Parlament partiyalarından etiraz bəyanatı
07 aprel 2009 16:00 (UTC +04:00)

Parlament partiyalarından etiraz bəyanatı

Siyasi partiyalar sərhədlərin açılmasına etiraz olaraq bəyanat qəbul edib

Türkiyənin Ermənistanla sərhədləri açmaq və bu ölkə ilə diplomatik münasibətlər yaratmaq niyyətinə etiraz olaraq, Azərbaycan parlamentində təmsil olunan siyasi partiyaların bu gün birgə toplantısı keçirilib.

APA-nın məlumatına görə, toplantıda Yeni Azərbaycan, Sosial Rifah, Ana Vətən, Böyük Quruluş, Ədalət, Ümid, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş Həmrəyliyi, Vətəndaş Birliyi və Demokratik İslahatlar partiyalarının təmsilçiləri iştirak edib. Millət vəkilləri Türkiyənin rəsmi dairələrinin Ermənistanla sərhədləri açmaq və diplomatik münasibətlər yaratmaq istiqamətində apardığı danışıqların Türkiyə-Azərbaycan münasibətlərinə, bütövlükdə türk birliyi ideyasına ciddi zərbə ola biləcəyini qeyd ediblər. Türkiyə-Ermənistan sərhədlərinin açılması təcavüzkara iqtisadi və mənəvi dəstək kimi qiymətləndirilib və bu addımın Dağlıq Qarabağ münaqişəsi üzrə sülh danışıqlarına mənfi təsir göstərəcəyi qeyd olunub. Müzakirə iştirakçıları Türkiyə hakim dairələrinin bu addımdan çəkinməyə çağırıblar. Sonda siyasi partiyalar birgə bəyanatla çıxış edib.

Bəyanatda Azərbaycan xalqı və ictimaiyyətinin Türkiyənin rəsmi dairələrinin Ermənistanla sərhədləri açmaq və diplomatik münasibətlər yaratmaq istiqamətində aparılan danışıqlardan narahat olduğu bildirilir və buna etiraz etdikləri qeyd olunur: “Türkiyə Cümhuriyyətinin müstəqil xarici siyasət yeritmək hüququna hörmətlə yanaşaraq, bildirmək istərdik ki, Ermənistan tərəfindən Azərbaycanın ərazilərinin 20 faizinin işğal olunması, 1 milyondan çox vətəndaşın öz doğma torpaqlarından qovulması, minlərlə dinc sakinin qətlə yetirilməsi, insanlıq əleyhinə Xocalı soyqırımının törədilməsi fonunda belə bir addımın atılması əslində Ermənistanın işğalçılıq siyasətinə, qondarma “erməni soyqırımı” iddialarına, bölgədə hərbi-siyasi gərginlik və humanitar fəlakət yaratmaqdan ibarət əməllərinə haqq qazandırmaqdan savayı bir şey deyil. Bu eyni zamanda Türkiyə-Azərbaycan qardaşlığına, bütünlükdə türk birliyi ideyasına çətin sağalan yara vurmaq demək olardı. Sərhədlərin açılmasından sonra uydurma “erməni soyqırımı” adı altında Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış edən ermənilərin öz məkrli niyyətlərindən imtina edəcəklərini düşünmək də böyük sadəlövhlükdür”.

Bəyanat müəllifləri bildiriblər ki, Cənubi Qafqazda sülh və sabitlik yaratmaq istiqamətində Türkiyə iqtidarının bəyan etdiyi siyasət yalnız Ermənistanla sərhədlərin açılması ilə məhdudlaşa bilməz: “Bölgədə sabitliyin yeganə təminatı işğal olunmuş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi sayılmalıdır. Əks təqdirdə Ermənistanla sərhədin açılması bölgədə gedən proseslərə və sülh danışıqlarına mənfi təsir göstərən, sabitliyə deyil, gərginliyin və qarşıdurmanın daha da artmasına xidmət edən amilə çevriləcək”.

Bəyanatı imzalayan partiyalar Türkiyə və Azərbaycan arasındakı strateji tərəfdaşlığa böyük önəm verdiyini bir daha ifadə edərək, Türkiyə hakim dairələrinin Ermənistanla sərhədləri açmaq istiqamətində atdığı addımlara özünün qəti etirazını bildirib və belə bir hərəkətin ölkələr və xalqlar arasında dost münasibətlərə, həmçinin bu siyasətin Türkiyə Cümhuriyyətinin özəl maraqlarına da uyğun olmadığını bəyan edib. Partiyalar Türkiyə rəhbərliyini Ermənistanla münasibətlər qurmaqdan və sərhədləri açmaqdan çəkinməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1182

Oxşar yazılar