Milli Teleradio Şurasının səlahiyyətləri genişləndirildi
03 aprel 2009 16:30 (UTC +04:00)

Milli Teleradio Şurasının səlahiyyətləri genişləndirildi

Milli Məclisin bu gün keçirilən iclasında “Televiziya və radio yayımı haqqında” qanuna əlavə və dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

APA-nın xəbərinə görə, parlamentin Mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərov layihə barədə məlumat verərək bildirib ki, sənəddə qanunun 8 maddəsinə əlavə və dəyişiklik təklif olunub. Layihəyə əsasən, özəl teleradio yayımının təsisçiliyində və pay sahibliyində dəyişiklik zərurəti yarananda bu barədə 1 ay əvvəl müvafiq dövlət orqanına məlumat verilməlidir. Həmin dövlət orqanı dəyişikliyin qanunun tələblərinə müvafiq olması haqda 2 ay müddətində rəy verəndən sonra bu dəyişiklik edilir və 1 ay müddətində yeni sənədlər həmin dövlət qurumuna təqdim olunur. Layihədə o da qeyd olunub ki, qanunun tələbləri xüsusi razılığın (lisenziya) qayda və şərtləri pozulduqda müvafiq dövlət qurumu inzibati tənbeh tədbirləri tətbiq edir və ya məhkəmə qarşısında iddia qaldırır.

Təklif edilən dəyişikliyə əsasən, zəruri hallarda ictimai əhəmiyyət kəsb edən tədbirlərin, seçkilərin, mühüm əhəmiyyətli idman yarışlarının keçirilməsi zamanı xarici televiziya və radio kanallarının Azərbaycan ərazisində peyk yayımı ilə yayımlanmasına icazə verilir. Layihəyə görə, teleradio yayımçıları xüsusi razılığın (lisenziya) qayda və şərtlərini və ya bu qanunun tələblərini pozduqda, lisenziyanın qüvvəsi və ya hər hansı bir proqramın yayımı məhkəmə qərarı ilə 1 ayadək müddətə müvəqqəti dayandırıla bilər.

Həmçinin, yayımçı müvafiq dövlət orqanı tərəfindən 1 il ərzində ən azı 3 dəfə sanksiyaya məruz qaldıqda, onun barəsinə inzibati hüquqi qərar qəbul edilə bilər.

Dəyişikliyə görə, indiyədək bir sutkada yayımlanan verilişlərin 20 faizini reklamlar təşkil edirdisə, indi həmin vəziyyət saxlanılır, amma 1 saatda 12 dəqiqədən artıq reklam yayımlanması qadağan edilir.

Daha sonra deputatlar təklif edilən dəyişikliklərlə bağlı çıxış ediblər.

Millət vəkili Qənirə Paşayeva təklif edilən dəyişikliklərin telekanalların fəaliyyətinə maneçilik yaratmadığını deyib.

Deputat Siyavuş Novruzov isə telekanallarda dublyajların aşağı səviyyədə olduğunu, ona görə ölçü götürülməsini təklif edib. O, layihəyə əsasən bir saatda 12 dəqiqə reklam verilməsinin çox olduğunu deyib.

Telekanallardakı vəziyyətə etiraz edən Sabir Rüstəmxanlı isə regional kanallara nəzarət olmamasından şikayətlənib: “Bu gün Azərbaycan telekanalları meyxana göstərməklə məşğuldur. Fars mədəniyyətinin quyruğu olan meyxana millətə sırınır. SMS xəstəliyi hökm sürür. Camaatı soymaqla məşğuldurlar. Bu quldurluqdur”. S. Rüstəmxanlı türk seriallarının tərcümə olunmasının əleyhinə çıxıb, bu qərara görə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmlini tənqid edib. Deputat bir saatda 12 dəqiqə reklam yayımlanmasını nəzərdə tutan təklifə də etiraz edib.

Millət vəkili Fəttah Heydərov isə təklif edilən dəyişiklikləri dəstəklədiyini deyib. Azərbaycanda dövlət dilinin Azərbaycan dili olduğunu qeyd edən F. Heydərov bildirib ki, bu səbəbdən ölkədə hansı dildə veriliş yayımlanması məsələsi müzakirə olunmamalıdır: “Azərbaycan dili bizim sərvətimizdir”.

Deputat Baba Tağıyev telekanalların ədaləti, ziyalılığı təbliğ etməsinin vacibliyini qeyd edərək, bəzən telekanalların milli-mənəvi dəyərlərə zidd reklamlar yayımladığını deyib. r.

Spiker Oqtay Əsədov da məsləyə münasibət bildirib: “Əvvəllər televiziyada aparıcı olmaq fəxr idi. İndi isə aparıcılarla bağlı heç bir normaya əməl olunmur. Milli Televiziya və Radio Şurası gələcəkdə ədəbi dil normalarına riayət olunmasına diqqət yetirməlidir”.

İclasda çıxış edən MTRŞ sədri Nuşirəvan Məhərrəmli təklif edilən dəyişikliklərin zərurətdən ortaya çıxdığını deyib. O, dəyişikliklərin hamısının texniki xarakter daşıdığını da bildirib. Deputatların tənqidi fikirlərinə münasibət bildirən MTRŞ sədri bəzi deputatların şuranın səlahiyyətlərindən xəbərsiz olduqlarını söyləyib: “Şuranın səlahiyyətlərini Milli Məclis müəyyənləşdirib. Onlar görünür, öz yazdıqlarını başa düşmürlər”.

Spiker Oqtay Əsədov isə deputatlar haqqında bu cür ifadələr işlətdiyinə görə, N. Məhərrəmliyə etiraz edib: “Bayaqdan aparıcıların danışıq qabiliyyətindən danışırıq. Görünür, MTRŞ sədrinin normal danışmasına ehtiyac var”.

Bundan sonra N. Məhərrəmli söz istəsə də, ona söz verməyib.

Milli Məclis müzakirələrdən sonra layihəni qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1368

Oxşar yazılar