Azərbaycanda ilk dəfə qadın general-mayor oldu
29 mart 2009 15:30 (UTC +04:00)

Azərbaycanda ilk dəfə qadın general-mayor oldu

Azərbaycan tarixində ilk dəfə olaraq bir qadın general-mayor hərbi rütbəsi ilə təltif olunub. Lent.az-ın məlumatına görə, prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamla Milli Təhlükəsizlik Nazirliyinin (MTN) idarə rəisi Natəvan Mirvətovaya general-mayor rütbəsi verilib. N.Mirvətova MTN-in Əməliyyat-texniki İdarəsinin rəisi vəzifəsində çalışır.

Lent.az-ın apardığı araşdırmalara görə, hazırda Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunda mayor, polkovnik-leytenant və polkovnik rütbələrində onlarla zərif cinsin nümayəndəsi xidmət edir. Onlar əsasən tibb və kargüzarlıq işlərində fəaliyyət göstərirlər. Bilavasitə döyüş tapşırığı yerinə yetirən hərbi birləşmələrdə isə yüksək rütbəli qadınlar demək olar ki, yoxdur.

Azərbaycan Silahlı Qüvvələrində xidmət edən yüksək rütbəli qadın hərbçilərin əksəriyyəti mülki təhsillidir. Hərbi təhsilli qadın zabitlər hazırda baş leytenant və kapitan rütbələrindədir və onlar hərbi təhsili bir neçə il əvvəl Azərbaycan Ali Hərbi Məktəbində alıb, Təlim və Tədris Mərkəzində ixtisas kursu keçiblər.

Lent.az-ın apardığı araşdırmalar zamanı məlum olub ki, Daxili Qoşunlarda xidmət edən qadınlar arasında ən yüksək rütbəliləri polkovnik-leytenantdır. Hazırda Daxili Qoşunlarda polkovnik-leytenant rütbəsində 4 qadın xidmət edir. Daxili Qoşunlar Baş İdarəsi katibliyinin rəisi, həmçinin mətbuat xidmətinin rəisi polkovnik-leytenant rütbəli qadınlardır. Daxili Qoşunlardakı polkovnik-leytenant rütbəli qadınlar əsasən xidmət və şöbə rəisi vəzifələrində çalışırlar.

Qadın hərbi qulluqçularının sayına görə birinci yerdə dayanan Dövlət Sərhəd Xidmətində 1 polkovnik, açıqlanmayan sayda polkovnik-leytenant və mayor rütbəli qadın xidmət edir. Ümumilikdə DSX-da qadın hərbçiləri də əsasən xidmət, idarə və şöbə rəhbərləri vəzifələrində çalışırlar.

Müdafiə Nazirliyi strukturunda isə cəmi bir neçə polkovnik-leytenant rütbəli qadın hərbçi xidmət edir. Onlardan biri Baş Qərargahın poliklinikasının rəisi vəzifəsində çalışır. Ümumilikdə Müdafiə Nazirliyi strukturunda 300-ə yaxın qadın hərbçinin çalışdığı, bunlardan yalnız 30-a yaxının hərbi təhsilli olduğu bildirilir. Müdafiə Nazirliyi strukturunda qadınlar əsasən tibb, rabitə, kargüzarlıq işləri və s. çalışırlar. Və böyük əksəriyyəti hərbi xidmətə ehtiyatdan çağırılıb. Azərbaycanda hazırda təyyarəçi, gəmiçi, tankçı qadın hərbçilər yoxdur.

Qeyd edək ki, 1990-cı illərdə Azərbaycanda bilavasitə döyüş əməliyyatlarında 600 nəfərdən, ümumilikdə 2 mindən artıq qadın iştirak edib.

Rəşad Süleymanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10302

Oxşar yazılar