Vaşinqtonda ABŞ-Azərbaycan münasibətlərinə həsr olunmuş konfrans keçirilib
10 noyabr 2010 11:25 (UTC +04:00)

Vaşinqtonda ABŞ-Azərbaycan münasibətlərinə həsr olunmuş konfrans keçirilib

APA-nın Vaşinqton müxbirinin məlumatına görə, Ceymstaun Fondu və Mərkəzi Asiya-Qafqaz İnstitutunun təşkilatçılığı ilə “Tərəfdaşlığın vəziyyəti” mövzusunda Beynəlxalq Sülh Naminə Karnegi Fondunda keçirilən konfransda ABŞ-ın Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar, ABŞ prezidentinin keçmiş müşaviri Zbiqnev Bjezinski, amerikalı analitiklər, azərbaycanlı ekspertlər, o cümlədən Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Elxan Nuriyev iştirak ediblər.

Dağlıq Qarabağ, Azərbaycanın gələcəyi, enerji məsələləri və regional əməkdaşlıq barədə danışarkən Z. Bjezinski bildirib ki, Azərbaycan güclü beynəlxalq və xarici siyasət qurur: “Azərbaycan hələ də Dağlıq Qarabağ problemini sülh yolu ilə həll etməyə çalışır, aydın görünür ki, ölkə milli kimliyini əldə edib və SSRİ-nin kiçik bir hissəsindən tərəfdaşları və strategiyası olan real bir dövlətə çevrilib”. Ekspert xatırladıb ki, Azərbaycan Avrasiyada həyata keçirilən bir sıra enerji layihələrinin (o cümlədən Bakı-Tiflis-Ceyhan kəmərinin tikintisi) fəal iştirakçısıdır və Qərblə əməkdaşlığını genişləndirmək istəyir.

Riçard Morninqstar Bjezinskinin fikirlərini dəstəkləyərək bəyan edib ki, regionun enerji resurslarının diversifikasiyasında Azərbaycan mühüm rol oynayır və ölkə “Cənub axını” layihəsini reallaşdıra biləcək tərəfdaşlardan biridir: “Regionda enerji təhlükəsizliyi Azərbaycanın əsas prioritetlərindəndir”.

Ceymstaun Fondunun analitiki Vladimir Sokor son vaxtlar ABŞ-Azərbaycan münasibətlərinin soyuduğunu söyləyərək bunun erməni diasporunun təzyiqi altında baş verdiyini istisna etməyib. R. Morninqstar isə ABŞ və Azərbaycan arasında daimi və möhkəm əlaqələrin olduğunu vurğulayıb. O hesab edir ki, Obama administrasiyası heç vaxt Azərbaycana diqqəti azaltmayıb.

Azərbaycandan olan ekspert Elxan Nuriyev xatırladıb ki, Azərbaycana Qərblə Şərq arasında körpü kimi baxmaq olar. Onun sözlərinə görə, Azərbaycan Rusiya, ABŞ və Avropa İttifaqı ilə əlaqələr yaratmaq baxımından öz diplomatik nailiyyətləri ilə fəxr edir.

Konfrans iştirakçıları ABŞ-ın Azərbaycana səfir təyin etməsi məsələsinə də toxunublar və səfirin mümkün qədər tez təyin olunmasının vacibliyini vurğulayıblar. Z. Bjezinski qeyd edib ki, Vaşinqton erməni lobbi qruplarına diqqət yetirməməlidir, baxmayaraq ki, öz fikrini bildirmək onların hüququdur. O bildirib ki, belə vəziyyətdə doğru qərar qəbul olunmalıdır.
# 708

Oxşar yazılar