Seyid Camal Əzimbəyli Prezident İlham Əliyevə müraciət edib
27 aprel 2009 14:30 (UTC +04:00)

Seyid Camal Əzimbəyli Prezident İlham Əliyevə müraciət edib

O, “Şəhidlər” məscidinin fəaliyyətinin bərpasına kömək göstərilməsini xahiş edir

“Təbliğ” İslam Xeyriyyə Vəqfinin toplantısında Bakıdakı “Şəhidlər” məscidinin fəaliyyətinin dayandırılması ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə müraciət edilməsi qərara alınıb. Bu barədə Lent.az-a Vəqfin rəhbəri Seyid Camal Əzimbəyli məlumat verib. O, müraciətin özü tərəfindən imzaladığını bildirib: “Bu müraciəti Azərbaycanın seyid ocaqlarının təmsilçisi, dövlət maraqlarını bütün maraqlardan üstün tutan bir şəxs kimi etmişəm”.

Müraciətdə İ.Əliyevin milli-mənəvi, dini dəyərlərə ehtiramı və qayğısının inanc adamlarını sevindirdiyi qeyd olunub: “İndiki həssas bir tarixdə – xüsusilə Türkiyə-Azərbaycan qardaşlığının zədələnməsində beynəlxalq dairələrin də maraqlı olduğu bir anda Türkiyə Diyanət Bakanlığı tərəfindən təməli qoyulan “Şəhidlər” məscidinin bağlanması əbədi və əzəli iki dövlətin qardaşlığına xələl gətirə bilər. Bakının İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilində belə bir möhtəşəm, xüsusilə Türk-İslam dünyasının bütövlüyünə xidmət göstərən bir məscidin qabardılması Azərbaycan dövlətinə və dövlətçiliyinə heç bir halda başucalığı gətirə bilməz”.

Müraciətdə Azərbaycan qanunları çərçivəsində indiki həssas bir məqamda “Şəhidlər” məscidinin fəaliyyətinin davam etdirilməsinə şərait yaradılmasına kömək göstərilməsi xahiş edilib.

Seyid Camal Lent.az-ın əməkdaşı ilə söhbətində bildirib ki, hətta ölkənin içərisində də Türkiyə-Azərbaycan qardaşlığını zədələməyə maraqlı olan qüvvələr var: “Ermənistana qucaq açan ölkənin emissarları da indiki məqamda sanki sevinc içərisindədirlər. İndiki həssas bir məqamda məscidin bağlanması heç bir baxımdan xoş qarşılana bilməz. Dövlət başçısının humanizminə, milli, dini bağlılığına güvənərək ona bu müraciəti ünvanlayırıq. Mən həm də bunu özümə vəfa borcu bildim”.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1514

Oxşar yazılar