Türkiyə-Ermənistan sazişinin  təfərrüatları
24 aprel 2009 19:00 (UTC +04:00)

Türkiyə-Ermənistan sazişinin təfərrüatları

“Yol xəritəsin”də göstərilib ki, sərhədlərin açılıb-açılmayacağını Ermənistanın Dağlıq Qarabağla bağlı atacağı addım müəyyənləşdirəcək

Türkiyə-Ermənistan arasında razılaşdırılmış “Yol xəritəsi”nin təfərrüatları məlum olub.
Lent.az-ın “hurriyet”ə istinadən məlumatına görə, iki ölkə arasında münasibətlərin normallaşdırılması məqsədilə imzalanan sənəddə bu istiqamətdə ciddi addımlarım atılması nəzərdə tutulub.

Bunlardan biri tərəflər arasında vergi, ticarət, sərhəd, tarix və diplomatik sahələrdə komissiyaların qurulmasıdır. Həmin komissiyalar məsələlərin detallarını araşdıracaq. İlk mərhələdə Türkiyənin və Ermənistanın Gürcüstandakı səfirlərinin qarşılıqlı olaraq, Ankara və İrəvanda akkreditasiya olunması planlaşdırılır. Müzakirələr davam edərkən, Ermənistanın Ankarada, Türkiyənin İrəvanda təmsilçilik açması nəzərdə tutulur.
Sənəddə qeyd olunub ki, Ermənistan tərəfdən sərhəd açıq olduğundan qarşı tərəfdən sərhədlərin açılması barədə qərarı Türkiyə verəcək. Sərhədlərin mərhələli şəkildə, yəni həftədə bir dəfə açılacağı barədə məlumatlar həqiqətə uyğun deyil. Tərəflər sərhədlərin qəti şəkildə ya açıq, ya da bağlı olmasına qərar verib.

Sərhədlərin açılması məsələsində əsas rolu Ermənistanın Dağlıq Qarabağla bağlı atacağı addım oynayacaq. Belə ki, ABŞ münaqişənin tezliklə həllini istəyir. Bu məsələ ilə bağlı yay aylarında müsbət irəliləyişlərin olması gözlənilir. Azərbaycan prezidenti İlham Əliyevin mayın 6-da Rusiya prezidenti Dmitri Medvedevlə, mayın 7-də Ermənistan prezidenti Serj Sərkisyanla görüşünün böyük əhəmiyyət daşıdığı qeyd olunub.

Qəzet yazır ki, Ermənistan Konstitusiyasında Türkiyədən ərazi tələb etmək maddəsinin mövcud olması müzakirələrə mənfi təsir göstərməyəcək. Belə ki, hər iki ölkə BMT üzvüdür, Ermənistan “de fakto” Türkiyənin ərazi bütövlüyünü tanıyır. Bundan başqa, İrəvan SSRİ ilə Türkiyə arasında imzalanmış “Qars müqaviləsi”ni qeyd-şərtsiz qəbul edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 915

Oxşar yazılar