Dünən Muzey Mərkəzində 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunan “Gözəllik nuru” sərgisi olub. Lent.az-ın məlumatına görə, sərgi sərginin açılış mərasimi mərkəzin Rotondasında konsert proqramı ilə açılıb. Tədbiri çıxış sözü ilə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev açıb: “Bəşəriyyətin gözəlliyi qadının obrazında yaranıb. Bütün müharibələr, əsərlər, tablolar bu gözəlliyin naminə yaranıb. Azərbaycanda qadın anlayışı yüksək qiymətləndirilir. Hələ, 1918-ci il Azərbaycan Demokratik Cümhuriyyəti qurulanda şərqdə ilk dəfə qanlara kişilərlə bərabər səs vermə hüququ verilib. İslam dinində də qadına yüksək dəyər verilir. Mən bu fürsətdən istifadə edib bütün qadınları təbrik edirəm”.
Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək, qadınları təbrik edib.
Qısa müddətli konsertdən sonra sərginin rəsmi açılışı olub. Sərgidə qadın rəssamlarımızın Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan əsərləri ilə yanaşı Muzey Mərkəzinin kolleksiyası və ayrı-ayrı rəssamların qadınlara həsr olunmuş əsərləri nümayiş olunub. Tamaşaçılara Sərgidə 78 müəllifin 100-dən çox rəngkarlıq, qrafika, heykəltəraşlıq və batika əsəri, “Kukla” ART Qalereyasının kolleksiyasına aid olan müəllif nümunələri təqdim edilib.