“Tabutdan yapışıb atamı aparmayın dedim” - ŞƏHİD ƏMANƏTİ
29 iyul 2021 20:15 (UTC +04:00)

“Tabutdan yapışıb atamı aparmayın dedim” - ŞƏHİD ƏMANƏTİ

Lent.az-ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” layihəsi çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik.
Layihəmizin növbəti yazısı şəhid Mürsəlov Yüzbeh Qafar oğluna həsr olunub.

Mürsəlov Yüzbeh Qafar oğlu 1960-cı il dekabrın 1-də Dağıstanın Tabasaran rayonunun Suxdiq kəndində anadan olub. Bakıdakı 162 saylı məktəbdə təhsil alan Yüzbeh orta məktəbi başa vurandan sonra Çita şəhərində hərbi xidmətə yollanıb. Geri qayıdanda peşə məktəblərindən birində elektrik qaynaqçı ixtisası üzrə təhsil alır. Sonra elə bu sahə üzrə işləməyə başlayır. Zümriyyət adlı xanımla ailə quran Yüzbeh 1993-cü ildə birinci Qarabağ müharibəsinə könüllü olaraq yollanır. Döyüş vaxtı ən çətin tapşırıqların öhdəsindən gəlir, şücaət göstərib və “boevik” ləqəbini qazanır. Lakin 1994-cü il martın 4-də evinə gəlməyə bir gün qalmış gərgin döyüşlər vaxtı Yüzbeh snayper gülləsi ilə başından vurularaq şəhid olur. Səbail rayonundakı küçələrdən biri Mürsəlov Yüzbeh Qafar oğlunun adını daşıyır.

Yolayrıcı...

İyulun ən isti günlərinin birində gedirəm onlara. Şəhidimizin xanımı ilə danışanda, evlərini rahat tapa bilim deyə məni qarşılayacağını bildirir. Marşrutdan düşüb günəşdən yanan yolayrıcıda tək-tənha dayanıram. Ətrafda olan hər kəs kölgəlik yer tapıb daldalandıqları halda mən gedəcəyim ünvanı soraqlayıram. İrəlilədikcə uzaqdan görünən binaların qarşısında bir qadının əlini gözünün üstünə qaldırıb ətrafa boylandığını görürəm. Zümriyyət xanımdır deyə öz-özümə düşünürəm. Yaxınlaşıb hal-əhval tutduqdan sonra yanılmadığımı anlayıram. Evə qalxıb sərinkeşin altında sərinlədikcə şəhidimizin anası, qızları, oğlu və həyat yoldaşı otaqda cəm olurlar. Söhbətimizə şəhidimizin anası Lamiyə xanımla başlayırıq. Yaşı yetmişi adlamış qadın qalın şüşəli eynəyin ardından illər əvvəl şəhid verdiyi oğlunun divara vurulmuş gənclik şəkilinə baxıb danışmağa başlayır:

- Bizim beş uşağımız olub qızım. Üç oğlum, iki qızım. Yüzbeh evin ikinci uşağı idi. Əla uşaq, iş, zəhmət sevən oğul idi. Orta məktəbi bitirən kimi onu əsgər apardılar. Çitada çox baxımsız, pis yerdə xidmət etmişdi. Hətta oradan gələnə yaxın orda bir neçə nəfərlə bərk dalaşmışdı. Evə gəldim, gördüm üz gözü zədələnib. Sonralar da elə bir gözü zədəli qaldı. Orta məktəbdə riyaziyyatdan, fizikadan o qədər də yaxşı oxumamışdı. Amma öz başı ilə peşə məktəbinə girdi oxudu. 1984-cü ildə Yüzbehi öz kəndimizdən olan qızla evləndirdim. Üç uşağı - iki qızı, bir oğlu oldu. Əvvəllər zavodda, sonra isə dənizdə işləməyə başladı. Səkkiz gün dənizdə, səkkiz gün isə evdə olurdu. 1993-cü ildə bir gün dənizdən qayıdandan sonra könüllü gedib müharibəyə yazılır. Mənə isə heç nə bildirmirlər. Bir də onda ayıldım ki, Yüzbeh artıq siyahıya salınıb və müharibəyə yollanmağa hazırlaşır. Yoldaşımla onun yanına getdim, evdən yemək, paltar hazırlayıb apardım. Məni görəndə dedi, mama bizi aparacaqlar, görüşək. Bundan sonra iki dəfə onun yanına getdim. Üçüncü gün gedəndə isə artıq onları Füzuliyə aparmışdılar. Elə balam o gedən də getdi...

Ana, qadın, qız...

Züriyyət xanım 33 yaşında müharibəyə yola saldığı, ölümündən sonra çox böyük mənəvi, maddi çətinliklərlə böyütdüyü uşaqlarının atasını, yaddaşında heç zaman qocalmayan, elə gənc qalan həyat yoldaşını xatırlayır:

- Çox yaxşı kişi, ailə başçısı, hər işdən başı çıxan, bacarıqlı, ailə üçün çalışan adam idi. Bayıldakı limanda işləyirdi. Ölümündən sonra onu iş yoldaşları o qədər tərifləmişdilər ki, mən sözün əsl mənasında qürur hissi keçirmişdim. Döyüş dostları bizə danışmışdılar ki, müharibə vaxtı döyüş gedərkən bir çox əsgərlərimizin meyiti çayın içərisinə düşür. Qışın ən pis vaxtında heç kim çaya girib meyitləri götürməyə razı olmur. Həm soyuğa görə, həm də batmaq təhlükəsi olur. Yüzbeh isə heç nəyə məhəl qoymadan paltarlı halda çaya girir və meyitlərin hamısını çaydan çıxarır. Yüzbehin döyüşdəki ləqəbi isə “boevik” imiş.

- Yoldaşınız müharibəyə gedəndə sizin reaksiyanız necə oldu?

- Üç uşaqla məni evin altında qoyub getməsinə pis olurdum. Amma mənə dedi, müharibədir, sən qarışma. Hamı kimi mən də getməliyəm. Səni evdəkilərə, uşaqları da sənə əmanət edirəm. Müharibədir hər şey ola bilər. Getdi, Füzulidə də şəhid oldu. Komandiri bizə gələndə demişdi ki, Yüzbeh onun qucağında dünyasını dəyişib. Hər şey ani olub, güllə onun boynundan dəyib. Dəyən kimi də keçinib, son söz, vəsiyyət deməyə belə deməyə imkan olmayıb. Sonra həmin komandir də şəhid oldu. Şəhidlər xiyabanında Yüzbeh dəfn olunan sıra hamısı 1994-cü ildə təxminən eyni vaxtlarda şəhid olanların məzarlarıdır.

- Sonralar həyat yoldaşınızı qınamadınız, sizi qoyub getdiyinə görə?

- Bizim aramızda sevgi olmuşdu. Mən onu istəmişəm. Sonralar da onu qınamadım ki, məni niyə qoyub getdin. Çünki qismət belə imiş. Dünyaya bir də gəlsəydim yenə də onunla ailə qurardım. Onun insanlığını, xasiyyətini, mehribanlığını unutmadım, unutmaram.

Yüzbeh müharibəyə könüllü getdiyi qədər oradan evlərinə qayıtmaqda könüllü olmur. 1994-cü ilin mart ayında evə qayıtmaq üçün icazəli olsa belə ani bir qərar onu yoldaşlarından ayırır. Bu ayrılıq isə həmişəlik olur. Lamiyə xanım çətin də olsa, xatırlamağa çalışır:

- Müharibə bitir, Yüzbehin evə gəlməsi üçün əlində buraxılış kağızı da olur. Şəhid olandan sonra həmin kağız onun cibindən çıxmışdı. Bizim məhəllədən müharibəyə gedənlər, qayıdanda onlardan Yüzbehi soruşduq, dedilər Yüzbeh orda qaldı.

Əhvalat isə belə olur. Mart ayının 4-də xidməti başa vurmuş döyüşçülər evə qayıtmaq üçün avtobusa minirlər. Yüzbeh də evə qayıdanların içərisində olur. Lakin, son məqamda, avtobus yerindən tərpənənə yaxın Yüzbeh avtomatını da götürüb avtobusdan düşür. Ondan niyə belə etdiyini soruşanda isə o, cavab verir ki, mənim kağızıma bir möhür də vurulmalıdır, onu vurdurub qayıdacam. Hamı gedəndən sonra Yüzbeh digər yoldaşları ilə birgə nahar fasiləsinə gedir. Elə həmin an həyəcan siqnalı verilir. Və düşmən tərəfindən açılan atəşlərdən biri də Yüzbehə dəyir. O, şəhid olur.  

Oğul

Nənəsinin, anasının danışdıqlarının fonunda qəhərlənən, bir neçə dəfə eyvana çıxıb içəri girən Rüstəm nəhayət dillənir, deyir yaşı az da olsa, atasını dumanlı xatırlayır:

- Dumanlı da olsa, onu və tabutunun evə gətirildiyi günü xatırlayıram. Ən çox yadımda Bulvarda bizi gəzməyə apardığı günlər qalıb. Şəhərdəki kafelərə bizi tez-tez aparırdı. Orda oturub dondurma yeyərdik. Bir də yadımda onun məşq etdiyi vaxtlar qalıb. İdmanı və Brus Lini sevirdi. Atamgil üç qardaş üçü də onun filmlərinə baxıb məşq edirmişlər. Ümumiyyətlə atam dalaşqan və güclü adam olub. Onlar üç qardaş çox güclü olduqları üçün məhlədə heç kim cürət edib onlarla davaya çıxmırdılar. Amma buna baxmayaraq atamgil qonşuları və dostları ilə çox mehriban idilər. Bizim Bayıldakı qonşularımız bu gün də bizim xətrimizi çox istəyirlər. Atamı sonuncu dəfə 1993-cü ilin dekabrın 1-də gördüm. Onda o, ad gününə görə evə gəlmişdi. Mən 9-cu sinifdə oxuyurdum.

- Atanız sizin yadınızda necə qalıb. Qəzəbli, ya xoşxasiyyət?

- Qəzəbli qalmayıb. Çünki heç vaxt bizə acıqlanmazdı. Anam acıqlana bilərdi, amma o, heç vaxt. Nə isə səhv edəndə də sözlə başa salardı, heç vaxt qışqırmaz, əl qaldırmazdı. Aradan 25 il keçib, amma atamın ölümünü eşitdiyimiz, onu sonuncu dəfə evə gətirdikləri gün yadımda yaxşı qalıb.

Tabut

- Atanızın ölümün dərk edirdiniz?

- Atamın tabutunu evə gətirəndən sonra məni və bacılarımı evdən çıxardıb qonşuya apardılar. Orada televizoru yandırıb bizim başımızı qatmağa çalışırdılar. Amma biz hər şeyi başa düşmüşdük. Yalnız son məqamda bizi çağırdılar, atamın üzünü açdılar, dedilər gəlin, atanıza baxın. Onun yarasını da bizə göstərmişdilər. Sağ tərəfdən başından snayperlə vurmuşdular. Ölümündən sonra mən onu hərdən yuxuda görürdüm. Atam dəfn olunan gündən bu günə qədər elə bir gün olmayıb ki, mən atamı, onun evimizə gətirilən son gününü yadıma salmayım. Hərdən özümə deyirəm ki, sağ olsaydı, bəlkə həyat başqa cür olardı. Tək ana, baba və nənə ilə üç uşağın böyüməsi, həm də 90-cı illərin ən pis vaxtında böyüməsi çox çətin idi. Ona görə də onu axtarırdım, deyirdim o, olsa, başqa cür olardı. Amma rəhmətlik babam bizə çox yaxşı baxdı. On beş gün dənizdə, on beş gün evdə olurdu. Amma bizi korluq çəkməyə qoymazdı. O, dənizdə olanda isə nənə və anamın nəzarətində olardıq.

- Bəs böyümək ehtiyacını, gücünü kimdən alırdınız?

- Düzdür, atanın sözü, sığalı başqadır. Onu yüz faiz heç kim əvəz edə bilməzdi. Amma həyatımızda qayğı sarıdan tam boşluq da olmadı. Nənə ilə ana atamı əvəz edirdilər. Yəni bütün həyatları boyu onlar buna çalışdılar.

Zümriyyət xanım oğlunun sözlərinə qüvvət olaraq əlavə edir:

- Bilirsən qızım, aradan nə qədər zaman keçir, keçsin. Yaranın tam sağalması mümkün deyil. Mən təbii ki, tale yarasından danışıram. Deyirlər ki, zaman keçir, hər şey unudulur, amma elə deyil. Hər şey yadımızdadır. Bugünkü kimi... Qayınatam məni heç vaxt işləməyə qoymadı. Dedi ki, qızım sən işləmə, mən, qayınanan işləyib sizi saxlayacağıq. Mənim ən böyük çətinliyim uşaqları ayağa qaldırmaqda idi. Onlara mənəvi dəstək olmalı idim. Amma onlar ağıllı idilər. Məni sözsüz başa düşürdülər. Yaxşı uşaqlar oldular, sözümüzdən heç vaxt çıxmadılar.

8 mart

Zümriyyət xanım deyir ki, doxsanıncı ilin 8 mart günü bütün qadınların həyatında xoş gün olsa da, onun və ailəsindəki qadınların həyatında bu rəqəm qara rəngə boyanır:

- Biz Yüzbehin xəbərini 8 mart günü aldıq. Hərbi komissarlıqdan qayınatamı çağırdılar, ona dedilər ki, Yüzbeh yaralıdır. Sonra isə hər şeyi açıb ona demişdilər. Həmin ərəfədə hər şeydən xəbərsiz evdə oturmuşduq.

Lamiyə xanım söhbətə qoşulub, özü yaddaşını qurcalayır. Oğul dərdi çəkməkdən qocalmış qəlbinin bütün künc-bucaqlarını, xatirələrinin ən amansızını seçib arayır, hər şeyi nəql etməyə çalışır. Oğlu şəhid olan gün onların evinə dörd hərbçi gəlir. Bu gəliş isə adi gəliş yox, başsağlığı üçün olur. Lakin, gələnlər ailə üzvlərinin Yüzbehin ölümündən xəbərsiz olduğunu görürlər və heç nə demədən çıxıb gedirlər:

- Mən işdə idim. Evə gəldim, paltomu çıxarıb otağa keçəndə gördüm Yüzbehin qızları televizordan gələn musiqi səsinə oynayırlar. Birdən qapı döyüldü. Qapını açdım, dörd nəfər oğlan salamlaşıb, Yüzbehi soruşdular. Onları evə dəvət etdim. Dedim yəqin uşaqdan mənə xəbər verəcəklər.

- Həmin vaxt Yüzbehə nə isə olması ağlınıza gəlirdi?

- Yox, qəti heç nə düşünmürdüm. Onlardan soruşdum Yüzbeh necədir, dedilər, lap yaxşıdır xala. Bir az oturdular, Yüzbehin çaydan meyitləri çıxarmaq əhvalatını da onlar danışdılar. Sonra isə sağollaşıb getdilər. Heç çay da içmədilər. Dedilər, başqa evə də getməlidirlər. Sonra bizə “Jek”də işləyən bir qadın gəldi. Amma heç nə demədi. Martın 8-də isə mənim nəvəmin ad günü idi. Biz hazırlaşırdıq ki, ora gedək. Elə qapıdan çıxmaq istəyəndə, “Jek”dən yoldaşıma zəng gəldi. Biz də ev növbəsində idik. Dedim, get, ay kişi, bizə yəqin ev verəcəklər. Kişi getdi. Biz də tort və gül sifariş etmişik, gedib onları götürməli idik. Yoldaşım gedəndən az sonra zəng vurub dedi ki, heç yerə getməyin, uşaq yaralıdır, onu evə gətirəcəklər. Bir az keçdi, yoldaşım bir hərbçi ilə gəldi, qapını açıb içəri girdi. Gəlinin ürəyi getdi. Haray eləyib qışqırdım, gördüm bütün binanın adamları yığışıb bizə. Sonra balamı tabutda evə gətirdilər. Bir müddət keçəndən sonra dedilər aparmalıyıq, yer qazılıb, hazırdır. Onda bu uşaqlar balaca idilər. Amma hər üçü tabutdan yapışıb ağlaşdılar, dedilər atamı vermərik (ağlayır). Rüstəm deyirdi, erməniləri mənim papamı niyə öldürdünüz. Leyla deyirdi mənim atam yaxşıdır, qoymaram onu aparasınız.

Körpə...

Leyla həmin vaxt 3 yaş yarımlıq olur. Ancaq qəribədir ki, atasının ölümündən ən çox sarsılan da o, olur. Həmin məşum gündən sonra Leyla düz bir ay onun tabutu qoyulan yerə uzanıb, burdan atanın iyi gəlir, atam burdadır sözlərini deyir. Leyladan xəbər alanda isə o, həmin günləri çox dumanlı xatırladığını qeyd edir:

- Mən onu güclə xatırlayıram. Amma danışılanların, yadımda qalanların fonunda çox xeyirxah, qayğıkeş bir ata obrazı yaranıb. Biz həmişə bacımla birlikdə oynayanda birdən oyunu yarımçıq saxlayıb anamdan soruşurdum ki, ata nə vaxt gələcək, niyə gəlmir? Anam bizi aldadırdı, deyirdi, gələcək, hər şey yaxşı olacaq. Biz isə böyüdükcə yavaş-yavaş başa düşdük, anladıq ki, o, heç zaman qayıtmayacaq.

Rüstəm Leylanın sözlərinə əlavə edib deyir:

Mən də atamın tabutundan yapışıb onu aparmayın demişdim. Bir də yadımdadır ki, atamı tabutda evə gətirəndən sonra Leyla gəlib diqqətlə ona, tabuta baxıb dedi: Ata niyə yatıb, onu oyadın.

Qələbə sevinci...

Nailə isə deyir ki, atasını daha çox yuxuda görür. Onunla gəzdikləri, dolandıqları yerləri bir də yuxuda gəzirlər. Hər dəfəsində yuxularının gerçək olduğuna inanan Nailə ayılanda böyük təəssüf və kədər hissi keçirir:

- Onu tez-tez görürdüm. Bulvarda, “Torqovı”da gəzirdik. Sonra görürdüm evimizə gəlir, mənimlə danışır. Amma real həyatda baba bizə çox qayğı göstərirdi. Ancaq ata başqa, baba başqa... Onunla bağlı ən gözəl bir xatirəm var. Bir dəfə Bakıya çox güclü qar yağmışdı. O, bizim üçümüzü də həyətə düşürüb bizimlə qartopu oynadı. Bu mənim ən çox yadımda qalan gözəl xatirədir.

Ailə ilə sağollaşıb çıxanda, Rüstəm deyir ki, atam şəhid olsa belə, ikinci Qarabağ müharibəsi başlananda, mən də getmək üçün müraciət etdim. Ancaq dedilər ehtiyac yoxdur. Ehtiyac olduğu təqdirdə mən də gedəcəkdim. Mənim üçün əsas məsələ atamın qanının yerdə qalmaması idi. Bunu özüm edə bilməsəm də, üç mindən çox şəhidimiz etdi. Atamın və digər minlərlə şəhidimizin qanını yerdə qoymadılar. Atamın uğrunda qan tökdüyü torpaq bu gün bizdədir. Bu çox böyük qələbədir.

Samirə Əşrəf

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10431
avatar

Samirə Əşrəf

Oxşar yazılar