Son zamanlar autizmlə doğulan uşaqların sayı kəskin artır – HƏKİMLƏ MÜSAHİBƏ
13 yanvar 2023 10:14 (UTC +04:00)

Son zamanlar autizmlə doğulan uşaqların sayı kəskin artır – HƏKİMLƏ MÜSAHİBƏ

Pediatr Elşən Tağıyevin Lent.az-a verdiyi müsahibəni təqdim edirik:

- Hər il qış aylarında, havaların getdikcə soyuması, xüsusilə bağça və məktəb yaş dövrü uşaqların tez-tez xəstələnməsinə səbəb olur. Ümumiyyətlə, uşaqların mövsümi virus və xəstəliklərdən necə qoruya bilərik?

- İlk növbədə uşaqlar təmiz havada çox vaxt keçirməlidir. Bundan əlavə olaraq fiziki aktivlik, idman immunitet sistemini gücləndirən faktorlardır. İmmunitet sisteminin gücləndirilməsi üçün soyuq aylarda mütləq D vitamini profilaktiki dozada alınmalıdır. D vitaminin 20%-i yalnız qida ilə qəbul edilir. Qalan 80%-i isə günəş şüaları vasitəsilə qəbul edilir. 

Əgər, uşaq açıq havada vaxt keçirmir və günəş şüalarını qəbul etmirsə, mütləq D vitaminini qəbul etməlidir. 

Risk qrupuna aid olan uşaqlar xroniki xəstəliyi olan, allergik xəstəliyi olan körpələrdir. Bu cür uşaqlar, ümumiyyətlə, mütləq qrip əleyhinə peyvənd olunmalıdır. Bütün bu kompleks tədbirlər yuxarı tənəffüs yolu infeksiyalarının qarşısını almağa, ən azından xəstəliyə yoluxma hallarını minimuma endirməyə imkan verir.  

- Xəstəliklərdən qorunmaq üçün uşaqlar müxtəlif dərmanların, o cümlədən antibiotiklərin istifadəsinə məruz qalırlar. Bəzi valideynlər həkim məsləhəti olmadan uşaqlara antibiotik verirlər. Bu nə dərəcədə düzgündür?

- Yuxarı tənəffüs yolları infeksiyalarının bir çoxu virus mənşəli infeksiyalardır. Bildiyimiz kimi virus mənşəli infeksiyalara antibiotiklər kömək etmir. 

Antibiotiklər bakteriya əleyhinə olan preparatlardır. Antibiotiklər yalnız həkimin icazəsi ilə qəbul edilməlidir. Valideynlər özbaşına, həkimin məsləhəti olmadan antibiotikdən istifadə etməməlidir. 

Xatırladım ki, bütün xəstəliklərə təsir edən universal antibiotik yoxdur. Hər bir xəstəliyin özünə uyğun antibiotik var. Bu baxımdan antibiotik həkim tərəfindən təyin edilir. 

- Uşaqlarda lazımsız antibiotik istifadəsinin zərərləri nələrdir?

Lazımsız antibiotik uşağın immunitet sistemini zəiflədir. Bundan əlavə olaraq uşağın mədə-bağırsaq sisteminə, bağırsağın florasına mənfi təsir göstərir. Bu baxımdan həkimin göstərişi olmadan uşağa lazımsız antibiotik vermək düzgün deyil. Bu, gələcəkdə bir çox fəsadlara yol aça bilər. 

- Yeni doğulan körpələrdə ən çox hansı xəstəliklər müşahidə olunur?

- Son illərdə uşaqlarda daha çox autizm və autizm spektr xəstəliklərinə rast gəlirik. 30-40 il bundan əvvəl hər 1000 uşaqdan birində bu xəstəliyə rast gəlinirdisə, hazırda hər 50 uşaqdan birində bu xəstəliyə rast gəlinir. 

Bundan əlavə ən yüngül hallarda isə ünsiyyət və davranış problemlərinə rast gəlirik. Bunu insanların informasiya texnologiyalarından daha çox istifadə etməsilə əlaqələndiririk. Bildiyimiz kimi 18 ayına qədər uşağın televizora və ya telefona baxması məsləhət görülmür. 

- Vaksinlər (peyvənd) haqda nə düşünürsünüz? Sizcə, uşaqlarımıza peyvənd etdirməliyikmi? Onların əks təsiri varmı?

- Peyvəndlərin faydası 10 illər ərzində aparılan kliniki tədqiqatlar və müşahidələr vasitəsilə sübut olunub. Peyvəndlər bir çox ölümcül xəstəliklərin bir xəstəlik kimi aradan qaldırılmasına səbəb olub. 

Bir zamanlar çox geniş şəkildə yayılan təbii çiçək xəstəliyi peyvəndləmə nəticəsində aradan qaldırılıb. Təbii ki, hər bir preparat kimi peyvəndlərin də müəyyən əlavə təsirləri var. Amma bu təsirlər peyvəndin faydaları ilə müqayisə olunmayacaq qədər azdır. Ona görə də birmənalı olaraq uşaqlar peyvənd olunmalıdır. 

- Uşaqlara immunitet gücləndiricilər verilə bilər?

- Normal immun sistemi olan bir insanın immun gücləndiricilərə ehtiyacı yoxdur. Uşağın sağlam şəkildə böyüməsi və xəstəliklərə tez-tez yoluxmamaları üçün təbii yollarla immunitet sistemi gücləndirilməlidir. 

Valideynlərin bir çoxu uşaqlarının immunitet sisteminin gücləndirilməsi üçün müxtəlif preparatlardan istifadə edirlər. Lakin bu, heç də düzgün deyil. Bu tip preparatların uşağın immunitet sisteminə heç bir faydası yoxdur. Bu preparatlar potensial olaraq sağlamlığa zərər vura bilir. Bu kimi “immun gücləndirici”lərdən istifadə edilməsini tövsiyə etmirik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5640
avatar

Arzu Qurbanlı

Oxşar yazılar