"Onu oxumağa qoymurdular"  - Cavanşir Quliyev Aygün Bəylərdən DANIŞDI
07 yanvar 2024 17:45 (UTC +04:00)

"Onu oxumağa qoymurdular" - Cavanşir Quliyev Aygün Bəylərdən DANIŞDI

“Aygün bütün müğənnilər kimi rahat ömür yaşamadı, onun ömrü özünü oda-közə vurmaqla keçdi. Heyf oldu getdi. Azərbaycan yaxşı bir insanı, gözəl bir sənətkarını itirdi”.

Bu sözləri Lent.az-a bəstəkar Cavanşir Quliyev Aygün Bəylərlə bağlı xatirələrini bölüşərkən deyib. 

“Onunla ilk dəfə 1993-cü ildə təsadüfən tanış olmuşduq. O, məktəblilər filarmoniyasının ansamblında nağarada ifa edirdi. Mənə dedi ki, oxumaq istəyir, amma onu ansamblda oxumağa qoymurlar. Onun səsini yoxlamaq istədim. Mən oxumaq istəyənləri həmişə “Qaragilə” mahnısı ilə yoxlayıram. Dedim, “Qaragilə”ni oxu. Elə oxudu, heyran qaldım. İlk dəfə efirə onu mən çıxardım, Nahid Hacızadənin sözlərinə yazdığım “Dağlar” mahnısı ilə AzTV-nin elan etdiyi vətənpərvərlik müsabiqəsində qalib oldu. O mahnını bu gün sosial şəbəkə hesabımda paylaşmışam”,- deyə bəstəkar bildirib.

“Mənə həmişə “məllim” deyə müraciət edirdi, çox səmimi, xətir-hörmət bilən insan idi. Sonralar mən xaricə getdim, bir az uzaq düşdük. 2 il öncə qayıtdım və Aygünlə 6-7 mahnı yazdıq. Heyf ki, üzə çıxarmağa zamanı qalmadı”, - deyə o qeyd edib. 

Cavanşir Quliyev əlavə edib ki, Aygün Bəylər yaşasaydı, bəstəkar kimi də öz istedadını göstərə bilərdi:

“Bəstəkarlıq bir peşədir, onun buna da istedadı var idi. Bəstəkarlıq üzrə ali təhsil almışdı. Amma zamanı olmurdu. Aygün digər müğənnilər kimi rahat həyat yaşamadı, çox çalışırdı, tək idi, zəhmətkeş idi. Çox dürüst, düşüncələrini olduğu kimi dilə gətirən insan idi. Buna görə, onunla sözümüz tuturdu. Heyif oldu getdi”.

# 33339
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar