Ölünün sinəsinə niyə güzgü qoyurlar? - Belə yaranıb
09 yanvar 2024 13:47 (UTC +04:00)

Ölünün sinəsinə niyə güzgü qoyurlar? - Belə yaranıb

Demək olar ki bütün xalqların mifologiyasında güzgü təkcə məişət əşyası kimi yox, inanc predmeti kimi dəyərləndirilir. Türk dünyasında qız gəlin köçürülərkən onun önüncə güzgü aparılması (bəxt güzgüsü) yeni həyatın, yaranışın başlanğıcı anlamına gəlirsə, insan ölən zaman üzərinə güzgü qoyulması həyatın sonu anlamına gəlib.

Bəs güzgüyə niyə bu qədər ağır məna yüklənib, nə üçün müxtəlif  xalqların adətinə görə, ölünün sinəsi üstünə güzgü qoyulur?

Lent.az “ Belə yaranıb” rubrikasında bu barədə məlumat verir.

Hələ qədim zamanlardan güzgülərin mistik qüvvəyə malik olmasına inanılırdı. Sınıq güzgülər bədbəxtlik əlaməti sayılırdı. Qədim Roma inancına görə, güzgü sındırmaq 7 il bəlaya düçar olmaq anlamına gəlirdi. Sındırdıqları təqdirdə, güzgü parçalarını axar çayda yumalı və basdırmalı idilər. Azərbaycan xalqı da gəlinin bəxt güzgüsünün sınmasını bədbəxtlik işarəsi kimi qəbul edir.

İndidə dünyanın bir çox ölkələrində inanclara görə, evdə güzgünün harada yerləşməsini diqqətlə seçmək lazımdır.  Belə ki, bolluq, rifah, aydınlıq  simvolu olan aynaları qonşu ilə ortaq divara və yataq otağına asmaq doğru deyil. Qonşu ilə ortaq olan divara asılmış ayna onların mənfi enerjisini çəkə bilər. Yataq otağına  isə asılacaqsa, onda onu elə yerləşdirin ki, çarpayı və orda yatan insanlar güzgüdə əks olunmasın. İnsan psixologiyasında bu əks təsir göstərə bilər. Əslində anlaşılandır. Yuxulu insan qaranlıqda qalxıb güzgüdə özünü görsə, qorxa bilər.
Keçək güzgünün meyitinin sinəsi üzərinə qoyulması faktına. Bunun birinci izahı tibblə bağlıdır.

Klinik ölüm zamanı bədən öz funksiyalarını tamamilə itirir, yalnız zəif tənəffüs funksiyası qorunur. Belə vəziyyətdə insanı asanlıqla ölmüş sayıb dəfn etmək olar. Keçmişdə həkimlər ölüm faktını təsdiq etmək üçün cənazənin ağzına güzgünü yaxınlaşdırırdılar. Əgər güzgünün üzəri tərləyirdisə, insanın hələ də nəfəs aldığını və ölmədiyini bilirdilər. Ola bilər ki, cənazənin üzərinə güzgü qoyulması ənənəsi də bununla bağlıdır.

İkinci inanc isə mistika ilə bağlıdır.

Bəzi inanclarda aynanın ruhların  axirətə getməsini əngəllədiyinə, bəzi inanclarda isə aynanın ruhu özünə çəkib saxladığına inanılır. Bir çox türk xalqlarında bu inanc var. Bu İslamla yox, daha çox qədim dinlərlə və şamanizmlə əlaqəlidir. Yəhudi inancına görə, ölü dəfn edildikdən sonra 7 gün ərzində güzgüdən istifadə qadağandır. Evdə güzgünün üstü ya örtülməli, ya da güzgü divara tərs çevrilməlidir. Qədim romalılardan qalan bənzər adət indi də İtaliyada yaşadılmaqdadır. İtalyanlar ruhun  maneələrə rast gəlmədən rahat səyahət edə bilməsi üçün mərhumun evindəki güzgüləri örtürdülər. 

Deyilənə görə, şamanlar aynaya baxaraq gələcəyə gedər, öz ruhları özlərinə görünər, oradan xəbər verərdilər. Erlik Xan yanında güzgü gəzdirər, ona baxdıqca insanların ruhlarını görərmiş. 
Bir sözlə güzgülər paralel dünya, paralel aləmə açılan yol kimi qiymətləndirilir.


 

# 11847
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar