Bayrağımızın Günü
09 noyabr 2012 00:10 (UTC +04:00)

Bayrağımızın Günü

Macarıstandan ekstradisiya edilən və Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən əfv edilən zabitimiz Ramil Səfərovu qarşılamaq üçün axışan insanların çoxunun əlində bayrağımız dalğalanırdı. Bayrağı boynuna sarıyanlar da vardı. İki il əvvəl elə bu ayda İkinci Şəhidlər Xiyabanında dəfn edilən, Azərbaycan uğrunda mübarizədə qəhrəmanlıqla şəhid olmuş Mübariz İbrahimov və Fərid Əhmədovun cənazələri də üçrəngli bayrağımıza bürünmüşdü, insanların çoxu qəhrəmanlarımızın dəfn mərasiminə axışan əllərində bayraqlarla gəlmişdilər. Həm qəhrəmanlarımızın dəfni zamanı, həm də Ramil Səfərov qarşılanarkən sanki o bayraqlar millətin ruhunun daşıyıcısı idi, həqiqətən millətimizi birləşdirir, torpaqlarımızın düşmən tapdağından xilas ediləcəyinə inam aşılayırdı. Bəs necə olur ki, bayraq o böyük mənəvi gücün daşıyıcısına çevrilir?!

Milli Birliyimizin təcəssümü

Azərbaycan Respublikasının dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, sabiq prezident Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu dövlət bayrağı elan edib. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa edib. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib. Azərbaycan Respublikası Prezidenti 17 noyabr 2009-cu ildə Azərbaycan Respublikasının Dövlət bayrağının ilk dəfə rəsmi surətdə 1918-ci il noyabrın 9-da qəbul edilməsini nəzərə alaraq, Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədi ilə hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd etməklə bağlı sərəncam verib. Sərəncamda qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr tarixli sərəncamı da Dövlət bayrağının dövlət rəmzləri sırasında xüsusi yerini müəyyən edir. 2010-cu il sentyabrın 1-də Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi olub.

Müasirləşmək, Türkləşmək və İslamlaşmaq...


Tarixçi alim Nəsiman Yaqublu deyir ki, Azərbaycanda müxtəlif dövrlərdə müxtəlif bayraqlar olub. Göytürklərin, şəddadilərin, səfəvilərin öz bayraqları olub. Ancaq bizim üçün ən müqəddəsi üçrəngli bayrağımızdır. Nəsiman Yaqublu bildirir ki, Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu 1918-ci il 28 maydan noyabrın 9-a qədərki dövrdə bayrağımız qırmızı rəngli, üzərində də səkkiz guşəli ulduz olub. 1918-ci il noyabrın 9-dan sonra isə üçrəngli bayrağımız qəbul edilib. Bu bayraqdakı rənglər həm də bizim dövlətçiliyin ideoloji əsaslarını təşkil edir. Yəni müasirləşmək, türkləşmək və islamlaşmaq həm də milli ideologiyamızın əsaslarıdır. Tarixçi alim qeyd edir ki, o dövrdə Bakını öz nəzarətlərinə götürməyə çalışan ingilislər rusların və ermənilərin təhriki ilə təzyiq göstəriblər ki, üçrəngli bayrağımız parlamentin binasının önündə daim dalğalanmasın. Parlamentin iclasından əvvəl bu bayraq asılır, sonra götürülürmüş. Ona görə də o vaxt Məhəmməd Əmin Rəsulzadə yazıb ki, “biz o bayrağı min bir müşkülatla başımız üzərinə qaldırdıq”. Sonradan razılaşdırılıb ki, bayraq hər gün parlament binası üzərində dalğalandırılsın.

Bayraq sevgisi, bayrağa bağlılıq hissi ən böyük şairlərimiz olan Əhməd Cavadın, Abidin Gültəkinin yazılarında əksini tapıb. Bu insanlar bizim bayrağımızı o qədər gözəl tərənnüm ediblər ki! Bu şairlərin şerlərini oxuyarkən bayraq az qala özünün rəngində görünməyə başlayır!

Nəsiman Yaqublunun sözlərinə görə, 1920-ci ilin aprel ayında Azərbaycan Rusiya tərəfindən işğal olunandan sonra bu bayrağın da dalğalandırılması artıq qadağan edilib: “1956-cı ildə il dəfə bu bayrağı 3 nəfər Qız qalasında 1 saat dalğalandırıb. Sonra o bayrağı yığışdırıblar. Müstəqillik qazanmağımızla bayrağımız yenə və əbədi yüksəlib”.
Tarixçi alim onu da vurğulayır ki, bu bayraq simvolumuzdur, ona həmişə hörmətlə yanaşmalıyıq: “Bəzən çox əsassız şəkildə bayrağımızı bəzi tədbirlərdə, küçələrdə, məişət yerlərində adi bir istifadə alətinə çevirirlər. Bu, məni çox ağrıdır. Bayrağımıza çox hörmətlə yanaşılmalıdır. Bayrağımız dövlətçiliyimizin, milli ideologiyamızın dəyərləri sırasındadır. Dəyərlərdən hər cür istifadə etmək, hətta ondan dini formalar da düzəltməyə yaxşı baxmıram. Bayrağa daha ciddi yanaşılmalıdır”.

“Evlərin, binaların, şəhərlərin bəzəyi olmalıdır”

Xalq şairi Sabir Rüstəmxanlı da bayrağa müqəddəs bir dəyər kimi yanaşır. Deyir ki, bayraq hərbi hissənin varlığı kimi qəbul olunur, hərbi hissə savaşda bütövlüklə məhv olsa, amma bayraq qalsa, deməli, o hərbi hissə yaşayır: “Tarixən biz türklər ordular qurmuşuq, həmişə bayraqlarımız olub, o bayrağın arxasınca getmişik. Bayraq böyük bir simvoldur, dövlətçiliyin atributdur. Bayraq hər bir azərbaycanlı üçün müqəddəs sayılmalıdır”.
Sabir Rüstəmxanlı deyir ki, üçrəngli bayrağımız Əli bəy Hüseynzadənin, Əhməd Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov kimi böyüklərimiz böyük ideallarının və milli ideologiyamızın nəticəsidir. O bayraq Rusiya işğalından sonra qadağan olunub, hətta onu unutdurmağa çalışıblar. İndi Allah imkan verib, yenidən öz dövlətçiliyimizi bərpa etmişik, bu bayrağımız yeni həyatını yaşayır.
Xalq şairi də bu gün bayrağımıza münasibətdən razı deyil: “Təəssüf ki, Azərbaycanda bayraq sevgisi biz istədiyimiz kimi təbliğ olunmur. Xüsusən məmurlarımızda bayraq sevgisi yetərincə deyil, himnə münasibətdən fərqlənmir. Hətta Milli Məclisdə sessiyaların açılışında, bağlanışında hamı ayağa durur, elə bil ki, dodaqlarını yapışdırıblar. Oxumaq istəmirlər. Himn milli marş, ruhdur. Əgər bu himn oxunmursa, deməli, o milli ruh yoxdur. Bakıda bir araşdırma aparmışdıq. 1-2 nazirliyin, dövlət komitəsinin qarşısında Azərbaycan bayrağı gördüm, qalan dövlət qurumlarının qarşısında yox idi. Düzdü, artıq Bayraq Meydanında qürur mənbəyi olan bir bayraq dalğalanır. Amma bundan əlavə, hər vətəndaşın eyvanından bayraq asılmalıdır. Dövlət qurumu niyə bayrağı, dövlət atributunu öz qapısından asmasın!? ABŞ-da, Kanadada, hətta Avstraliyada bayrağa xüsusi hörmətin şahidi oluruq. Türkiyədə bayrağa sevgi daha böyükdür. Bayraq evlərin, şəhərlərin, binaların bəzəyidir. Hər yerdə bayrağımız dalğalanır. Azərbaycanda da bayraq evlərin, binaların, şəhərlərin bəzəyi olmalıdır”.
Sabir Rüstəmxanlı üçün bayraq onun üçün illər uzunu həm ədəbi xətlə, həm siyasi xətlə apardığım mübarizənin, eyni zamanda dədələrinin, babalarının apardığı mübarizənin sonunda millətə qazandırılan bir ideya daşıyıcısıdır: “Bu ideya daşıyıcısı hər yerdə başımızın üzərində olmalıdır. Kim onu başının üzərində daşımaq istəmirsə, deməli, onun başı başqalarına xidmət edən başdır, bizim başlardan deyil”.

Dalğalansın Bayrağımız!...

Qeyd edək ki, oxucularımızdan biri də Lent.az-a yazıb ki, Bayraq Günü hər bir kəsin evinin pəncərəsindən bayrağımızı dalğalandırmasını istəyir. Apardığımız kiçik bir sorğu bu ideyaya münasibətin müsbət olduğunu üzə çıxardı. Məsələn, Bakı sakini, ali məktəb müəllimi Aqil Əsədov sorğumuza cavab olaraq bildirdi ki, evdə yazı masasının üzərində həmişə Azərbaycan bayrağı olub: “Bayraq milli atributumuzdur, bayrağı tək bayramlarda yox, həmişə əziz tutmalıyıq. Gözümüzü bayrağa öyrəşməli, bayraq həmişə başımızın üzərində olmalıdır. Çox yaxşı olardı ki, Bayraq Günü iş olaydı, məktəbdə, idarə və müəssisələrdə kütləvi tədbirlər keçiriləydi və uşaqlara, gənclərə bayrağın önəmi anladıla idi. Biz bayraq uğrunda çox şəhidlər vermişik, gənc nəsil bunu unutmamalıdır”.

25 yaşlı mühəndis Babək Ağakişiyev üçün də üçrəngli bayrağın çox böyük mənası var: “İnsanların qiyməti xalça salığı, var-dövlətini nümayiş etdirmək istədiyi yerdə biz bayraq asmışıq. Bayrağın hündürlüyü 3 metr, 1,5 metr uzunluğudur. Azərbaycan milli komandasının oyunlarına gedəndə bayrağı özümüzlə götürürük. Qayıdanda da yuyub, ütüləyib, yerinə asırıq. Bayrağı yuyub qurutmaq üçün eyvanda sərəndə insanlar gəlib maraqla baxırlar. Bayraq Günü hər bir kəsin evinin pəncərəsində bayrağımızın dalğalanması da çox yaxşı olardı”.

Bakı sakini Anar Bayramoğlu da hesab edir ki, bayraq millətin, dövlətimin atributu, müstəqilliyimin əyani görüntüsüdür: “Mən də bir vətəndaş kimi evimdə, iş yerimdə bayrağı ən yüksək yerdən asıram. Evimizdə iki bayrağım var. Birinin uzunluğu 1,5 metr, digərinin uzunluğu 1 metrdir. Azərbaycan milli komandasının oyunları vaxtı böyük bayrağı stadionu özümlə stadiona aparıram. Evimiz 6-cı mərtəbədə yerləşir. Sabah evimizin eyvanından bayrağımız dalğalanacaq”.

Ramiz Mikayıloğlu
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3881

Oxşar yazılar