Sinfin ən dəcəl şagirdi olub. Riyaziyyatı sevmədiyindən, bu dərsdə nadinclik edirmiş. Həm də inadkar olub. Böyük qardaşı məktəbə gedəndə ağlayıb, ayağını yerə döyüb ki, mən də məktəbə gedəcəm. Və gedib. O vaxtlardan illər ötsə də məktəb illəriylə bağlı xatirələrini Lent.az-a danışır. “Məktəb illəri”nin növbəti qonağını demək olar ki, hər kəs tanıyır. Qonağımız “Cənab leytenant”dır. Yəni, Şəmistan Əlizamanlı.
“Adım gələndə “vay aman” deyirdilər”
-1959-cu ildə Gürcüstanın Marneuli rayonu, Aşağı Qullar kəndi anadan olmuşam. Məktəbə beş yaşımda getmişəm. Böyük qardaşım Əmiraslan yeddi yaşında məktəbə gedəndə ağlamışam ki, mən də məktəbə istəyirəm. Çox inadkar uşaq olduğumdan atam məni də məktəbə qoyub. Onsuz da bir həftə sonra bezəcək. Sonra görüblər ki, yox, günbəgün məktəbə marağım daha da çoxalır. Məktəbin direktoru da anamın qohumuydu; Hüseyn Qarayev. Dedi ki, çıxarmayın, qoyun oxusun. Hüseyn müəllim həm də mənim ilk müəllimim olub. Çox gur səsi vardı. Uzaqdan səsini eşidəndə özümüzü yığışdırardıq. Boylu - buxunlu, yaraşıqlı kişiydi.
Beləcə, qaldım qardaşımla bir sinifdə oxudum. O, çox sakit, nizam-intizamlıydı. Mən isə əksinə, çox nadinc, dəcəl. Amma dalaşqan deyildim. Həmişə sülhün, barışın tərəfdarı olmuşam. Heç vaxt dava-dalaşı sevməmişəm. Məndən iki il sonra bacım bitirib məktəbi. Bacım deyirdi ki, söhbət keçmiş şagirdlərdən düşəndə və sənin adın gələndə “vay, aman” deyirdilər (gülür).
“Hərəmiz bir qız sevirdik”
- Ən çox ədəbiyyat, tarix dərslərini sevirdim. Tofiq müəllim tarix dərsini elə danışırdı ki, hətta zəng vurulanda heç kəs tənəffüsə çıxmırdı. Arxası xəritəyə ola-ola çubuğun ucuyla dünya xəritəsində istənilən şəhəri göstərə bilirdi. Sonra Məleykə müəllimə vardı. Dərsi başa salanda gözlərini yumub danışırdı. Biz də maraqla qulaq asırdıq. Məktəbdə tamaşa qururduq. Mən həvəslə öz rolumun öhdəsindən gəlirdim. Elə o vaxtlardan incəsənətə marağım olub.
Əslində, məktəb illəri deyəndə ağlıma anam düşür. Onun süd, qaymaq çəkən maşını vardı. Əllə işləyirdi. Bir tərəfə qaymaq süzülürdü, bir tərəfinə süd. Hər səhər zülmlə məni qaldırıb məcbur edirdi ki, yeyim. Ağzımı-gözümü əyə-əyə yeyirdim. Anam yalvarırdı ki, ay bala qadan alım, qurban olum ye. Anam yaxma düzəldərdi mənə. Çayımı süzərdi. Məktəb illərində sevgi-məhəbbət olardı. Filankəs filankəsi sevirdi. Biz də qonşudan qalma dala prinsipi ilə bir qızı sevirdik. Qızın heç xəbəri olmurdu. Desinlər ki, biz də fərasətliyik də (gülür). Amma əsil sevgini onuncu sinifdə daddım. Qismət olmadı. Mənim onda elə yaşım idi ki, evlənə bilməzdim. Qız məndən bir yaş balacaydı. İstəyənləri də çoxuydu. Bilirdim ki, bir gün kimsə götürüb qaçacaq. Mən də gəldim evə anama çəkinə-çəkinə dedim ki, evlənirəm. Anam “səsini kəs” dedi. Söhbət bununla da bağlandı. Sonra həqiqətən də qızı götürüb qaçdılar. İndi o da ailəlidi, mən də.
“Mən anadan olanda 7 cöngə kəsdilər”
- Düşünürəm ki, məktəbə vaxtında getmək lazımdı. Lider olmaq yaxşıdı. Mən isə sinifdə hamıdan balaca olduğum üçün lider deyildim. Məktəbə tez getməyin bir tək yaxşı tərəfi var ki, məktəbi tez bitirirsən.
Altıda, ya yeddidə oxuyardım. Qışda sinfimizdə kömür sobası yandırardıq. Evə tez getmək istəyəndə sobanın içini qarla doldurardım. O da tüstüləyərdi, müəllim məcbur qalıb bizi evə buraxırdı. Məktəbdə nə edirdimsə, gəlib evdə xəbər verirdilər. Maraqlısı bu idi ki, atam mənim tərəfimi tuturdu. Atam məni çox sərbəst böyüdüb. Hətta mənim etdiyim dəcəlliklərə bəraət belə qazandırırdı. Anadan olanda anladım ki, mənim iki anam var. Mən birinci anam və böyük bacımın yanında böyümüşəm. Biri dünyaya gətirib, biri böyüdüb. Mən ona ögey ana demərəm, dilim gəlməz. O, çox qüdrətli qadınıydı. Mənim böyüməyimdə, yetişməyimdə onun rolu böyükdür. Atam gözəl insan olub, köhnə kişilərdən olub. Yaxşı at çapardı. Özü də dəhşətli dərəcədə oğul övladı istəyirmiş. Əhd edib ki, oğlum olarsa, yeddi cöngə qurban kəsdirəcəm. Böyük qardaşım olanda da, mən olanda da yeddi cöngə kəsdirib. Çox inancıl idi. Qurbanı kəsirdi, sonra barmağını onun qanına bulayıb alnıma yaxırdı.
“At belində böyümüşəm”
- Kəndimizdəki məktəb 4 illik idi. Dördüncü sinfi bitirəndən sonra qonşu kəndə, Qırıxlıda davam etdim məktəbi. Məktəb evimizdən 2 kilometr aralıydı. Qarda, yağışda, gündə hər gün səhər tezdən durun iki kilometr yol gedirdik. Bəzən avtobusla, çox vaxt piyada. Kənd uşağı üçün soyuq, şaxta elə də problem deyil. Uşaqlıqdan at belində böyümüşəm. Atamın dəliqanlı atları vardı. Kənddə at yarışları keçirilirdi. Yarışlara qatılırdım. Neçə dəfə atdan yıxılmışam. Kəndimizin yanından Xram çayı axırdı. Yaxşı üzməyi də bacarırdım. Atları o çayda üzdürürdük. Balıq tutmağı da çox sevirdim. Elə indi də təbiət qoynunda olmağı xoşlayıram. O vaxtlar başqaydı hər şey. Bayramlar da fərqli qeyd olunurdu. Duzlu kökə yeyib yatardıq ki, yuxuda sevdiyimiz gəlib bizə su verəcək. Yaxud qulaq dinləyərdik. Ən maraqlısı bu idi ki, təzə gəlinlər bayram günü səhəng götürüb bulağa gedərdi. Bundan sonra o kənddə çıxa bilərdi. Bayrama qədər isə öz həyətlərindən kənara çıxmazdı.
“Oğlum da özümə oxşayib”
- Beşinci sinifdə qonşu kənddə məktəbə gedəndə də mənə çətin olmadı. Bizim üçlə oxuyanı, oranın beşlə oxuyanıydı. Bizim kənddə daha güclü təhsil verirdilər. O dövr başqa cür idi. Bizim müəllimlərdən çox çəkinərdik. Müəllimimiz yolda dayanmışdısa, biz o küçədən keçməzdik. Çəpərdən aşıb gedərdik. Mən hələ də keçmiş müəllimlərimi görəndə özümü yığışdırıram. Anlamıram müəllimlərinin yanında siqaret çəkəndə, içki içəndə. Müəllimlərim mənə “siz” deyəndə çox pis oluram. İllər keçdikcə onlar daha doğma, qiymətli olurlar. Kəndimiz, o insanlar üçün burnumun ucu göynəyir. Bəzən adan uşaq vaxtı etdiyi nadincliyi yadına salıb xəcalət çəkir, peşman olur. Riyaziyyat müəllimimi sevməzdim. Riyaziyyat quru gəlirdi mənə. Onun dərsində şuluqluq edərdim. Bir dəfə də dərsdə səs salanda əlindəki tabaşiri mənə tərəf atıb dərsdən çıxartdı. Arxamca da “həmişəlik!” deyə qışqırdı. Hövsələsiz adamıydı. Oğlum da özümə oxşayıb.
“Atam Tiflisdə oxumağımı istəyirdi”
- Gəmi kapitanı, dənizçi olmaq istəyirdim. Bəlkə də geyim formaları xoşuma gəlmişdi. On beş yaşımda atam məni gətirdi Bakıya. Bayılda Qafur Məmmədov adına dənizçilik məktəbə vardı. Orda da dedilər ki, məktəbə qəbul olmaq üçün on yeddi yaşım olmalıdı. Ağladım. Bakıda qohumumuz vardı, texniki peşə məktəbində çalışırdı. Atama dedi ki, aparma kənddə. Qalsın yanımda, oxusun. İki ildən sonra təzədən dənizçilik məktəbinə sənədlərini verər. Atam da razılaşdı. Ümumiyyətlə, atam mənim kənddə qalmağımı istəmirdi. Ya Bakıda, ya da Tiflisdə oxumağımı istəyirdi. Deyirdi sən kəndə sığışmırsan. Qaldım iki il oxudum. BU müddət ərzində teatr dərnəklərinə gedirdim. Dənizçi olmaqdan fikrindən keçdim, incəsənətə meylləndim.
“Sovetin gözəl təhsil sistemi vardı”
- Son zəngimiz çox gözəl keçib. Danışdıq, güldük, şəkil çəkdirdik. Hamı eyni pencəkdə, qalstukda. O vaxtlar hər şey başqaydı. Elə istəyərdim məktəb illərimə qayıdım. Hər şeyi qurban verərdim. O günlər, o mehriban günlər üçün. İllər sonra Qırxlı kəndində məktəbimizə getdim ki, uçurublar. Pis oldum ki, uşaqlığımızın bir parçasını uçurublar. Öz kəndimizdəki dörd illik məktəb artıq dağılıb. Dəcəl olmağıma baxmayaraq məktəbdə, qohum-əqrəba arasında sevilirdim. Toylarda yaxşı oynayardım. Bibilərim çox xoşlayırdılar ki, mən toyda qol qaldırım oynayım, mahnı oxuyurdum. O vaxtlar çox gözəliydi. İndi belə deyil. Adicə şagird müəllim münasibəti yoxdu. Mənə elə gəlir ki, bu münasibəti, təbii ünsiyyəti kompüter pozub. Sovetin gözəl təhsil sistemi vardı. Bunu danmaq olmaz. Uşağı çox məcbur etmirdilər, beynini çox yükləmirdilər. İndi kompüter uşağın beynini çox yükləyir. Bizim vaxtımızda təzə kitab çıxanda o əldən ələ gəzərdi. Elə kitab vardı ki, bir həftə növbəyə dururdun ki. başqası oxusun sənə versin. Və bu kitabı bir gecə səhərə kimi oxumasaq yatmırdıq. Yarımçıq saxlamazdıq kitabı. İşığı söndürürdülər, lampa işığında oxuyardıq. Hətta o qədər bədii kitab oxudum ki, axırda gözlərimdə problem yarandı. Həkim bir müddət mənə kitab oxumağı qadağan elədi. Bədii kitab çox oxuyan adamın mənəviyyatı güclü olur. 60-cı illərdə təhsil daha güclüydü. İllər ötdükcə təhsil zəifləməyə başladı. Çox heyf...