“Mədəniyyət nazirinin işdən çıxarılması xəbərini eşidəndə Kukla Teatrında məşqdəydik. Məşqi dayandırıb şıdırğı rəqs elədim”
Bu fikirləri Lent.az-a açıqlamasında aktrisa Ülviyyə Əliyeva deyib.
“Heç kimin çörəyindən olmasının tərəfdarı deyilik. Amma sarvanı şalı ilə karvanı malı ilə yeyənlər qalıb qıraqda, gəlib, ölkənin ən düz işləyən məmuruna “ilişmək” ədalətsizlikdir. Rəşad Əhmədzadə bu gün barmaqla sayılası insanlardan, direktorlardan biridir. Həm işini düzgün qurub, həm kollektivin sevgisini qazanıb, həm də yaradcılıq imkanları verib. Mən mətbuata xüsusən sizin Lent.az-a dərin təşəkkürümü bildirirəm ki, Kukla Tetarını tək qoymadınız. Səsiniz eşidildi.
Baxmayaraq ki, mən Musiqili Teatrda da işləyirəm, hansı ki, Azərbaycanın maddi baxımdan ən çox təmin edilən, böyük teatrlarından biridir, o boyda kollektivi, orkestri, binası, möhtəşəmliyi var, amma mən öz yaradıcılıq aclığımı Kukla Teatrında ödəyirəm. Musiqili Teatrda yeni tamaşalar qoyulmur, doğru dürüst rollar verilmir. Hər şey var, amma heç nə yoxdur”,- deyə aktrisa vurğulayıb.
“Bu gün nə Əkbər Əlizadənin, nə mənim, nə Fatma Mahmudovanın teatrda yeni rolları yoxdur. Reklamımız var. Bizdən qəşəng pul qazanmaq da olar. Biz nə istəyirik? Deyirik, iş ver işləyək. Əlavə bir tələbimiz yoxdur, di gəl eləmirlər, deyirlər get ssenari gətir. Aktyor ssenari gətirəndir? Biz bunu bu yaşda etməyib nə zaman edəcəyik? Aktyolara maddiyat yox, ruhun qidası lazımdır” deyən aktrisa bildirib ki, nazir işdən getsə də, hələ teatra göndərilmiş yoxlamaların başa çatması barədə akt gəlib əllərinə çatmayıb.
“Hələ akt çıxmayıb, komissiyanın necə qərar verəcəyini bilmirik. Amma ən azından ümid edirik. Yaradıcı insana bu şəkildə toxunmaq, onu sındırmaq olmaz. Bu gün Azərbaycan teatrlarında rəhbərliuk edən çox direktorlar aktyorların ürəyini partladacaq qədər stress yaradırlar. Dinmirik, amma nazirlik bunu görməlidir. Görmürlərsə, barı işləyən adama mane olmasınlar. Rəşad Əhmədzadə şərəfli insandır Ümid edirik ki, bu haqsızlığa son qoyulacaq”,- deyə aktrisa vurğulayıb.