“Polad Həşimov şəhid olanda, o da yaralanmışdı, sağaldı. Bu dəfə də yaralanıb, ona deyiblər getmə. Deyib yox, orda iki yaralı var, onları gətirməliyəm”.
Bunu Lent.az-a şəhid Ayaz Azər oğlu Nəzərovun anası Sima xanım deyir.
Sima xanım
Ayaz Nəzərov bu ilin yanvar ayının 11-də Kəlbəcərdə şəhid olub. O, Tovuz rayonunun Bozalqanlı kəndində doğulub və orda böyüyüb...
Elə anası ilə də söhbəti Tovuzda, Ayazın böyüdüyü evdə, ona ayrılan otaqda edirik.
- Mənə hey deyirdi ki, “Ana, mən şəhid olacam”. Ayaz qəhrəman, öz canından qorxmayan oğul idi. Nişanlı idi. Arzuları vardı, Mənə çox söz vermişdi. Sözünə əməl etmədi. Ona deyiblər ki, getmə, amma gedib.
Ayaz müddətdən artıq həqiqi hərbi qulluqçu olub. O, həkim-feldşer kimi çalışırdı... Son 1 ayı Kəlbəcərə ezam olunub...
Bu masada gördüklərimizdən bəziləri Ayaz şəhid olanda cibindən çıxan əşyalardı...
- Qonşumuz da şəhid olmuşdu, ona görə toyu qalmışdı. Amma bu ay toyu olacaqdı. Əsgərliyə getdi, gəldi. 2 il yarım idi ki, Ağdamda hərbi həkim köməkçisi işləyirdi. Özü də yol polisliyini bitirmişdi. Aldığı hər şeyi qəbiristanlıqda yandırdım. Ayaz anasını yazıq etdi. Polad Həşimov şəhid olanda o da yaralanmışdı, amma sağaldı.
Bu dəfə də yaralanıb, ona deyiblər getmə. Deyib yox, orda iki yaralı var, onları gətirməliyəm. Birini gətirib, digərini gətirəndə vurublar. Elə orda da şəhid olub.
Nikahı kəsilib, ömrü yarıda qalıb...
- Nişanlısı ilə kəbini də, nikahı da kəsilmişdi. Son 1 ay idi dalaşmışdılar, amma bilirdim ki, barışacaqlar. Hər dalaşan ayrılmır axı. Bir ay idi Kəlbəcərə getmişdi. Mənə zəng etdi ki, “ana. yeməkləri bişir, sabah gələcəm”. Sən demə, danışandan sonra da vurublar. Bu, bizim son danışığımız oldu.
Sima xanım deyir ki, nişanlısı hər gün qəbrinin üstünə gedir, dəli olub. O qız yenə mənim ürəyimdədi. Balamın bütün arzuları ürəyində qaldı. Toyuna alınan hər şey merət qaldı. Qızım Aytən də toyu günü özünü körpüdən atdı. Qaynanası şər atmışdı deyə. Bu dərdlərə necə dözüm bilmirəm.
Ayın 16-sı Ayazın dünyadan kənarda 24 yaşı olacaq...
- Bu ayın 16-sı Ayazımın doğum günüdür. 24 yaşı olacaq. Bir gündə bəlkə də on dəfə onu ziyarət edirəm, amma o mənə cavab vermir. Ölmək də var, ölmək də... Ona deyiblər axı, getmə.İş yerində hələ də adını siyahıdan çıxarmayıblar. Heç kimin əli gəlmir onun adını silsin.
Ayaz şəhid olmazdan əvvəl erməni maşınını partladıb...
- Şəhid olmazdan qabaq da erməni maşınını partladıb. Ona medal, təşəkkürnamə vermişdilər. İndi məni də onun şəhid olduğu yerə aparacaqlar. Qonşularda nə qədər toy olasıdı, heç biri Ayaza görə etmir. Ayaz dəfn olunanda 2-3 minə qədər adam vardı. Onunla eyni vaxtda əmisi qızının həyat yoldaşı Anar Nağıyev də şəhid oldu. Ad günündə Ayazın bulağının açılışı olacaq. Bu da bir təsəllidi...
Bu ayın 16-sı açılışı olacaq bulaq.