Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutu və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə 30 noyabr tarixində “Gəncə Sağlamlıq Günləri” “Kardiologiyada rəhbər tövsiyələrə əsaslanan müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Lent.az xəbər verir ki, tədbirdə Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Planlama Departamentinin rəhbəri Hikmət İbrahimli, Gəncə Şəhər İcra hakimiyyətinin müavinləri, Gəncə Şəhər Yeni Azərbaycan Partiyasının nümayəndələri iştirak edib.
Ümummilikdə 900-a yaxın insanın iştirak etdiyi konfransa 16 bölgədən o cümlədən Gəncə, Mingəçevir, Yevlax, Bərdə, Goranboy, Göygöl, Şəmkir, Gədəbəy, Samux, Ağdaş, Qazax, Daşkəsən, Tərtər, Ağstafa, Tovuz, Naftalan, Şəki, Xocalı şəhər və rayonlarından həkimlər qatılıb.
İlk öncə tədbirin nümayəndə heyəti xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib.
Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor, konfransın sədri Gülnaz Dadaşova, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Planlama Departamentinin rəhbəri, professor, konfrans sədri Hikmət İbrahimli, Milli Məclisin Əmək və sosial siyasəti üzrə komitənin sədri Musa Quliyev və digər natiqlər qonaqları salamlayaraq, uğurlar arzu ediblər. Bildirilib ki, Gəncə Sağlamlıq Günləri çərçivəsində şəhid və qazi ailələrinin üzvləri üçün həyata keçirilmiş tibbi sosial aksiya, bölgə üzrə keçirilən ən böyük konfrans kimi təşkil olunan elmi tədbir son nailiyyətləri bölüşməyə və vətəndaşların sağlamlığını qorumağa imkan yaradacaq.
Çıxışçılar qeyd edib ki, hazırda bütün dünyada ürək-damar xəstəlikləri səbəbindən ölüm halları birinci yerdədir və buna görə də, dövlətlər tərəfindən sosial qayğıların artması vacib məsələdir.
Elmi konfrans 36 DTT balı ilə qiymətləndirilib.
Konfrans çərçivəsində EKQ, EXO-KQ, EVAR, TEVAR kimi kurslar təşkil olunub.