<b>Nəzakət Teymurova: “Erməni yaxınlaşıb salam verdi...” - <span style="color:red;">SÖHBƏT </b>
11 mart 2014 13:15 (UTC +04:00)

Nəzakət Teymurova: “Erməni yaxınlaşıb salam verdi...” - SÖHBƏT

İkimiz də Ağdamda doğulmuşuq, müharibəyə qədər orda böyümüşük. Deməli, istəsək də, istəməsək də, “Qız-qıza” söhbətimiz oralardan başlayacaq:

 

- Bizim Əlimədədli kəndində bir qəbiristanlıq var idi. Uşaq vaxtı onun qarşısından keçəndə düşünürdüm ki, mən öləndə məni burda basdıracaqlar? Mənim sonum bura olacaq? Mən bax o ağacın altında çürüyüb torpaq olacam? Qorxurdum... İndi isə deyirəm, kaş məni o torpaqda basdıralar. Həqiqətən, torpaq adamı get-gedə çəkirmiş...

 

- Bəs deyirlər adam gənc olanda belə şeylərin fərqində olmur, yaşlaşanda isə torpaq çəkir. İndi biz qocalırıq? Görkəmimizdən oxşamırıq, amma axı deyəsən nə isə baş verir...

 

- Axı insan göründüyü kimi deyil. Bir də görünməyən tərəfi var. O ancaq özünün gördüyü tərəfi ilə o qədər danışır, götür-qoy eləyir, “hə”lər, “yox”lar deyir ki... Bax, görünür o içimizdəki insanın yaşı çoxdur. Adam dünyanı gəzir, hər yeri görür, şöhrəti, şanı olur. Gözümü yumub yatmaq istəyəndə isə onların heç biri yadımda qalmır, amma uşaqlıqda gəzdiyim o küçələr, dağlar, çaylar gözümün önündə canlanır. Gündüzlər yadıma da düşmür, amma elə ki, gözümü yumub o içimdəki insanla tək qalıram... Qəribədir, sən demə elə şeylər insanın yaddaşına yazılıbmış ki... elə bil beynin o kadrları filmə çəkib. Övlad ana üçün nədir, bunu təsvir eləmək mümkün deyil. Ona bir şey olsa, insanın ruhu ölür. Baxın, övlad ölür, yasını saxlayırsan, yanırsan. Amma yavaş-yavaş həyatdan silinir. Amma torpaq itkisi elədir ki, illər keçdikcə səni daha çox çəkir. Anamın 81 yaşı var, hər gün deyir ölsəm məni buralarda basdırmayın.

 

- Qızınız burda doğulub. Sizin bu söhbətlərə necə yanaşır?

 

- Deyirəm ki, Ağdam alınanda gedib orda özümə bir iş düzəldəcəm, evimizi tikib orda qalacam. O saat deyir bəs mən? Deyirəm sən öz həyatını quracaqsan. Deyir yəni sənin torpağın məndən vacibdir? Yanımda qal də. Deyirəm, hə! Bu elə duyğudur ki, onu heç övladla da bölüşmək olmur. İnsan bunu zamanla, yaşla anlayır. Onun nə olduğunu, ona toxunmadığım üçün nələr hiss etdiyimi sözlə ifadə eləyə bilmirəm.

 

- Musiqi ilə yetərincə ifadə edirsiz...

 

- Bilirsiz, mən axırıncı dəfə Ağdamda... Bakıda texnikumda oxuyurdum o vaxt. Ürəyim ağrıyırdı ki, anam, bacılarım qalıb orda. Qardaşlarım isə müharibədə idilər. Tez-tez gedirdim evə. Görürdüm atışma olur, heç kimin vecinə deyil. Bir dəfə  qonşunun evinə “qrad” düşdü, qorxdum, dedim gedirəm. Anam dedi ay bala, biz elə belə yaşayırıq də, nə getmək? Qaldım, gecə necə atışma başladısa pəncərənin şüşələri silkələnirdi. Hərə bir tərəfə qaçdı, hərə bir cür yığışırdı. Onda gördüm anam evin açarını axtarır ki, qapını bağlasın. Bir adam da yoxdu ki, qolumuzdan tutub çıxartsın. Pəncərədən baxırıq ki, ölənlər, yaralananlar... Bir evdən üç nəfər ölmüşdü, biri dəli olmuşdu... Gecə ala-qaranlıq idi, üstü açıq bir yük maşını gəlib camaatı yığıb bir az kənddən kənara çıxartdı.

 

- Siz də o maşınla getdiz?

 

- Anamla bacım hardasa yeddi kilometr aralıda düşdülər ki, “ara sakitləşsin, axşam evə qayıdacağıq”. Onda bir bacım Ağdamda tibb bacısı işləyir, uşaqlarını anamgildə qoyurdu. Mən də uşaqlarla gəldim bacımın yanına, Ağdam hospitalına. Orda nələr görmədim... Təsəvvür edin, bir kişi ayağını qucağına alıb aparırdı basdırmağa...

 

- Heç vaxt bu haqda danışmamısız...

 

- Bax belə şeyləri gözümlə görmüşəm deyə erməni adı gələndə dəli oluram. Fərqi yoxdur, Ağdam yox, Şuşa olsun, Xocalı olsun, Qarabağ adı gələndə özümü saxlaya bilmirəm. Yadımda elə şeylər qalıb ki... Səmərqəndə festivala getmişdik. Musiqiçilərimizlə oturub yemək yeyirdik. Ermənilər də gəlib. Yaxınlaşıb salam verdilər, aladım. Özümdən asılı deyildi, yeyə-yeyə danışırdım ki, bunlar bizə nələr elədilər və gözümdən də yaş gəlir. Onlardan bir Amerikada yaşayan erməni balabançı Civan Qasparyan, bir də İrəvandan bir nəfər idi. Mən bunları görmüşəm və artıq əsəblərim pozulub. Gecə-gündüz məşq eləyirəm. Nə isə, oxudum qurtardım, elə qarşıladılar, alqışladılar ki, hamı dedi, başqa cür ola bilməz, qran-pri Azərbaycanındır. Civan isə erməniliyini elədi, düz nazirin yanına qədər getdi ki, Azərbaycana yer verilməsin. Həyatda indiyə qədər elə ağlamamışam... (Gözləri dolur)

 

- Nə idi sizi ağladan?

 

- (Ağlayır)

 

- Ermənilər qalib gəlməsi?

 

- Yox... (Ağlayır)

 

- Həqiqətin məğlub olması?

 

- Hə...

 

- Ağlamayın, gəlin qızınızdan danışaq... Nigar neçədə oxuyur?

 

- Doqquzuncu sinifdədir.

 

- Hara hazırlaşır?

 

- Üçüncü qrupu istəyir. Xarici dillərə marağı çoxdur.

 

- Siz həkim olmasını istəyirdiz...

 

- Hə, amma indi uşaqlar elə tənbəldir ki... (Gözlərini silə-silə gülür) Deyir, mən bir elə oxusam bəs nə vaxt pul qazanacam?

 

- Heç anasının qızı deyil. Görün siz neçə il oxumusuz...

 

- 4 il Asəf Zeynallı adına Musiqi məktəbində, 4 il Konservatoriyada, 2 il də magistratura. Düz on il oxumuşam. Bunlar yox. Zəmanə dağılsın, (Gülür) elə bil zəmanələri tələb edir ki, hər şey tez olsun.

 

- Xatırlayıram, balaca olanda dövlət tədbirlərinin məşqində birinci sırada əyləşirdi. Rejissor Cənnət Səlimova deyirdi ki, bu balaca qoğal anasına elə qulaq asır, elə bil indicə səhvini tutacaq.

 

- (Gülür) 6-7 aylığından uşaq arabasında kulisdə qoyub, səhnəyə məşqə çıxırdım. Düzdü, orkestrin səsindən qorxub qışqırıb ağlayırdı. Amma onunla belə musiqi duyumu və zövqü var. Hiss eləyirəm ki, pisi yaxşıdan seçə bilir. Dinləyib kimin düz, kimin səhv oxuduğunu deyə bilir. Hələ lap balaca idi, ancaq qığıldayırdı, onda segah muğamı qoyurdum, görürdüm ritmi tutub, onunla qığıldanır. Hamı deyirdi ki, bu uşağın səsi olacaq.

 

- Oldu? Oxuyur?

 

- Məktəbdəki tədbirlərə qatılırdı, amma keçən ildən uzaqlaşdırdım. Uşağı gərək məktəbdən, dərsdən ayırmayasan. Biri var gözəl səsi ola, amma mən qızımda onu görmürəm.

 

- Yenə tamaşalarda qoğal kimi səhnənin qarşısında oturur?

 

- Artıq qoğallar – sinif yoldaşları ilə. O gün yeni quruluşda “Gəlin qayası” oxuyurdum. Qızlarla gəlmişdi, axırda dedi ki, “Ana, səninlə fəxr eləyirəm, qəşəng oxudun”.

 

- Onu ağdamlı kimi böyüdürsüz?

 

- (Gülür)

 

- Məhrumiyyətlər, qadağalar...

 

- Hərdən deyir ki, niyə uşaqların ad günü olanda mən hamıdan tez çıxıram? Camaatın uşaqları rəfiqələrigildə qalır, mən niyə heç yerdə qala bilmərəm? O qədər sual verir ki, deyirəm bala bizim öz qanunlarımız var ey, sən o işlərə qarışma. Lazımdır, get atandan soruş. Atasından da çox çəkinir, heç vaxt gedib soruşmaz. Deyir məsələn, uşaqlar harasa gedəcək, deyirəm mən də gəlim, bir yerdə gedək. Onda da deyir heç kimin anası onunla gəlmir, mən utanıram. Deyirəm bala, elə zəmanədir ki...

 

- Zəmanə bizim qaydalara neyləsin? Bizimkilər ötən əsrdə də belə idilər. Bəyəm sizə elə sərbəstlik vermişdilər ki?

 

- (Gülür) Yox. Deyirəm də, mən bura gələndə də oxumağa qoymadılar ki... Energetika Texnikumunu oxumuşam.

 

- Niyə?

 

- Qoymurdular. Atam rəhmətə getmişdi, qardaşım da qoymurdu. O vaxt imtahan ərəfəsində məni götürüb apardı Ukraynaya ki, burda olmayım. Yaxşı ki, o vaxt da imtahan müddətini uzatdılar. Mən də bilmirəm, gəldim gördüm ki, hələ imtahanlar verilməyib. Həmən böyük bacımla sənədlərimi götürüb getdik. O vaxt da Lidiya Rəsulova məni tapşırmışdı ki, bu qızın gələcəyi var, üzərində işləyin. Xanəndəlik sahəsində ustad görmək böyük şərtdir. Hamıya xanəndə deyirlər, amma mükəmməl muğam ifaçısı olmaq üçün təhsil almalısan. Muğamları bir-bir öyrənməlisən. Mahnının arasında kiçik muğam oxumaq xanəndə olmaq demək deyil. Xanəndə həm də fiziki cəhətdən muğama hazır olmalıdır. Məsələn, mən pəhriz saxlayıram. Birdən dörd-beş kilo çəki itirəndə gücüm o notlara çatmır. Tamaşa oxuya bilərəm, amma bütöv muğamı oxuyanda zil notlar var ki, onları oxumaq üçün fiziki tərəfdən də hazır olmaq lazımdı.

 

- Onda konsert öncəsi pəhrizi pozursuz?

 

- Pozuram ki, bir az gücüm olsun.

 

- Nələri yeyirsiz, nələri yemirsiz?

 

- Həmən günlərdə qatıq, dovğa yeyə bilmərəm. Səsi xaricliyə gətirib çıxardır. Yağlı yeməklər səsə pis təsir edir. Adamlar var, oturub yeyir... Yaqub əmi bir dəfə məclisdəymiş, plov gətiriblər, yeyib. Yeyəndən sonra deyib ki, səs hamısı qaldı aşın altında. İndi o misal kimi, gərək ifaçı yeməyinə diqqət eləsin ki, səsi yeməyin altında qalmasın.

 

- Konsert öncəsi soyuqlama olanda necə, hansı xüsusi reseptlər var?

 

- Baldan istifadə eləyirəm. Amma allaha qurban olum, heç vaxt mənim səsim elə batmayıb. İki anda səsim batır. Bir əsəbdən, bir də çoxlu ağlasam. Onda heç danışmağa da səsim qalmaz. Yuxusuzluq da səsə pis təsir eləyir.

 

- Səs saxlamaq çətin işdi. Yaxşı eləyib Nigarı uzaqlaşdırmısız.

 

- Qoy elmin arxasınca getsin. Xarici dillərə və kitaba çox meyllidir. Nitq mədəniyyəti yaxşıdır. Hara getsək kitab alır.

 

- Əsasən nə haqda oxuyur?

 

- Son vaxtlar fikir verirəm ki, daha çox həyatı kitabları oxuyur.

 

- Artıq böyüyür?

 

- (Gülür) Bu yaxınlarda Tünzalə Ağayevanın TRT AVAZ-da yayımlanan verilişində iştirak etmək üçün Ankaraya getmişdik. Kitabxanaya girdik, ingiliscə üç-dörd kitab aldı, sonra gördüm satıcıya yaxınlaşıb kitab istəyir, eşq-filan deyir. Öz-özümə dedim “hə, böyüyür”... Özü də tez oxuyandı, üç günə qalın bir kitabı oxuyub bitirir. Özüm də həvəsləndirirəm, kitaba alışdırıram. İstəyirəm internetdəki mənasız əyləncələrdənsə kitab oxusun. Vaxtında mənim də valideynlərim bu barədə tələbkar olsaydı, yəqin ki, mən də indi dildən bir az... (Gülür) Görürsüz də, çox danışan deyiləm...

 

- Axı sizin işiniz danışmaq deyil, oxumaqdır. Elə kaş hamı öz işini siz öz işinizi gördüyünüz kimi görəydi.

 

- Elədi, amma elə insanlar var ki... Mən həmişə deyirəm ki, ifaçıyam, jurnalist deyiləm. Səfərdən qayıdıb məlumat verə bilərəm ki, hara getmişdik, hansı salonda hansı konserti verdik, necə qarşılandı. Qısa və quru cümlələrlə. Amma daha bəzəyib-düzəyib deyə bilmərəm. Elə adamlar var ki, gördüyü işi sözlə elə bəzəyib, şişirdib təqdim eləyir... Üç-dörd bəzəkli, şablon sözü əzbərləyib... Baxırsan ki, bu insan elə hər müsahibəsində eyni sözləri deyir...

 

- Amma o sünilik tamaşaçını yorur axı. Yeri gəlmişkən, bir də uğursuz “kopya”lar var. Elə uğursuz “Nəzakət Teymurova kopyaları” var ki...

 

- Bax onda dəli oluram. Deyirəm o mənim həyatımı yaşamayıb, mənim sevgimi, mənim itkimi yaşamayıb... Axı o oxuduğum mənim həyatımdır. Hər insan səhnəyə öz içini qoyur. Hərə öz dünyasını, öz məhəbbətini oxuyur. Axı hərənin ürəyini dindirən, içini tərpədən bir səbəb var. Səhnədə olan insan ifası ilə öz dünyasını qurmalıdır. Orda onun öz ağrıları və sevgiləri olmalıdır.

 

- Sizin “dünya”nın neçə yaşı var?

 

- Artıq iyirmi ildir...

 

- Sizcə bunu gəncliyə bağlamaq olar?

 

- Gənc olanda səsin şaqqıltılı vaxtı olur. Zəngulələrə güvənib deyirsən mənim səsim var. Amma səs həm hər şeydir, həm hər şey deyil. Nə mənada? Gənc olursan, sənin gəncliyinə, yeni ifaya qulaq asırlar. Amma sənət o deyil. İllərlə yaşayırsan, hər dəfə yeni bir şey tapırsan... Özünüz bu aləmdə olan adamsız, bilirsiz ki, həyatımızda yaşadığımız yaxşı və pis nə varsa hamısı ifamızda özünü göstərir. Ona görə də gərək ifandan sənin dünyanın qoxusu gələ. Yaratdığın əsəri öz sevginlə, öz kədərinlə “rəngləməlisən”. İfaçı özü yanmasa, heç vaxt qarşısındakı insanı özünə cəlb eləyə bilməz.

 

***

 

Qonağımız gedəndən sonra modelyer Sona xanımla “Qızqıza” müzakirəmizə başlayırıq:

 

- Mən insanı başdan ayağacan süzməyi sevirəm. Nəzakət xanımın birinci ayaqqabısından danışmaq istəyirəm. Səhnə üçün çox zövqlə seçilmişdi, amma geyimi ilə üst-üstə düşmürdü. Bilirəm, səhnə adamları alış-veriş edəndə üstünlüyü səhnəyə geyə biləcəkləri şeylərə verirlər, amma gündəliyi də nəzərə almaq lazımdı. Köynəyi ilə ətəyinə gəlincə isə, daha çox müəlliməni xatırladırdı.

 

- Düppədüz! “Asəf Zeynallıda” dərs deyir, müsahibədən çıxıb dərsə gedirdi...

 

- Aaa, bax bunu bilmirdim. Mən onu əsasən ziyafət geyimlərində görmüşəm. Bir neçə dəfə də milli geyimlərdə görmüşəm və deyim ki, milli geyimlər ona xüsusi yaraşır. Saçları da çox səliqəli burulmuşdu. Qısası, Nəzakət xanımı aşırı səliqəli gördüm.

 

- Səliqəsiz qadın olar? Onda artıq olur “arvad”...

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9135
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar