Rəşad Mahmudov
25 dekabr 2021 10:44 (UTC +04:00)

Rəşad Mahmudov

"Meyitdən orqan götürülməsində ən vacib şey..." - Rəşad Mahmudovla MÜSAHİBƏ

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov APA-ya müsahibə verib.

Lent.az həmin müsahibəni təqdim edir:

- Gələn il yanvarın 1-dən “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun qüvvəyə minir. Bu tarixdən qanunun müddəalarının, nəzərdə tutulan mexanizmlərin tətbiqi nə dərəcədə realdır?

- “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun 2020-ci ildə ölkə Prezidenti tərəfindən təsdiqlənib. Fikrimcə, bu işi görən ölkələrin təcrübəsindən yararlanaraq çox geniş müzakirələrdən sonra mükəmməl qanun ortaya qoyuldu. Milli mentalitetimiz də nəzərə alınmaqla beynəlxalq təcrübə istifadə olunduğuna görə qanunun tətbiqi ilə əlaqədar gələcəkdə ciddi problemlər olmayacaq. Hamıya məlumdur ki, bu qanun 2022-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək. Təqribən 5 fəsil və 34 maddədən ibarət, hər məqamı diqqətlə işlənib hazırlanmış qanun layihəsi olduğunu deyə bilərəm. Əlbəttə ki, bundan sonrakı mərhələlərdə işlər daha çox icra strukturlarının üzərinə düşür. Qanun onların cızdıqları yol xəritəsinə uyğun olaraq xəstəxanalar və tibb işçiləri tərəfindən həyata keçiriləcək. Bir transplantasiyanın həyata keçirilməsi üçün ölkədə ən vacib məsələlərdən biri insan resurslarının olub-olmamasıdır. Yəni, qanunlar mükəmməl ola bilər, amma onu tətbiq edə biləcək komanda və ya xəstəxanaların maddi-texniki bazası yoxdursa, əlbəttə ki, daha çox kağız üzərində qalacaq. Sevindirici haldır ki, Azərbaycan postsovet məkanında transplantasiya əməliyyatlarına ilk başlayan ölkələrdən biridir. Keçmiş sovet məkanında ilk dəfə Azərbaycanda meyitdən orqan köçürülməsi həyata keçirilib. 1990-cı illərdən vüsət alan, daha çox xarici ekspertlər tərəfindən həyata keçirilən bu işlərin ardınca 1999-cu ildə ilk dəfə Qafqazda və postsovet məkanında qabaqcıl əməliyyat sayılan canlıdan canlıya qaraciyər transplantasiyası həyata keçirildi. İndiyədək yüzlərlə insan üzərində uğurlu əməliyyat aparılıb. Böyrək transplantasiyası bir neçə mərkəzdə kütləvi şəkildə həyata keçirilir və uğurlu nəticələr var. Hətta iki il əvvəl dünyada ilk dəfə Azərbaycanda beş yaşlı uşaqda qaraciyər transplantasiyası ilə birlikdə koronar şuntlama əməliyyatı tətbiq olunub. Bu, xüsusiyyətinə görə dünyada ilk belə əməliyyat idi. Əminəm ki, qanun qüvvəyə mindikdən sonra Azərbaycanda ən azından 5-ə yaxın mərkəz ürək transplatasiyasını çox uğurlu şəkildə həyata keçirə biləcək. Bu mərkəzlərin insan resursları var, xəstəxanaların maddi-texniki bazası buna uyğundur.

Rəşad Mahmudov

- Hazırda qanunun tətbiqi ilə bağlı işlər hansı mərhələdədir?

- Bildiyim qədəri ilə Səhiyyə Nazirliyində xüsusən meyitdən orqanın alınması və transplantasiya işinin koordinasiyası ilə bağlı hazırlıqlar gedib. Hazırlıqlar tamamlandıqdan sonra əlbəttə ki, Nazirlər Kabinetinə göndəriləcək və Baş nazirin imzasından sonra bu, artıq funksionallıq təşkil edəcək. Xüsusilə meyitdən orqanların sistemli şəkildə paylanması və ədalətli bölgüsü ilə əlaqədar sistem mütləq olmalıdır. İkincisi, reanimasiyada beyin ölümü olan şəxslərdən orqanın tibbi, sosial və etik nöqteyi-nəzərdən alınma prinsiplərinə dair məlumatlandırılma mexanizmləri işlənməlidir. Məlumatlandırma və treninqlərdən sonra bu prosesə dünyada qəbul olunmuş səviyyədə nail ola bilərik. Çünki icra strukturu tərəfindən xəstəxanalar təlimatlandırılmasa və bu təlimata uyğun treninqlər keçirilməsə, nə qədər qanunumuz, transplantasiya edəcək mərkəzlərimiz və ixtisaslı işçilərimiz olsa da, meyitdən orqan, toxuma köçürülməsi sistemli şəkildə həll oluna bilməz. Olsa da, bir-iki hadisə kimi qeydə alınacaq. Bunun davamlı, sistemli şəkil alması üçün mütləq ölkənin bütün reanimasiyalarının koordinasiyalı işləməsi və beyin ölümü olduğu dəqiqədə bir-birlərinə xəbər verməsi vacibdir. Səhiyyə Nazirliyi bu mexanizmlə bağlı dünyanın ən aparıcı ekspertlərini də dəvət edib. Türkiyənin uzun illər orqan və toxuma transplantasiyası üzrə koordinatoru son aylarda dəfələrlə Bakıya gəlib. Yəqin ki, bu mexanizmin işləmə sistemi təsdiqləndikdən sonra proses vahid şəkildə idarə olunacaq.

- Orqan donorluğu və transplantasiya sahəsində işlərin əlaqələndirilməsi və monitorinqin aparılması donor orqanın götürülməsini və transplantasiyanı həyata keçirən tibb müəssisələrinin transplantasiya üzrə koordinatoru tərəfindən həyata keçirilməlidir. Artıq müəyyənləşdirilmiş tibb müəssisələrində transplantasiya üzrə koordinatorun təyinatı prosesi hansı yerdədir?

- Koordinatorlar mütləq müəyyən təlimlərdən keçirilərək hazırlanırlar. Onların cərrah, xüsusi ixtisaslı kadrlar olmasına ehtiyac yoxdur. Hazırda Avropada bu sahədə tibb bacılarından istifadə olunur. Bu, vəzifə deyil, buna könül vermək lazımdır. Həyatını itirmiş insanın ailəsi ilə, xəstəxana işçiləri və transplantasiya həyata keçiriləcək mərkəzlə əlaqələndirmə işində o qədər həssas nöqtələr var ki. Burada işin fəlsəfəsini anlamış, tibbi baxımdan bütün suallara cavab verə biləcək, hər bir şəxsin, vəziyyətin psixoloji durumunu aydın dərk edə biləcək insanlar olmalıdır. Düşünürəm ki, bu, qeyri-adi işlər deyil. Bütün proseslər öz yerini aldıqdan sonra Azərbaycanda koordinatorların təyinatı sistemli şəkildə, xüsusi xarici ekspertlərin təlimlərindən sonra həyata keçirilə bilər. Əsas məsələ diaqnoz qoyulana qədər olan mərhələnin normal, funksional işləməsidir. O mərhələ funksional deyilsə, koordinatorun ortada olmasının çox da böyük əhəmiyyəti olmur. Meyitdən orqan götürülməsində əsas məqam həyatını itirmiş insanın ailəsinin psixoloji durumudur. Bu vəziyyətdə ən vacib şey ölkə səhiyyəsinə və səhiyyə işçisinə inamdır. Çünki bütün orqanları işləyən, amma beyin ölümü olan insanla bağlı yaxınlarında bəzən şübhələr yaranır ki, bəlkə orqanı alınsın deyə beyin ölümü qeyd olunub? Həkim kimi deyə bilərəm ki, bu gün əlimizdə olan diaqnostika ilə kiçik faiz şübhəyə səbəb yoxdur. Çünki rahat şəkildə beyin ölümünün diaqnozunu qoymaq mümkündür. Düşünürəm ki, bu sistemi yaratmaqla əlaqədar sıxıntımız olmayacaq. Məsələ insanlarda, cəmiyyətdə inamı yaratmaqdır. Orqanın sui-istifadə edilməyəcəyini, bunun pul qarşılığında hər hansı ailəyə satılmayacağını, ölən şəxsin orqanına və bədəninə hörmət ediləcəyini, dinin bu qanuna əngəl olmadığını açıq və aydın şəkildə cəmiyyətə aşılamalıyıq. Əmin olun ki, mərkəz və qanunlarımız nə qədər olsa da, cəmiyyət bu işə müsbət reaksiya vermədikdən sonra nəticə alınmayacaq. Heç kəs unutmamalıdır ki, bu işi bizdən başqası gəlib edə bilməz. Çünki hər bir ölkə orqanını ancaq öz vətəndaşı üçün istifadə edir. Bəzi istisnalar var. Məsələn, Belarusda dövlət tərəfindən qanunla pul qarşılığında digər ölkə vətəndaşlarına orqan satılır. Amma Avropa, Türkiyədə oturma iznin yoxdursa, vətəndaşlığın olmadan orqanların başqa vətəndaşa verilməsi qanuni tərəfdən əngəllənir və birmənalı olaraq tətbiqi imkansızdır.

Rəşad Mahmudov

- Azərbaycan cəmiyyəti “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanunun tətbiqinə nə dərəcədə hazırdır?

- Əfsuslar olsun ki, cəmiyyətdə bu məsələ ilə əlaqədar maarifləndirmə işləri çox zəifdir. İlk olaraq həkimlər maarifləndirilməlidir. Peyvənd və pandemiya məsələsində də gördük ki, insanları yanıldan, elmi bilgi ilə hər hansı sosial şəbəkədən alınmış bilgini bir-birinə qarışdıran səhiyyə işçiləri bilmədən peyvəndləməyə qarşı tərs fikir əmələ gətirirlər. Transplantasiya işində, xüsusən beyin ölümü olan insanlardan orqanların alınmasında uğur qazanmamız üçün əvvəlcə səhiyyə işçiləri, sonra KİV vasitəsilə cəmiyyəti aydınlada, doğru, planlı işdən qısa müddətdə çox böyük uğurlar əldə edə bilərik.

- Ölkədə transplantasiya əməliyyatını həyata keçirəcək mərkəz və transplantoloqlar kifayət qədərdirmi?

- Burada əsas olan say çox, keyfiyyət məsələsidir. Azərbaycanda hazırda transplantasiya həyata keçirən mərkəzlər bunu ən yüksək keyfiyyətlə edir. Həmin mərkəzlərdə yetişən insanların yeni komandalar yaratması çox böyük və çətin iş deyil. Yetər ki, tələbat olsun. Tələbat olması üçün də əsas məsələ orqanın təmin edilməsi, daha vacibi ödəmə məsələləridir. Çünki transplantasiya zaman alan, çox bahalı işlər olduğuna görə bu sahəyə mütləq dövlət təminatı olmalıdır. Ötən illərdə dövlət proqramı çərçivəsində xeyli böyrək transplantasiyası həyata keçirilib. Bu baxımdan hazırda Azərbaycanın ən çox hazırlıqlı olduğu sahə xəstəxana və insan resursudur. Bunu konkret deyə bilərəm. Xaricdə olan azərbaycanlı transplantoloqlar var ki, çox tələbat olmadığına görə ölkəyə gəlmirlər. Ölkədə bu sahə sistemli, kütləvi şəkildə həyata keçirilsə, xaricdən yerli mütəxəssislərin geri dönməsi tendensiyası aydın şəkildə görünəcək.

- Yanvarın 1-dən qanunun maliyyə yükünü qarşılamaq nə dərəcədə mümkün olacaq? Bu sahədə problemlər varmı? Belə problemlər varsa, çıxış yolunu necə görürsünüz?

Rəşad Mahmudov

- Azərbaycanda ildə orta hesabla 30-40 nəfər üzərində qaraciyər transplantasiyası həyata keçirilir. Hazırkı komanda 150-200 transplantasiya əməliyyatı keçirməyə qadirdir. Burada əsas məsələ maliyyədir. Xaricdə bu məbləğ daha yüksəkdir. Orqan transplantasiyası ABŞ-da 300 min dollara yaxın, Türkiyədə 70-80 min dollara, amma Azərbaycanda 50 min manat ətrafında olur. Dövlət büdcəsi ilə 100-150 nəfərin qaraciyər transplantasiyasını həyata keçirsək, bu, Avropa ilə müqayisədə Azərbaycan üçün çox yüksək rəqəmdir. Bunun bir illik maliyyə yükü 4-5 milyon manat edir. Bu qədər xərc problemin həlli istiqamətində atılacaq addımlar baxımından böyük maliyyə yükü deyil. Bunu Azərbaycan hökuməti icbari tibbi sığorta çərçivəsində və ya Səhiyyə Nazirliyinin ayrıca mexanizmi ilə büdcə ayırmaqla həyata keçirməyə qadirdir. Maddi problemin həll olunması həm də bu sahənin inkişafına səbəb olacaq. Ölkədə hazırda ildə 100-150 böyrək transplantasiyası həyata keçirilir. Əslində səmərəlilik baxımından dövlət proqramı çərçivəsində transplantasiya həyata keçirmək həmin xəstəyə illik dializ üçün xərclənən vəsaitdən daha əlverişlidir. Çünki hər şəxsə ildə sadəcə dializ üçün 11 min manata yaxın vəsait xərclənir. 5 ildə bu, 55 min manat edir. Bununla yanaşı, həmin insanların dializə girərkən ağırlaşmaları, reanimasiya düşməsi, hepatit və bir çox infeksion xəstəliklərə məruz qalması, ailələrin sosial vəziyyəti, həftədə 3 dəfə xəstəxanaya gedib-gəlmə, insanın yanında köməkçi birinin olması, bu insanlara əlillik verilməsi kimi onlarla problemi bir tərəziyə qoyub, digər gözünə bir dəfə tətbiq olunacaq 15 min manatlıq transplantasiya əməliyyatı və hər il istifadə olunacaq 2 min manatlıq dərman xərclərini qoysaq, 5 il içərisində 25-30 min manat vəsait lazım olur. Müqayisə edəndə transplantasiyanın maddi yükü daha aşağıdır. Bunun qarşılığında həmin insan tam şəkildə cəmiyyətə dönür, əlil olmur, digər infeksion xəstəliklərə yoluxaraq gələcəkdə səhiyyə üçün yeni xəstəliklər əmələ gətirmir. Onlar ailələri üçün yük deyil və aktiv həyatlarını davam etdirir, cəmiyyətə faydalı insan halına gəlirlər. Böyrək transplantasiyası həm maddi, həm də tibbi tərəfdən dövlət üçün daha səmərəlidir. Bununla Azərbaycanda həm tibbin inkişafı, həm də hər bir vətəndaşın sağlamlığı uğrunda dövlətin imkanlarını geniş şəkildə ortaya qoya bilərik. 10-15 milyonluq büdcə ilə ölkədə tətbiq olunan transplantasiyanın 3-4 qat artığını həyata keçirmək mümkündür. Böyrək və qaraciyərin canlıdan canlıya tətbiqi çox böyük əngəl olmadığına görə ən azından meyitdən orqanların köçürülməsi oturuşana qədər mexanizmlərə mütləq başlamalıyıq. Bu əməliyyatların dövlət proqramı və ya icbari tibbi sığorta çərçivəsində həyata keçirilməsinin heç bir fərqi yoxdur.

- Orqan donorluğu və transplantasiya prosesinin monitorinqinin aparılması hansı qaydada təşkil olunacaq?

- Orqan donorluğu və transplantasiyasının monitorinqini beynəlxalq standartlara uyğun şəkildə Səhiyyə Nazirliyi və müxtəlif ictimai birliklər həyata keçirəcək. Monitorinqlərə qeyri-hökumət təşkilatları cəlb olunacaq. Qanunvericiliyə zidd olan addımlara hüquq çərçivəsində qiymət veriləcək. Azərbaycanda son 10 ildə transplantasiyanın həyata keçirilməsi zamanı hansısa sui-istifadə halı olmayıb. Bu, çox vacibdir. Qaraciyər transplantasiyası kimi əməliyyatların gedişində 15 faiz hallarda ölümün qeydə alınması bütün dünyada normal qəbul edilir, çünki həmin xəstələrin əməliyyatdan sağ çıxma şansı 100 faiz deyil. Belə əməliyyatların 85 faizinin uğurla başa çatdırılması çox yaxşı nəticədir. Həmin göstərici Azərbaycanda 92 faizdən çoxdur. Xüsusilə son 17-18 il ərzində ölkədə aparılan islahatlar, maddi-texniki bazası yüksək olan xəstəxanaların qurulması, xaricdə təhsil almış kadrların ölkəmizə qayıtması, yüksək texnologiyalı əməliyyatlarda qazanılmış uğurlar və transplantasiya əməliyyatlarında əldə olunmuş real nəticələr deməyə əsas verir ki, Azərbaycanda məhz orqan transplantasiyası sahəsində Avropa standartlarına uyğun xidmət göstərilməsinə mane olan səbəb yoxdur. Əminəm ki, Azərbaycanın bütün aidiyyəti qurumları, eləcə də səhiyyə işçiləri cəmiyyətlə birlikdə məsələnin öhdəsindən layiqincə gələcəklər.

- Qanunda yaradılması nəzərdə tutulan vahid informasiya bazasının işi necə təşkil olunacaq?

- İnam olmayan yerdə hər şeyə qarşı şübhə yaranır. Deməli, bu məsələ ilə bağlı birinci şərt cəmiyyətdə inam yaratmaq və onu qoruyub saxlamaqdır. Türkiyədə uzun illər bu sahədə aktiv fəaliyyət göstərmişəm və təcrübəmə əsaslanaraq deyirəm ki, istədikdən sonra inam yaratmaq çətin məsələ deyil. Bu istiqamətdə sağlam mexanizmlər qurmaq mümkündür. Həmin mexanizmlərdə sıralama yalnız təcili vəziyyətlərdə pozula bilər. Xəstənin sağlamlıq vəziyyəti imkan vermirsə, misal üçün koma vəziyyətinə düşübsə, əlbəttə ki, o, digərlərindən daha əvvəl əməliyyat olunacaq. Belə olan halda, xəstəxanaların koordinasiya mərkəzlərini aldatmaması üçün nəzarət mexanizmləri də yaratmaq mümkündür. Bu, dünyada tətbiq edilir. İnanıram ki, cəmiyyətin məsələyə reaksiyası normallaşdıqdan sonra bu məsələlər həllini tapacaq.

Rəşad Mahmudov

- Orqan donorluğu və transplantasiyanın təşkili və əlaqələndirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı əlaqələndirici qurum tərəfindən həyata keçirilməlidir. Əlaqələndirici qurum orqan donorluğu və transplantasiya ilə bağlı informasiya təminatını həyata keçirməli, o cümlədən tibb müəssisələrindən məlumatların toplanılmasını təmin etməli, vahid dövlət informasiya bazasını yaratmalı, donor orqanların resipiyentlərə verilməsi ardıcıllığını təmin etməli, habelə orqan donorluğu və transplantasiya sahəsində fəaliyyəti koordinasiya etməlidir. Əlaqələndirici qurum bu vəzifələri həyata keçirməyə nə dərəcədə hazırdır?

- Əlaqələndirici qurum kimi Səhiyyə Nazirliyinin tabeliyində olan və ya ictimai əsaslarla fəaliyyət göstərən qurumlar çıxış edə bilərlər. Avropada bunun kifayət qədər nümunəsi var. Düşünürəm ki, qanunun icrasına başlandıqdan bir müddət sonra dövlətin aidiyyəti qurumlarının funksionallığına ciddi ehtiyac qalmayacaq. Müvafiq qurumların əsas işi mexanizmi hazırlamaq, onu ölkənin səhiyyə sisteminin mexanizmlərinə uyğunlaşdırmaq və təlimatlandırmanı düzgün şəkildə apararaq mərkəzlərin işini rahat şəkildə həyata keçirməsinə imkan yaratmaqdır. Eyni zamanda, aidiyyəti qurumlar işi icra edən mərkəzləri nəzarətdə saxlamalıdırlar. Fikrimcə, bu, müəyyən müddət sonra özlüyündə idarəolunan sistemə çevriləcək. Əgər 3 il əvvəl Azərbaycan cəmiyyətinin çətin günlərdə necə davranacağı soruşulsaydı, cavablandırmaq çətin olardı, bəlkə də şübhə yaradardı. Lakin 44 günlük Vətən müharibəsindən sonra əmin olduq ki, Azərbaycan vətəndaşı inam formalaşdıqdan sonra hər şeyi dəf edə biləcək gücə malikdir. Bununla yanaşı, Azərbaycanın qanunvericilik bazası yüksək səviyyədə hazırlanıb və ən önəmlisi, ölkənin səhiyyə işçisi ruhi və fiziki olaraq buna hazırdır. Son illərdə Azərbaycanın səhiyyə büdcəsi təxminən iki dəfə artırılıb. Bir il ərzində həmin büdcədən transplantasiyaya təxminən 15 milyon manat vəsait ayrılması yük olmayacaq. Eyni zamanda, dövlətin çətin vəziyyətdə olan vətəndaşına həm konstitusion, həm də real dəstək verməsi müsbət divident yaradacaq. Fikrimcə, reallıq bizi bu problemi həll etməyə məcbur edir.

- Növbəti il üçün dövlət büdcəsindən transplantasiyaya nə qədər vəsait ayrılıb?

- Uzun illərdir ki, səhiyyə xərclərində transplantalogiya sahəsinə müəyyən vəsait ayrılır və aidiyyəti üzrə istifadə edilir. Dəqiq rəqəm deyə bilməsəm də, hər il transplantalogiya işinin təşkili və icrasına təxminən 25-30 milyon manat vəsait ayrılıb. Bildiyimə görə, proses planlı olaraq gələn il də davam etdiriləcək. Əlbəttə ki, sağlam rəqabətin yaradılması üçün həmin dövlət proqramlarının icrası bir deyil, bir neçə xəstəxanaya tapşırılmalıdır. Bu, həm xəstənin həkim seçimində rahatlığını təmin edəcək və inam formalaşdıracaq, həm də xəstəxanalararası sağlam rəqabətin yaranmasına zəmin yaradacaq. Bununla həm də xəstəxanalarda yaranan növbələrin qarşısı da alınacaq. Misal üçün, 3 xəstəxananın hər biri il ərzində müvafiq olaraq 100 xəstənin böyrək transplantasiyasını dövlət hesabına həyata keçirərsə, bu, 5 illik müddətə dializə girəcək 300-400 nəfər xəstənin probleminin aradan qaldırılmasına gətirib çıxaracaq. Bu, həm iqtisadi və sosial, həm də tibbi nöqteyi-nəzərdən çox faydalıdır. Biz bu məsələni həll etmək məcburiyyətindəyik.

- Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyası nə zaman yaradılacaq? Bu komissiya hansı prinsiplə formalaşacaq?

- Komissiyanın prinsiplərinin müəyyənləşdirilməsi üçün dünya təcrübəsindən istifadə ediləcək. Burada məsələ insan psixologiyasıdır və sui-istifadə hallarının qarşısı mütləq alınmalıdır. İnsan psixologiyasının müəyyən təsirlərə məruz qalmasına əngəl yaratmaq lazımdır. Qısacası, mexanizmlərin yaradılması üçün Amerika kəşf etməyə ehtiyac yoxdur. Hesab edirəm ki, dünya təcrübəsindən yararlanaraq məsələni həll edə bilərik.

- Qanuna əsasən, insan sağlığında öldükdən sonra orqanlarının köçürülməsi ilə bağlı razılıq verə bilir. Bəs həmin şəxs öldükdən sonra onun ailə üzvləri orqanların çıxarılmasına icazə vermədikdə bu məsələ necə tənzimlənir?

- İnsan həyatını itirdikdən sonra verdiyi qərar "qüvvədən düşdüyü" üçün onun əvəzində hüquqi varisləri qərar verə bilir. Bu, qeyri-adi hal deyil. Normal cəmiyyətlərdə kimsə ailəsinə orqanlarının bağışlanması üçün dəqiq söz deyibsə, ailəsi onun vəsiyyətini yerinə yetirmək istəyir. Ona görə bu məsələdə ailələrin ciddi narazılığı ilə üzləşiləcəyini hesab etmirəm. Beyin ölümü keçirmiş insanın orqanlarının aidiyyəti qurumların qərarı ilə istifadəsi əslində bu kimi problemləri kökündən həll edir. Cəmiyyət meyitdən orqan transplantasiyasına hazır olmaya bilər, amma nəzərə almaq lazımdır ki, bu, mənim və ya sənin məsələn deyil. Özümüzün və ya əzizlərimizin orqan olmadığına görə həyatını itirməsi çox ağırdır. Hər il 6-7 min insan orqan transplantasiyası olunmadığı üçün həyatını itirir. Yəni, insanların orqan bağışlaması nəticəsində il ərzində 6-7, bəlkə də 10 min nəfər xəstənin həyatını xilas etmək mümkün olar. Nəticə etibarı ilə qanunlar sərt və dar olduğu müddətdə sui-istifadə halları daha çox olur. Dünyada transplantasiyanın həyata keçirilməsi ilə əlaqədar mexanizmlər sadə olarsa və həmin ölkələrdə sığorta sistemləri və dövlət daha çox diqqət ayırarsa, məsələ rahat şəkildə həll olunar. Bu, ölkənin səhiyyə turizminə də töhfə verə bilər. Azərbaycan səhiyyəsi bunun öhdəsindən gələ biləcək gücə malikdir.

- Qanunun icrası zamanı qarşılaşacaq çətin müddəalar görürsünüzmü?

- Həmin qanun layihəsində vətəndaşların rahatlığının təminatı üçün bütün vasitələrdən istifadə edilib. Qanun layihəsinin hazırlanmasında iştirak edən biri kimi deyə bilərəm ki, bu sənəd dünyanın, eləcə də Azərbaycanın real təcrübəsi, eləcə də cəmiyyətin fərqli təbəqələrinin fikirləri nəzərə alınaraq, 100 ölçüb-biçilərək ərsəyə gətirilmiş qanun layihəsidir. Bu qanun bizə çətinlik yaratmaz, əksinə, dəstək verər. Onu da qeyd edim ki, ümumiyyətlə, dünyanın meyitdən orqan transplantasiyası həyata keçirmiş ölkələrinin 99 faizində həmin əməliyyatlar icra edildiyi zaman qanunlar olmayıb. Bu, tibbi qərardır. Yəni, beyin ölümü təsdiqləndiyi halda, qanunlar olmasa da, ailənin razılığı ilə orqanların istifadəsinə nə Azərbaycanda, nə də dünyada heç bir əngəl yoxdur. Nəzərə alaq ki, Türkiyədə və bir çox ölkələrdə müvafiq qanunların icrasına meyitdən orqan transplantasiyası icra olunduqdan onlarla il sonra başlanılıb.

- Qanunda xaricdən orqan gətirilməsi və ya ölkədən çıxarılması da nəzərdə tutulubmu?

- Buynuz qişası kimi orqanlar toxuma olduğuna görə onların ölkə xaricindən transferi ilə əlaqədar problem yoxdur. Belə orqanların xaricdən transferi problemini aradan qaldırmaq üçün ölkə qanunvericiliyində həmin orqanların ölkəyə girişi ilə bağlı əngəli ortadan qaldırdıq. Nəticədə, satışda olan həmin orqan və toxumaların ölkəyə girişi mümkün olacaq və vətəndaşların sağlamlığının bərpası üçün istifadə ediləcək. Biz ölkədən orqan çıxarılmasına deyil, ölkəyə orqan gətirilməsi nəticəsində vətəndaşların işinin rahatlaşdırılmasına dair qanuna müvafiq əlavələr etmişik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3150
avatar

Oxşar yazılar