Hər gün müntəzəm olaraq bir neçə fincan qəhvə içsəniz, şanslı ola bilərsiniz.
Qəhvədən aldığınız həzz və kofein artımından başqa, gündəlik qəhvəniz daha uzun yaşamanıza kömək edə bilər.
Lent.az-ın xarici mətbuata istinadla xəbərinə Portuqaliyada aparılan yeni araşdırma, qəhvənin müntəzəm istehlakının ömrün 1,8 il uzadılmasına səbəb olduğunu müəyyən edib.
Ölkənin Neyrologiya və hüceyrə biologiyası mərkəzinin tədqiqatçıları bu rəqəmə çatmaq üçün qəhvə ilə bağlı 50-dən çox araşdırmanı nəzərdən keçiriblər.
Tədqiqatın aparıcı müəllifi Rodriqo Kunya deyib: "Ənənəvi klinik qaydalar bəzən qəhvənin sağlam qocalmadakı rolunu nəzərdən qaçırır".
Avropa, Şimali Amerika və Asiyadan olan insanların iştirak etdiyi araşdırma, gündə üç fincan qəhvə ilə "maksimum fayda" əldə edildiyini göstərib.
Araşdırma, müntəzəm, orta dərəcədə qəhvə istehlakının digərləri arasında ürək və ağciyər xəstəlikləri, insult, bəzi xərçənglər və demensiya da daxil olmaqla bir çox yaşa bağlı xəstəliklərin riskinin azalması ilə əlaqələndirdiyini müəyyən edib.