Peyvənd olunmayanları hansı təhlükə gözləyir? – Professorla müsahibə
05 may 2022 13:35 (UTC +04:00)

Peyvənd olunmayanları hansı təhlükə gözləyir? – Professorla müsahibə

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, professor Hüseyn Qabulov uşaqlara vurulan profilaktik peyvəndlə bağlı mətbuata müsahibə verib.

Lent.az həmin müsahibəni sizə təqdim edir:

- Son zamanlar sosial şəbəkələrdə bəzi “mütəxəssislər” peyvəndlərin insan orqanizmi üçün təhlükəli olması barədə fikirlər səsləndirirlər...

- Yoluxucu xəstəliklərlə mübarizədə vaksinasiyanın ən vacib profilaktika üsulu olduğu artıq bütün dünyada sübut olunub və bunun bəzi “ekspertlər” tərəfindən şübhə altına alınması təəccüb doğurur. Peyvənd sayəsində milyonlarla insanın həyatı xilas edilib, çiçək xəstəliyinin kökü kəsilib, meningit, poliomielit, məxmərək və difteriyaya yoluxma halları xeyli azalıb.

Yoluxucu xəstəliklər erkən yaşlarda müşahidə olunan bütün xəstəliklərin əhəmiyyətli hissəsini təşkil edir. Bu xəstəliklər, xüsusən də körpələrdə, çox vaxt ağır davam edə və hətta əlilliyə gətirib çıxara bilər. Bu cür xəstəliklərin qarşısını almağın ən təsirli üsullarından biri də immunizasiya və ya peyvəndləmədir.

Peyvənd insan bədəninin təhlükəli infeksiyalara qarşı müqavimətini qüvvətləndirən xüsusi hazırlanmış tibbi-immunobioloji preparatdır. Müasir peyvəndlər ciddi xəstəliklərə və hətta ölümə səbəb olan əksər viral və bakterial infeksiyaların qarşısını effektiv şəkildə ala bilir.

- Peyvəndlər insan bədəninə hansı üsullarla daxil edilir?

- Peyvəndlər insan bədəninə müxtəlif üsullarla yeridilir. Onların seçimi qoruyucu immunitetin formalaşma mexanizmi ilə müəyyən edilir. Vaksinləri əzələdaxili, dəridaxili, dərialtı, oral (vaksinin bir dozası pipetlə uşağın ağız boşluğuna yeridilir), intranazal (burundaxili) yolla bədənə yeritmək olur.

- Bəzi valideynlər peyvəndlərə şübhə ilə yanaşırlar. Onlar immuniteti peyvəndlə yox, təbii yolla - xəstələnməklə əldə etməyi doğru hesab edirlər. Sizcə, hansı yanaşma doğrudur?

- Peyvəndlər immunitet sisteminə spesifik mikrob və viruslara qarşı lazımi qoruyucu antikor hüceyrələrinin yaranmasına kömək edir. Patogen mikroblar bədənə daxil olanda, bu hüceyrələr zərərli mikrobları tez və effektiv şəkildə tanıya və zərərsizləşdirə bilirlər.

Bəzi insanlar xəstəlikdən sonra infeksiyaya qarşı immunitetin davamlı və "təbii" olduğuna inanırlar. Bir şəxs yoluxucu xəstəliyi nisbətən asanlıqla keçirsə belə (məsələn, pnevmokok, meningokok və ya hemofil infeksiyasını), ona qarşı immunnitet adətən qeyri-sabitdir və yoluxanlar yenidən xəstələnməmək üçün peyvəndlənməlidir.

Əgər insan peyvənd olunmazsa və xəstələnərsə, bu, ciddi fəsad, əlillik, beyin, qaraciyər və digər orqanların zədələnməsinə səbəb ola bilər. Vaxtında edilən peyvənd, əksinə, bizi bu cür arzuolunmaz nəticələrdən qoruyur.

Daha bir məqamı nəzərə almaq vacibdir ki, peyvənd olunmamış və yoluxmuş hər bir şəxs ətrafındakı insanlar üçün infeksiya mənbəyidir.

- Yenidoğulan körpələrə davamlı olaraq bir neçə peyvənd vurulur. Bəzi insanlar hesab edirlər ki, bu, uşaqların immun sisteminə mənfi təsir göstərir...

- Elmi araşdırmalarla əsaslı şəkildə sübut olunub ki, hətta bir neçə peyvəndin eyni vaxtda tətbiqi belə uşağın immunitetinə mənfi təsir göstərmir. Doğuşdan dərhal sonra körpələr hər gün yüzlərlə və minlərlə yad maddələrə və mikroorqanizmlərə, müxtəlif, o cümlədən patogen bakteriyaların təsirinə məruz qalırlar. Buna baxmayaraq, onların immun sistemi bu yükün öhdəsindən uğurla gəlir. Ancaq təəssüf ki, körpə üçün çox təhlükəli olan mikroblar var və immunitet sistemi müqavimət göstərənə qədər bu infeksiyalar körpələrin sağlamlığına zərər verə bilər. Məhz bu mikroblara qarşı peyvəndlər tətbiq olunur.

- Adətən hansı patogenlərə qarşı vaksinasiya aparılır?

- Hazırda uşaqların sağlamlığı üçün təhlükəli olan hepatit B, vərəm, poliomielit, göy öskürək, difteriya, tetanus, pnevmoniya, qızılca, məxmərək və s. kimi xəstəliklərə qarşı peyvəndlər aparılır.

Sonda, bir də qeyd etmək lazımdır ki, uşaqlar üçün profilaktik peyvənd cədvəlinə daxil edilən hər bir peyvənd orta hesabla 10-15 il sınaqdan keçirilir. Təhlükəsizliyi sübut olunduqdan sonra effektivliyini və arzuolunmayan əlavə təsirlərinin olmamasını təmin etmək üçün minlərlə könüllü üzərində sınaqdan keçirilir.

Hər hansı bir peyvəndin uşağın infeksiyadan qorumağa kömək etməsi və mənfi reaksiyaların ehtimalını azalması üçün müvafiq məsləhətlər verəcək həkimin tövsiyələrinə əməl etmək vacibdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2412
avatar

Fidan İlqar

Oxşar yazılar