“Əsir düşdü... yandırıb, səsini yazmışdılar lentə...” – Şəhid qəhrəmanın bacısı danışır
08 yanvar 2020 20:15 (UTC +04:00)

“Əsir düşdü... yandırıb, səsini yazmışdılar lentə...” – Şəhid qəhrəmanın bacısı danışır

Lent.az -ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” layihəsi çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik.

 

Layihəmizin növbəti yazısı şəhid Milli Qəhrəmanımız Səfiyar Behbudova həsr olunub.

 

 

Behbudov Səfiyar Abuzər oğlu. 1967-ci il iyunun 18-də Bərdə rayonunun Mollalı kəndində anadan olub. 1984-cü ildə 6 saylı Bərdə şəhər orta məktəbini bitirdikdən sonra sovet ordusu sıralarına hərbi xidmətə çağırılır. Ordudan tərxis olunduqdan sonra zabitlik kursunu kiçik leytenant rütbəsi ilə bitirən Səfiyar, 1988-ci il Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından olur. Bərdədə "Soy" Demokratik Gənclər Təşkilatını yaradaraq gəncləri öz ətrafında toplayır. Xocalı soyqırımından bir həftə sonra isə Bərdə özünümüdafiə batalyonunda bölmə komandiri təyin edilir.

 

1992-ci il mart ayının 11-də Qaraqaya deyilən yerdə düşmənin böyük qüvvəsilə ağır döyüşə girirlər. Ermənilər Səfiyarı yaralı vəziyyətdə əsir götürürlər. 10 günlük əsirlik həyatında olmazın işgəncələrə məruz qalan döyüşçümüz düşmənə heç bir sirr vermədiyi üçün ayaqlarını məftillə bağlayaraq, üzərinə neft töküb, yandırırlar.

 

Gənc zabitin yanmış cəsədi 1992-ci il martın 21-də Ağdam Rayon Milis şöbəsinin köməkliyi ilə geri alınır.

 

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Behbudov Səfiyar Abuzər oğluna "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.

 

Bacı

 

Müharibəyə kişilər gedir, düşmənlə üz-üzə, göz-gözə gələn, döyüşüb, vuruşub qan tökən də onlar olur. Vətənin yumşaq torpağını özlərinə son mənzil edənlər də yenə kişilər, vətən oğulları olurlar. Yaradılış etibarı ilə əsasən arxa cəbhəni təmsil edən, oranın ayıq-sayıq əsgərinə çevrilən, ocaq başını səngər edənlər isə analar, bacılar, qızlardı. Bu günə qədər tanış olduğum şəhid ailələrində ilk və ən dözülməz göz yaşları şəhid bacılarının gözlərindən axıb.

Qarabağ müharibəsi isə yüzlərlə qızı, gəlini yaslı etdi. Qızlarımız ərə gedib, duvaq taxmadılar, oğul-uşaq sahibi olmadı. Ərə gedənlərimiz isə saçlarının birini ağ, o birini qara hördülər. Toyda-düyündə qol qaldırıb oynamadılar. Xınalanmadılar, allı-güllü paltarlar geyinmək onların nəsibi olmadı. Şəhid bacıları tanıyıram ki, heç vaxt qara paltardan çıxmadı. Həmişə o ada, o zirvəyə olan hörmət hissinin azalmasına imkan vermədi.  Onlar mərdliklə, mətanətlə, namusla özlərini, həyatlarını, ömürlərini qardaşlarının son gününə, faciəvi taleyinə, şəhidlik məqamına qurban verdilər.

 

Qarşımda əyləşən, gözləri, baxışları uzaq-uzaq illərdən kədərli xəbərlər gətirən Naibə Behbudova da şəhid bacısıdır. Özündən on yaş balaca qardaşı Səfiyar Behbudovu ən gözəl yaşında, gəncliyinin ən gözəl dövründə torpağa tapşırıb.

 

Səfiyarın Qarabağa yollanması, vətən üçün etdiyi fədakarlıqlar nə qədər qürurverici olsa da, ömrünün 24-cü ilində düşmən tərəfindən əsir götürülərək işgəncələrə məruz qalaraq şəhid olması bir o qədər də qəlb göynədəndir.

 

Rəssam

 

Altı uşaqlı ailədə böyüyən Səfiyar orta məktəb dövründən rəssamlığa meyl edir. Xüsusilə də tarixi şəxsiyyətlərin Nizaminin, Nəsiminin, Koroğlunun, Babəkin portretlərini çəkməyi çox sevərmiş. Orta məktəbi bitirəndən sonra isə hərbi xidmətini yerinə yetirmək üçün Macarıstana yollanır. Xidmətini başa vurub vətənə qayıdanda artıq ölkədə də siyasi vəziyyət pisləşməyə, gələcəyin ağır, məşəqqətli sınaqlarının yaxınlaşmasından xəbər verirdi. Səfiyar baş verənlərə biganə qala bilmir. Azadlıq hərəkatına birinci qoşulan adamlardan olur. Naibə xanım, Səfiyarı azadlığa, ordan da qanlı döyüşlərə aparan illərdən bir az əvvələ, uşaqlığına qayıdır.

Uşaqlıqdan çox qaynar, çılğın idi. Hər şeylə maraqlanır, bilmədiklərini inadla öyrənməyə çalışırdı. Ucalığı, xəyallar qurmağı çox sevirdi. İcad etməyi, quraşdırmağı xoşlayırdı. Hələ yeniyetmə vaxtlarından deyirdi ki, elə bir aparat kəşf edəcəm ki, onun vasitəsi ilə havaya qanadlana bilim. Öyrənib bilmək üçün suallar verməkdən yorulmazdı. Hissiyyatı çox güclü idi. Otuz il sonra nə baş verəcək hamısını deyirdi. İndi baxıram ki, onun dediklərinin çox baş verib. Əsgərlik yaşına çatmışdı, amma inadından dönmürdü. Gedirdi cürbəcür aparatlar tapıb gətirir, onların üzərində işləyirdi. Deyirdi mən sizə sübut edəcəm ki, insan da uça bilər. Yəni heç vaxt boş dayanmazdı. Həmişə nəsə axtarıb tapır, özünü tapıntısına həsr edirdi. Bəzən günlərlə bir maketin hazırlanması üçün əlləşib, vuruşardı. Yadıma gəlir, hardansa qurğuşun tapmışdı, həmin qurğuşundan Koroğlunun büstünü hazırladı.

 

Həmişə atam işə gedəndə ona tapşırardı ki, mənə gil gətir. Sonra həmin gildən heykəllər düzəldib ocaqda bişirirdi. Çəkdiyi rəsmlər, hazırladığı heykəllər üçün mütləq araşdırmalar edər, şəxsiyyətlərin həyatını, onların yaşadığı dövrü öyrənərdi.

 

Uçuş

 

Dövrün ən qaranlıq dönəmlərinə tuş gələn Səfiyar təəssüf ki, nə rəssam, nə də heykəltəraş ola bilir. O, ölkədə baş verən hadisələrə biganə qala bilmir. Uçmaqla bağlı arzu və istəklərini, qanadları ilə birlikdə hardasa evlərinin, həyətlərinin bir küncündə gizlədir, unutmağa çalışır. Həyatının ən ağır, ən gedər gəlməz uçuşları üçün məşqlər edir. “Soy” adlı demokratik gənclər təşkilatını yaradır. Həmin ərəfələrdə ölkədəki vəziyyət daha da pisləşir, düşmən yaşamağa, xoş gün görməyə imkan vermir. Səfiyar cəbhəyə getməyə, qanlı döyüşlərdə iştirak etməyə başlayır. Qanad taxıb uçmaq istədiyi günlər geridə qalsa da, ruhi uçuş onu düz şəhidlik mərtəbəsinə, əbədi ruhlar aləminə qədər aparıb çıxarır.

Naibə xanım deyir ki, qardaşının müharibədən kənarda qalması mümkünsüz idi:

 

Səfiyar müharibəyə getməyə bilməzdi. O, hələ uşaqlıqdan vətənpərvər ruhda böyüyürdü. Yadıma gəlir, Səfiyar azadlıq hərəkatına qoşulanda hamı ona gülürdü, qohumlarımız, dayılarım deyirdilər ki, əl çək bu işlərdən. Hamı onu danlayırdı. Elə olanda həftələrlə yoxa çıxır, heç kimə görünmürdü. Deyirdi ki, mən heç vaxt rus təhsili almayacağam, Ali təhsilimi Türkiyədə, ya da başqa bir müsəlman ölkəsində alacam. Dediyini də elədi, bizim hamımız ali təhsil alsaq da, o, universitetə sənəd vermədi. Halbuki artıq onun vaxtı ötürdü.

 

Xocalı

 

Beləliklə, orta məktəbi əla qiymətlərlə bitirən, gözəl əl və düşüncə qabiliyyəti olan Səfiyar müharibə başlanan kimi ilk silah götürənlərdən, cəbhəyə yollananlardan olur. Ailə üzvləri onun gəncliyini, arzularını nəzərə alıb, ona öyüd-nəsihət etməyə çalışsalar da heç nə hasil olmur. Səfiyar vətənin ən ağır zamanında, Xocalının işğalından dərhal sonra cəbhəyə yollanır. Naibə xanım qardaşının qərar verdiyi o tarixi anı xatırlayır:

 

Xocalının işğalı onu çox sarsıtmışdı. Onsuz da xeyli narahat, təlatümlü xarakteri vardı. Amma bu hadisə onu daha da təsirləndirdi. Bir gün evə gəlib bizim hamımızı bir otağa yığıb, dedi: “Xocalıdan sonra bizim yaşamaq haqqımız yoxdur. Mən daha belə yaşaya bilmərəm”. Elə o gecədən sonra cəbhəyə yollandı. Şuşa, Laçın, Tərtər, Ağdərə hamısını gəzirdi, döyüşlərdə iştirak edir. Çox vaxtı biz onun harda olduğundan xəbər tuta bilmirdik. Bəzən gecə ilə gəlib paltarlarını yudurdar, ertəsi gün də geri qayıdardı. Ancaq sonradan Bərdə özünü müdafiə batalyonu yaradıldı. Səfiyar batalyonda “vzvod” komandiri təyin olundu. Maraqlısı o idi ki, o qədər qan-qadanın, ağrının içərisində Səfiyar həm döyüşür, həm də rəssamlıq edirdi. Batalyonu bütünlüklə rəsmləri ilə bəzəmişdi. Batalyonda Səfiyara “Mixaylo” ləqəbi vermişdilər.

 

Səfiyarın anası bütün analar kimi oğlunu müharibəyə yollamaq, onu itirmək istəmir. Onun üçün elçi, gedib nişan taxmağı arzulayır. Bu barədə Səfiyara deyəndə razılaşmır. Müharibədir, heç kimin qızını bədbəxt eləməyək deyir. Sonra anasının əlinə iki qumbara tutuzdurub deyir: qızlarını hara yola salırsan, sal, mən sənə heç nə deyə bilmərəm. Amma özün qal ocağının başında, evi boş qoyma. Düşmən gəlsə, bu qumbaraları at, qorxma. Amma mən sənə əminliklə deyirəm ki, Bərdəyə düşmən ayağı dəyməyəcək. 

 

Ana

 

Naibə xanım əziyyətlə qardaşı ilə son görüşlərdən birini yada salır. Səfiyarın müharibənin ən çətin dövrlərində əsgərləri öz evlərinə gətirməsi, onları yedirib içirib yola salması, onlara həm vətən oğlu kimi, həm də bəlkə də bir saatdan sonra şəhid olub torpağa tapşırılacaq qəhrəman kimi yanaşması Naibə xanımı yenidən dilləndirir:

 

Evimizə gətirdiyi əsgərlərin çox Bərdəli deyildi. Onların içərisində Bakıdan gələn, meyxana deməyi bacaran bir oğlan da vardı. Bizə gəlib gedəndən bir neçə gün sonra o, oğlan şəhid oldu. Onun ölümünə çox sarsıldı. Dedi, o günkü bakılı uşağın meyiti gəldi, heç toyu da olmamışdı. Belə belə hadisələrə onu müharibədən qopmağa, cəbhədən aralaşmağa qoymadı. Biz bilirdik ki, o, geri qayıtmaq fikrindən çox uzaqdı. Bir gün də özü bizim bu fikrimizi qətiləşdirdi.

 

Son dəfə evə gələndə bizim hamımızla görüşdü. Dedi, mən qadın kimi başıma ləçək bağlayıb burda otura bilmərəm. Qardaşım onu qorxutmaq istədi. Dedi, səni düşmənlər əsir götürəcək, tikə-tikə doğrayacaq, yandıracaqlar. Dediklərimizin heç biri ona kar eləmədi. Dedi məni tikələyəcəklər deyə torpaq əldən getməli, vətən işğal olunmalıdır? Hamı öz canını götürüb, qaçıb gizlənməlidir?! Yadıma gəlir onda anam ağladı, başqa otağa keçib pıçıltı ilə dedi: Elə bil mənimlə həmişəlik vidalaşmağa gəlib. Otağa anamdan xəbərsiz girən Səfiyar, onun üzündən öpdü, qolundan yapışıb yenidən otağa gətirdi. Dedi, ana, sən elə bil bu dünyaya üç oğul yox, iki oğul gətirmisən. “Mən bu gündən bu ailəyə aid yox, bu vətənə, bu torpağa aidəm. Siz üç rəngli bayrağa bürünüb getməyin nə demək olduğunu heç vaxt bilə bilməzsiniz. Ölənə qədər hərbi formanı əynimdən çıxartmaram.”

 

Səfiyar sözdə yox, əməldə qəhrəman idi. Düşündüyü və dediyi sözlərin məsuliyyətini hiss edir, qarşıda onu amansız günlərin gözlədiyini də duyurdu. Lakin heç nəyə və heç kimə baxmayaraq evlərindəki ailə üzvləri ilə sağollaşıb evdən çıxır. Hücum başlanır. İlk əməliyyatlar uğurla həyata keçirilir, Səfiyar mühasirəni yararaq digər döyüş yoldaşlarını mühasirədən xilas edir. Lakin döyüşə-döyüşə Əsgərana qədər gedib çıxır və elə orda düşmən tərəfindən əsir götürülür. Döyüşə getməzdən əvvəl isə hamıya bərk-bərk bir məsələ barədə tapşırır. “Əsir düşsəm, məni heç nəyə dəyişməyin”.

 

Yuxu

 

Naibə xanım bütün bunları danışır, qardaşına verilən işgəncələrdən ailənin və özünün xəbərdar olduğu hissləri nəql edəndə səsi qırılır, gözlərində yaş damcıları görsənir. Bayaqdan əsl mətanət, dözüm nümayiş etdirən bacı qəlbi bu məqamı nəql etməyə dözmür. Amma özünü ələ alıb qardaşının tarix yazdığı həm də tarixə qovuşduğu günləri xatırlayır

 

Səfiyarı huşsuz halda əsir götürmüşdülər. Günlərlə ona əziyyət, işgəncə vermişdilər. İşgəncə verəndə səsini lentə yazdırıb sonra ratsiya vasitəsi ilə bizimkilərlə eşitdirirmişlər. Bizimkilər, qohum-əqrəba düz on gün onun sağ qayıdacağına ümid etdik. Səfiyarın ölümündən bir neçə gün öncə anam çox narahat oldu. Bir səhər anam yuxudan ayılıb dedi ki, Səfiyarın başında bədbəxtlik var. Ona təsəlli verməyə, ovutmağa çalışdıq. Dedi, məni aldatmayın, gecə yuxu görmüşəm. Yuxuda gördüm ki, evin bir küncündə kimsə ağlayır, ona yaxınlaşanda gördüm atanız xısın-xısın ağlayır. Səbəbini soruşanda qaçıb Səfiyarın otağına girib yox oldu. Atanıza nə isə əyan olub.

 

O gündən sonra Səfiyarın axtarışları yenə də davam edir. Əsgər yoldaşları, qohumları bütün xəstəxanaları, meyitxanaları əldən ayaqdan salırlar. Amma axşam düşəndə hamı ümidsizcəsinə, bir-birinin üzünə baxmaqdan çəkinə-çəkinə dağılışıb gedir. Səfiyarla əsir düşənlərin hamısının cənazəsi gəlib çıxsa da, ondan heç bir xəbər çıxmır. Bir neçə gün sonra ailənin gözü yollardan yığılır. İgid vətən oğlunun nəşi düşməndən təhvil alınır, doğulduğu evə gətirilir. Naibə xanım danışmaqda çətinlik çəkir, səsi qırılır, amma qardaşının başına gətirilənləri ürəyində saxlamağa da çətinlik çəkir. Dərd, qüssə ürəyinə ağırlıq edir, ağırlıqdan xilas olub yaxa qurtarmaq üçün söhbətinə davam edir.

 

Ucalıq

 

Axtarışlar ara verəndən sonra bizə xəbər gəldi ki, Səfiyarı gətirirlər. Biz bilmirdik o sağdır, yaralıdır, ya ölü. Son ana qədər bizə nəsə deməyə heç kim cürət etmədi. Bir o yadıma gəlir ki, həyətimizin qapıları taybatay açıldı, təcili yardım maşını həyətə girdi. Ona qədər mətanətlə dayanan qardaşım hönkürtü ilə ağladı. Onda biz bildik ki, Səfiyar artıq yoxdur. Qardaşımın səsini, o anları bu günə qədər də unuda bilmirəm. Ermənilər ona işgəncə verərək, yandıraraq öldürmüşdülər. Biz onun nəşini təhvil alanda cəsədinin üstündəki işgəncə izlərini, ayaqlarına sarınan dəmir məftilləri də öz gözlərimizlə gördük. Halbuki biz onun sağ qayıdacağını gözləyirdik. Fikirləşirdik ki, müharibədən gələcək, toy edəcəyik. Hərədən fikirləşirəm ki, heç olmasa bir nişanlısı olardı, nişanlı olmağın şirinliyini yaşayardı Səfiyar. İndi incəsənətlə, rəsmlə bağlı nə görürəmsə, onu xatırlayıram. Fikirləşirəm ki, Səfiyar sağ olsaydı bəlkə də yaxşı bir rəssam, ixtiraçı, alim olardı.

 

Söhbətimizin sonunda Naibə xanım qardaşı ilə bağlı maraqlı bir xatirəni də nəql edir. Hələ gənclik illərindən yaxşı dostluq etməyi bacaran bu çılğın xasiyyətli oğlanın yaxşı, savadlı, dünyagörüşü geniş olan dostları olub. Cəbhə bölgəsinə getməzdən əvvəl dostları ilə vədələşib bir çox tarixi hadisələrin, görüşlərin baş tutduğu yerlərdə görüş keçirərmiş. Belə görüşlərdən biri də Suqovuşanda olub. O vaxt Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatları 1991-ci il mayın 27-dən 28-nə keçən gecəni Kürlə Arazın qovuşduğu yerdə keçirməyi qərara alırlar. Həmin ilk görüşdə tonqal çatılır və dostlar iki çayın qovuşduğu nöqtədə bitmiş nəhəng ağacın altında toplaşırlar. Onların içərisində Qabil müəllim (Qabil Abbasoğlu - S.Ə.) də olur. Səfiyar dostlarından xahiş edir ki, hərə cibində olan bir əşyanı çıxarsın, ağacın altında basdıraq. Dostların hərəsi ortaya bir əşya qoyur. Qabil müəllimin cibindən qələm, Səfiyarınkından isə patron çıxır. Söz verdikləri kimi, əşyaları bir selofana büküb, ağacın altında basdırırlar. Elə həmin ağacın altında dostlar bir-birlərinə söz verirlər ki, hər il eyni gündə, eyni saatda həmin ağacın altında yığışsınlar. Bu vədələşmədən bir neçə ay sonra Səfiyar şəhid olur...

 

Naibə xanım sözlərinin ardını təsəlli ilə bitirir:

 

Səfiyar güllə ilə ucaldı, Qabil müəllim də qələmin arxasınca getdi. Aradan otuz ilə yaxın vaxt keçir. Bu illər ərzində dostların əmanəti basdırdıqları həmin yeri su basdı, o nəhəng ağacı ildırım vurdu. Amma hər il eyni tarixdə o dostlardan bir nəfər də olsa, mütləq Suqovuşandakı həmin görüş yerində olur, o gecə o bayraq orda ucalır, o tonqal yenə qalanır. Əminəm ki, həmin gecə Səfiyarın ruhu da orada, o tonqalın ətrafında, o bayrağın altında dolaşır...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 15748
avatar

Samirə Əşrəf

Oxşar yazılar