına başa gəlir. Daim qarşı mövqeləri diqqətdə saxlayan düşmən diversantları ani bir manevrlə həmin postdakı əsgərləri əsir götürə və ya öldürə bilərlər.

ATƏT-in Minsk Qrupu həmsədrlərinin son bəyanatı da nəzərə alınarsa, cəbhə xəttində ən təhlükəli vəziyyəti snayperlər yaradır. Hər zaman əli tətikdə qarşı tərəfin postlarını nəzarətdə saxlayan snayperlərin əsas vəzifəsi komandir heyətini aradan götürmək olsa da əsgərlərin də bu təhlükədən uzaq olmadığı məlumdur. Snayper müharibələrində nişançılar qarşı tərəfi maksimum itkilərə uğratmaqla qorxu sindromunu saxlamağa çalışırlar.

Naxçıvanın Ermənistanla sərhədində Azərbaycan ordusunun snayperi olaraq xidmət etmiş Nurələm Süleymanov qarşı tərəf cəbhə xəttində qadın snayperlərin xidmətindən daha çox yararlandığını bildirib. Keçmiş əsgərin sözlərinə görə, Azərbaycan əsgərlərinə səbəb olmadan düşmənə atəş açmaq qadağan olunub. Yalnız o halda atəş açmaq mümkündür ki, düşmən atəşkəsi pozmuş olsun: “Ermənilər tərəfindən snayperlərin qadın olduğunu eşitmişdik. Amma xidmət zamanı onları gördük. Bu qadınlar bizim əsgərləri aldadaraq ovlayırdılar. Məsələn, bir dəfə erməni snayper qadınlardan biri lüt soyunaraq açıq əraziyə çıxıb, postda mövqe tutmuş əsgərlərimizin gözü qarşısında striptiz göstərirdi. Gənc əsgərlərdən biri onun düşmən olmasını unudaraq mövqedən kənara çıxdı. Bu zaman hazır dayanmış ikinci snayper qadın onu dərhal vurdu”.

Keçmiş əsgər Azərbaycan snayperlərinin də düşmənə tutarlı cavab verdiyini deyir. Onun sözlərinə görə, atəşkəsi mütəmadi pozulduğu ərfələrdə bir neçə düşmən zabitinin və ya əsgərinin öldürülməsi situasiyanı dəyişdirir və ərazidə müvəqqəti sabitlik yaradır. Bəzən də Azərbaycan snayperləri ermənilərin evlərindəki elektrik lampalarını qırmaqla düşmənə “özlərini yığışdırmaları” barədə xəbərdarlıq edirlər.

Cəbhə xəttindəki özəlliklərdən biri də kəşfiyyat hərəkətləridir. Xüsusi təlim görmüş kəşfiyyat qrupları düşmənin arxasına keçir, lazımi məlumatları toplamaqla yanaşı “dil” aparmağı da unutmurlar. Sayıqlığını əldən verən əsgərin “dil” olma təhlükəsi böyükdür.

Cəbhə xəttinin ən böyük problemi olan minalı əraziləri də bu bölgəyə qədəm qoyan şəxslər unutmamalıdır. Atəşkəs dövründə Azərbaycanın mindən artıq əsgər və zabitinin minaya düşməsi barədə məlumatlar var. Bunların bir qismi həlak olub, bir qismi isə ən yaxşı halda yaralanıb və ya kontuziya alıb. “Minalar Əleyhinə Kampaniya” İctimai Birliyinin sədri Hafiz Səfixanov hesab edir ki, mina hadisələri müxtəlif səbəblərdən baş verir. Bu səbəblər sırasında əməliyyat şəraiti ilə yanaşı, minalı müdafiə sahələrinə işarələrin qoyulmaması, əsgərlərin bu partlayıcıları tanınmaması, düşmən kəşfiyyatı tərəfindən istifadə olunan cığırlara minaların basdırılması və s. var. H.Səfixanovun sözlərinə görə, əsgərlərin minalı ərazilər, eləcə də minaların modifikasiyaları ilə bağlı məlumatsız olmaları da onların mina qurbanı olmalarında rol oynayır: “Müsbət haldır ki, son illər minaya düşən hərbçilərin sayında azalma müşahidə olunur. Ötən il 9, bu il isə 2 hərbçi minaya düşüb. Xoşbəxtikdən öləni olmayıb”.

Rəşad Süleymanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 874

Oxşar yazılar