“Məzarına bir qız xəlvət gəlib ağlayırmış...” – Şəhid idmançının ürək dağlayan hekayəti
18 sentyabr 2020 20:15 (UTC +04:00)

“Məzarına bir qız xəlvət gəlib ağlayırmış...” – Şəhid idmançının ürək dağlayan hekayəti

Lent.az -ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” layihəsi çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik.

Layihəmizin növbəti yazısı şəhid idmançı Zaur Allahverdiyevə həsr olunub.

Allahverdiyev Zaur Musa oğlu. 1969-cu il yanvarın Bakı şəhərində anadan olub. Uşaqlıq illəri daha çox İçərişəhərdə keçən Zaur orta təhsilini 198 saylı orta məktəbdə alıb. Akrobatika üzrə yarışların iştirakçısı və qalibi olub. İdman ustası adına qədər yüksəlib. Bədən Tərbiyəsi Universitetində təhsilini başa vurandan sonra məşqçi kimi işləyib. 1992-ci ildə polis sistemində işə düzəlib. Bakı Bələdiyyə Polisinin əməkdaşı, serjant Zaur Allahverdiyev 1993-cü il fevralın 12-də döyüş meydanında snayper gülləsindən şəhid olub. Ölümündən sonra Azərbaycan Prezidentinin fərmanı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub.

Uşaqlıq

İçərişəhərin daş pillələri ilə qalxdıqca yayın bürküsü daha dözülməz həddə çatır. Sağ tərəfdəki tünd boyalı qapılardan birini döyürəm. Qarşıma haqqında yazı hazırlayacağım şəhidimizin qardaşı oğlu, həm də elə əmisinin adını daşıyan yeniyetmə Zaur çıxır. Dar dəhlizdən keçib qonaq otağına doğru adlayanda orta yaşlarda arıq, sarıbəniz bir qadınla qarşılaşıram. Diqqətlə mənə baxır, nə isə demək istəyir, amma sözlərin tələffüzündə, demək istədiyini ifadə etməkdə çətinlik çəkib, doluxsunur. Əli ilə üzünü tutub, sürətlə məndən uzaqlaşır.

Qadının Zaurun qohumlarından olduğunu hiss etsəm də, onun gözlənilməz hərəkəti qəribə təsir bağışlayır. Yalnız söhbətin ortalarında bilirəm ki, Zaurun qardaşlarından biri eşitmə və danışıq qabiliyyətindən məhrumdur. Həmin xanım isə onun həyat yoldaşıdır, nitq qüsurludur. Onlara hansı səbəblə gəldiyimi bilən xanımın doluxsunma səbəbi isə üzünü heç vaxt görmədiyi qaynının erkən yaşda şəhid olması, dünyadan nakam köçməsidir...

Budur müharibə...

Yenicə universiteti bitirən, polis işləyən Zaurun arzularını tən yarıda bölən, onu evlərindən, ana-atasından, qardaşlarından ayırıb cəbhənin düz ortasına qədər aparan vətən sevgisi haqqında danışmaq üçün şəhidin anası Səkinə xala ilə söhbətə başlayırıq.

- Mən bakılı qızıyam, burda doğulub, burda da ailə qurmuşam. Üç oğlum olub. Samir, Famil, Zaur. Zaur evin sonbeşiyi idi. Onun uşaqlığı aləm idi. Mən uşaqlarımın heç birini bayıra buraxmamışam. Anadan olandan sonra onlara üç ay özüm baxmışam, üç aydan sonra isə rus dayə baxıb. İxtisasca texnoloq olmuşam, zavodda üç növbə işləmişəm. Zaurun üç yaşı olanda onu bağçaya qoymuşam, çox sakit, ağıllı uşaq olub. Yadıma gəlmir ki, müəllimlər ondan nə vaxtsa şikayət etsinlər. Elə uşaqlar vardı ki, bağçaya gedəndə ağlayırdı, amma Zaur elə şeylər bilməzdi. Çox vaxt onun əlindən tutub yol gedirdik, bəzən də olurdu ki, yorulanda qucağımda aparırdım. Bağçanı bitirəndən sonra yeddi yaşında 189 saylı məktəbdə rus qrupuna qoydum. Dəcəlliyi yox idi. Sakit oğlan idi. İndi şəkillərinə özün də baxacaqsan. Hiss edəcəksən ki, necə yumşaq xasiyyəti olub.

Şəkil

Səkinə xala hardansa tapıb gətirdiyi, şəffaflığını itirən torbanın içərisindən ömür kimi saralıb-solan şəkilləri çıxarıb, əlinin altına düzür. Əlinə keçən şəkillərin birindən üç oğlan uşağı boylanır. Səkinə xala əlini şəkilin üzərində gəzdirir. Söhbət zamanı məlum olur ki, Səkinə xalanın böyük oğlu Samir də ürək tutmasından dünyasını dəyişib.

- Zaurdan sonra Samirim də dünyasını dəyişdi. O biri oğlum isə xəstələndi. O, nitqi qüsurlular üçün on illik məktəbi başa vurmuşdu. Uşaqlarım çox ağıllı olublar. Heç vaxt bir qonşu ilə dava-dalaş etməzdilər. Bir dəfə rus qonşum bizə gəlib, Zaur ona balaca canı ilə mürəbbə, konfet, çay vermişdi. Həmin rus uzun illər bunu qonşulara fərəhlə danışırdı. Onda Zaur ikinci-üçüncü sinifdə oxuyardı, amma elə o vaxtdan istiqanlı olmuşdu. Hər üç oğlum musiqi təhsili də almışdı. Zaur gitarada çox gözəl musiqilər ifa edirdi, hərdən bir pianinoda çalmağı da vardı.

Zaur hərbi xidməti Gürcüstanda başa vurur, lakin yaxşı hərbçi və idmançı olduğundan onu hərbi hissədə saxlamaq istəyirlər. Sənədlərini özünə vermək istəmirlər. Zaurun məşqçisi bu xəbəri eşidəndə Tiflisə yola düşür, Zaurun önəmli idmançı olduğunu bildirib, onu özü ilə Bakıya gətirməyə müvəffəq olur. Bakıya qayıdan Zaur peşəkar idman ustası kimi fəaliyyətə başlayır. Müxtəlif irimiqyaslı yarışlarda iştirak edir.

Bu məqamda Zaurun ortancıl qardaşı Famil otağa daxil olur. O, sükut dolu baxışlarla bizə baxır, nə isə deməyə çalışır, qardaşının şəkillərini əlinə götürüb, diqqətlə ordan boylanan gənc, yaraşıqlı oğlanın simasına nəzər yetirir. Əli ilə bir neçə işarə göstərir, nə isə başa salmağa cəhd edir. Lakin cəhdlərinin uğursuz olduğunu görüb, susmağa üstünlük verir.

Bayaqdan fərəhlə oğlunun uşaqlıq və yeniyetməlik illərindən danışan bu ahıl yaşlı qadına Zaurun müharibəyə necə getməsi haqqında sual verirəm:

- Səkinə xala, Zaurun müharibəyə gedişi necə oldu, hansı bölgədə döyüşüb?

Ad

Boşluq və sükut yaranır. Zaurun və digər oğlunun vəfatını bir neçə dəqiqəlik də olsa unudub, onlarla yaşadığı xoşbəxt günlərə qayıdan Səkinə xala sanki birdən hansı dövrdə, məqamda olduğunu xatırlayır. Susur... Bir neçə dəqiqəlik sükutdan sonra tutqun, kədərli səslə deyir:

- Ağdərədə. Zaur Bədən Tərbiyəsi institutunu bitirəndən sonra 1992-ci ilə polis idarəsinə işə düzəldi. Bu haqda bizə heç nə deməmişdi. Sonradan mən bunu biləndə bir az qorxdum. Çünki o vaxtlar ümumən ölkədə vəziyyət yaxşı deyildi. Vəziyyət daha da pisləşəndə Zaur artıq müharibə bölgələrinə getməyə başladı. Dəfələrlə olurdu ki, evə gəlib hərbi pal-paltarda bir neçə saat yatır, gözünün acısını alıb, yenidən döyüş bölgəsinə qayıdırdı. Hər dəfə yatmazdan əvvəl deyirdi, mama, iki saatdan sonra məni oyat. Bəzən onu yuxudan dediyi vaxtda oyatmağa qıymırdım, deyirdim, bir saat da artıq yatsın, amma hərbçi dostları zəng vurub durğuzurdular. Elə iki saatlıq yuxudan sonra duyub qaçaraq gedirdi. Hər dəfə ona deyirdim ki, mama qurban, ehtiyatlı ol, özündən muğayat ol. Deyirdi, narahat olma, hər şey yaxşıdır. Elə həmin dövrdə də yoldaşım xəstələnib yatağa düşdü. Biz ona atasının xəstəliyini bildirmək istəmirdik, fikirləşirdik ki, cəbhədədir, fikirli olar, başına bir iş gələr. Ancaq xəbər tutub gəlmişdi. Atası ilə görüşüb yola düşəndə dedim, balam, sən gedirsən, atan da ağır vəziyyətdədir... Gözünün ucu ilə mənə baxıb dedi: “Gedirəm, nə vaxt buraxsalar, gələcəm”. Bu, Zaurla mənim son görüşüm oldu. O gedən getdi. Bir də yoldaşım dünyasını dəyişəndə gəldi. Atasının qırxına bir neçə gün qalmış Zaur şəhid oldu. Oğul atanın ölümünü bildi, amma atası Zaurun ölümünü bilmədi.

Bayaqdan diqqətlə bizi dinləyən Zaur, adını daşıdığı, üzünü isə görmədiyi əmisinin vurulması haqqında atasından, nənəsindən eşitdiklərini deyir: “Əmim Ağdərədə başından aldığı snayper gülləsindən dünyasını dəyişib”.

24 yaş

Zaurun dostları Səkinə anaya deyirlər ki, Zauru sabah gətiririk. Səkinə ana ağlına gətirmir ki, sonbeşiyi artıq dünyasını dəyişib, ona deyirlər ki, oğlu yaralıdır.

- Mənə demədilər artıq həyatda yoxdur. Dedilər yaralıdı, sabah gətiririk. Ertəsi gün tabutunu gətirəndə bildim ki, Zaurum şəhid olub. Bircə saat onun nəşini evimizdə saxlaya bildik. Bir saatdan sonra dəfn etmək üçün apardılar. Əlimdən getdi balam. Hamı dağılışandan sora qəbrinin yanında oturub ağlayırdım. Zaur 24 yaşına təzəcə keçmişdi. 24 yaş nə idi ki... Sevdiyi qız haqqında da mənə heç nə demədi. Amma deyəsən, olmuşdu. Çünki deyirdilər ki, istəklisi ağlayırmış onun şəhid olma xəbərini eşidəndə...

Zaur da deyir ki, əmisinin sevdiyi qız varmış:

- Molla o qızı Zaurun qəbrinin üstündə görüb atama demişdi ki, Zaurun məzarına bir qız xəlvət gəlib ağlayır, “sən məni necə tək qoyub getdin?” - deyirmiş. O qızın kimliyini konkret olaraq atam bilmişdi. Ancaq bu haqda bizə heç vaxt heç nə deməmişdi.

Atam həmişə deyirdi ki, əmim çox vətənpərvər adam olub. O, heç nəyə baxmayaraq, müharibə başlayan kimi cəbhəyə yollanmışdı.

Söhbətimizin bu yerində Zaurun bibisi oğlanları Saleh və Valeh də danışmağa, söhbətə qoşulmağa başlayırlar. Onlarla Zaur arasında xeyli yaş fərqi olsa da, Saleh müəllim otuz il əvvələ qayıdır, gənc Zauru xatırlayır:

- Zaur bizim əlimizdə böyümüşdü. Aramızda on bir yaş fərq olub. Mən ondan böyük idim. Zaur məktəbdə oxuyanda çox yaxşı, sözəbaxan şagird olub. Biz nəsillikcə vətənpərvər olmuşuq. Tələbə vaxtı burda dayımın evində qalmışıq. Zauru bağçaya, kinoya, hamama çox vaxt biz aparıb gətirərdik. Allah rəhmət eləsin, dayımgilin ailəsi ilə bizim ailə arasında ayrı-seçkilik olmayıb. Dayım özü də çox zəhmətkeş, bacarıqlı insan olub. Oğlunun şəhid olmasından bir ay qabaq dünyasını dəyişdi. Zaur da bizim əlimizdən quş kimi uçub getdi.

Şəhidlik allah məqamında ən yüksək pillədir. Zaura həmin pilləyə çıxmaq nəsib olub. Atasının, anasının zəhmətini itirmədi. Biz hamımız dünyadan gedəcəyik, Zaurdan sonra da bizim xeyli qohum-əqrəbamız dünyadan getdi. Amma şəhid adı Zaura qismət oldu. Zaur şəhər uşağı olsa da, bir tərəfi Ağdamlı idi. Ona görə orda gedən müharibə ona pis təsir etmişdi. Müharibəyə gedişi də könüllü olmuşdu. Onu saxlamaq mümkün deyildi. Yadıma gəlir, cəbhəyə də dostunun yerinə könüllü getdi. Dostu ailəli idi. Zaur dedi ki, mənim evdə qardaşlarım var, ailəm də yoxdu, amma onun ailəsi var. O, qalıb balalarına çörəkpulu qazanmalıdır. Bu haqda qəzetlərdə də yazmışdılar. 

Quruyan göz yaşı

Valeh bəy isə deyir ki, bir dəfə müharibədən bir az əvvəl Azneft dairəsində rastlaşdıq. Əl çəkmədi ki, gedək bizə. Gəldik bura, yaxşı məclis keçirdik. Çox qonaqpərvər, istiqanlı adam idi. Bilirdi ki, evimiz Bakıdan çox uzaqdı, ona görə harda rastlaşırdıqsa, mütləq bizi dartıb evə gətirər, yedirib-içirib yola salardı. Biz onu heç gözüdolusu görə bilmədik. Dayım rəhmətə getdi, onun qırxına bir gün qalmış Zaur şəhid oldu.

Səkinə xanım deyir ki, nəvəsinə oğlunun adını qoymağı o özü istəyib. Amma uzun müddət nəvəsini adı ilə çağırmaqdan çəkinib.

- Zaur adını ona özüm verdim, dedim, özünün oğlu olmadı, heç olmasa, qardaşının oğlu onun adını yaşatsın. Amma mən nəvəmi uzun müddət öz adı ilə çağırmadım. Uşağa görə pis olurdum. Atası çox vaxt Zaur, ya da “qaqaş” deyə çağırırdı. O da qardaşının əvəzində oğlunu görürdü. Mən də çox vaxt “qaqaş”, “qardaş” deyirdim. Günü bu günə qədər də Zauru elə gün olmayıb ki, xatırlamayım. Sonradan Samiri də itirdim. İndi ikisini də birdən yadıma salıram. O qədər ağladım ki, gözlərim tutuldu. Gözümdən əməliyyat olundum. Həkimlər deyirlər ağlama, ağlasan kor qalacaqsan, gözlərin tutulacaq. Ona görə də indi sizinlə danışa-danışa gözümdəki yaşı içimə axıdıram.

Sağollaşıb çıxıram. Qapıya qədər məni ötürən Zaur əmisinin adını daşıdığı üçün fəxr etdiyini, üzünü görməsə də onunla qürur duyduğunu dilə gətirir. Əmisindən yadigar qalan hərbi paltarı və bayrağı isə həmişəlik yadigar saxlayacağını bildirir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 62206
avatar

Samirə Əşrəf

Oxşar yazılar