Prezident İlham Əliyev Dövlət Bayrağı Muzeyinin açılışında iştirak edib
09 noyabr 2010 17:21 (UTC +04:00)

Prezident İlham Əliyev Dövlət Bayrağı Muzeyinin açılışında iştirak edib

Muzey Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə inşa olunmuş və bu il sentyabrın 1-də təntənəli açılış mərasimi keçirilmiş Dövlət Bayrağı Meydanında yaradılıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə səkkizguşəli ulduz formasında yaradılmış muzey Dövlət Bayrağı Meydanında bayraq dirəyinin pyedestalının altında yerləşir.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, dövlət başçısı İlham Əliyev açılışı bildirən lenti kəsib və muzeylə tanış olub.

Azərbaycanlı memar və dizaynerlərin layihələri əsasında qurulan və tərtibatında müasir dizayn texnologiyalarından istifadə olunan muzeydə müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların, o cümlədən İrəvan xanlığının bərpa olunmuş bayraqları, həmçinin XVII-XVIII əsrlərə aid bayraqların uc elementləri, gerblər, Azərbaycan Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, poçt markaları, pul nişanlarının nümunələri, orden və medalları, Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin yaranması, formalaşması və inkişafını, Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi ilə bağlı fəaliyyətini əks etdirən çoxsaylı fotolar və sənədlər, Heydər Əliyevin və Prezident İlham Əliyevin prezident seçildikdən sonra andiçmə mərasimlərində öpdükləri dövlət bayraqları, Silahlı Qüvvələrin Ali Baş Komandanının bayrağı, Silahlı Qüvvələrin qoşun növlərinin döyüş bayraqları və mərasim geyimləri nümayiş olunur.

Dünyada bu cür nadir muzeylərdən biri olan Dövlət Bayrağı Muzeyində, həmçinin Ginnes dünya rekordları təşkilatının Azərbaycanın dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edən sertifikatı, müxtəlif kitablar, fotoşəkillər, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədəki səfirliyinin binası üzərində dalğalanmış bayraq da nümayiş olunur. Buradakı eksponatların çoxu ilk dəfə nümayiş etdirilir. Muzeydə multimedia qurğusu da var.

Muzeylə tanışlıqdan sonra Prezident İlham Əliyev Xatirə kitabına ürək sözlərini yazıb.

Sonra dövlət başçısı Dövlət Bayrağı Meydanının ətrafında aparılan abadlıq-quruculuq işləri ilə tanış olub.

Məlumat verilib ki, hazırda Dövlət Bayrağı Meydanının ətrafında tikinti və abadlıq işləri sürətlə davam etdirilir. Ərazidə kiçik parklar, istirahət guşələri və yaşıllıq zolaqları yaradılır.

Prezident İlham Əliyev işlərin yüksək səviyyədə və keyfiyyətlə aparılmasına dair tapşırıq və tövsiyələrini verib.
# 1084

Oxşar yazılar