“Müxalifət partiyalarının sədrləri əvvəl bələdiyyə seçkilərinə qatılsınlar” - MÜSAHİBƏ
24 aprel 2009 18:30 (UTC +04:00)

“Müxalifət partiyalarının sədrləri əvvəl bələdiyyə seçkilərinə qatılsınlar” - MÜSAHİBƏ

Səyavuş Novruzov: ““Təhsil” haqqında qanun çətin ki, qəbul olunsun”

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Siyavuş Novruzovun APA-ya müsahibəsi:


- Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü olaraq ölkəmizin bu qurumla əməkdaşlığının hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?


- Postsovet məkanına daxil olan ölkələr sırasında Azərbaycan NATO-nun proqramlarında iştirak edən ilk ölkələrdəndir. Keçmiş SSRİ ölkələri arasında NATO-nun proqramlarında ən çox iştirak edən ölkə də Azərbaycandır. Ölkəmiz təkcə bir il ərzində NATO-nun 300-dən artıq proqramına qatılacaq. Bu tədbirlər sırasına Sülh Naminə Tərəfdaşlıq Proqramı, Parlament Assambleyasının iclasları, “Rout Rouz” seminarları və s. daxildir. 2007-ci ildən isə Azərbaycan ordusu demək olar ki, bütövlükdə - həm tədris, həm təchizat baxımından NATO standartlarına keçib. Münasibətlər hazırda yüksələn xətlə inkişaf edir.


- Azərbaycanın NATO-ya üzv olması üçün ilk növbədə rəsmi Bakının bunu istəməsi və rəsmi müraciət etməsi tələb olunur. Sizcə, buna ehtiyac varmı?


- NATO-nun özünün də müxtəlif standartları var və bu standartlara uyğun proqramlar həyata keçməlidir. Məsələn, bəzi ölkələr NATO-ya üzv olmaq istəyir və bununla bağlı rəsmi bəyanat da verir. Amma qurumun müəyyən komissiyaları işləyir və bu nəticəyə gəlir ki, bu ölkənin quruma daxil olması hələ tezdir. Tutaq ki, bir neçə il əvvəl Gürcüstan ilə Ukrayna belə bəyanat verdi və NATO-ya müraciət etdi. Lakin ABŞ-ın çox ciddi cəhdlərinə baxmayaraq, NATO ölkələri onları quruma qəbul etmədilər ki, bu dövlətlərin müəyyən standartlara uyğunlaşması lazımdır. Həmçinin, NATO ölkələri istəmir ki, bu ölkələr daxili problemlərini NATO-ya daşısınlar. Orada belə bir şərt var ki, problemlər həll olunduqdan sonra bu quruma üzv olmaq mümkündür. Azərbaycan isə belə bəyanat və müraciət etməsə də, strukturları NATO-nun proqramına uyğun qurulub və bu davam edir. Bəyanat verib həyata keçirmək və bəyanat vermədən bu işləri həyata keçirmək məsələləri var. Biz bu işləri bəyanat vermədən həyata keçiririk. Hesab edirəm ki, gələcək perspektivdə Azərbaycanın bu quruma üzv olması məsələsi var.


- Azərbaycanın NATO-ya üzvlüyü Dağlıq Qarabağ probleminin həllində hansı perspektivləri vəd edir?


- Soyuq müharibədən sonra NATO-nun qarşısına qoyduğu məqsədlər dəyişib. Əgər soyuq müharibə dövründə NATO və Varşava Müqaviləsi qarşı-qarşıya dayanmışdısa, soyuq müharibədən sonra NATO-nun funksiyası əsasən terrorizmə, etnik təmizləməyə, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədir. NATO əvvəlki kimi təkcə hərbi qurum deyil, həm də hərbi-siyasi quruma çevrilib. Ona görə də Dağlıq Qarabağla bağlı məsələlərdə də bilavasitə bu funksiya əksini tapır. Yəni bu gün Dağlıq Qarabağ nəzarətsiz ərazidir, dünyada olan müəyyən qanunsuz silahlar, nəzarətsiz məhsullar həmin ərazidə toplanır və yayılır. Heç kim də deyə bilməz ki, həmin silahlardan Azərbaycanla yanaşı, Avropa və NATO üzvü olan ölkələrə qarşı da istifadə olunmayacaq. NATO-nun əsasnaməsinin beşinci müddəasında göstərilir ki, hər hansı NATO ölkəsinə qarşı hər hansı terror aktı baş verərsə, digər NATO dövlətləri də bu məsələyə qoşulmalıdır. Bu gün Dağlıq Qarabağa toplanan narkotik vasitələr bütün Avropaya yayılır. NATO-nun da əsas məqsədi bunlara qarşı mübarizə aparmaqdır. Bu baxımdan Dağlıq Qarabağa münaqişəsinin həllində NATO-nun rolu vacib olaraq qalır və bu olmalıdır.


- Bir müddət əvvəl ölkə daxilində iqtidar-müxalifət dialoqunun vacib olduğunu bildirmişdiniz. Yenə də bu fikirdə qalırsınızmı?


- Təbii ki, bu məsələ ilə bağlı biz fikir mübadiləsi aparırıq. Bunun sferası parlamentdə təmsil olunan partiyalar daxilində götürülür. Düzdür, Azərbaycanda siyasi partiya çoxdur. Hərəsi də özünü bir yönümdə adlandırır. Lakin partiya odur ki, seçkilərdə iştirak etsin, yer tutsun və təmsil olunsun. Bu gün parlamentdə kifayət qədər siyasi partiya təmsil olunur, burada iqtidar və müxalifət partiyaları, ortaq mövqedə olan partiyalar da var. Bu partiyalar səviyyəsində biz əməkdaşlığımızı davam etdiririk. Məsələn, bu yaxınlarda Türkiyə ilə bağlı məsələ ilə əlaqədar parlamentdə təmsil olunan partiyalar birgə müraciət qəbul etdilər. Müsavat Partiyasını çıxmaq şərti ilə bütün partiyalar bu prosesdə iştirak etdi. Yəni əməkdaşlıq mövcuddur. Lakin bir neçə partiya da var ki, özünü tamamilə cəmiyyətdən təcrid edib. Bu, artıq onların problemidir.



- Müsavatçı deputatların müraciətə imza atmamasının səbəbi nə idi?


- Bunun səbəbini mən deyə bilmərəm. Bununla bağlı hər bir partiyaya müraciət olunmuşdu. Müsavata da təklif olunmuşdu, hətta onlara müraciətin nüsxəsi də göndərildi, tanış oldular. Lakin imza atmaqdan etdilər.


- Bu addımı necə qiymətləndirirsiniz?


- Təbii ki pis. Həmin partiya da özünü cəmiyyətdən təcrid etməklə məşğuldur.


- Nəyə görə yalnız parlamentdə təmsil olunan partiyalarla əməkdaşlığı mümkün sayırsınız? Digərlərinə münasibət niyə fərqlidir?


- Ola bilər ki, həmin partiyalar özlərini böyük hesab edirlər. Amma bu partiyaların faktiki olaraq cəmiyyətdə heç bir rolu yoxdur. Onlar ancaq qəzet səhifələrində fəaliyyət göstərən qurumlardır. Onların hər hansı alternativ təklifləri, fikirləri, rəyləri yoxdur. Onlar yarandıqları formada qalıblar, elə o cür də fəaliyyət göstərirlər. Bu partiyalar artıq gözə dəyməyən siyasi qurumlar səviyyəsinə düşüblər. Ona görə də elə partiyalarla əməkdaşlığın qurulması çətindir.


- Müxalifətdəki insanlar arasında şəxsi müstəvidə münasibətiniz olanı, dostluq etdikləriniz varmı?


- Yox. Mənim o düşərgədə münasibətim olan, dostluq etdiyim insan yoxdur. Yenə də deyirəm ki, o adamlar özlərini həm cəmiyyətdən, həm insanlardan təcrid ediblər. Qohumlarımdan da müxalifətdə olanı yoxdur.


- 2008-ci il prezident seçkilərini boykot edən müxalifət partiyaları qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlaşır. Bunu necə qiymətləndirirsiniz?


- İnsanlar götür-qoy edib qərar qəbul etməyi bacarmalıdır. Təxminən hər il Azərbaycanda seçki keçirilir. Partiyaların əsas funksiyası isə bu seçkilərdə iştirak etməkdir. Mən müxalifətdə olan partiyaların sədrlərinə tövsiyə edirəm ki, bələdiyyələrə namizədliklərini irəli sürsünlər. Görsünlər seçilə bilirlərmi? Yəni ilkin seçkilərdən başlasınlar. Yoxsa bunlar birdən-birə prezidentliyə namizədliklərini verirlər. Hələ bir bələdiyyədə özlərini yoxlasınlar ki, neçə nəfər bunlara səs verir, ondan sonra parlament, daha sonra prezident seçkilərində güclərini sınasınlar. Onların bələdiyyə seçkilərində iştiraka hazırlaşmaları təqdirəlayiq haldır. Ötən bələdiyyə seçkilərində bizim 20 mindən artıq namizədimiz vardı. O vaxt ATƏT-in nümayəndəsi bizdən təkidlə tələb edirdi ki, seçkidə partiya şəklində iştirak etməyək. Səbəbini soruşanda isə deyirdi ki, digər partiyaların bu qədər namizəd irəli sürməyə gücü çatmır. Belə fikir var ki, yaxşı oxuyan şagirddən öyrənərlər, pis oxuyandan yox. Amma onlar istəyirdilər ki, biz pis oxuyandan nə isə öyrənək. Əgər müxalifət bu seçkilərə qatılacaqsa, potensialı üzə çıxacaq.


- Müxalifət partiyalarının seçki bloku yaratmaq cəhdinin baş tutacağına inanırsınızmı?


- Onsuz da bunlar blok yaratmağa məcburdurlar. Bu partiyaların referendumda cəmi 250 müşahidəçisi oldu. Müşahidəçilər bütün seçki məntəqələrində qeydiyyatdan keçirlər və biz hesabladıqda məlum oldu ki, bu qədər müşahidəçiləri olub. Bu müşahidəçilər də əsasən o yerlərdə olub ki, həmin dairələrdən müxalifətin deputatları var. Digərlərində isə ümumiyyətlə, müşahidəçiləri yox idi. Ona görə də müxalifət blok yaratmalıdır ki, biabır olmasın.


- Sizcə, bələdiyyələrin hazırkı statusunun dəyişməsinə ehtiyac varmı?


- Bununla bağlı bir neçə təklifimiz var. İlk növbədə bələdiyyələrin sayının azaldılması lazımdır. İki bələdiyyə seçkisinin təcrübəsi göstərdi ki, həddindən artıq çox bələdiyyə var. Tutaq ki, kiçik bir kənddə bələdiyyə yaradılıb. Böyük rayonlarda 19, 17 nəfər bələdiyyə üzvü olur. Bu həddindən artıq çoxdur. O vaxt ilkin təcrübə olaraq belə müəyyənləşib, amma indi təcrübədə görünür ki, bu rəqəm çoxdur. Həm də iş görmək məsələsində problemlər yaranır. Həmçinin bələdiyyələrin özlərinin birləşmək hüquqları var və bundan istifadə olunmalıdır. Mən hesab edirəm ki, gələcəkdə bələdiyyələrin statusu başqa cür olmalıdır.


- “Təhsil haqqında” qanun layihəsinin parlamentin yaz sessiyasında qəbul olunacağı deyilsə də, ümumi abı-hava qanunun yenə də qəbul edilməyəcəyini göstərir...


- Bu, çətin və vacib məsələdir. Məsələn, digər qanunlara dəyişiklik ediləndə bu, bir qrup insanlara aid olur. Ona görə də bəzən bu məsələ vətəndaşları maraqlandırmır. Təhsil isə hər bir insanın bağlı olduğu məsələdir. Vəzifəsindən, mövqeyindən asılı olmayaraq hamının bu qanunda marağı var. Ona görə də qanun o qədər mükəmməl olmalıdır ki, hər vətəndaş razı qalsın. Bu baxımdan, hər dəfə bu məsələ müzakirə olunanda gərginlik yaranır, hər kəs istəyir ki, arzusu, təklifi sənəddə əksini tapsın. Bu isə mümkün deyil. Burada psixoloji məqamlar da var. Bir qrup adam sosializmdən əl çəkə bilmir. Digər qrup yenilikdən möhkəm yapışıb. Təhsildə aspirantura, magistratura pillələri var. Bunların hamısı ola bilməz, birini saxlamalıyıq. Bunların ikisini bir-birinə qarışdırıb “kaşa” düzəltməyin nə mənası var? Bu məsələlər ətrafında indi mübahisələr gedir. Burada administrativ məsələlər də var. Rektorlar necə təyin olunmalıdır, qəbulu kim həyata keçirməlidir və s. Burada da maraqlı tərəflər var və onların hərəsi bir tərəfə çəkir. Ona görə də qanunun qəbulu gecikir.


- Siz bir müddət əvvəl bildirmişdiniz ki, qanunla bağlı ölkə prezidenti təkliflə çıxış etməlidir…


- Bəli, bu gün də həmin fikirdəyəm ki, “Təhsil haqqında” qanun təklifi prezidentdən gəlməlidir. Əgər bu təklif prezidentdən gəlsə, qanun qəbul olunacaq, gəlməsə, layihə üçüncü oxunuşdan çətin keçəcək.


- Dediklərinizdən belə çıxır ki, layihə üçüncü oxunuşda qəbul olunmaya bilər?



- Çətin ki, qəbul olunsun.


- YAP neçə ildir ki, ağac əkmə kampaniyası keçirir. Əkdiyiniz ağcalara qulluq edirsiniz?


- Əkdiyimiz ağaclara özümüz qulluq edirik. Bayılda o boyda bağ salmışıq və fikrimiz var ki, həmin bağı Yeni Azərbaycan Parkı adlandıraq. Mütəmadi olaraq, ayda bir dəfə ağaclara qulluq edirik, onları sulayırıq, dibini belləyirik, qurumuş ağacların yerində yenisi əkirik. Ağac əkmə mövsümü qurtarana qədər bir dəfə də belə aksiya keçirəcəyik. Ötən il 5 mindən çox müxtəlif növ ağac əkdik. Bu gün həmin ağaclar böyüyüb, orada meşə yaranıb. Biz həmin ərazini tam abadlaşdırıb park şəklinə salmaq istəyirik.


- Parlamentin futbol komandasının taleyi necə oldu?


- Biz uzun müddət bu komandanı inkişaf etdirdik, amma qışda bir az fasilə verdik. Yer problemi də vardı. Yenidən komandanı bərpa etməyə başlayırıq. Artıq bir çox ölkədən təkliflər də var, onlarla futbol yarışı keçirəcəyik. Türkiyə və Rumıniya ilə danışıqlar aparılıb, yarışın baş tutmasına çalışacağıq.


- Başqa hansı idman növü ilə məşğul olursunuz?


- Tennis, futbol oynayıram, qaçıram, trenajorda məşğul oluram.


- Məşqləri harada edirsiniz?


- Daha çox Bakı Əyləncə Mərkəzində üzgüçülüklə məşğul oluram. Tennisi Zabitlər Parkında, futbolu isə müxtəlif vaxtlarda, müxtəlif yerlərdə oynayırıq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1202

Oxşar yazılar