- Qaynana olmusuz, təbrik edirəm. “Seçimə” qarışdız?
- Mən çox demokratik adamam. Oğlum öz seçimini edib, qərarını verəndən sonra bizə xəbər verdi. Sən demə bir ildir qıza göz qoyurmuş. Mən də heç araşdırmadım. Bəlkə də araşdırmaq lazım idi, amma dedim oğlumun sevdiyi – seçdiyidir, elçi getdim. Amma mənə bir söz dedi – “Əgər razı deyilsən və bu etirazını məntiqlə əsaslandıra biləcəksənsə, mən seçimimdən imtina edərəm. Yox, əgər sadəcə bu qızdan xoşun gəlmirsə, o başqa məsələdi”.
- Bu artıq uşaq yox, kişi cavabıdır.
- Hə də, iyirmi beş yaşı var. Yəni mən əvvəldən qıza etiraz eləmədim. Ailədə əsas problem onda yaranır ki, gəlini doğma balan yerinə qoymursan. Niyə düşmən olursan axı? Bircə dəfə yaşayırsan, ətrafı sevməlisən. Gəlin kim olur olsun, sırf oğlum onu istədiyi üçün mən də onu istəməliyəm. Oğlum xoşbəxt olsun deyə onu sevməliyəm. Hər bir ailədə qaynana problemi olur, birində az, o birində çox. Mən özüm də gəlinəm. (Gülür) Amma özüm haqda ancaq onu deyə bilərəm ki, ailə qurandan bu günə kimi qaynanamla bir yerdə yaşayıram. Bu sizə necə gəlin olduğum haqda hər şeyi deyər.
- Gəlininiz də sizinlə yaşayır?
- Yox, onlar ayrı yaşayırlar. Yaxındadırlar, tez – tez zəngləşirik, görüşürük.
- Analar adətən oğlunun evlənəndən sonra da nə yediyinə nəzarət edir. Siz də belə edirsiz?
- Nə yediyini soruşmuram, amma tez-tez yeməklərini mən bişirirəm. Gəlinim də bişirir, amma hələ dördüncü kursda oxuyur. Ona görə də yeməklərini hazırlayıb göndərirəm, ya da özüm aparıram. Ya da deyirəm gəlin bizdə yeyin.
- Belə qaynana olar?
- Nəzərə almaq lazımdır ki, qız oxuyur. Evimdə onsuz da hər gün yemək bişirirəm, bir az artıq bişirsəm, nə olar? Uşaqdılar, böyüyəcəklər, özləri həll edəcəklər. Özümün o yaşdakı vaxtımı xatırlayıram. Fikirləşirəm ki, o yaşda olanda məni nə xoşbəxt edərdi? Məsələn, evə gələndə hazır xörəyin olması, qoy o da xoşbəxt olsun. Öyrənəcək yavaş – yavaş.
- Mən bilən yoldaşınız sizi efirdən görüb bəyənib.
- Həə...
- Adam inanmır ki, cəmi bir neçə onillik əvvəl insanlar şəklə baxıb qız seçiblər. İndi kimə şəkil göstərsən deyər fotoşopdur. Efirdən gördükləri qıza evlənmək təklif edirdilər, indi isə başqa şeylər təklif edirlər...
- (Gülür) Hə, zəmanə çox dəyişib. O vaxtı yoldaşımın otuz beş yaşı olub, evləndirmək istəyirmişlər, heç kimi bəyənmirmiş. Bir dəfə də belə söhbət olan vaxtı mən efirdə veriliş aparırmışam. Baxıb deyib ki, “Bax belə bir qız tapın, evlənim”. Onlar da tez məsələnin üstünə düşüblər ki, bu qız kimdi? O vaxtlar sədrin müavini Nahid Hacıyev var idi, ona demişdilər. O da Rafiq Hüseynova deyib. Bizdə iki diktor otağı var idi, qadınlar və kişilər üçün. Bir gün Rafiq müəllim selektorla çağırdı ki, “Nailə, gəl bizim otağa”. Getdim, gördüm ki, otaqda Rafiq müəllimdən başqa da iki nəfər oturub, ordan – burdan danışdıq. Amma başa düşmədim ki, Rafiq müəllim niyə çağırıb məni? Adətən sözü olanda özü gələrdi axı. Gözlədim xüsusi bir söz deyəcək, demədi, efirimin vaxtı idi, çıxıb getdim. Sonradan məlum oldu ki, qıza baxmağa gəlibmişlər.
- Həmən də ailələr tanış oldu, elçilik?
- Yox, əvvəlcə özümüz tanış olduq, sonra ailələr.
- Oğlunuz da eyniylə belə edib.
- (Gülür) Hə, şəkildə, efirdə, lap elə üz-üzə görməklə deyil, sonradan yaranan ünsiyyət tamam başqa şeydir. İnsanlar bir-birinə uyğun gəlmirsə, bəyənmək azdır. Evlənmək, seçim etmək çox çətindir. “Gördüm, istədim”lə olmur. Mən bu haqda ayrıca veriliş də eləmişdim. İnsan birinci özünü tanımalıdır ki, mən kiməm, mənə nə lazımdır. Sonra qarşısındakını tanımalıdır ki, o kimdir və ona nə lazımdır. Xarici görünüşündən xoşu gəlmək hələ başlanğıcdır. Mən ilk gündən ona dedim ki, işləyəcəm. Şərt qoymaq sözünü sevmirəm, amma bu hardasa elə şərt qoymaq kimi oldu. Ailə qurandan sonra nəyə görə də axı işləməməliyəm? Ərə gedirəmsə təqsirim nədir ki, işləməyim? İnsanı olduğu kimi qəbul etmək lazımdır.
- Qəbul elədi?
- Razılaşdı, amma müəyyən məhdudiyyətlər qoydu.
- Nə kimi? Gecə efiri olmaz?
- Yox, səhnəyə çıxmaq. Bir də, müsahiblərimin kişilər olmasına qarşı idi. Sonra da ana oldum, üç il evdə oturub uşağıma özüm baxdım. İşə çıxanda da əvvəlki qədər çox işləyə bilmirdim. Subay olanda doğrudan çox fəal işləyirdim. 80-ci illərdə bütün bayram verilişlərini, tədbirləri mən aparırdım. Yoldaşım məhdudiyyət qoysa da, qoymasa da, ailə qurandan sonra o qrafiklə işləmək mümkün olmadı. Sonra da zamanla artıq ailədəki məhdudiyyət dövrü bitdi. Çünki bir – birimizi daha yaxşı tanıyırdıq. Özümüzü bir – birimizə təsdiqləmişdik. Ona görə də mən ailə quran gənclərə deyirəm ki, bir neçə illərini karyeralarından kəsib ailələrinə ayırmağa çəkinməsinlər. Sonra işləyib o illərin boşluğunu bərpa eləmək olur, hətta uşaqlarına da mütləq özləri baxsınlar.
- Biz qadınların həmişə kişilərdə axtarıb tapmadığı cəhətlər var. Qarşımızdakı kişi kim olur olsun, o əskiklər mütləq var. Oğlunuza o cəhətlərdən xüsusi hansını tətbiq eləmisiz?
- Ona bircə kəlmə demişəm, o da uşaq vaxtından. Demişəm, sən gərək elə böyüyəsən ki, sabah gəlin məni söyməsin ki, səni anan belə böyüdüb. Qadınına qarşı həmişə diqqətli olmalısan, evinə nə lazımdır bilməlisən. Evin rahatlığı, istiliyi, mehribanlığı qadından asılıdır, amma təminatı kişidən asılı olmalıdır.
- Mən sizə “Yuxularımı qaçıran qadın” deyirəm. Bir dəfə demişdiz ki, yatanda çalış başını dik tut, boğazında qırışlar yaranmasın, o vaxtdan yuxuda belə başım aşağı düşən kimi oyanıram ki, Nailə xanım tapşırmışdı...
- (Gülür) Düz eləyirsən. Necə yatmağın çox böyük əhəmiyyəti var. Gəl səni öyrədim. Həmişə düz yat ki, boğazında qırış olmasın. Başını da çox yuxarıda qoyma. Nəmləndirici kremi üzünlə bərabər boğazına da çək. Yatanda çalış çevrilmə, yastığa yanağın yox, başın dəysin. Yoxsa üzün əziləcək və artıq ilk qırışlar başlayacaq. Zamanla gələn qırışın qarşısını onsuzda ola bilməzsən. Amma o zamanı sürətləndirməyə bilərsən. Dərini zorla yaşlanmağa itələmə. Bir də mütləq nə yediyinə fikir ver. Qida çox önəmlidir.
- Hippokrat da deyirdi ki, imkan verin qidanız sizi müalicə eləsin.
- Bəli. Biz nə yeyiriksə, oyuq. Nəfsimizi qorumalıyıq.
- Nəfs demişkən, Pifaqor deyirdi ki, qızıl odla, qadın qızılla, kişi isə qadınla əriyir. Haqsızlıq deyil? Qadın ancaq qızılla əriyir?
- Ümumi götürəndə, qadını hədiyyələrlə ələ almaq asandır. Amma indi sən dedikcə fikirləşirəm ki, məni qızılla ələ almaq olar? Sonra deyirəm indiyəcən olmayıbsa, indən belə yəqin ki, artıq olmaz. (Gülür)
- Qızılın sizin üçün nə qədər əhəmiyyəti var?
- Tam səmimi deyirəm, heç bir əhəmiyyəti yoxdur. Görürsən, üstümdə də heç nə yoxdur. Bax bir sırğam var, o da çox sadə və özümü belə də çox xoşbəxt hiss edirəm. Qızıl varımdı, bəzi yerlər var ki, ora gedəndə taxıram. Amma çox az. Məsələn, bir ələ iki üzük taxmağı sevmirəm. Bəlkə də hardasa hər ələ birini taxmaq olar, amma yenə də... Axı bunların hərəsi bir incəsənət əsəridir, onları bir-birinə qatmaq, üst-üstə taxmaq düz deyil. Qısası, mən Pifaqorun dediyi qadınlardan deyiləm, məni qızılla ələ almaq olmaz. Fikir verirsən, bu deyimlər nə qədər bir-birinə kontrast təşkil edir? Bir misal var ki, “Neynirəm o qızıl teşti ki...” Bir misal da var, “Ağlamaq ağlamaqdırsa, avtobusda ağlayınca, limuzində ağlayım”.
- İkincini çox bəyəndim. Yeri gəlmişkən, siz hansı tip qadınlardansız? Avtobusda, yoxsa limuzində ağlayan?
- Mən ümumiyyətlə ağlamayan qadınlardanam. Ağlayanda da öz-özümə ağlayaram, kimsə görməz. Tez də özümə təskinlik verib çıxış yolu tapmağa çalışaram. Çox iradəli adamam. İradəli, vüqarlı, qürurlu. Bu cəhət mənə anamdan keçib, o bəy qızı olub. İndiyə qədər nəvələrinə deməz ki, mənə çay süz. Həmişə istəyib ki, özü eləsin. Heç kimdən heç nə istəməz. Məsələn, mən tələbə olanda 45 rubl əlaçılıq təqaüdü alırdım. Sonradan işləməyə başladım, əvvəl 90, sonralar 120, 140 rubl maaş alırdım. O vaxt üçün böyük pul idi, əməlli başlı zəngin idim. Öz puluma dolana bilirdim. Amma evdən də göndərirdilər. Göndərməsələr belə, istəməzdim. Bir dəfə hətta mənə evdən pul göndərmədilər ki, bu qıza pul göndərməsək, istəmir, görək neyləyəcək? Düzdür, içimdə küsmüşdüm ki, niyə göndərmədilər. Amma yenə də istəmədim. İndiyəcən heç yoldaşımdan da pul istəməmişəm. Bir yerdəyiksə onsuzda bilir də mənə nə lazımdır. Öz pulumu qazanmağa çalışmışam. Heç vaxt xoşlamıram ki, qadın ələ baxsın. Dualarımda da deyirəm ki, Allah, məni özündən başqa heç kimə möhtac eləmə. Çünki Allahsız yaşamaq çox çətindir. Heç kimlə danışa bilməyəndə də onunla danışmaq olur...
- Hə, dara düşəndə bizi ondan başqa heç kim dinləmir. Nailə xanım, “kaş ki, tanımayaydım” dediyiniz adamlar olub?
- Tanımasaydım daha yaxşı olardı dediklərim oldusa da, indi peşman deyiləm. Çünki onları tanımaq mənə müəyyən bir təcrübə verdi. Həyatda olan hər şeyi pozitivə çevirmək lazımdır. O “pis” mənə çox lazım idi ki, sonrakı “yaxşı”nın yaxşı olduğunu ayırd edə bilim.
Sonda xoşbəxt qadının portretini çəkməyə cəhd edirik:
Rəng:
- Birmənalı şəkildə çəhrayı. O rəng bütün qadınlara yaraşır. Əsl qadın rəngidir. Qadınlar harasa gedəndə gözəl görünmək istəyirlərsə, bu rəngi seçsinlər. Mən oğlumun toyunda çəhrayı geyinmişdim. Mənə görə çəhrayı qadın rəngidir. Qadının zərifliyini, kübarlığını əks etdirir və bu yeganə rəngdir ki, bütün qadınlara yaraşır, üzlərinin rəngini açır.
Əşya:
- Yanımda incəlik simvolu olaraq gül görmək istəyərdim. Qadının əsas vəzifəsi incəlikdir, mehribanlıqdır. Bir də həmişə qadını özünə hörmət edən şəxsiyyət kimi görmək istəyirəm. Amma o əşya nə ola bilər? Bəlkə jurnalist olduğuna işarə etmək üçün qələm olsun.
Əhatəsində:
- Yanında mütləq uşaq olsun. Qadının yanında ailəsini görmək istəyirəm. Qadın nə deyir, desin, karyera qurur, qursun, nə qədər var dövləti olur, olsun, əgər yanında ürəyincə olan bir kişi yoxdursa, tam xoşbəxt ola bilməz. Bu aksiomadır. Bir də, indi o portretə nəvə də əlavə edərdim.