ABŞ və Türkiyə rəhbərliyi İstanbuldakı tədbirə qatılması üçün Azərbaycan prezidentinə zəng ediblər
06 aprel 2009 13:30 (UTC +04:00)

ABŞ və Türkiyə rəhbərliyi İstanbuldakı tədbirə qatılması üçün Azərbaycan prezidentinə zəng ediblər

Azərbaycan prezidenti İlham Əliyev səfərdən imtina etməsi barədə qərarını dəyişməyib

İstanbul. Mayis Əlizadə-APA. Türkiyə prezidenti Abdulla Gül və ABŞ dövlət katibi Hillari Klinton Azərbaycan prezidenti İlham Əliyevin bu gün İstanbulda keçirilən “Mədəniyyətlər İttifaqı” zirvəsinə qatılması xahişi ilə ona zəng ediblər. APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu barədə Türkiyənin “Referans” qəzeti və “hurriyyet. daily. com” saytı məlumat verib.

APA-nın yerli bürosunun Türkiyədəki mənbələrdən aldığı xəbərə görə isə Azərbaycan prezidentinə öncə türkiyəli həmkarı Abdulla Gül zəng edib. Lakin ölkə başçısı Türkiyə Ermənistan sərhədlərinin açılması məsələsinə kəskin etirazını bildirib və İstanbulda keçirilən tədbirə qatılmaqdan imtina etmək qərarını dəyişməyib.

Bundan sonra Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan da Azərbaycan prezidentinə telefon açıb. Baş nazir də prezidentin qərarının dəyişməsinə nail olan bilməyib.

Daha sonra ABŞ dövlət katibi Hillari Klinton Azərbaycan prezidentinə zəng edib. Xanım Klintonun tədbirə qatılacağı təqdirdə hazırda Türkiyədə səfərdə olan ABŞ prezidenti Barak Obama ilə Azərbaycan dövlət başçısının görüşünün baş tutacağını söylədiyi də bildirilir. Lakin Azərbaycan dövlət başçısı tədbirə qatılmamaqla bağlı qərarını dəyişməyib.

Türkiyədəki mənbələrin bildirdiklərinə görə, Azərbaycan prezidenti bütün telefon danışıqlarında Türkiyə-Ermənistan sərhədlərinin açılmasına kəskin etirazını bildirməklə yanaşı, bunun Azərbaycanın bütün ictimaiyyəti tərəfindən də böyük narazılıqla qarşılandığını vurğulayıb. Dövlət başçısının bu məsələnin Cənubi Qafqazdakı proseslərə, həmçinin iki ölkə arasındakı münasibətlərə mənfi təsir edəcəyini söylədiyi bildirilir.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin İstanbul şəhərində keçirilən “Mədəniyyətlər İttifaqı” adlı beynəlxalq tədbirə qatılmaqdan imtina edib. Buna səbəb isə Türkiyənin Ermənistanla sərhəd qapılarını açmağa hazırlaşması barədə xəbərlərdir.

Xatırladaq ki, prezidentin səfərdən imtina etməsi barədə ilk xəbəri APA yayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 913

Oxşar yazılar