Əlövsət Ağalarov: “Yuxuda Tərtər çayının səsini eşidib diksinirəm” - MÜSAHİBƏ
01 aprel 2009 11:00 (UTC +04:00)

Əlövsət Ağalarov: “Yuxuda Tərtər çayının səsini eşidib diksinirəm” - MÜSAHİBƏ

Kəlbəcərin işğalından daha bir il ötdü. Düz 16 il əvvəl, 1993-cü il aprelin 1-dən rayonun erməni ordusu tərəfindən işğalı başladı. Ermənilər cəmi 3 gün ərzində işğalı başa çatdıraraq, 65 min nəfər əhalinin yaşadığı 132 yaşayış məntəqəsini tamamilə öz nəzarətinə götürdü. Elə o vaxtdan 1-3 aprel Azərbaycanın müasir tarixinə Kəlbəcərin işğalı kimi daxil olub. Aprelin 2-si isə rəsmən rayonun işğal tarixi kimi qeyd olunur. Respublikanın 54 rayonuna səpələnmiş kəlbəcərlilər düz 16 ildir ki, doğma yurd-yuvalarına qayıdacaqları günün həsrətini yaşayırlar. Hər il şəhid xiyabanlarını dolaşaraq Kəlbəcəri, orada şəhid olanları xatırlayırlar. Düz 16 ildir...

Keçmiş millət vəkili, Kəlbəcərin tanınmış ziyalılardan olan Əlövsət Ağalarovla müsahibəmizin mövzusu Kəlbəcər, kəlbəcərlilər barədədir:

- Kəlbəcərlilər respublikanın müxtəlif rayonlarında məskunlaşıb, o bölgə yoxdur ki, orada kəlbəcərli olmasın. Kəlbəcərin işğalından sonrakı ən böyük faciələrdən biri elə camaatın parçalanmasıdır. Kiçik bir kəndin əhalisi 50-60 rayona səpələnib. Çətinlik ondadır ki, kəlbəcərlilər bir yerdə olanda dərd-sərə, problemlərə dözmək, sinə gərmək olardı. Amma indi səpələnmiş camaat hər yerdə gücsüz, problemlər qarşısında zəifdir.

- İndi Kəlbəcər yoxdur, bəs, kəlbəcərlilər haradadır, onlar nə iş görür, necə yaşayırlar?

- Azərbaycan xalqı nə iş görürsə, kəlbəcərlilər də onu görür. Hamı öz təsərrüfatı ilə məşğuldur, birtəhər yaşayırlar. Amma kəlbəcərlilərin çox az hissəsinin öz təsərrüfatı var, əksəriyyəti orda-burda başını dolandırır. Amma kəlbəcərlilər çox qoçaq, zəhmətkeş, saf camaatdır. Respublikanın ən müxtəlif regionlarında yaşayır, amma onlar haqqında indiyədək bir dəfə də olsun, nalayiq söz eşitməmişik. Hər yerdə deyirlər ki, kəlbəcərlilər doğrudan da köhnə ənənəsinə sadiq qalıb. Yəni kəlbəcərlilər zəhmətilə, alın təri ilə çörəyini qazanıb ailəsini dolandırır. Məskunlaşdığı ərazilərdə ev tikən də, yaxşı güzəran quran da, vəzifə alan da var. Amma hamısının gözü Kəlbəcərdədir. Atalar demişkən, qurdun qarnı nə qədər tox olsa da, gözü meşədədir. Kəlbəcərlilər də belədir, onların ən zəngin həyat şəraiti olsa, belə Kəlbəcərə qayıdacaqları günü gözləyirlər. Mən neçə illərdir kəlbəcərlilərin məskunlaşdıqları ərazilərdə görüşlər keçirirəm, onların problemləri ilə maraqlanıram. Görürəm ki, onları heç nə ovundura bilmir, hamının fikri-zikri yalnız öz yurd-yuvasına qayıtmaqdır.

- Hökumət Kəlbəcərin və işğal olunmuş digər rayonların azad edilməsi üçün özünün dövlət siyasətini aparır. Bəs, kəlbəcərlilər bir toplum olaraq, bu istiqamətdə nə düşünür? Onlar dövlətin torpaqların sülh yolu ilə azad edilməsi siyasətinə hansısa formada dəstək verə bilirmi?

- Təbii ki, bütün müharibələrin sonu sülhlə qurtarır. Amma mən bu müharibədə danışıqlar yolu ilə sülhə nail olunacağını görmürəm. Çünki bu müharibənin özü anormal idi. Müharibə odur ki, ordu ilə vuruşur. Amma erməni ordusu əliyalın millətin üzərinə yeridi, Xocalıda olduğu kimi, Kəlbəcərdə, Ağdabanda gecə evində yatmış dinc sakinləri ağır hərbi texnikanın gücü ilə qırdılar. Ona görə də ermənilərlə yalnız onların öz dili ilə danışmaq lazımdır. Təbii ki, qan tökülməsini, müharibənin başlanmasını heç kəs istəməz. Lakin sülh danışıqları nəticə vermirsə, bu qədər gözləməyin mənası yoxdur. 16 illik danışıqlar nəticə vermirsə, xalq, millət, dövlət ayağa qalxmalı, ordunun gücü ilə torpaqları azad etməlidir. Kəlbəcərlilərlə harada söhbətimiz olur, deyirlər ki, təki yarımız qırılaq, amma gedək torpaqlarımızı azad edək. Vallah, mənim özümün də nə BMT-yə, nə Avropa Şurasına, nə ATƏT-ə inamım qalmayıb. Boş-boş gəlib gəzib, çıxıb gedirlər. Üç həmsədr ölkə var, onların hər birinin dövlət başçısının bu müharibəyə münasibəti fərqlidir. Həmsədrlərin özləri hər də gəlib burada lağlağı eləyir, yeyib-içdikdən sonra gedib o tərəfdə həmin hərəkətləri edirlər. Sülh danışıqları onlar üçün sadəcə bir iş yeridir, yüksək əməkhaqqı alır, ölkələri gəzib keflərini sürürlər. İşğal olunmuş Azərbaycan torpaqlarının azad olunması onların heç marağında da deyil. Ona görə də dövlət öz ordusunu səfərbər edərək xalqla birlikdə torpaqları nəyin bahasına olursa-olsun, azad etməlidir. Başa düşürəm, çətindir. Amma mən bir qardaşımı, xeyli qohum-əqrəbamı müharibədə şəhid vermişəm. Bu gün razıyam ki, bir oğlum var, o da, özüm də, qardaş-bacımın uşaqları da şəhid olaq, təki qalanlarımız gedib o torpaqda şərəflə yaşasın. Bizim yeganə yolumuz budur. Ordumuza da inanıram, odununu imkanları da maddi-texniki bazası da artıb. Əminəm ki, bu ordu ilə torpaqlarımızı azad edə bilərik. Amma bilmirəm, bizim yolumuzu beynəlxalq təşkilatlar kəsib, yoxsa nəsə problem var?! İqtisadi böhrana baxmayaraq xalqın inamı da böyükdür və hamı torpaqlarımızı müharibə yolu ilə azad edə biləcəyimizə inanır. Kəlbəcərlilərin də böyük əksəriyyəti bu cür düşünür. Hamı deyir ki, şəhid olmağa hazırıq, təki torpağımız özümüzün olsun. Onsuz da, hamı görür də, cəbhədə, mülki həyatda nə qədər insan tələf olur! Mənim özüm bəzən bir gündə 3 yas yerinə gedirəm. Ölmək ölməkdi, elə gedib müharibədə ölmək daha şərəflidir. Bu, tək mənim yox, bütün kəlbəcərlilərin fikridir.

- Özünüz də bilirsiniz ki, digər işğal olunmuş rayonlardan fərqli olaraq, hər il gizli yollarla Kəlbəcərə gedib-gələn olur. Kəlbəcərlilər arasında belə fikir formalaşıb ki, rayonu partizan müharibəsi yolu ilə qısa müddət ərzində azad etmək olar. Sizin buna münasibətiniz necədir?

- Mən bu fikirləri çox eşitmişəm. Hətta mən bir neçə dəfə təklif etmişəm ki, Müdafiə Nazirliyinin nəzdində partizan dəstələri yaradılsın və bir-iki illik təlimdən sonra partizan müharibəsinə başlansın. Təbii ki, bu bir qədər bəsit üsuldur. Çünki indi “sputniklər” vasitəsilə yerdə qarışqanı seçmək mümkündürsə, partizan müharibəsi real görünmür. Amma eyni zamanda müharibə aparmağın bir yolu da budur. Kəlbəcərin ərazisi, coğrafi mövqeyi imkan verir ki, partizan dəstələrinin imkanlarından daha çox istifadə edək. Bununla belə, bu, bir rayonun yox, Azərbaycan dövlətinin problemidir. Ona görə də hesab edirəm ki, Azərbaycan dövlətinin və ordusunun potensialından istifadə edib torpaqlarımızı azad etməliyik. Həmişə deyirik, lazım gəlsə, müharibə edəcəyik. Lazım çoxdan gəlib. Mən hamını torpaqların azad edilməsi uğrunda müqəddəs bir savaşa səsləyirəm. Kəlbəcərsiz yaşayış yaşamaq deyil. İnanın o gecə olmur ki, mən Kəlbəcəri, öz kəndimizi yuxuda görməyim. Yuxuda Tərtər çayının səsini eşidib diksinirəm. İndi torpaqları azad etmək üçün çox yaxşı imkan yaranıb. İqtisadi böhran Ermənistanı çətin duruma salıb, erməni ordusunda çaşqınlıq yaranıb, hərbi hissələrdə “dedovşina” faktları, fərarilik artıb. Biz bu fürsəti fövtə verməməliyik. Mən heç vaxt boğazdan yuxarı danışmamışam, amma son vaxtlar ümidlərim bir az artıb. Prezidentin 2003-cü ildən bəri Qarabağla əlaqəli bütün çıxışlarını toplayıb saxlayıram. Bir şeyə arxayınam ki, İlham Əliyev indiyədək bir dəfə də olsun, güzəşt məsələsindən danışmayıb. Əksinə, hər dəfə çox kəskin və qəti şəkildə torpaqlarımızın hansı yolla olur-olsun, azad ediləcəyini deyib. Amma beynəlxalq təşkilatların təpkilərinə sinə gərmək lazımdır.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2189

Oxşar yazılar