Gənclərin aksiyasının bir neçə iştirakçısına sutkalıq həbslər verildi- YENİLƏNİB
20 oktyabr 2012 22:42 (UTC +04:00)

Gənclərin aksiyasının bir neçə iştirakçısına sutkalıq həbslər verildi- YENİLƏNİB

“Azadlıq” qəzetinin yazdığına görə, Səbail məhkəməsində aksiyaçılardan AXCP Cəlilabad şöbəsinin sədri Təzəxan Mirələmliyə 8 sutka, Suraxanı şöbəsinin sədri Vaqif Xalıqova isə 10 sutka həbs cəzası verilib.

AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı 8, Azad Gənclik Təşkilatının sədri Ülvi Həsənli 7, müsavatçı fəal Rüfət Hacıbəyli 10, AXCP fəalı Bəhruz Həsənov 7 sutka həbs cəzası alıb.

Binəqədi rayon məhkəməsində isə Müsavat fəalları Əhəd Məmmədli 10, Rüfət Hacıbəyli 9 sutka həbs cəzası alıb.

NİDA-çı, Müsavat başqanı İsa Qəmbərin oğlu Turqut Qəmbər isə 7 sutka həbs cəzası alıb.

Razılaşdırılmamış aksiyada iştirak edən AXCP sədrinin müavini Asəf Quliyev 20 manat, AXCP fəalları Zərifə Məhtəddinova və Afina Əliyeva 7 manat, Müsavat Partiyası Məclisinin sədri Arzu Səmədbəyli, başqan müavini Gülağa Aslanlı, Divan üzvü Qubad İbadoğlu və partiya fəalı Hamlet Səfixanlı hər biri 25 manat cərimələnərək, sərbəst buraxılıblar.

Saxlanılanlardan bir çoxuna isə xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıblar.

***
16.03

APA-nın aksiyanı işıqlandıran əməkdaşlarının verdiyi məlumata görə, razılaşdırılmamış aksiyanın qarşısı tamamilə alınıb. Bildirilənə görə, flaş-mob şəklində keçirilmiş aksiyada 200-ə qədər gənc iştirak edib. Aksiya zamanı AXCP və Müsavat Partiyasının, həmçinin bir neçə gənclər təşkilatının fəallarının saxlanılması barədə məlumatlar var. Onların arasında AXCP sədrinin müavinləri Gözəl Bayramlı, Asəf Quliyev, İsa Qəmbərin oğlu Turqut Qəmbərin olduğu bildirilir. Aksiya cəhdi zamanı saxlanılanlar barədə hələlik rəsmi məlumat yoxdur.

***
15.25
Fəvvarələr Meydanında 20-yə qədər gənc parlamentin buraxılması şüarı ilə aksiya keçirməyə cəhd edib. Polis cəhdin qarşısını alıb. Bir neçə nəfər saxlanılıb. Saxlanılanların şəxsiyyəti dəqiqləşdirilir.

***
15.00
Bu gün bir sıra gənclər təşkilatları Fəvvarələr Meydanında Bakı şəhər icra hakimiyyəti ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərir.

APA-nın aksiyanı işıqlandıran əməkdaşlarının verdiyi məlumata görə, aksiyanın keçirilməsi nəzərdə tutulan ərazi polis tərəfindən nəzarətə götürülüb. Hələlik Fəvvarələr Meydanında aksiya iştirakçıları görünmür, ərazidə yalnız polislər və jurnalistlər var.

Saat 14.35-də “AzadlıqRadiosu” bir qrup gənc fəalın Müsavat Partiyasından «İstefa», «Parlament buraxılsın» şüarları ilə çıxaraq yürüş etmək istədikləri barədə məlumat yayıb. Məlumatda qeyd olunub ki, az sonra onlar saxlanıb və aksiya dağıdılıb.

Müsavat Partiyasından APA-ya verilən məlumata görə isə, bir qədər əvvəl polis partiya qərargahı qarşısında 20-dək şəxsi saxlayıb. Saxlanılan şəxslər Binəqədi rayonu 5-ci Polis Bölməsinə aparılırlar. Müsavat Məclisinin sədri Arzu Səmədbəyli APA-ya bildirib ki, onunla yanaşı 11 Məclis üzvü saxlanaraq polis bölməsinə gətiriliblər: “Saxlananlar arasında partiyanın gənclər təşkilatının fəalları da var”.

Qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırov dünən APA-ya açıqlamasında Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiya cəhdinin qarşısının alınacağını bildirib. Dünən həmçinin aksiya təşkilatçıları Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb, onlara bununla bağlı rəsmi xəbərdarlıq edilib.
# 6338

Oxşar yazılar