Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı daha bir yeni və maraqlı tamaşaya hazırlaşır. Teatrdan Lent.az-a verilən məlumata görə, Abdulla Şaiqin “Tıq-tıq xanım” pyesinin motivləri əsasında teatrın baş rejissoru Qurban Məsimovun səhnələşdirdiyi və quruluş verdiyi bu tamaşa “Tıq-tıq və Taq-taqın nağılı” adlanır.
Uşaqlara lovğalıq, bədbinlik, ətrafına münasibətdə laqeydlik kimi keyfiyyətlərin fəsadlarını qəhrəman Tıq-tıqın üzləşdiyi hadisələr fonunda təqdim edən rejissor tamaşaya əlavə etdiyi Taq-taq obrazında isə əsl dost, sadiq və səmimi yoldaş xüsusiyyətlərini cəmləşdirib. Balacalara sevgi, mehribanlıq, sadəlik, ən əsası ağıllı olmağı tövsiyə edən Taq-taq yeni tamaşanın əsas qəhrəmanı kimi tamaşanın sonluğunun da dəyişməsinə nail olub. Klassik nümunədən fərqli olaraq yeni tamaşada müsbət sonluğa nail olan rejissor Taq-taqı xudbəsənd Tıq-tıqın xilaskarı kimi təqdim edib.
Nəzm formasında təqdim olunan nümunədə uşaqlar fərqli rəssam işi, klassik baxışda yeni kukla modelləri ilə də tanış olmaq imkanı qazanacaqlar. Tamaşa oktyabrın 26-da balacaların ixtiyarına veriləcək. Tamaşanın quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Vüqar Camalzadədir.
Birhissəli kukla tamaşasında əsas rolları əməkdar artist Rəhman Rəhmanov, aktyorlar Cəmilə Allahverdiyeva, Rəhim Rəhimov, Elnur Xəlilov, Cavid Telman və başqaları ifa edirlər.