Ermənistanla sərhəd qapıları: Allahın altı, Arazın üstü, Ağrının ətəyi... – ARAŞDIRMA
09 aprel 2009 10:00 (UTC +04:00)

Ermənistanla sərhəd qapıları: Allahın altı, Arazın üstü, Ağrının ətəyi... – ARAŞDIRMA

O sərhədlər, o sərhəd qapıları barədə nə bilirik?
Qondarma “erməni soyqırımı”nın növbəti ildönümü günündən – aprelin 24-dən əvvəl Türkiyə-Ermənistan sərhədlərinin açılacağı proqnozlaşdırılır. Bəzi mənbələr iki ölkə arasındakı sazişlə sərhədlərin həftədə bir dəfə simvolik açılacağı bildirilir. Ancaq istənilən halda, söhbət Türkiyə-Ermənistan sərhədlərinin açılmasından gedir. İndi hamı bu sərhəd qapılarının açılacağından danışır. Bəs o sərhədlər, o sərhəd qapıları barədə nə bilirik? Lent.az bu barədə apardığı qısa araşdırmanı təqdim edir.
Türkiyə tərəfdə 4 saylı sərhəd daşından başlayıb 148 saylı daşda bitən Türkiyə-Ermənistan sərhədinin ümumi uzunluğu 325 kilometrdir. Türkiyə-Ermənistan sərhədində hazırda qapalı olan iki sərhəd qapısı var: “Əlican Avtomobil yolu sərhəd qapısı“ və “Akyaka Dəmiryolu sərhəd qapısı”.
“Əlican Avtomobil yolu sərhəd qapısı“ əvvəllər Qars şəhərinin bir vilayəti olan İqdırın Əlican kəndindədir. “Akyaka Dəmiryolu sərhəd qapısı” isə Qarsın Akyaka vilayətində yerləşir.

Akyakanın köhnə adı Kızılçakçakdır. Bu səbəbdən də “Akyaka Dəmiryolu sərhəd qapısı”nın əvvəlki adı “Kızılçakçak qapısı” olub. Qarsdan 66 kilometr aralıda olan bu qapı xalq arasında daha çox “Şərq Qapısı” adı ilə tanınır. Ermənilər isə bu qapıya “Ahuryan qapısı” adını veriblər. Yeri gəlmişkən, qapıda dəmiryolundan başqa adi bir kənd yolu da keçir.

Adının gizli saxlanması şərtilə Lent.az-a açıqlama verən İqdır sakini bir sıra maraqlı məlumatlar verib. Onun dediyinə görə, Əlican kəndi təxminən 150-200 evdən ibarətdir: “Əlican, Türet, Qoçqıran və başqa sərhəd kəndlərinin hərəsində bir sərhəd məntəqəsi var. Arazboyu bu kəndlərin əhalisinin təxminən 80%-i şəkər çuğunduru əkməklə məşğul olur. Orada qadağa zonası da var. Ancaq icazə almaqla gündüzlər heyvan otarmağa, yaxud qadağa zonasına gedən heyvanı oradan gətirməyə getmək olar. Bir daha deyim ki, bunun üçün sərhəd məntəqəsindən icazə almaq lazımdır”.

Hər iki tərəfdə postlarla yanaşı, əraziyə nəzarət etmək üçün qüllələr də ucaldılıb. Həmsöhbətimiz sərhəddə məftil olmadığını, yalnız Türkiyə ilə Ermənistan arasındakı Araz çayında suyun az olduğu yerlərdə tələlər qurulduğunu bildirib. Bu tələ donuzlar üçün nəzərdə tutulub. Ətrafdakı donuzlar “sərhədi pozarsa” həmin tələyə düşürlər. Türkiyə tərəfi tələyə düşən vəhşi donuzun ətindən istifadə etmir. Donuzlar üçün nəzərdə tutulan tələyə insanlar da düşə bilər.

Ümumiyyətlə, Türkiyə tərəfində Araz boyunca ov etmək qadağandır. Bu qadağa həm yerli sakinlərə, həm də qadağanın pozulmamasına nəzarət edən Türkiyə sərhədçilərinə aiddir. Lakin Arazın erməni tərəfində hərbçilər də, sakinlər də ov edir.

Əgər bir tərəfdəki əhaliyə məxsus ev heyvanı qarşı tərəfə keçirsə, hər iki komandanlığın iştirakı ilə heyvanlar geri qaytarılır.

Daha bir maraqlı fakt: ərazidə yaşayanların hamısı əslən azərbaycanlı olan türklərdir.

Həmsöhbətimiz Ermənistana, yaxud Türkiyəyə keçmək istəyən sərhəd pozucuları ilə rastlaşmadıqlarını bildirib: “Məlumatım var idi ki, sərhəd pozucuları yalnız 1991-92-ci illərdə olub. Bu da əsasən dizel yanacağının qaçaq yolla daşınmasından ibarət olub”.

Əlican tərəflərdə bir qədər yuxarıya qalxmaqla İrəvanı da görmək mümkündür – yetər ki, hava günəşli olsun. Metsamor Atom Elektrik Stansiyasını (AES) da görmək mümkündür, özü də sözün hər mənasında. Belə ki, Türkiyənin Ermənistanla sərhəd kəndlərinin əhalisi AES-in zərərli şüalarından əziyyət çəkir. Ən çox əziyyət isə Qoçqıran kəndində yaşayanların üzərinə düşür. Belə ki, bu kəndin sakinlərinin əksəriyyəti xərçəng xəstəliyindən dünyasını dəyişir. “Metsamor”un niyə məh Qoçqırana daha çox təsir etməsinə gəlincə, həmsöhbətimiz bunu AES-in həmin kəndlə üzbəüz yerləşməsilə izah edib.

Əraziyə gələn turistlər sərhədçilərdən icazə almaqla sərhəd qapısının önündə şəkil çəkdirirlər. Sərhəd qapısının eni 10 metrdən çoxdur. Hazırda qapı qıfıllıdır...

Türkiyə ilə Ermənistan arasında Araz çayı axır. Çayın üzərində uzunluğu 18 metr olan körpü var. Bu körpünün düz 10 metrlik hissəsi qırmızı rənglə boyanıb, Türkiyəyə aid olduğunu göstərir. Qalan ağ rəngə boyanmış 8 metri isə ermənilərindir. Körpünün hər iki tərəfində müvafiq olaraq Türkiyə və Ermənistanın polis bölmələri var
Türkiyə Ermənistanla sərhəd qapılarını 1993-cü ildə erməni hərbi qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsinə etiraz olaraq qapadıb.
Amerika Erməni Beynəlxalq Komitəsinin (ANCA) açıqlamasına görə, embarqo Ermənistan iqtisadiyyatına ildə 570-720 milyon dollara ziyan vurur. Sərhəd qapıları açılacağı təqdirdə Ermənistanın nəqliyyat xərcləri 30-50% azalacağı, ixracatın ikiqat artacağı, Ümumi Daxili Məhsulun isə 35% artacağı proqnozlaşdırılır.
Dünya Bankı rəsmilərinin açıqlamasına görə isə sərhəd qapılarının açılacağı təqdirdə Ermənistana ümumilikdə 320,3-395,8 milyon dollar fayda verəcək.
Ekspertlərin bildirdiyinə görə, Ermənistanla sərhədin açılmasından Türkiyə iqtisadidən daha çox siyasi sahədə fayda gözləyir. Belə ki, sərhədin açılmasında ən böyük fayda Türkiyə üzərində artan ABŞ və Avropa birliyi təzyiqlərinin azalması olar; “soyqırım” problemi həll olunmasa belə, Türkiyənin Qafqazda sərhəd qonşularından biri ilə “qapalı sərhədlə yaşayır” imici üzərindən götürülər. Türkiyənin tam hüquqlu üzv olması üçün “bütün qonşularla yaxşı münasibətlər qurma”nı şərt kimi irəli sürən Avropa Birliyinə qatılmaq yolunda önəmli bir addım atmış olur. Sərhəd qapılarının başqa bir faydasının isə Ermənistanın Rusiyaya olan bağlılığının və Qərb siyasi düşərgəsinə Türkiyə üzərindən yaxınlaşmasının ola biləcəyi deyilir. Böyük Türkiyə iqtisadiyyatı kiçik Ermənistan iqtisadiyyatını özünə “inteqrasiya” edərək rəsmi İrəvanın Rusiyadan asılılığını aradan qaldıra bilər.

Türkiyənin Ermənistan üzərindəki iqtisadi təsiri rəsmi İrəvanın Azərbaycanla problemlərinin həlli baxımından “təzyiq maşını” olaraq istifadə edə bilər.

Azərbaycanın Qarsdakı baş konsulu Həsən Zeynalov mətbuata açıqlamasında Ermənistanın Türkiyə ilə sərhəddəki Əlican sərhəd-keçid məntəqəsində təmir-yenidənqurma işlərinə başladığını bildirib. O deyib ki, hazırda Ermənistan ərazisindəki gömrük-keçid məntəqəsində təmir-tikinti işləri həyata keçirilir, Türkiyə ərazisində isə Əlicana gedən yollar asfaltlanıb.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1424

Oxşar yazılar