Əkbər Əlizadə
25 may 2022 16:25 (UTC +04:00)

Əkbər Əlizadə

“Müğənni olmaq istəyirdim” – Məşhur aktyorla MÜSAHİBƏ

Onu hər dəfə ekranda, səhnədə görəndə pozitiv enerji alırıq, öz doğmamız kimi qəbul edirik. Sanki anadan gülə-gülə doğulub, təbəssüm bir an da üzündən silinməyib. Əslində göründüyündən bir qədər fərqlidir. Bu da normaldır. İnsan göydə ay kimidir, görünməyən tərəfi var. Həmsöhbətimizin görünməyən tərəflərini tanıtmağa çalışacağıq.

Lent.az-ın qonağı Əməkdar artist, aparıcı, bu günlərdə Prezident mükafatına layiq görülmüş Əkbər Əlizadədir. Bu günlərdə  45 yaşı tamam oldu. İşlədiyi Azərbaycan Dövlət Akademik Musiqili Teatrında doğum günü “Qızıl toy” tamaşası ilə qeyd edildi. Biz də sevilən aktyoru redaksiyamıza dəvət edib, həm təbrik etmək, həm də maraqlı söhbətindən zövq almaq istədik.

- Əkbər, öncə sizi 45 yaşınız münasibətilə təbrik edirik. Sizi tanıyan hər kəs  adınız çəkilincə bu gülərüz obrazınızı xatırlayır. Həyatda da rollarınızdakı qədər şənsiniz?


- Xoş sözlər və təbrik üçün təşəkkür edirəm. Teatrımızın direktoru Əliqismət Lalayev mənə böyük bir jest elədi, oynayacağım tamaşa mənə həsr olundu. Məni ruhlandırdılar. Bunun üçün əməyi keçən hər kəsə minnətdaram. Çox uğurlu tamaşa oldu. Adətən soruşanda deyirəm qırxı keçmişəm, əlliyə çatmamışam.  Necə qalmışam, buna sizin oxucular qərar versin.


- Gənc qalmısız. 45 yaş da yaşlılıq sayılmaz. 


- Mənə həyat eşqini aşılayan, gənc saxlayan tamaşaçılarımdır. Sevildiyini bilmək, bu gözəl sözləri eşitmək bilirsiniz nədir? Sanki ağacın dibinə su tökürsən, gübrə verirsən, çiçəkləyirəm. Sualınızın ikinci hissəsinə gəlincə, əslində, ilk tanışlıqda insanlarla bir az məsafə saxlayıram. Qarşımdakı bilməlidir ki, mən Əkbərəm. Bu lovğalıq və ya eqoizm deyil. Mən özümü tanıyıram, onu yox. Tanımadığım insanla zarafat etmərəm, onunla nə qədər səmimi olacağımı bilmirəm. 


- Obrazlarınız arasında əsasən maraqlı, gözlənilməz kişi tipajları var. Sizin xarakteriniz rollarınıza hopub, yoxsa rollarınız sizə?


- İllər öncə Əli Əmirlinin “İtkin ər” tamaşasında Zəkə rolunda  çıxış elədim. Adını çəkməyəcəm, çox nüfuzlu televiziya rejissorlarından biri dedi ki, məni televiziya tamaşasına çəkəcək.  Sevindim. Mənə dedi, “səndən başqa bir şey istəmirəm, Zəkanı necə oynamısan, onu köçür bu rola”. Çox məyus oldum. Aktyorun istəyi odur ki, müxtəlif çalarlı obrazlarda oynasın, fərqli rollara girsin. Mən inadkarlıq elədim və təqdim edilən rola başqa çalarlar qatdım. Rejissorlar bəzən belə aktyorlarla işləməyə o qədər də can atmırlar. Ya aktyoru  gördükləri obrazda bəyənirlər, ya da başqa səmtdə onun qəbullanmasından çəkinirlər.

 


- Bəlkə də tənbəllikdir. Hazır materialdan istifadə etmək asandır...


- Bilmirəm. Aktyor roldan rola girməlidir. Mən əslində Dram teatr və kino fakültəsini bitirmişəm. Cənnət Səlimovanın kursunu. İllər öncə Akademik Milli Dram Teatrında Səməd Vurğunun “Fərhad və Şirin” əsərində Şiruyə rolunu oynamışdım. Hisslərinə hakim kəsilə bilməyən, vəzirin fitvasıyla anasını, atasını öldürən sonda yanıldığını anlayıb vəziri də qətlə yetirən cinayətkar ruhlu bir gənc obrazıydı. Düşünürdüm ki, bu rolla obrazlarımın xətti şaxələnəcək.  Amma belə olmadı. Musiqili Teatra gəldiyim gündən komediya rollarını oynamağa başladım, uğurlu alındı, belə daha çox qəbul etdilər.
Bu gün imkan yaransa, dəvət alsam, böyük məmnuniyyətlə dramatik rollara çəkilərdim.


- Bütün aktyorlar ətrafdakı insanların xarakterlərini müşahidə edir, arı çiçəkdən nektar yığan kimi yığır o xarakter incəliklərini. Heç olubmu ki, qohumlarınız, qonşularınızdan obrazlarınızda özlərini görsünlər, gülsünlər və ya narazılıq etsinlər?


- O qədər olub. Hərdən mənim yanımda özlərini ehtiyatlı aparırlar. Bilirlər ki, maraqlı məqamlara əl qoyuram, göstərib “ifşa” edəcəm. Mən hər oynadığım obrazıma bəraət qazandırıram. Onların hamısı insan taleyidir və hər insan da pis də olsa, yaxşı da olsa öz əməlinə haqq qazandırır. Məsələn, “Qız atası”ndakı  Alik roluma simic deyirlər. Əslində qənaətcildir. Xanımı da elə bir xanımdır ki, milyonun olsa, bir gündə sovurar, ipə-sapa yatmır. Yazıq Alik, neyləsin? (gülür)

 
- Bizim bir çox aktyorlarımız ekranda həmişə çox yaraşıqlı görünməyə can atırlar. Halbuki çirkin qəhrəman da olmaq mümkündür. Hətta çirkin görünəcəyinə görə roldan imtina edənlərin olduğunu da eşitmişəm...


- Mən rolum tələb edirsə, məmnuniyyətlə bataqlıqda sürünərəm və ya lazımdısa, başımı keçəl etdirərəm. Əsas odur ki, həmin filmin təqdimat mərasimində smokinqdə, yaraşıqlı şəkildə ortaya çıxasan, izləyicini dəyişiminlə heyrətləndirəsən.


- Aktyorlar  tanıyıram ki, istedadı da var, bacarığı da. Amma üzə çıxa bilmirlər. Hər aktyor parıldaya bilmir. Bu mənada bəxtiniz gətirib.


- Allahın seçilmiş bəndələri var ki, məxsusi bu sənət üçün doğulurlar. Səs, görünüş, aktyorluq bacarığı baxımından. Mən illər öncə  Afaq xanımın teatrına gedəndə əlini uzadıb dedi ki, bax bu oğlan nə oynasa tutarlı olacaq. Özümü öymək istəməzdim, yəqin burda şans da rol oynayıb, mənim zəhmətim də. Mən həm dram teatrında çalışmışam, həm KVN, həm Afaq Bəşirqızının teatrında, Cənnət xanımın Kamera teatrında, bunlara paralel olaraq da Musiqili Komediya teatrında. Müxtəlif obrazlar, rejissorlar yaradıcılığıma zənginlik qatıb.


- Dramatik rollara can atırsınız dediniz. Dram aktyoru olmaq da asan deyil məncə. O bağırmalar, əsəblər, ağlamalar. Bütün bunlar ən azından fiziki olaraq insana yük deyilmi?


- Elə ona görə, ən çox ürək xəstələri dram aktyorları arasında olur. Dastin Hofman “Yağış adamı” filmindən qabaq uzun aylar ruhi dispanserdə qalıb, müşahidə edib. Sən bir dramatik obrazı yaradırsansa, onun kimi düşünməlisən, yaşamalısan. Aktyor var aylarla büründüyü obrazdan çıxa bilmir. Komediya aktyorları haqqında deyirlər bəxtəvərdirlər, gənc qalırlar. Amma güldürmək də asan deyil. Ümumiyyətlə, yumor ağıllı, intellektual adamların işidir.


- Səhnəyə çıxmazdan öncə tərəf müqabilinizlə aranızda inciklik varsa, bu vəziyyətdən necə çıxırsınız?


- Oynayacağım rollarda tərəf müqabillərimi özüm seçmək istəyirəm. Ruh yaxınlığı, doğmalıq olmalıdır. İllər sonra anladım ki, bəzi rejissorlar niyə həmişə eyni aktyorlarla işləyirlər. Adətən, böyük incikliklərim olmur.

 


- Aktyor olmağı özünüz seçdiniz, ya testlə qəbul olundunuz, belə alındı?


- Yox, aktyorluq məni seçdi. Əslində mən müğənni olmaq istəyirdim.  Bölgü zamanı “Azərbaycan maralı” mahnısını oxumağımla, məni aktyorluğa verdilər. Seçiləndə hıçqıra-hıçqıra ağladım. Şəfiqə xanım gəlib çiynimə vurdu dedi “ağlama səfeh, Leyli- Məcnunda Məcnun roluna çəkəcəyik, sevindim, gözümün yaşını sildim. Həsən Turabovun sinfinə düşmək istəyirdim, çünki Cənnət Səlimovanı tanımırdım.


- Kənardan çox sərt  təsir bağışlayır.


- Qətiyyən. Nəsibə xanım, demiş ipək kələfi kimi qadındır. Mənə aktyorluğun da, həyatın da sirlərini o öyrətdi. Mən ona çox minnətdaram.


- Bu yaxınlarda verdiyiniz bir müsahibədən belə anladım ki, çox qısqancsınız.


- Həm də çox. Dedilər yoldaşını işləməyə qoymayıb filan. Yoldaşım əslində Akademik Filarmoniyanın Mahnı və Rəqs Ansamblında  işləyir, hətta bu yaxınlarda festival çərçivəsində Şuşada da oldu, məndən qabağa düşdü, mən hələ gedib ora çıxmamışam (gülür). Biz öncədən onla danışmışdıq, “səhnədə olmayacaq” demişdim. Konservatoriyanı bitirib. Tam məhrum etməmişəm. Sizə bir söz də deyim. Biz evlənməmişdən qabaq ona deyiblər ki, aktyorla evlənmə, gününü göy əskiyə bükəcək, məncə bükməmişəm (gülür).


- Uşaqlarınızın yolunuzu seçməsini istərdiniz?


- Böyük qızım Fatimənin 16 yaşı var. O istəyir. İstedadı da var, mən istəməzdim. Digər qızımın 14, oğlumun 8 yaşı var. Mən onları həkim, müəllim, diplomat kimi görmək istəyirəm. Amma fikirlərinə önəm verirəm. Prodüserim anam, ən böyük tənqidçim böyük qızımdır.

 


- Özünüzə nə arzu edirsiniz?


- İstərdim haqqımda kitab yazılsın,  yaradıcılığıma dair bir televiziya filmi çəkilsin.  O yaradıcılıq yolunu ki, mən gəlmişəm, işıqlandırılacaq məqamlar var. Bəlkə də çox şey istəyirəm. Amma 28 ildir səhnədəyəmsə, bəlkə bu istəyə haqqım var. Bütün valideynlər kimi övladlarımı xoşbəxt görmək istəyirəm. Allaha dua edirəm ki, mənə elə gün göstərməsin ki, mən qol qaldırıb oynamaqdan, gülməkdən utanım. Ən əsası da unudulmaq istəmirəm. Mən olmayanda məni xatırlasınlar, istənilən, arzu edilən insan olum. Unudumaq mənim üçün faciədir. 

# 6573
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar