Xaçmaz rayonunda iki qadının göbələkdən zəhərlənərək ölməsi bu məhsulun yetişdirilməsi və ondan istifadə qaydalarını aktuallaşdırıb.
Marketlərdə, bazarlarda və yol qırağında satılan göbələklərə tez-tez rast gəlirik. Onları sorğu-sualsız alıb yeyənlər də az deyil. Maraqlıdır, Azərbaycanda yetişdirilən hansı göbələklər zəhərlənməyə səbəb olur? Göbələk yeməzdən öncə nələrə diqqət etməliyik ki, yediyimiz son qida olmasın?
Bu barədə terapevt Şahvələd Məmmədov Lent.az-a danışıb.
Şahvələd Məmmədov
Həkim bildirib ki, göbələkdən zəhərlənmə hallarına daha çox yaz-payız aylarında rast gəlinir:
“Bu dönəmdə ölkəyə düşən yağış miqdarı çoxaldığı üçün göbələklərin inkişafı və istehlakı artır”.
Onun sözlərinə görə, Azərbaycanın müxtəlif regionlarında göbələyin 4000-ə yaxın növü aşkar olunsa da, onların sadəcə 400-ə qədəri yeməlidir:
“Təbiət qoynunda bitən papaqlı ağ göbələklər yeməyə yararlı olurlar. Ən çox yeyilən göbələk növü şampinyonlardır ki, onların istehlakı zamanı heç bir zəhərlənmədən söhbət gedə bilməz. Əsasən, göbələyin istehsalı və emal prosesi zamanı yaranan antisanitariya şəraiti nəticəsində stafilokok qopur və zəhərlənmə baş verir. Eyni zamanda, alkoqollu içki qəbulu zamanı göbələk yemək insan orqanizmində fəsadların yaranmasına səbəb olur”.
Terapevt yol qırağında bitən qırmızı və sarı rəngli göbələklərin istehlakının məsləhət görülmədiyini bildirib.
Ləman SƏRRAF