Fərhad Burzu
23 avqust 2024 17:10 (UTC +04:00)

Fərhad Burzu

Arıqlama iynələri, mədəkiçiltmə və cins dəyişmə əməliyyatları – Həkim elə şeylər DANIŞDI Kİ...

Son zamanlar mədəkiçiltmə əməliyyatları geniş populyarlıq qazanıb. Artıq kilolardan tez və daha asan yolla qurtulmaq istəyənlər bu ağır əməliyyata üz tuturlar. Asan yol dedim, amma heç də asan deyil. Sağlam bir orqan kəsilir, əməliyyatdan sonra aylarla müxtəlif çətin prosedurlara məruz qalmalı olursan və s. 

Bəs çəki atmaq üçün başqa yol yoxdurmu? Hormonlarımız hansı möcüzələrə qadirdir? Bu barədə tanınmış həkim, endokrinoloq Fərhad Burzu ilə söhbət etmişik.

- Doktor, eşitdiyimə görə, dünya səhiyyəsinin qanunları mədəkiçiltmə əməliyyatından öncə 6 ay endikrinoloji müalicə götürülməsini tələb edir. Bu bizdə də varmı?  Endokrinoloq  yardımı ilə artıq çəkilərdən qurtulmaq olar?

- Əslində bizim qanunlar da bunu tələb edir. Təəssüf ki, bir çox hallarda cərrahlar bunu nəzərə almırlar. Pasiyent sürətlə arıqlamaq istəyir və əməliyyatla canını qurtarmaq istəyir. Amma pasiyent müştəri deyil, o həmişə haqlı ola bilməz, onu həkim yönləndirməlidir. Metabolizm endokrinoloqlar tərəfindən idarə oluna bilər. Bütün hallarda - istər mədə balonu, istər mədəkiçiltmə, istər bariatrik cərrahiyyədən öncə endokrinoloq  konsultasiyası vacibdir. Bu konsultasiya olmadan altda yatan başqa bir xəstəlik problem yaradar. Artıq çəkiyə çoxlu sayda problemlər səbəb olur. Sadəcə artıq çəki düşüncəsi ilə müalicə pasiyentə ziyan vurmuş ola bilər.

Bilirsinizmi, bir çox telekanallarda diyetoloqlar reklam olunurlar və insanlar müayinə almadan kütləvi şəkildə diyetoloqlara üz tuturlar. Halbuki, hər kəsin orqanizminin fərdi xüsusiyyətləri var. Bəzən bizim idarə edə bilmədiyimiz vəziyyətlər də var. Pasiyenti biz  arıqladıb, çəkisini sala bilmiriksə, mədəkiçiltmə əməliyyatının da faydası olmayacaq. Bu insanlar sadəcə yemək yemə etikasını, qaydalarını bilmirlər. Nəyi nə zaman, harada yemək lazım olduğundan xəbərsizdirlər. Onu biz öyrədə bilmirik, diyetoloqlara üz tutub effekt ala bilirlər. Qidalanma terapiyasını onlar həyata keçirir. Bu mənada diyetoloqlara ehtiyacımız olur. Diyetoloq əslində qida mühəndisidir, sağlam və düzgün qidalanmanı öyrədir. Artıq çəkidən xilas olmaq istəyənlərin bəzən psixiatrla da konsultasiyasına ehtiyac yaranır. Çünki sinir sistemi ilə əlaqədar olan bir çox hallar var ki, onlar xəstəni qidalanmaya meylli edir. Biz hər nə qədər metabolik sistemi tarazlamağa çalışsaq da, o problem aradan qalxmayınca effekt ala bilmirik. Bəzən, psixiatrik preparatlar da xəstənin kilo almasına səbəb olur. Biz indi yalnız kökəlmədən danışdıq. Amma insanlar da var ki, onlar illərlə çalışıb kilo ala bilmirlər. Endokrinoloqlar bununla da məşğul olurlar. Bir sözlə, metabolizm endokrinoloqların əlindədir.

- Yaş keçdikcə, müxtəlif səbəblərdən metabolizm sürətini azaldır. Endokrinoloqlar onu sürətləndirə bilir?

- Ağıllı endokrinoloq, hər pasiyentə fərdi yanaşma tətbiq etməklə uğurlu nəticə ala bilər. Yenə deyirəm, pasiyent həmişə haqlı deyil, bəzi müalicə proseslərini pilləli şəkildə keçmək lazımdır. Məsələn, pasiyent gəlir ki, mənə arıqlama iynəsi vurun. Onu dərhal vermək olmaz.

- Yeri gəlmişkən, son zamanlar dəb halına düşmüş həmin arıqlama iynələrinin yan təsirləri var?

 - Təbii ki, ola bilər. Bütün dərman preparatları kimi, onların da fərqli təsiri mümkündür. Amma artıq müasir təbabətdə həmin iynələrin bir başa arıqlama üçün təyin edilən formaları da var. Yenə deyirəm, insanlar standart deyil. Yaşadığımız coğrafiya, qidalanma mədəniyyəti, orqanizmin xüsusiyyətlərinə görə bir müalicə hamıda eyni nəticəni göstərmir. Amma bir başa bu iynələrin təyini düzgün deyil. Tutaq ki, pasiyentdə aybaşı pozğunluğu, daimi qəbizlik problemi, metabolik pozğunluq var. Bunu aradan qaldırmadan iynə vurmaq problemin üstünü ört-bas etmək deməkdir.

İstənilən xəstəlikdə, problemdə insana ilk növbədə insan kimi yanaşmaq lazımdır. Tətbiq edilən hər bir müalicə ilk növbədə insanın həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəldilməlidir. Əslində arıqlamayan insan yoxdur, sadəcə doğru müalicəni tapa bilməyən həkim var.

- Morbid obez (piylənmə xəstəliyi) olan yəni həddən çox çəkiyə malik insanların endokrinoloq yardımı ilə arıqlaması mümkündür?

 - Bəli. Bu əslində piylənmə xəstəliyidir. Yoxlanmadan “bıçaq altına yatmaq” düz deyil, pasiyentin kuşinq xəstəliyi də ola bilər və ya yanaşı hansısa gizli başqa xəstəlik. Xəstə çəki verilə biləcəyi qənaətinə gəldikdən sonra əməliyyata girməlidir. Xəstə çəki verə bilmirsə, əməliyyat da nəticə verməyəcək

- Endokrinoloq yardımı ilə maksimum neçə kilo itirmək olar?

- İstənilən qədər, yəni həkim nə qədər uyğun görürsə, o dərəcədə.

-  Mədə kiçildilərkən mədənin alt hissəsində yerləşən, aclığa səbəb olan krelin hormonunu ifraz edən hissə kəsildiyi üçün iştaha olmur. Bəs bu krelini endikrinoloji üsulla “susdurmaq” , aclıq hissini dəf etmək olar?

-  Arıqlama iynələri məhz buna xidmət edir. Bu preparatlar mədənin boşalmasını gecikdirir, aclıq hissi azalır. Qeyd edim ki, son illər endikrinoloji dərmanlar bir çox hallarda bariatrik cərrahiyyəni üstələyir və ciddi rəqabətə girir. Bariatrik cərrahiyyədən sonra ciddi vitamin çatışmazlığı yaşanır, xəstə  bu çatışmazlığı müxtəlif preparatları yüksək dozada qəbul etməklə qapadır. Bilirsinizmi, bir əməliyyata girəndə onun verəcəyi faydanı və ziyanı tərəzinin gözünə qoymaq lazımdır. Amma bu əməliyyat şəkər xəstəliyinin aradan qaldırılması üçün nəzərdə tutulubsa, onda baxış dəyişir.

- Qida mədəniyyətimizdən danışdınız. Azərbaycanda mətbəx, yemək qaydaları əslində diyetoloqların tərtib etdikləri siyahılardan çox fərqlənir.

- 20-30 il əvvəl bu qədər şirniyyat dolu süfrələrimiz, bu qədər kafe, restoran da yox idi. Bilirsinizmi, bu işə dövlət bir əl qoymalı,  hər bir kafe və restoranda diyetik menyuların olması tələb edilməlidir. Əhalinin sağlamlığı xətrinə. Cəmiyyət və dövlət bu vəziyyətlə mübarizə aparmalıdır. Bu həm Səhiyyə Nazirliyinin, həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəsi olmalıdır. Çünki bu insanlar sabah xəstə və ya əlil olanda dövlətin xərclədiyi vəsaitin, müavinətin məbləği artacaq.

 - Son zamanlar cins dəyişmə əməliyyatları da açıq aşkar artıb, bunu etiraf edənlər də. Deyək ki, kobud bir kişi, oğlan hormonal müalicədən sonra zərif bir qıza çevrilir. Hormonlar bu möcüzəni törədirsə, hormon müalicəsi ilə qocaları gəncləşdirmək mümkündür?

- Müəyyən həddə qədər mümkündür. Bir yaşdan sonra tətbiq edilən gəncləşdirmə müalicələri orqanizmdə dərin metabolik pozğunluqlar yarada bilər.

- Hormon müalicəsi ilə cinsini dəyişmiş adam peşman olsa, yenidən öz cinsinə qayıda bilər?

- Hormon müalicəsindən sui-istifadə bizim qanunlarımıza uyğun deyil. Bir çox xarici ölkələr var ki, orda qanun icazə verir, adam cinsini dəyişmək istəyir, gedir dəyişdirir, hormon müalicəsinə başlayır. Hormon müalicəsi ilə cinsini dəyişmiş adamı geri qaytarmaq çox çətin olur. Və bu da əlavə xəstəliklərə səbəb olur.

Tibb protokollarımızda bununla bağı göstərişlər var. Əgər pasiyentin xromosom cütlüklərində patologiyalar varsa, o zaman öz cinsini seçmək hüququ xəstədə olur.

- Əgər ailə hiss edirsə ki,  yeniyetmə oğlu özünü qız kimi aparır, onu hormonal müalicə ilə kişi kimi yetişdirmək olar?

- Bu bir tək endokrinoloqun verəcəyi qərar deyil, konsilium olmalıdır. Bu yerdə xəstənin qərarı önəmli deyil. Bizim qanunlara əsasən, xəstənin orqanik patologiyası varsa  onun XY və ya XX xromosomunun sağlam olmadığı dəqiqləşdirilərsə, psixiatrın da rəyi ilə müalicə başladıla bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8190
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar