“Kişi arvadını əvvəlcə sındırır, sonra nifrət edir” – MÜSAHİBƏ
06 mart 2023 15:00 (UTC +04:00)

“Kişi arvadını əvvəlcə sındırır, sonra nifrət edir” – MÜSAHİBƏ

Bu gözlər necə də tanışdır mənə,
Min həsrət boylanır künc-bucağından.
Ürəyin nə qədər yükü daşınıb,
Ağrılar yol açıb hər yanağından. 
Sən bir az anamtək göz yaşlarını,
Hər kəsdən gizlində tökən qadınsan...
Sən bir az övladın görməsin deyə,
Gözündə yaş varkən gülən qadınsan... 

İkiyə bölünmüş qadın görürəm:
Bir üzü anatək "gülür" uşaqla,
Bir üzü qadıntək çürüyüb gedir...

Lent.az-ın müsahibi qadınları ən az qadınlar qədər anlayan, onların duyğularını dilə gətirən şair Şamil Ənvəroğludur. Qadınlar bayramı ərəfəsində istədik qadınlar barədə kişi sözü eşidək. 

- Şamil bəy, qadının ruhunu bu qədər dərindən hiss etmək üçün qadın doğulmaq lazım idi. Çox zaman qadınlar özləri belə öz duyğularından bixəbər olurlar, amma Şamil Ənvəroğlu hətta o qadınların dünyasının da portretini çəkə bilir. Əsasən də ağrılarını, həssas nöqtələri hiss edirsiniz. Bu ağrı haradan gəlib könlünüzə?

- Bizim cəmiyyətdə əsl qadın olmaq da çətin məsələdir, əsl kişi olmaq da. Bizim cəmiyyətdə özünü əsl qadın kimi, əsl kişi kimi qoruyub saxlamaq qəhrəmanlıqdır. Qadını niyə anlayıram? Öncə öz anamın həyatı gözümün qabağına gəlir. O qədər ağrılı təlatümlü olub ki, hər zaman düşünmüşəm, niyə Azərbaycan qadını xoşbəxt ola bilmir, niyə bu qədər əzilir, sarsılır, niyə bu belə olmalıdır? Ətrafımdakı insanları izləməklə məşğul olmuşam, niyə sualları ilə yaşamışam. Ağıllı insan öz səhvlərindən dərs alır, müdrik insan başqalarının səhvlərindən öyrənir. Müdrik demirəm özümə, amma müşahidə eləməklə də çox şeyi öyrənmək olar. Tələbələrimə hərdən deyirəm başqalarının həyatına burnunuzu da soxun, hələ başınızı da. Öyrənin və dərs alın. “Başqasının həyatı mənə maraqlı deyil” deməklə heç nə bilmək olmaz. İnsanların pərdə arxasındakı üzünü bilmək lazımdır ki, yanlış etməyəsən. Ən azından çevrəndəki insanları tanımalısan. Onların həqiqətini biləndən sonra dedikləri kəlmələrin mənası dəyişir.

- Dediniz ananız xoşbəxt olmayıb. Amma sanki türk cəmiyyətlərində bir çiləkeş ana, qadın obrazı var. Yaxşı qadın olmaq  üçün məhz əzablardan keçməlisən, saçının birini ağ, birini qara hörməlisən. Bəyəm xoşbəxt insanlar yaxşı insanlar ola bilməz?

- Bu bir danılmaz faktdır ki, çətinliklər insanı möhkəmləndirir, amma o keçilən yolun səni mələyə və ya iblisə çevirəcəyi xislət məsələsidir. Qadınların xoşbəxt olmamasının kökündə dayanan əsas səbəb təmənnalı evliliklərdir.

- Bəlkə kişilərdir? 

- Əksər kişilər düşünürlər ki, qadının ağlı mənimkindən az olsun və mən onu idarə edə bilim. Orta statistik Azərbaycan kişisi üçün evinin xanımı demək onun yeməyini bişirən, paltarını ütüləyən qabağında əmrə müntəzir dayanıb, hər dediyinə “baş üstə” deyən qadındır. Bu ideal xanım sayılır. Təhsilsiz kişi ali təhsilli arvadını əzmək üçün onun təhsilinə də lağ edir, sındırmaq istəyir. Sındırır, sevib aldığı qadını öz istədiyinə çevirir, amma sonra çevirdiyi o müti qadına da nifrət edir. Sındırmağı, qarşısındakının gücündən qorxan adamlar edirlər. Əzmək təşəbbüsü çox olan adamlar daxilən qorxaq və boş adamlardır. Dolu insan bunu eləməz. Qadın niyə bədbəxtdir? Çünki qadına baxışımız yanlışdır.

- Qadının ildə bir bayram günü var. Bunu ona çox görənlər də var.  Bəziləri deyir lazım deyil, bəziləri bunu sosialist ideyalarının qalığı hesab edir. Siz necə baxırsınız?

 - Deyirlər sevginin günü olmaz. Amma kişilər var ki, bunu anlamır, dərk etmir. Heç olmasa ildə müəyyən bir gün olanda o kişinin də yadına düşəcək, hansısa qadın heç olmasa ildə bir dəfə qadın kimi sevinəcək. Bunun nəyi pisdir? Olmalıdır, olsun. Dəyər vermək baxımından isə qadın hər zaman dəyərlidir.

- Şeirlərinizdə hər zaman üsyan var. Cəmiyyətə, qaydalara qanunlara, insanlara...

- Üsyan etmək hər yaradıcı insanın içində olmalıdır. Yaradıcı adamın hökumətə də, taleyə də, tanrıya da üsyanı olmalıdır. Bizim nəslin insanlarını Sovet dönəminin şair və yazıçılar aldatdılar. 

- Niyə?

- Həmişə xeyir qalib gəlir, dedilər həyata çəhrayı eynəklə baxdıq onların dünyasında. Sevgini bir başqa cür gözəl göstərdirlər, reallıqlar isə başqaydı. Onlar görmək istədikləri dünyanı yazırdılar. Real cəmiyyətdə insan kimi qalanlara, dürüstlərə sevgiyə nə qədər qiymət verilir? İndiki nəsil sevgi sözünə də, insani dəyərlərə də ironik yanaşırlar. Hər şeylə barışmaq, “yaxşıdır” demək köləlikdir.
40 il öncəyə qədər sevgi platonik idi. Toxunmadan sevərdi insanlar. Bənövşə qədər kövrək, abırlı idi bu duyğu. 40 ildir sevgi çılpaqdır şəhvətlidir…Xatirə dəftərlərində sevgilimizin adının hərfi qədər nöqtə qoyardıq, adını pünhan saxlayırdıq. İnsanlar sadəcə bir-birinin  varlığıyla xoşbəxt idilər. Aylarla  məktub yolu gözləyənlər var idi. İndi kim mesajın cavabını aylarla gözləyər? Bu gün danışan yazışan 5 gün sonra yataq düşünür. Bu dəyərlərimizi məhv edir.

- Sevgi yoxsa məntiq evliliyi?  Hansı insanı daha xoşbəxt edir?

- Sevgisiz evlilik bir evdə yaşayan və bir-birini çürüdən iki cütlükdür. Təmənna ilə qurulan ailənin bütün duyğuları 2-3 il sonra sönür. Xanımlar yoldaşlarından görmədikləri sevginin qisasını bədxərçliklə çıxarırlar. Deyir sevgi vermirsə, canın çıxsın pul versin.

- Kişilər həmişə deyirlər qadınları anlamaq çətindir. Bəs kişilər qadından nə istəyir?

- Bizim cəmiyyətin 90 faiz kişisi qadını kölə görmək istəyir. O kənarda bildiyini eləsin, bütün “şuluqluqların” rəğmən evə gələndə qadın boynuna sarılsın. Ona düşünən qadın lazım deyil. Ətrafımızda elə bir ailə varmı ki, onlar ər-arvad bir saat oturub maraqlı mövzularda danışa bilsinlər? İnsanı tanımaq  çətindir. Amma anlamaq olar. Duymaq başqadır, görmək başqadır, anlamaq başqadır. Anlamaq sevgidən də üstündür. Ailə tanıyıram ki, dava-qırğın edirlər, 1 saat sonra yenə mehriban olurlar. Çünki bir-birlərini, anlaya güzəşt edə bilirlər. Çox zaman günah özümüzdə olur, onu başqasına atırıq və reallıqla qarşılaşmağa qorxuruq. Qadın deyir “ərim “alkaş” idi, narkoman idi, davakar idi. Tanımamışam. Boşandım”. Bəlkə onu dəliyə sən çevirdin elə. Eləcə də kişi. O qızı alanda o məsum idi. Sənin yanında böyüdü, tərbiyə gördü, söyəndə ona tərbiyə verən dədəsinə söyürsən, amma 20 ildir sənin evindədir. Deməli, onu bəyənmədiyin hala sən gətirmisən.
Bir kişinin qadını anlaması üçün dost olmağı bacarmalıdır. Öncə dostluq, sonra hörmət, sayğı. Bir insan o biri insanın hüzur mənbəyi, ana qucağı deyilsə, o münasibətləri davam etdirməyin mənası yoxdur.

- Amma  psixoloqlar da deyir qadın kişiyə analıq eləsə, sevgi münasibətləri, ehtiras ölər...

- Bütün kişilərin içində balaca körpə uşaq var. Nə qədər ciddi görünsə də, yaşa dolsa da. Qadın o uşağı idarə edə bilir. Bunu bacarmalıdır. Qadın bəzən qarşısındakı kişini Dədə Qorqud kimi müdrik görmək istəyir. Halbuki qadın onu idarə edə-edə, (amma bunu kişini əzmədən edərək) kişini ucalda da bilər. Qadın istəsə, bacarar. Qadın güclüdür, kişidən qat-qat  güclüdür

- Matriarxal bir cəmiyyət olsaq, necə olardıq? Tarix boyu müharibə törədən  bir qadın ordusu belə eşitmədik. Onda da müharibələr olardı?

- Qadının vəzifədə olması vacibdir. Üstəlik o anadırsa, daha həssas daha məsuliyyətli olacaq. Qadınlar idarə edəndə hər şey daha rahat olur.

- Bəzən qadınlar da bədbəxtliyin mənbəyi olur. Elə müqəddəs dediyimiz analar da.

- Ana balasını evləndirib, evliliyinə qarışanda, zalım rolunda görünür. İnsan özü seçim edəndə dözür. Bizdə həyat yoldaşı ifadəsi var. Gözəl ifadədir. Amma həyat yoldaşı yox, yataq yoldaşı, gəzmək, yemək, ev yoldaşı var. Bir qadın tanıyırdım BDU-nun bufetinə oğluna qız seçməyə gəlmişdi, sanki bazardan qoyun almağa gəlmişdi. Valideyn övladını xoşbəxt eləmək üçün çalışıb, bədbəxt edir. Bir qadını bədbəxt edən başqa qadındır. Oğlunu normal yetişdirə bilməyən ana başqa qadınların bədbəxtliyinə səbəb olur. Adını qoyur ki, gəlin bacarmadı. 
Bir kişi tanıyırdım. Arvadı sahibsiz qadın idi deyə, yad qadınları evinə gətirir onun gözü önündə istədiyini edirdi. Məşhur iş adamı idi. Yoldaşını bu şəkildə əzməyi necə bacarırdı, hələ də anlaya bilmirəm. Cəmiyyətdə qadın fahişələrin say çoxluğu kişi fahişələrin say çoxluğundan xəbər verir. Qadınlardan 10 dəfə çox kişi fahişə var ki, o peşəylə məşğuldur. Qadını uçuruma aparan əslində kişilərdir.

- Kişilər qadınları bu qədər müdafiə etdiyiniz üçün sizə “düşmən münasibət” bəsləmirlər? demirlərmi, “bəsdir, sən bizdənsən?”

- Deyənlər olur. Amma mən kimsənin mövqeyi, düşüncəsi üçün yaşamıram. İdeal bir cəmiyyət görmək arzusu ilə yaşayıram, bunları dilə gətirirəm. Mən 30 il evli olduqdan sonra belə parkda gəncliyindəki kimi əl-ələ gəzən cütlüklər görmək istəyirəm. Xoşbəxt, sağlam ailələrin övladları sağlam cəmiyyət quracaq.

- Belə cəmiyyət olmaq  üçün nə lazımdır bizə?

- İnsan öz üzərində işləməli, özünü yetişdirməlidir. Cəmiyyət dediyimiz tək-tək insanların toplumudur. Dərs verməyi sevirik, öyrənməyi yox. İnsan yoldan keçən səfildən də öyrənə bilər.
Çox zaman bizə ağıl vermək istəyən insanlar şablonlarla yaşayan insanlardır. İstər ziyalısı olsun istər savadsızı. Dissertasiya mövzularına baxın. Hamısı şablon ədəbiyyat siyahısından istifadə edir. O mövzuda yazılmış 100 kitabdan fikirləri kopyalayır və 101-ni yaradır. Öz yaradıcılığı olmur. Bu elm deyil, başqa bir şeydir.

- İnsanın insana etdiyi ən böyük pislik nədir?

- Boş ümid verməsi və xəyanət. Fərqi yoxdur dostluqda xəyanət, münasibətlərdə xəyanət. İnsan qarşısındakına özünü dürüst təqdim etməlidir. İnsan hər gün özünü dəyişə bilər. Yaponların fəlsəfəsini sevirəm. Onlar deyirlər ki, insan çox bilgi sahibi olanda və çox böyük travmalardan sonra dəyişə bilir. Hamı dəyişir. Anlaşılma uğur gətirir. İstənilən uğur qazanmış insanın həyatında ona səhvlərindən dərs çıxarmağa imkan vermiş, onu əzməyə çalışmaqla gücləndirmiş bir başqa insan olub.

- Tanıryla danışsanız nə deyərdiniz?

- Deyərdim ki bunu səndən gözləməzdim.

- Nəyi?

- Əgər o hər şey yaradan, görəndirsə, yerdə baş verən bu qədər dəhşətləri də görürdü. Qarşısını almağa gücü yetirdi. Niyə müharibələri, insanın insana etdiklərini dayandırmadı? Axı hətta qocalmış bir insan ömrü boyu balasının taleyindən nigaran olub, əlini üstündən çəkmirdisə, biz də onun balalarıydıq, o niyə bizi yalnız buraxdı? Yusifi quyudan qurtaran Tanrı niyə Yer üzündəki zülmləri görməzdən gəldi?

O mənim halımı soruşsa deyərdim ki,

İnsan olmaq nə qədər də zormuş, Tanrı.
Ya "olmaz"ları görə-görə ölür adam,
ya dərd yükünü çəkə-çəkə,
ya da bir nankoru sevə-sevə ölür adam...
Demək istəyirəm ki...
Ya da boş ver, susuram...
Zatən görürsən özün,
hər şeyi də, hər kəsi də...
Ancaq səndən bircə xahişim var, Tanrı, bircə xahişim...
Əgər imkan varsa,
əgər bacara bilsən bizi unutma

- Yeni əsərləriniz varmı? 

- Bu yaxınlarda Türkiyədə “Əsl qadın” adlı kitabım  çapdan çıxacaq. Bu bir qadının həyatın bütün zərbələrinə rəğmən ayağa qalxmaq, güclənmək  hekayəsidir. Bu gün qadınlardan danışdıq. Bax danışdığım bütün bu məqamlar özünü tapacaq bu romanda. İkinci kitabım Qarabağ zəfərimiz və şəhidlərimizlə bağlıdır. Real hadisələr əsasında yazılıb.

Sonda mən qadınları özəl günləri,8 Mart Qadınlar Günü münasibətilə təbrik edirəm və demək istəyirəm ki, ilk növbədə özünüzü sevin. Fədakarlıq etdiyiniz insanlar ən xırda səhvinizdə belə sizi atıb gedə bilər, özünüz özünüzə xəyanət etməyin, özünüzü qoruyun, sevin. Buna layiqsiniz. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 33840
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar