Orqan transplantasiyası qanunun icrasına hazırıqmı? -  ARAŞDIRMA
30 dekabr 2021 18:19 (UTC +04:00)

Orqan transplantasiyası qanunun icrasına hazırıqmı? - ARAŞDIRMA

Azərbaycan Prezidentinin fərmanına əsasən, 2022-ci ilin yanvarın 1-dən ölkədə “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun qüvvəyə minir. Ölkədə orqana ehtiyacı olan və illərlə növbə gözləyən xəstələr var. Onların intizarına son qoyacaq qanun necə icra olunacaq, ölkə səhiyyəsi həyati əhəmiyyətli qanunun icrasına hazırdırmı? İlk dəfə tətbiq olunacaq meyitdən orqan götürülməsi prosesi gözləntiləri doğruldacaqmı?

Lent.az bildirir ki, APA cəmi 2 gün sonra tətbiqinə başlanacaq qanunla bağlı hansı işlərin görüldüyünü və görülmədiyini araşdırıb.

Həyatı gözləyənlər

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il 120 resipiyent üzərində 203 transplantasiya əməliyyatı keçirilib. Həmin şəxslərdən 87-si kişi, 33-ü qadın olub. Onlardan 37-si 0-17 yaşda olan uşaqlardır. Transplantasiya əməliyyatlarının 33-ü gözün buynuz qişası üzrə, 32-si sümük iliyi, 64-ü qaraciyər və onun seqmentləri, 62-si böyrəklər və onun seqmentləri, 6-sı sümüklər və onun seqmentləri, 6-sı isə digər orqan və toxumalarla bağlı olub.

İndiyədək ölkədə transplantasiya əməliyyatı üçün növbədə olanların sayına dair rəsmi statistika aparılmayıb. Çünki bu əməliyyatlar vahid qaydada aparılmayıb. Transplantasiya əməliyyatları ayrı-ayrı klinikalarda həyata keçirilib.

Orqan transplantasiyası ilə bağlı vahid informasiya bazası

Ölkə Prezidentinin 8 dekabr 2020-ci il tarixli fərmanına əsasən isə, Səhiyyə Nazirliyinə “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanunun 13.1-ci maddəsinə uyğun olaraq Donorlar, resipiyentlər və donor orqanların vahid dövlət informasiya bazasının yaradılmasını “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları” nəzərə alınmaqla təmin etmək tapşırılıb.

Qeyd edək ki, yeni qanunun tətbiqindən sonra vahid dövlət informasiya bazası, onun tərkibində isə orqanlar üzrə ayrı reyestrlər yaradılacaq.

Səhiyyə Nazirliyindən APA-nın sorğusuna verilən cavaba görə, bununla bağlı qurum tərəfindən “Normativ hüquqi aktlar haqqında” qanuna uyğun olaraq vahid informasiya bazasının strukturunun və əsasnaməsinin layihəsi hazırlanıb: “Sənəd layihəsinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilməsi müvafiq fərmanla nəzərdə tutulur. Vətəndaşların sağlamlığı haqqında məlumatlar həkim sirri təşkil etdiyindən baza yaradılarkən şəffaflığın və anonimliyin tam şəkildə təmin edilməsinə xüsusi diqqət yetirilib. Eyni zamanda baza təsis edilərkən xarici ölkələrin beynəlxalq təcrübəsi nəzərə alınıb”.

Canlı donor və meyitdən hansı orqanlar götürülə bilər?

“İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanunda bir çox mühüm müddəalar yer alıb.

Qanuna əsasən, canlı donordan transplantasiya məqsədilə yalnız böyrəyin biri, ağciyərin bir payı, qaraciyərin bir hissəsi, mədəaltı vəzin bir hissəsi, nazik bağırsağın bir hissəsi, dərinin bir hissəsi, sümük iliyi, kök hüceyrələr götürülə bilər.

Meyit donordan isə ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəzi, mədə, bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası və kök hüceyrələri götürmək mümkündür.

Qanunda yetkinlik yaşına çatmış tam fəaliyyət qabiliyyətli şəxsin sağlığında ölümdən sonra transplantasiya məqsədilə orqanlarının götürülməsinə razılığı və ya orqanlarının götürülməsindən imtinası nəzərdə tutulub. Şəxs ölümdən sonra orqanlarının transplantasiya məqsədilə götürülməsinə razılıq və ya orqanlarının götürülməsindən imtina barədə iradə ifadəsini istənilən vaxt dəyişdirə bilər.

Qanunda vacib məqamlardan biri orqan donorluğu və transplantasiya sisteminə daxil olan əlaqələndirici qurum, vahid dövlət informasiya bazası, orqan donorluğu və transplantasiyası üzrə etika komissiyasının yaradılmasıdır. Qanunda nəzərdə tutulan mexanizmlər isə Səhiyyə Nazirliyi tərəfindən hazırlanıb Nazirlər Kabinetinə təqdim olunmalıdır.

Qanunun icrasına hansı qurum cavabdehdir?

Qanuna əsasən, yaxın qohum olmayan canlı donorlardan donor orqanın götürülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tərkibində psixoloq və hüquqşünas olan Orqan donorluğu və transplantasiya üzrə etika komissiyası yaradılmalıdır. Nazirlikdən bildirilib ki, etika komissiyası gələn ilin yanvar ayında səhiyyə nazirinin əmri əsasında yaradılaraq fəaliyyətə başlayacaq: “Etika komissiyası formalaşdırılarkən “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanunun 29.3-cü maddəsindəki şərtin (Etika komissiyasının tərkibinə həkim-transplantoloqun və transplantasiyanın təşkilində hər hansı formada iştirak edən şəxslərin daxil edilməsinə yol verilmir) əsas prinsip kimi götürülməsi nəzərdə tutulur”.

Qurumdan bildirilib ki, transplantasiya üzrə koordinatorlar olduqları tibb müəssisələrinin baş həkimləri tərəfindən təyin ediləcək. Qeyd edilən şəxslər təyin edilərkən sözügedən qanunun 11-ci maddəsinin (Transplantasiya üzrə koordinator) tələbləri əsas götürülməlidir: “Ümumilikdə bu sahədə işlər yekunlaşma mərhələsindədir. Ölkə ərazisində transplantasiya sahəsində 2022-ci ilin 1 yanvar tarixindən yeni qaydaların tətbiq olunması nəzərdə tutulub. Səhiyyə Nazirliyi tərəfindən fərmanda tapşırılmış normativ hüquqi aktların layihələri mütəxəssislərin təklifləri nəzərə alınmaqla işlənilib”.

Nazirlikdən o da bildirilib ki, orqan donorluğu və transplantasiyası üzrə monitorinq ölkə Prezidentinin 8 dekabr 2020-ci il tarixli 1208 nömrəli fərmanına əsasən, Səhiyyə Nazirliyi tərəfindən həyata keçiriləcək.

Orqan donorluğu üçün icbari tibbi sığorta

Qanun qəbul edilsə də, orqan transplantasiyası əməliyyatları kifayət qədər bahalı olduğundan, əksər insanların bu əməliyyatları qarşılamaq üçün maddi imkanları yetərli deyil. Ona görə də vaxtaşırı həmin əməliyyatların icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilməsi ilə bağlı təkliflər səslənib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən APA-nın sorğusuna verilən cavaba görə, gələn ildən orqan transplantasiyası limitli şəkildə icbari tibbi sığorta çərçivəsində qarşılanacaq.

Transplantoloq-ümumi cərrah Eldar Əhmədov da hesab edir ki, transplantasiyanın icbari tibbi sığortanın Xidmətlər Zərfinə salınması vacibdir. Həkim APA-ya açıqlamasında vurğulayıb ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi də bu prosesə hazır olmalıdır: “İcbari tibbi sığorta işin içində olarsa, bu, orqan transplantasiyasının sayı artacaq. Çünki bu işin əsas tərəfi maliyyədir, insanların maddi durumu bu əməliyyatların həyata keçirilməsinə imkan vermir”.

Hər il 6-7 min insan orqan transplantasiyası olunmadığı üçün həyatını itirir...

Qanunun hazırlanmasında iştirak edən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov APA-ya açıqlamasında bildirib ki, Səhiyyə Nazirliyində xüsusən meyitdən orqanın alınması və transplantasiya işinin koordinasiyası ilə bağlı lazımi hazırlıqlar gedib. Hazırlıqlar tamamlandıqdan sonra sənədlər Nazirlər Kabinetinə göndəriləcək və Baş nazirin imzasından sonra funksionallıq təşkil edəcək.

Sədr müavini qeyd edib ki, kimsə sağlığında öldükdən sonra orqanlarının köçürülməsi ilə bağlı razılıq versə də, ölümündən sonra verdiyi qərar "qüvvədən düşdüyü" üçün onun əvəzində hüquqi varisləri qərar verə bilir: “Bu, qeyri-adi hal deyil. Normal cəmiyyətlərdə kimsə ailəsinə orqanlarının bağışlanması üçün dəqiq söz deyibsə, ailəsi onun vəsiyyətini yerinə yetirmək istəyir. Ona görə bu məsələdə ailələrin ciddi narazılığı ilə üzləşiləcəyini hesab etmirəm. Bu, fərdi və ya şəxsi məsələ deyil. Özümüzün və ya əzizlərimizin orqan olmadığına görə həyatını itirməsi çox ağırdır. Hər il 6-7 min insan orqan transplantasiyası olunmadığı üçün həyatını itirir. Yəni, insanların orqan bağışlaması nəticəsində il ərzində 6-7, bəlkə də 10 min xəstənin həyatını xilas etmək mümkün olar...”.

R. Mahmudovun fikrincə, xüsusilə meyitdən orqanların sistemli şəkildə paylanması və ədalətli bölgüsü həyata keçirilməlidir: “Məsələ insanlarda, cəmiyyətdə inamı yaratmaqdır. Orqanın sui-istifadə edilməyəcəyini, bunun pul qarşılığında hər hansı ailəyə satılmayacağını, ölən şəxsin orqanına və bədəninə hörmət ediləcəyini, dinin bu qanuna əngəl olmadığını açıq və aydın şəkildə cəmiyyətə aşılamalıyıq”.

Xarici ölkələrdən insan orqan və toxumalarını gətirmək olar

R. Mahmudov vurğulayıb ki, buynuz qişası kimi orqanlar toxuma olduğuna görə onların ölkə xaricindən transferi ilə əlaqədar problem yoxdur: “Bu orqanların (toxumaların) xaricdən transferi problemini aradan qaldırmaq üçün ölkə qanunvericiliyindəki əngəl aradan qaldırılıb. Nəticədə satışda olan həmin orqan və toxumaların ölkəyə girişi mümkün olacaq və vətəndaşların sağlamlığının bərpası üçün istifadə ediləcək”.

R. Mahmudov qeyd edib ki, ölkədən orqan çıxarılmasına deyil, ölkəyə orqan gətirilməsi nəticəsində vətəndaşların işinin rahatlaşdırılmasına dair qanuna müvafiq əlavələr edilib.

Azərbaycanda bir il ərzində 500 meyit orqanı çıxarmaq mümkündür

Transplantoloq-ümumi cərrah Eldar Əhmədov hesab edir ki, ölkədə orqan transplantasiyasının işləməsi üçün müxtəlif dövlətlərin təcrübələrinə baxılmalıdır. Bəzi ölkələr uzun illərdir milli, dini xüsusiyyətləri, yerləşmə yeri, cəmiyyətin xarakteri və qanunlarına görə idarəetmə formalaşdırıblar: “Hər bir ölkənin bu sahədə necə inkişaf etməsi meyitdən orqanın çıxma sayına görə hesablanır. Bu rəqəmə görə hər hansı ölkənin bu işdə necə irəli getdiyini görürük. Dünyada bütün insan ölümlərinin 200 faizi xəstəxanada olur. Bu ölümlərin 14-15 faizi reanimasiyada olan ölümlərdir. Ölənlərin 14 faizində isə beyin ölümü gerçəkləşir. Hər 10 nəfərdən bir-ikisində beyin ölümü qeydə alınır. Beyin ölümü olan insanların da 70-80 faizi donor olmaq üçün uyğun olur. İdeal səviyyədə milyon insana 50 meyit orqanı çıxarmaq mümkündür. Dünyada bu saya görə birinci yerdə İspaniya gedir, orada bu göstərici təxminən 30-dur. Amerikada 20-25, Almaniyada 12-14, Belçikada isə 22-23 arasında dəyişir.

Azərbaycanda 10 milyon insana görə hesablasaq, bir il ərzində 500 meyit orqanı çıxarmaq mümkündür. Yəni bu orqanlar onsuz da var, amma biz onları əldə edə bilmirik. Bu iş İspaniyada həqiqətən mükəmməl təşkil olunub. Amerikada da bizim vahid informasiya mərkəzi dediyimiz belə bir şəbəkə (UNOS- United Network Organ Share) var. Bu mərkəz Səhiyyə Nazirliyinin tabeliyində deyil, amma nazirliklə əməkdaşlıq çərçivəsində çalışır. Bu quruma tabe olan orqan və transplant şəbəkələri, onların da bölgələrdə qurumları var. Amerikada belə qurumların sayı 60-dan çoxdur. Bölgələrdə olan şəbəkələrin hər iki ildən bir orqan çıxarma sayına görə monitorinqləri aparılır. Yəni, verilmiş rəqəmdən aşağı orqan çıxarırlarsa, onların işini bağlayırlar. Amerikada bu sahədə sürətli rəqabət var. Amerika sistemi yaxşıdır, buna baxmayaraq, çatışmazlıqlar var. Ən uyğun sistem isə İspaniya modelidir”.

“Transplantasiya mərkəzlərinin sayı azdır”

Transplantoloq bildirib ki, Azərbaycanda orqan transplantasiyası ilə bağlı vahid bazada xəstənin, həmçinin donorun məlumatları yer alacaq. Eyni zamanda sağlığında orqanını bağışlamaq istəyənlər də bu sistemə daxil ediləcək: “Şəxsin hansı orqanlarını bağışlamaq istədiyi sənəddə qeyd olunacaq. Ancaq burada bir problem var. Məsələn, insan sağlığında orqanını bağışlasa da, öləndən sonra yaxınlarının icazəsi lazımdır. Adam özü icazə veribsə, yaxınlarının icazəsinə ehtiyac olmur - bu, qanunda belədir. Amma bu müddəa nə dərəcədə işləyəcək, maraqlıdır. Məsələn, Türkiyədə bu müddəa işləmir. Yəni insan sağlığında razı olsa belə, öləndən sonra ailəsi icazə vermədikdə orqan köçürülməsi həyata keçirilmir”.

Transplantoloq həmçinin qeyd edib ki, qanuna əsasən, transplantasiya mərkəzlərində koordinatorlar olmalıdır. Bu koordinatorlar işin təşkili, orqan alınması, çıxarılması baxımından idarəedici işləri həyata keçirəcək: “Hələ ki, mərkəzlərdə koordinatorlar təyin olunmayıb. Heç bu sahədə mütəxəssislər də yoxdur. Koordinatorlar xüsusi kurs keçməlidir. İndiyə kimi onlar təyin olunmalı və koordinatorlara təlimlər keçirilməli idi. Azərbaycanda transplantoloqların sayı kifayət qədər deyil. Çünki transplantasiya həyata keçirən həkimin əməliyyat üçün minimal şərtləri olmalıdır. Təhsil almalı, bu sahədə əməliyyatlarda iştirak etməli, transplantasiya həyata keçirməsi üçün mərkəzdən sertifikatı olmalıdır. Hər mərkəzdə ən az 3-4 cərrahın olması lazımdır. Əməliyyatxana şəraiti, sterilizasiya, digər kadrların hazırlığı, xəstəxananın infeksiya kontrolu, digər sahələrdən olan həkimlərin xəstəxanada olması vacibdir. Bu, kompleks işdir. Azərbaycanda transplantasiya həyata keçirən aktiv mərkəzlər var, amma qanun qüvvəyə mindiyi halda bu mərkəzlərin sayı artırılmalıdır. Bu sahədə kadrlar var, amma Azərbaycan üçün azdır.

Cəmiyyətin təhsil səviyyəsi, düşüncə tərzi dəyişsə, bu sahə də inkişaf edəcək. Azərbaycan cəmiyyəti buna tam hazır deyil. Təbii ki, burada cəmiyyətdə aparılan təbliğat işlərinin böyük rolu var. İstər televiziyalarda, istərsə də digər media orqanlarında dövlət bu məsələyə daim dəstək verməlidir”.

Din orqan transplantasiyasını qadağan etmir

Qanunun dini baxımdan cəmiyyət tərəfindən qəbulu, həmçinin maarifləndirmədə din xadimlərinin rolu da böyükdür.

“Məşədi Dadaş” məscidinin imamı, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Şahin Həsənli APA-ya bildirib ki, din orqan transplantasiyasını qadağan etmir: “Bədən üzvlərinin digər insana köçürülməsi, bağışlanması İslam dininin bəyəndiyi əməllərdən biridir. Bir insan dünyadan köçən zaman orqanının hansısa insana köçürülməsini vəsiyyət edərsə, savab qazanmış olar. Çünki bu, bir insanın həyata qayıtmasına, yəni ölümdən xilas olmasına xidmət edir. “Qurani-Kərim”də buyurulur ki, kim bir insana həyat versə, sanki bütün bəşəriyyəti diriltmiş olur. Öz orqanını digərinə bağışlayan insan onu ölümdən xilas etməklə diriltmiş, bununla da bütün insanlığı diriltməyin fəzilətinə çatmış olur. İnsan sağlığında da öz orqanını digərinə verə bilər, amma burada şərt odur ki, insan məşəqqət içərisində yaşamasın. Yəni həkimlərlə məsləhətləşsin, əgər hansısa orqanını verməklə bundan sonrakı ömrünü iztirab və məşəqqətli ağrıda keçirməyəcəksə, o orqanın da verilməsinə icazə verilir. Yəni dinimiz bu əməli qadağan etmir. Bu gün müxtəlif ölkələrdə bu praktika tətbiq olunur və bildiyim qədəri ilə bəzi müsəlman ölkələrində də belə təcrübə var. Bu bəyənilmiş, Allah qatında da savab olan dəyərli əməldir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2103
avatar

Oxşar yazılar