Tanıyanlar bilir, tanımayanlar isə ən ciddi xəbərin təqdimatında belə hiss ediblər ki, o teleməkanın ən gülərüz, şən xəbər aparıcılarından biri olub. Görüşə gələndə yenə o zarafatcıl xanımla rastlaşacağımı düşünürdüm. Amma...
Mən “S+ Qadın Klubu”na çatanda o təşviş işində idi. Nə şənliyindən əsər-əlamət qalmışdı, nə də gülər üzündən. Nə baş verdiyini soruşanda “Havanı görmürsən qəfildən necə soyuyub? Səhər Zeynəbi məktəbə papaqsız göndərmişəm, indi də nigaran qalmışam” cavabını verir.
Hələ ana olmasam da, övladam. Bilirəm ki, ana təlaşı müqəddəs bir şeydi.
Gərək belə vaxtda ona boş sözlərlə ürək-dirək verib, əsəblərini daha da gərməyəsən. Ana belə təlaş içində olan zaman mələklər onun nələr yaşadığını duyub, qanadlarını övladının üzərinə daha da geniş açırlar.
“S+ Qadın Klubu”nun sahibəsi, modelyer – dizayner Sona xanım isə bu işlərdə təcrübəlidir. Necə də olsa, oğlunun məzun olmasına bir şey qalmayıb. Qonağımızı sakitləşdirib pəncərə qabağından uzaqlaşdırır:
- - Siniflər isti olur. Tənəffüsdə məktəbdən çıxmırlar. Xüsusi ilə də birinciləri müəllimə gözdən kənara buraxmır. Dərsdən götürməyə gedəndə özünüzlə papaq apararsız...
Ana dilindən ana anlayar. Analar məsələni həll edib, ataya zəng edirlər. Telejurnalist, Park Bulvarın PR meneceri Günay Malikqızı həyat yoldaşı, jurnalist Bəhruz Nəzərova zəng edib tapşırır ki, “Məktəbə gedəndə mütləq yolüstü evə dəy, Zeynəbin papağını da götür...”
Papaq məsələsi “Okey”lənən kimi təşviş aradan qalxır və budur, həmin o gülərüz, zarafatcıl qız qarşımda əyləşib.
Artıq istər-istəməz söhbətə altı yaşlı qızı Zeynəblə başlamışıq:
- - Mən Zeynəbə həmişə möcüzə uşaq deyirəm. Düzdür, bütün analar üçün övladları möcüzədir, amma onun dayanma gücü bir başqa idi. O, dünyaya gəlmək üçün necə mübarizə apardı, nələrə dayandı… Neçə il yolunu gözləyəndən sonra gəldi. Həkim ayağa qalxmağa icazə vermirdi, bütün hamiləliyimi yataqda keçirdim. Çox kilo almışdım, dostlar zarafat edirdi ki, yüz kilo olacaqsan.
- - Ola bildin?
- - Yox! Zeynəb o qədər gözləmədi. (Gülür) Bunu əvvəlcədən hiss eləmişdim. Anama, Bəhruza deyirdim ki, hiss edirəm, qızım olacaq. Hiss edirəm ki, o qarlı bir gündə, həkim-filan olmayan vaxtda doğulacaq. Mənə inanmırdılar ki, uşaq martın sonunda doğulmalıdır, artıq bahar olacaq, nə qar? Fevralın 18-i, qar dizdən, bazar günü Zeynəb dünyaya gəlməyə qərar verdi. (Gülür) Qar elə yağmışdı ki, həkimi xəstəxanaya güclə gətirə bildilər… Həyatımın ən gözəl və ən ağır dönəmi olub Zeynəbi gözlədiyim günlər. Heç unutmaram, bir dəfə Bəhruz mənə dedi ki, “İndi anamı daha çox istəyirəm. İndi başa düşürəm ki, analar nə qədər əziyyət çəkir”.
Fotoqrafımız Fəxri işə başlayanda qamətini düzəldir:
- - Problemim odur də, dik otura bilmirəm. Sinifdə ən hündürboylu mən olmuşam. Məktəbdə də axı boyu uzun olana zarafatla “zürafə” deyirlər. Ona görə də həmişə boyumu əyməyə çalışmışam ki, uşaqlarla bir boyda olum...
- - Uşaqlar sənə qədər uzana bilmirdilər deyə, sən onlara qədər əyilirdin?
- - Mən həmişə eləyəm, çalışıram hamıyla onun kimi olum. Hətta bir neçə dəfə bunun problemini də yaşamışam. Bir şey danışım. Bir dəfə xınayaxdıya getmişik. Birdə görürəm deyirlər indi isə Zeynəb xanım gələcək, onun havasını çalın. Fikirləşdim yəqin indi samballı bir qadın çıxacaq, heç olmasa “zamqlavvraç” gəlir. Bir də gördüm mahnı çalındı və mənim qızım çıxıb ortaya rəqs eləyir. Deməli ev yiyəsi ona yaxınlaşıb ki, niyə oynamırsan, deyib “Məni rəqsə çagırsınlar ki, rəqs edim”. Bu “Zeynəb xanım”ın qızım olduğunu görəndə həm sevindim, həm də qəribə hiss keçirdim. Məsələn, məndə heç vaxt elə şey olmayıb. Bir mahnı sümüyümə düşsə, mühit də ürəyimcədirsə dəvət gözləməyəcəm, gedib oynayacam, əylənəcəm. Amma baxdım ki, qızım istəyir ona xüsusi yanaşalar. Bax bura gəlməzdən əvvəl salonda ustam məni bəzədi, sonra dedi gəl, şəkil çəkdirək. Yanaşı dayandıq, onun boyu balacadır. Dedi mən səndən balaca düşəcəm, mən isə aşağı əyildim ki, bir boyda görünək.
- - Bəhruz da belədir? Bəlkə Zeynəb atasına oxşayır?
- - Atasından da nələrisə götürüb, amma bir az. Zeynəb əsasən zəmanəsinə oxşayır. Diqqət mərkəzində olmağı xoşlayır, o məndə də var. Bir yerə gedəndə istəyirəm hiss olunsun ki, mən burdayam. Məclisə getmişəmsə, orda iştirak etməyə çalışıram, iclasa gedirəmsə çıxış edirəm. Bəhruz isə elə deyil, bir yerə gedəndə də elə edəcək ki, heç onu görməsinlər. Bu baxımdan Zeynəb mənə çəkib.
- - Sən yəqin bu xasiyyətlə Bəhruzun ailəsinə də tez uyğunlaşmısan...
- - Hə. Məndə ümumiyyətlə, adaptasiya problemi yoxdur. Adamın özünə ad qazanmaq dövrü var. Məsələn, məktəbə gedəndə anam deyirdi ki, birinci sinfi yaxşı oxuyun, sonra siz olacaqsız “yaxşı oxuyan”, dərsi bilməyəndə də “bilmir” deməyəcəklər. Ailə quranda da dedi ki, əsas tanışlıq ili – birinci ildir. Evliliyin birinci ili özünü yaxşı göstərib, onları da yaxşı qəbul eləsən olacaqsa “yaxşı gəlin”. Sonra nə səhvin də olsa bağışlanacaq... Ən əsası bu bir ildə sən də bağışlamagı öyrənəcəksən, ona görə də problemləriniz az olacaq.
- - Yaxşı reseptdir.
- - Əla metoddur! Anam bizi məktəbə də, universitetə də, işə də, ərə evinə də bu reseptlə göndərib, həmişə də xeyrin görmüşük. Hərdən görürsən ailədə saç ağartmış adamlar deyir “Ailədə bu belə olmalıdır!”. Amma o məsləhətləri öz ailənə eyniylə tətbiq eləmək olmaz. Çünki hər bir insan fərqlidir. Kiminsə ailəsində normal sayıla biləcək şeyləri mən Bəhruza qəbul etdirə bilmərəm. Eləcə də başqa birinin qadını üçün adi olan şeylər var ki, Bəhruz onu mənə qəbul elətdirə bilməz. Bizim ailəmizdə ən başlıca cəhət o oldu ki, bir evin içinə girib yaşayana qədər bir-birimizi yaxşı tanıdıq. Bir yerdə işləmək belədir.... Bəhruzla mən Space TV yeni fəaliyyətə başlayanda 365 nəfərin içindən seçilən altı nəfərdənik.
- - Həyəcan həyəcana qarışıbmış ki...
- - Hə. (Gülür) Bir oğlanın bir qızdan xoşu gələndə, ya əksinə, o çalışır özünü ona daha yaxşı xüsusiyyətləri ilə göstərsin, diqqətini cəlb eləsin. Bütün günü yaxşı tərəflərini göstərir...
- - Qısası, reklam çarxını yayına buraxır.
- - Ay sağ ol! Elə bir şey (Gülür) Sonra da o reklam çarxı bitib film başlayanda... Vay-vay-vay! Bizdə isə elə olmadı. Çünki özün də bilirsən, əgər sən televiziyadasansa, reklam çarxının yeri yoxdu, amma əgər sən həm də jurnalistsənsə, onda reklam çarxına heç zamanın da yoxdur. Bəlkə də başqa peşədə bu “çarx metodu” öz işini görə bilir... (Gülür) Biz işdə çox mübahisə edirdik. O mənim redaktorum idi, hamı deyirdi Bəhruz sənə xüsusi münasibət bəsləyir, amma mən fikir vermirdim. Müəyyən zaman keçdi, atam rəhmətə getdi və gördüm ki, bu adam məni tək qoymaq fikrində deyil, bu münasibət müvəqqəti deyil. Onu əsas bu cəhətinə görə qiymətləndirdim...
- - Böyük sevgi olmadı?
- - Bəhruz deyir ki, mən həyatımda ancaq bir qadını sevmişəm, o da sən olmusan. Amma mən… Onu tanıdıqca sevdim. Onu seçəndə gördüm ki, bu adam mənim yanımdadır. O vaxta qədər işdə də elə məqamlar olurdu ki, bu adam fikirlərimə müdaxilə etmədən yanımda olurdu. Məni olduğum kimi qəbul edir, dəyişməyə çalışmır və yanımda dayanırdı. O, məni sıxmadan istiqamətləndirə bilirdi. Bu mənim çox xoşuma gəldi. Hamı kimi o da qısqanc idi. Oturub aydınlaşdırdıq ki, bizim nə xoşumuza gəlir, nə gəlmir. Nə olar, nə olmaz... İndi bizim ailədə bir “olmaz”lar siyahısı var və biz o siyahıdan kənara çıxmadan çox xoşbəxt yaşayırıq.
- - Mən bilən sənin iki qaynanan var idi…
- - İki qaynanam var idi. Bəhruzun nənəsi ilə üç il yaşamışam. Bəhruz “nənə” deyirdi deyə, mən də “nənə” deyirdim. Deyirdi ki, “Günayın qaynanası mənəm, Bəhruza mən baxmışam”. O qadını daha çox ona görə xoşlayırdım ki, Bəhruz ona çox oxşayırdı. Biz işdən gələnə qədər hər şeyi bişirib hazırlayırdı, evə gələndə yemək hazır olurdu. Sonra da zarafatla soruşurdu ki, “Mən necə gəlinəm?” Deyirdim “Əla! Səndən hər evə lazımdır!”
- - Qayınanalıq edirdi, yoxsa nənəlik?
- - Bəlkə də qayınanalıq edirmiş, amma mən özümə qəbul elətdirmişdim ki, o nənədir. İnsanın özünün situasiyaya yanaşmasından çox şey asılıdır. Təzə-təzə bir dəfə ondan küsmək istədim, sonra özümə dedim “Niyə küsürsən? Ananla da sözün çəp gəlirdi də, küsürdün?”
- - Evlilik adamı müdrikləşdirir, özün üçün kəşflər edirsən…
- - (Gülür) Təsəvvür edə bilməzsən ki, ailə quranda özüm üçün nəyi kəşf eləmişəm. Deməli, Bəhruzla sənədlərimizi hazırlayıb aparmışıq “ZAQS-a”. Orda birdən sənədlərimə fikir verdim ki, mən iyunun 8-də doğulmuşam! Həmişə ad günümü iyunun 9-da qeyd eləyiblər. İndiyə qədər də buna fikir verməmişəm.
- - Ərə getməsən xəbərin olmayacaqdı...
- - Hə, ərə getməsəm ağlıma da gəlməzdi ki, nə vaxt anadan olmuşam. (Gülür) Gəldim evə ki, “Ay ana, niyə mənim ad günümü 9-da qeyd eləmisiz?” Anam dedi ki, o tarix bizim üçün çox əhəmiyyətlidir. Atamla anamın qız toyu iyunun 9-u, oğlan toyu isə 11-i olub. Onların böyük sevgisi olub, mən də birinci uşaq olduğum üçün, elə ad günümlə toy günlərini qarışdırıblar bir-birinə. Amma indi iki gün ad günü edirəm, səkkizi və doqquzu!
- - Bəhruz nə vaxt təbrik edir?
- - Doqquzu.
- - Adətən nə hədiyyə edir?
- - Bəhruz çox gözəl hədiyyə edəndi. Onun çox gözəl hədiyyə hazırlamaq və təqdim eləmək bacarığı var. İşdə həmişə uşaqlar deyirdi ki, Bəhruzun hədiyyələri haqda heç kimə danışma, çox pis örnək olur. Qızlar hamısı elə hədiyyə istəyir. (Gülür) O, mən hədiyyəni necə sevirəmsə, elə də hazırlayır.
- - Məsələn...
- - Məsələn, klipəcən çəkib mənə. İki dəfə klip çəkib. Bilməmişəm, amma işdə, orda-burda çəkiliş gedib, sonra o kadrları sevdiyim mahnıların üstünə yığdırıb.
- - Cavab hədiyyələrində sən də bu qədər yaradıcı olursan?
- - Mən, ümumiyyətlə hədiyyə vermirəm. Nə isə xoşuma gəlsə alıram. Bilirəm ki, Bəhruzun çox xoşladığı şeylər var, amma bir ailə başçısı kimi özünə onları almağa icazə vermir, qıymır. Məsələn, bilirəm ki, o heç vaxt sevdiyi saatı almayacaq. Bax mən ona həmin saatı alaram. Amma xüsusi bir gün yox, adi günlərdə... Bir şey də deyim, Bəhruzun zövqünü tapmaq çox çətindi. Ona nə isə almaq... Ona da, elə qızına da... (Gülür) O ikisinə nə isə bəyəndirmək çox çətindi... Hərdən nə isə alıb gətirirəm, görürəm ata-bala razı qalmayıblar. Amma atası alan şeyləri çox bəyənir. Bəhruzla daha yaxındılar, çox gözəl anlaşırlar...
- - Bu sarıdan anasına oxşayıb...
- - Hə, mən atama çox bağlıydım. Onunla xüsusi bir məhəbbətimiz var idi. Atam rəhmətə gedəndən sonra başa düşdüm ki, ananın insan həyatında rolu tamam başqadır. Allah bütün uşaqlara ikisini də doyunca qismət eləsin, amma ana ata ola bilir, ata isə ana ola bilməz. Bunu başa düşəndən sonra anamla başqa cür münasibətimiz var.
- - İndi daha yaxın dostsuz?
- - Hə, atamın sağlığında elə deyildik. Anam nəyəsə hirslənəndə atama zəng vururdum ki, “Hirslidir?” Atamla o qədər yaxın idik ki, kodlarla danışırdıq. “Yanaqlarından öpür” deyəndə bilirdim ki, hələ də hirslidir… Həyat adamı çox dəyişir… Mənim hərdən sərt danışmağım var idi, amma atam rəhmətə gedəndən sonra o xasiyyətim dəyişdi... Biz üç bacı, bir qardaşıq. Bir gün atam evə gəlib, kiçik bacıma onun xoşladığı peçenyedən alıb gətirib, mən efirdə xəbər oxuyurmuşam, əli ilə mənə salam verib, bacım peçenyenin ağzını açıb qurtara bilməyib... Yarımçıq qalıb, artıq anam-bacım qışqırıb ki, atam yıxıldı... Anam inanmayıb, adamları köməyə çağırıb. Amma ikinci bacım deyir ki, atamın başını qucağıma alanda gördüm ki, artıq ölüb... Ürək çatışmamazlığı var idi... Bax, bu hadisədən sonra başladım insanlarla daha ehtiyatla davranmağa. Fikirləşdim ki, mən evə qayıdanda artıq atam... Düşünürəm ki, əgər o ərəfədə atamla aramda bir narazılıq, inciklik olmuş olsaydı... Mən axı heç onunla sağollaşa da bilmədim... 20 yaşım hələ olmamışdı... Amma hələ də yanımdadır, köməyimə çatır. Özümü ən pis hiss elədiyim bir vaxtda radionu açıb görürəm atamın mahnısı səslənir. Ya “Qaragözlər”i oxuyurlar, ya “Sarı güllər”i, ya da “Polismen”i... Əlbəttə, valideynin, özü də atanın yoxluğu pis təsir edir, amma qəbul etməli olursan ki, onun ömrü bu qədərmiş.
Onun haqqında BUNLARI BİLMƏK MARAQLIDIR:
- İşsizlikdən yoruluram, işim olmayanda depressiyaya düşürəm. O gün deyirəm, “Bəhruz, atalar doğurdan da düz deyirmiş iş adamın cövhəridir”. Deyir yaxşı də, Günay, qoy oturmuşuq... İndiki işimi çox bəyənirəm, amma yenə də hesab edirəm ki, mən hələ efirdə olmalıyam.
- Brendamaniyam yoxdur, amma parfümlərdə brend sevirəm. Özü də məşhurlar kimə inanırsa çalışıram onlara inanım. Görürsən, bütün ömrünü televiziyada işləyən adam reklama necə inanır?
- Qızıllarımı mənə Bəhruz seçib alır. Mən isə gümüşləri, “cıncıq-mıncıqları” alıram. Bəhruz deyir sənə bir neçə qızılın pulunu versən, gedib hamısına “cıncıq-mıncıq” alarsan.