Yel Universitetinin alimləri COVID-19-un ağır və təhlükəli formasının inkişaf mexanizmini təsdiqləyiblər.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, bu mexanizm SARS-CoV-2 koronavirusuna yoluxanların 10-20 faizini təsir edir. Kəşf xəstəliyin effektiv müalicəsi üçün dərman tapmağa kömək edib.
Geni dəyişdirilmiş siçanlar üzərində aparılan təcrübələr göstərib ki, koronavirus infeksiyasında fəsadların səbəbi immunitet sisteminin həddindən artıq iltihablı reaksiyasıdır. Bununla belə, iki tanınmış müalicə üsulu - monoklonal antitel və steroid deksametazonun istifadəsi COVID-19 infeksiyalarının müalicəsinə kömək edə bilər. Ancaq antitel yalnız xəstəliyin erkən mərhələlərində təsirli olur.
Tədqiqatçılar koronavirusu siçanların burun boşluğuna yeridiblər, nəticədə onlar ağır COVID-19-un tipik əlamətlərindən - ağciyərlərin zədələnməsi, çəki itkisi və gücləndirilmiş, davamlı iltihablı immun reaksiyadan əziyyət çəkməyə başlayıblar.
İnfeksiyanın ilkin mərhələlərində immunosupressant (bədənin antigenə reaksiyasının qarşısının alınması) deksametazon virusla mübarizə üçün kritik olan ilkin immun reaksiyasını boğduğu zaman siçanlarda ölümcül olub.
Bununla belə, bu dərman orqan zədələnməsinə səbəb olan iltihab reaksiyasını boğaraq, xəstəliyin sonrakı mərhələsində infeksiyanı təmizləməyə kömək edib. Bu kəşf COVID-19-un ağır gedişi üçün yeni müalicə üsullarının hazırlanmasına kömək edəcək.