Müasir İncəsənət Mərkəzində 9 yaşlı Aylin Bektaşinin ilk fərdi sərgisinin açılışı olub. Lent.az-ın məlumatına görə, sərgidə balaca rəssamın 25 əsəri nümayiş edilib. Sərgidə iştirak edən Rəssamlar İttifaqının katibi Arif Hüseynov Aylinin əl işlərini bəyəndiyini bildirib.
Daha sonra Aylinin anası, teleaparıcı Rövşanə Ağasəfqızı (Bektaşi) çıxış edəib. O, sərginin atası polis polkovniki Ağasəf Səlimovun xatirəsinə ithaf etdiyini bildirib: “Rəhmətlik atam barəsində danışmaq mənə çətindi. Atam Qarabağ müharibəsi iştirakçısı olub. Əvvəl qızım gül-çiçək şəkilləri çəkirdi. Bir gün baxdım ki, Aylin silah, əsgər, Şuşanın şəklini çəkir. Qızım Qarabağı görməsə də, babası ona Qarabağdan, oradakı döyüşlərindən danışıb. Atamın ən böyük arzusu Aylinin sərgisində iştirak etmək idi. Təəssüf edirəm ki, atam burda yoxdu. Amma inanıram ki, onun ruhu bizimlədi”.
Aylinin dostları, qohumları, Rövşanə xanımın həmkarlarının iştirak etdiyi sərgidə satılacaq əsərlərdən gələn gəliri balaca qızımız xeyriyyə işlərinə sərf edəcək. Bu işdə siz də balaca Aylinə dəstək olmaq istəyirsizsə, buyurun sərgiyə.
Sərgi martın 30-dək davam edəcək.