Bu dəfə “Qız-qıza” yox, “Qız-qıza+” olacaq. Çünki bu axşam “S+ Qadın Klubu”nda bir-birindən yaraşıqlı xanımlar klubun bir yaşına toplaşıblar. Bu axşam bütün qadınlar bir-biri üçün geyinib, bəzənib, “Qiz-qıza”a söhbətə gəliblər.
Qonaqları “S+ Qadın Klubu”nun sahibəsi, modelyer-dizayner Sona Abdullayeva ilə ATV-nın aparıcısı Samirə Mustafayeva “S+” Moda evinin məhsulu olan libaslarda qarşılayırlar.
Qadınlar bilir, belə klublarda olan söhbətlərin, hadisələrin əsasında serial çəkilərsə, dramı da, yumoru da mövcud serillarımızdan bol olar. Qadınlar üz-üzə əyləşəndə həm oyunçuluq bacarıqları pik nöqtəyə çatır, həm də səmimi olurlar. Həyatlarında baş verən elə hadisələri danışırlar ki, həqiqəti başqa yerdə bu qədər çılpaqlığı ilə görə bilməzsiz. Həqiqət demişkən, elə içəri girər girməz Elnarə Təhməzovaya rast gəlirəm. Hər zamankı kimi pozitiv enerjisi, zarafatları ilə ....
- Vüsalə, müsahibədən sonra “koşelok”dakılar bir-bir zəng elədilər.
Onunla bir az söhbət etdikdən sonra Space TV-də yayımlanan “Bizim mətbəx” verilişinin aparıcısı Aytən Əliyeva gəlir. Aytən əvvəllər ATV-nın “Son xəbər” proqramında çalışıb, elə orda tanış olduqları həmkarı Namiq Əliyevlə ailə qurub. Oğlu doğulandan sonra artıq xəbər mühitində çalışmağın mümkün olmadığını görüb, xəbər mətbəxindən mətbəxə çəkilib. Evinin yox, kameranın önündəki mətbəxə. Mətbəx verilişlərindən sonra həm də çox məharətli ev xanımına çevrildiyini deyir:
- Nə vaxt soyuducumu açsan, görərsən yeməklər hamısı yarımfabrikat hazırdır. (Gülür) Xəbərlərdə çalışanda mətbəxin sirlərini bu qədər dərindən bilmirdim. Verilişlərdən çox şey öyrəndim. İndi mənə elə gəlir ki, gözəl bir yeməyi, ya şirniyyatı bişirmək çox yaradıcı bir işdir. Amma heyf ki, bu sənət əsərinin ömrü uzağı bir ac adama rast gələnə kimidir...
- Zatən bütün gözəlliklərin və sənət əsərlərinin ömrü bir “ac”a rast gələnə kimidir. Aytən, səni həmişə “S+”da görürəm. Demək olar ki, klubun daimi üzvüsən?
- Əlbəttə! Saç ustam da burdadır, bütün ziyafət paltarlarım da burdakı moda evində hazırlanır. Burda mənə qadın olmağın çox gözəl olduğunu hiss etdirməyi bacarırlar. Adam hərdən elə mühit istəyir ki, ev kimi rahat olsun, amma ancaq qadınlar olsun. Evdə hamısı kişidi, Namiq, oğlum (Gülür) Bax, onda bura gəlirəm. Bura da günün elə vaxtı gəlirəm ki, Namiq axşam işdən qayıdandan artıq evdə şam süfrəsi onu gözləsin.
Aytənlə danışa- danışa yanımızdakı iki xanımın da söhbəti qulağımdan yayınmır. Samirə Mustafayeva “Kristal” qrupunun rəhbəri Mədinə Məlikə “S+ Qadın Klubu”nun yoqa mütəxəssisi haqda danışır, o isə zatən son illərdə yoqa ilə məşğul olduğunu bildirir:
- Yoqa ilə həyat yoldaşım Samirin məsləhəti ilə məşğul olmağa başladım. Biz onunla Moskvada olanda təəccübləndim ki, burda bütün 30-35 yaşlı şou-biznes nümayəndələri yoqa ilə məşğuldurlar. Həm gənc görünürlər, həm sağlam. Əvvəl bir az tənbəllik elədim, amma indi çox xoşbəxtəm. İnsan zahirən də, daxilən də cavanlaşır. Öz aramızdır qızlar, kişi nə desə qulaq asın. Mən heç vaxt Samirin məsləhətindən xeyirdən başqa bir şey görməmişəm. Onu mənə Allah göndərib. Qadın gərək kişiyə pul qabı kimi yox, Allahın hədiyyəsi kimi baxsın.
Nə hikmətdirsə qadınlar bir yerə düşəndə kişilərini daha çox tərifləyirlər. Samirə xanım da həyat yoldaşı Vaqif Aydınoğlundan danışmağa başlamışdı ki, kimsə məni qucaqlayıb yüz ildi görüşmədiyimizi dedi. Belə münasibət ancaq qadınlar arasında olur. Kimsə səni qəfil qucaqlayıb öpür, sən də öpürsən və hələ kimliyini bilmədiyin qadının ağuşunda düşünürsən ki, görəsən kiminlə öpüşürəm? Ayrılanda qarşımda doğrudan da az qala yüz ildir görmədiyim, çox sevdiyim bir insanı görürəm. Universitetdən tanıyıram. Aktrisa, şairə, teleaparıcı, hətta haqqında heç bir aparıcı qədər olmayandan çox əfsanələr, rəvayətlər qoşulan bir insan – Fidan Axundova. Və kiçik bacısı, son illərdə ATV-nin “Şarm” verilişinin aparıcısı Aydan Axundzadə. Aydan efirə gələnədək ingilis dilindən tərcüməçi- redaktor işləyib. Bu fəaliyyətinə hələ də davam etdiyini deyir. Filmləri ana dilimizə çevirir. Fidanla Aydanın efirə gəlməyi haqda danışırıq:
- İnan ki, başqa kanal olsa icazə verməzdim televiziyada çalışmasına. Sadəcə ATV mənə doğma kanaldır. Bir gözüm həmişə üstündədir, çəkilişlərinə də nəzarət edirəm.
Aydanla söhbət edirik:
- Vüsalə, mən də sənin kimi, bura tez-tez gəlirəm. Sən müsahibələri, mən isə verilişimi burda çəkirəm. Bu bir tərəfə, bir dəfə çox yaxın bir rəfiqəmin toyu üçün müraciət elədim. Sağ olsunlar, iki günlük işi mənim üçün iki saata tamamladılar. Həmin günü sözün əsl mənasında üzümü ağ elədilər.
- Aydan, bayaq Samirə Mustafayeva dedi ki, anam səhərlər Fidanı görüb, günə o əhval-ruhiyyə ilə başlamaq üçün yuxudan tez oyanıb televizoru yandırırdı. Bu fikri mən çox adamdan eşitmişəm. Fidandan sonra efirə çıxmağa necə cəsarət elədin? Açığı, mən öz böyük bacım, telejurnalist Səadət Məmmədovadan sonra efirə çıxmağa ürək eləmədim. Bu gün də eləmirəm. Sən çox risklisən.
- Mən heç vaxt tanınmağa, kamera qarşısına çıxmağa can atmamışam. Fidan haqqında olan fikirləri mən də çox eşitmişəm, mən də deyirəm ki, “Məndə Fidan kimi alınmaz” və həmişə də belə deyəcəm.
- Səni Fidanın bacısı kimi tanıyırlar, yoxsa Aydan kimi?
- Əvvəl “Həkimlər” teleserialından Aydan kimi tanıdılar. Sonra isə Samirə canlı efirdə Fidanın bacısı olduğumu dedi. O vaxtdan “Fidanın bacısı Aydan” kimi tanıdılar. Mənə “Fidanın bacısı” deyəndə çox xoşuma gəlir. Birincisi, ona görə ki, onun ilk pərəstişkarı olmuşam. İkincisi və ən əsası Fidanın mənim üstümdə zəhməti böyükdür. Mən həyatda onun sayəsində “yeriyə bilirəm”.
Ətrafımızdakı qadınlar solyaridən danışır. Fidan “Mən ağ dərili xanımları sevirəm, elə ərim də. Deyir solyarı nədir? Elə onda gedib qara qız alardım də...” deyərək, böyük çantasını götürüb, qoluma girib mənimlə sakit bir guşəyə çəkilir.
- Uşaqlıqdan həmişə çantam ağır olub, hətta bir tərəfim əyilmişdi. Evdən elə çıxıram ki, elə bil bir ay evə qayıtmayacam. Bir dəfə rəfiqəmin maşınından çantamı oğurladılar. İçində nələr vardı… Bütün kosmetikalarım, üç parfüm, yaxşı pul. Pulu, çantanı yox, təkcə içindəkiləri bərpa eləməyə 1200 xərclədim...
- Qadının çantasının çəkisi daşıdığı mənəvi yükünün çəkisini göstərir.
- Hə, mənim yüküm həmişə ağır olub. Telefonu da ağır sevirəm, yüngül olsa, əsəbiləşəndə ata bilərəm. Bir də kişi. Kişi də gərək ağır olsun.
- Ağırlığı idarə eləmək də böyük güc istəyir. (Gülürük. Artıq tamamən sakitlikdəyik) Fidan, qəfil yoxa çıxdın, sonra da heç bir efirdə mütəmadi görünmədin. Yenə son illərdə seriallarda görünürsən...
- Hə, “Pərvanələrin rəqsi”ndən sonra Kənan MM-in “Ləkə” serialında çəkilirəm. Amma özümə söz vermişəm, bu sonuncu serialım olacaq. Daha çəkilməyəcəm.
- Niyə?
- Nə vaxt qonorar normal olsa, onda da çəkilərəm. İki seriala çəkilib bacarığımı göstərdim. Vüsalə, ürəyim doludu, neçə ildi söhbət eləmirik. Mən burda tez-tez oluram. Bura gələndə rahat oluram. Bilirsən, hamısı qadınlardı deyə, yoldaşım narahat olmur.
- Belə qısqancdı?
-Ümumiyyətlə, qısqancdır. Amma mənə inamı böyükdür. Beş ildir evliyik, güvənini qazanmışam.
- Gör nə qədər hadisələri qaçırmışam...
- Hə… Danışım də sənə. Sən bilirsən də mən necə estetəm. Ölürəm gözəllik üçün. Deməli, onu birinci dəfə görəndə anama dedim ki, “Nə yaraşıqlı kişidir. Heyf ki, məndən böyükdür”.
- Nə qədər böyükdür ki?
- Cəmi beş yaş. Amma bunu sonra bildim də. (Gülür) Yaşından çox böyük görünür.
- O böyük, sən isə kiçik.
- Elə ona görə də çox yerdə elə bilirlər ata-balayıq. Sənə bir şey danışım. Keçən dəfə marketə getmişik, mən də yüngül idman geyimində, başımda ucu toppuzlu papaq, üzüm makiyajsız… Təsəvvür elə də neçə yaşında görünürəm. Marketdə də yoldaşıma çox hörmət edir, “müəllim-müəllim” deyirlər. Mənim də bir dəliliyim var, baxmaram haradayıq, ürəyim istədi onu qucaqlayıb öpəcəm. Heç kim yox idi, satıcının da arxası bizə tərəf idi, onu öpdüm. Sən demə monitor var imiş. Dönəndə oğlanın üzünün ifadəsini görərdin… Çıxdıq bayıra, məni öldürürdü. “Öl, səni biabır olasan, məni biabır elədin” (Gülür) Mənim belə dəliliklərim var. Məsələn, ilk dəfə ona mən demişəm ki, “Mən indiyə kimi uşaq istəməmişəm, amma sənin kimi bir kişidən uşaq istəyirəm”.
- Neçə vaxt idi görüşürdüz?
- İkinci görüşümüz idi. Birinci dəfə görməyimi bayaq dedim, yaraşığına vuruldum, sonra tanıyıb zəhminə vuruldum. Zabitəsini sevirəm, yeganə gülməyi mənimlədi. Onu çox ərköyün eləmişəm, hərdən məndən küsür, deyirəm “Allah haqqı, çıxıb balkonda qışqıraram ki, səni sevirəm”. Bilir ki, eləyərəm, yumşalır. İşinə də getmişəm e. Birdən görürsən çəkiliş uzanıb, acıqlı mesaj yazıb. Susmuşam, çəkiliş bitən kimi oturub taksiyə getmişəm işə ki, “Allah haqqı burda qışqıraram ki, səni sevirəm”. Başlayıb gülməyə. Onu deyirdim axı, ikinci dəfədir görüşmüşük, birbaşa dedim ki, səndən uşaq istəyirəm. Gözləmirdi, şoka düşdü. Dedim, amma bir şeyi də bil. Nə vaxtsa mənə olan sevgin bitdi, getmək istəsən, get. Düşünmə ki, uşaqla səni şantaj edərəm. Uşağımı özüm saxlayaram. Mənə belə bir təhər baxıb dedi ki, “Sən kimsən mənim uşağımı saxlayasan?” Bax, belə cavabları ilə həmişə mənə razılaşmağı öyrədib. Ona hesab vermək mənə zövq verir. Hərdən elə iş görürəm ki, deyirəm bütün günü onsuzda buna görə özümü danlamışam, üstündən də sən danlama, amma bil ki, bu gün belə bir şey olub. Yəni pis, ya yaxşı nə olursa onun evə gəlməyini elə həvəslə gözləyirəm ki, gəlsin və onunla paylaşım. Elə olur səhər altıya qədər söhbət edirik. Özümə danışa bilmədiklərimi də ona danışıram, o da elə. O məni mühakimə edəndə də arvadı kimi yox, bir insan kimi mühakimə eləyir.
- Elə olur deyirsən ki, kaş on beş il əvvəl tanış olardıq?
- Bunu ikimiz də deyirik. Bilmirəm, bəlkə də on beş il əvvəl rastlaşsaydıq, heç belə olmazdıq. Əgər ikimiz də bu ağılda olsaydıq, həyatımız başqa cür olardı, amma o vaxt belə deyildim. Yaşadıqlarımız bizi çox dəyişir. O vaxtlar özümə indiki qədər güvənmirdim, özümü tanımırdım. İndi isə mən ölümün üzünə dik baxaram, baxmışam da. Bax bunlar məni dəyişib başqa Fidan eləyib.
- “Kaş ki…” var?
- Yeganə “kaş ki” odur ki, indi iyirmi beş yaşımda və bu ağılda olardım. O da mümkün deyil. Bir də bir şey var, onu, mən eləməliydim. Təəssüf ki, eləmədim. Deyirəm bəlkə də mən eləsəm, daha böyük peşmançılıqlar olardı. Bəlkə Allah mənə bu müsibəti yaşatmaqla daha böyük fəlakətlərin qarşısını alıb. Bir sinif yoldaşım dedi ki, sən necə taleyinlə barışan insansan. Dedim barışmayım neyləyim? O qədər evdə tək oturub özümü döyüb ağladığım günlər olub ki, indi də olur. Ayın haradasa iki günü olur ki, özümü döyüb ağlamağıma həsr olunan günlərdi. Əsəblərim qaydasında olmayan günlərdə hansısa bildiyim bir filmi qoyuram, onun səsi altında yatıram ki, başqa şey düşünməyim. Çünki fikirlərim məni izləyir. Əvvəllər isə sakitlikdə yatırdım, xəyal qura-qura…
-Zamanla keçəcək, yenə əvvəlki Fidan olacaqsan. Uşaq olsun, böyüklər deyirlər ki, qadın uşagı ilə yenidən doğulur.
- Hə, uşaq olsun, amma uşaq olanda da verəcəm anam baxsın. Mən uşağa kişilər uşağa baxan kimi baxaram, 10-15 dəqiqə. Anam həmişə deyir Allah sənə özün kimi uşaq versin, gör nə çəkmişəm. Mən bilirsən nə uşaq olmuşam… Evdən qaçmışam e, özü də neçə dəfə. Təsəvvür elə, dağlılar qızıl sevən olur axı, üstüm dolu qızıl, gecə köynəyində evdən qaçmışam. Anam gözü yaşlı məni küçələrdə axtarıb, şəhərdən tutub gətiriblər…
-Niyə qaçırdın ki?
- Səhər yuxudan oyanırdım, görürdüm evdə heç kim mənə fikir vermir, baş alıb çıxıb gedirdim. (Gülür) Yoldaşım deyir uşaq olandan sonra işlərini azalt. Deyirəm istəyirsən başım xarab olsun? Mən gərək həftənin dörd günü işləyim. On yeddi yaşımdan işləyirəm. Bir də ki, mən öyrəşmişəm ki, öz pulum olsun. Yoldaşımın da pulu olsun, amma öz qazancım olanda rahat oluram, özümə güvənirəm. Heç vaxt sevməmişəm ki, heç bir kişi mənə baxsın. Özümə sığışdıra bilmirəm. Elə bilirəm qürursuzluqdur. Qoy o da yardım eləsin, amma mən həmişə bilim ki, mən onsuz da bacararam.
- Bu çox önəmlidir. Bu güvən olmayanda qadın çox yazıq olur.
- Hə, düz deyirsən. Yazıq olmaq istəmirəm. Amma sənə bir şey də deyim, mən inanmıram ki, uşağım olsa onu Aydandan çox istəyəcəm. O doğulanda anam hamiləlik depresiyasında olub, on yaşım var idi, Aydana mən baxmışam. Anam həmişə deyir ki, sən ana olmamış ana olmusan. Mənim üçün həyatda Aydandan o yana sevgi yoxdur. Böyük qardaşımı da hamıdan çox sevirdim. İçimdəki bütün kişi sevgisini o zəbt eləmişdi. İndi də istəyirəm, amma Allah məni onunla elə sınağa çəkdi ki… (Gözləri dolur) Anladım ki, Allahdan çox heç kimi istəmək olmaz…Sən bilirsən ki, məktəbdə mənim ləqəbim “Manaşka” idi? Çox sərt, zarafatı sevməyən uşaq idim. Qızlar toy gecəsindən danışanda elə sifət eləyirdim, elə bil analarıyam. Deyirdilər əsl şərqlisən. Zamanla həyatın elə dolanbaclarına düşdüm ki, görürəm Şərqdən nə qədər uzaqlaşıb avropasayağı düşünməyə başlamışam. İndi mənə elə gəlir ki, mən Avropada yaşamalıyam. Bax, nə zamansa “nə deyərlər”in mənim üçün önəmi olub, indi isə heç bir önəmi yoxdur. Fikrinə önəm verdiyim adamlar var, amma məni mühakimə etməyə özümdən başqa heç kimin haqqı yoxdur.
- Razı deyiləm, hərdən adamın özünün də özünü mühakimə eləməyə haqqı yoxdur. Sən sadəcə alnına yazılanı bacardığın kimi, imkanların, gücün daxilində icra eləmisən…
- Ay sağ ol! Nə yazılıbsa odur… O yolu keçməlisən. Ola bilsin fərqli cığırlarla, daha hamar, ya daha dolaşıq… O yerə gəlməlisən.
- Fidan, şəxsi həyata çox qarışmaq istəmirəm. Bildiyim kifayətdir. Amma sən şöhrətinin pik həddinə çatanda qeyb oldun və haqqında danışılmayan qalmadı. Mən elə bilirdim unudulub, amma “Pərvanələrin rəqsi” serialı yayımlanan vaxt yenidən idman zalında, hovuzda, gözəllik salonlarında qadınların dilindən sənin haqqında keçmişlə bağlı quraşdırdıqları fərziyyələri eşidirdim…
- Bilirəm, haqqımda olan-olmayan deyilir. İnan ki, vecimə də deyil. Mən haqqımda gəzən şayiələrin heç birini nə təsdiq, nə də təkzib eləmişəm. Bu mənim işimdir, mən bilərəm, allahım bilər. Amma əlləri öpüləcək analar var ki, onlar məni çox sevirlər və hansısa məclisdə görəndə bağırlarına basıb öpürlər. Bundan çox təsirlənirəm. Sevinirəm… Mən axı bir dəfə kliniki ölüm keçirmişəm…
- Bu efirdə olmadığın dönəmdə idi?
-Hə, dəm qazından boğulmuşdum, sonra müalicə olundum. Çoxlu sakitləşdiricilər yazdılar. Bir də ayıldım ki, dərmanları içirəm, amma dərdlərimi unutmuram, ancaq yeyirəm, kökəlirəm. Bir gün bütün dərmanlarımı yığıb aparıb atdım, başladım idmana. Özüm özümü o vəziyyətdən çıxartdım. Adama heç nə kömək eləmir. Ancaq özü, bir də Allaha inamı. O hadisələr bir il çəkdi, amma fəsadlarını hələ də yaşayıram. Təsəvvür elə ki, anam məni səkkiz aya yaxın görməmişdi.
- Anan da bizim kimi öldüyünü düşünürdü, yoxsa…
- Anam bilmirdi ki, sağam, ağlım üstümdədir, yoxsa yox. Başıma nə gəldiyini bilmirdi. May ayının 28-i idi, təyyarə ilə Bakıya gəlirdik. Dedim ki… Sən canın, söndür bu diktofonu. Dostlar online olanda, diktofon offline olmalıdı. O “rəvayət”lər haqda elə bunu yazarsan:
Hər kəsin öz yalanı var bu yalançı dünyada,
Kimi deyər, kimi susar, kimi də ki, unudar…
Hər kəsin öz zamanı var yerlə göy arasında,
Kimi gələr, kimi gedər, kimi də ki, arzular…
Qəlbimdən dünyamı dəyişmişəm mən,
Bəlkə də, ürəyim daşa toxunub.
Gözümü açandan belə görmüşəm,
Kipriyim həmişə yaşa toxunub.
Düz sözüm boğazda qəhərə dönüb,
Səhərim açmadan zəhərə dönüb,
Bədənim ölmədən ruhum gömülüb...
Bir az haqlı, bir az haqsız, amma məncə günahsız...